Novosibirsk Dövlət Teatr İnstitutunun (NDTİ)
əməkdaşları və tələbələrindən ibarət nümayəndə heyəti
Bakı Slavyan Universitetinin qonağı olub. BSU-nun
professor-müəllim heyəti və tələbələrin iştirakı ilə
keçirilən görüşü açan rektor, professor Asif Hacıyev
qonaqları universitetdə görməyinə çox şad olduğunu
bildirib. Rusiyanın universitetləri ilə rəhbərlik etdiyi
ali təhsil ocağı arasında sıx əməkdaşlıq əlaqələrinin
mövcudluğundan bəhs edən rektor BSU-da rus dilinin
tədrisi və təbliğinə xüsusi önəm verildiyini vurğulayıb.
Azərbaycan və Rusiya tələbələri arasında olan dostluq
münasibətlərinin iki ölkənin elm, təhsil və mədəniyyət
sahəsində möhkəm əlaqələrin göstəricisi olduğunu
bildirən professor A.Hacıyev görkəmli bəstəkarımız
Ü.Hacıbəylinin "Arşın mal alan" əsərini səhnələşdirmiş
quruluşçu-rejissor, NDTİ-nin aktyor sənəti və
rejissorluq kafedrasının dosenti Anatoli Axreyevə və bu
institutun tələbələrinə xalqımızın mədəniyyətinə
göstərdikləri diqqətə görə minnətdarlığını bildirib.
BSU-da olmağın onun üçün sevindirici hal olduğunu
vurğulayan "Rus-Azərbaycan Evi"nin sədri Mais Məmmədov
bu ali təhsil ocağına ikinci dəfə qonaq gəldiyini
bildirib. O, Rusiya-Azərbaycan arasında olan siyasi,
iqtisadi və mədəni əlaqələrin təhsil sahəsində də özünü
göstərdiyini vurğulayıb və bugünkü tədbirin gənclər
arasında dostluq və əməkdaşlıq münasibətlərinin
möhkəmlənməsində mühüm əhəmiyyət kəsb etdiyini qeyd
edib.
"Arşın mal alan" tamaşasını Azərbaycanın musiqi
mədəniyyətinin incilərindən sayan qonaq bu əsəri nümayiş
etdirməyin yalnız NDTİ ilə deyil, həmçinin
Novosibirskin bir sıra nüfuzlu ali məktəbləri ilə də
geniş əməkdaşlıq əlaqələrinin yaradılmasında körpü
rolunu oynayacağına əmin olduğunu bildirib.
BSU-nun akt zalında Novosibirsk Pedaqoji Kollecinin
tələbəsi, "Rus-Azərbaycan Evi" Gənclər Bölməsinin üzvü
Emil Malıgin Rəşid Behbudovun repertuarından "Yalqızam,
yalqız" və Müslüm Maqomayevin repertuarından "Dəniz"
mahnılarını ifa edib. Novosibirsk Dövlət Teatr
İnstitutunun tələbələrinin ifasında dahi Azərbaycan
bəstəkarı Üzeyir Hacıbəylinin "Arşın mal alan" tamaşası
BSU-nun müəllim və tələbələri tərəfindən böyük maraqla
qarşılanıb.
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" |