Aprelin 23-də Azərbaycan Dillər Universitetində (ADU)
ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci
ildönümünə həsr edilmiş Tələbə Elmi Cəmiyyətinin (TEC)
ənənəvi illik konfransı öz işinə başlayıb. İki gün
davam edəcək konfransın plenar iclasını ADU-nun rektoru,
Milli Məclisin deputatı, professor Səməd Seyidov açaraq
rəhbərlik etdiyi ali təhsil ocağının hərtərəfli
inkişafından danışıb, bu işdə tələbələrin böyük rolunun
olduğunu vurğulayıb.
ADU-da yaradılan əlverişli mühit nəticəsində tələbələrin
yüksək elmi vərdişlərə yiyələndiyini qeyd edən rektor
Səməd Seyidov universitetə 2014-2015-ci tədris ilində
qəbul planının artırılacağını bildirib.
Rektor Prezident İlham Əliyevin 16 aprel 2007-ci il
tarixli sərəncamı ilə "2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı"nın təsdiq edildiyini qeyd edərək bu mütərəqqi
addımın tədris prosesinin səviyyəsinin artırılmasına
xidmət etdiyini bildirib.
Qeyd edilib ki, Prezident İlham Əliyevin həyata
keçirdiyi uğurlu təhsil siyasəti nəticəsində hər il
ADU-nun 100-ə yaxın tələbəsi xaricə təhsil almağa
göndərilir.
Konfransda Azərbaycanda elmin inkişafına göstərilən
dövlət qayğısından danışılıb, ADU-da yüksək səviyyəli
mütəxəssislərin yetişdiyi diqqətə çatdırılıb. Bu
yaxınlarda universitetin bir qrup tələbəsinin Erasmus
Mundus proqramı çərçivəsində Avropa ölkələrinə təcrübəyə
gedəcəkləri, bir sıra beynəlxalq konfranslarda iştirak
edəcəkləri bildirilib.
Rektor Səməd Seyidov konfransda çıxış edən ən yaxşı
tələbələrin qiymətləndiriləcəyini və onların ADU-da
müəllim kimi fəaliyyət göstərəcəyini diqqətə çatdırıb.
ADU-nun elmi işlər üzrə prorektoru, professor Dünyamin
Yunusov konfransın gedişatı və strukturu haqqında
məlumat verib. Prorektor bildirib ki, 21 bölmədən
ibarət konfransda 800-dən çox məruzə dinləniləcək. Öz
işini bölmələrlə davam etdirən konfransın yekun iclası
aprelin 25-də olacaq.
Sonra tələbələrin çıxışları dinlənilib.
ADU-nun İctimaiyyətlə əlaqələr departamenti |