Qəzetimizin iki əməkdaşı
da qaliblər sırasındadır
Aprelin 19-da "Hyatt Regency" mehmanxanasında
"Azərbaycan Respublikasında təhsilin inkişafı
üzrə Dövlət Strategiyası"nın əsas hədəflərinin
ictimaiyyətə çatdırılmasında KİV-in rolu"
mövzusunda jurnalist yazıları müsabiqəsinin
yekununa həsr olunmuş tədbir keçirilmişdir.
Müsabiqə Təhsil Nazirliyinin, Azərbaycan
Respublikası Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun və Azərbaycan Təhsil İşçiləri
Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin
birgə təşkilatçılığı ilə reallaşdırılmışdır.
AzərTAc xəbər verir ki, müvafiq qurumların
nümayəndələrinin, ayrı-ayrı kütləvi informasiya
vasitələri rəhbərlərinin, jurnalistlərin iştirak
etdikləri tədbirdə təhsil nazirinin müavini
Ceyhun Bayramov Azərbaycan Prezidenti İlham
Əliyevin "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası"nın təsdiq
edilməsi haqqında" 2013-cü il 24 oktyabr tarixli
sərəncamının əhəmiyyətindən danışmışdır. Nazir
müavini müvafiq Dövlət Strategiyasının gələcək
üçün təhsilin əsas prioritetlərini müəyyən edən
mühüm sənəd olduğunu və bu sənəd üzrə geniş
tədbirlər həyata keçiriləcəyini diqqətə
çatdırmışdır.
Ölkəmizdə təhsilə xüsusi önəm verildiyini
xatırladan C.Bayramov bu sahənin inkişafı üzrə
reallaşdırılan tədbirlərdən bəhs etmişdir.
Cəmiyyətdə kütləvi informasiya vasitələrinin
mühüm rolundan və KİV-lə təhsilin əlaqələrindən
danışan nazir müavini bildirmişdir ki,
Azərbaycan maarifinin tarixi milli mətbuatımızın
tarixi ilə daim vəhdət təşkil etmişdir.
C.Bayramov, eyni zamanda, təhsilimizdə gedən
proseslərin KİV-lərdə daha geniş
işıqlandırılmasının xüsusi əhəmiyyətini
xatırlatmışdır.
Azərbaycan Respublikası Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar
Səfərli bu qurum tərəfindən həyata keçirilən
tədbirlər barədə ətraflı məlumat vermiş,
müsabiqənin əhəmiyyətini diqqətə çatdırmışdır.
Qeyd edilmişdir ki, 5 istiqamət üzrə keçirilən
müsabiqəyə KİV nümayəndələri tərəfindən 46 yazı
təqdim edilmiş, onlardan 25-i uğur qazanmışdır.
Qalibləri təbrik edən Vüqar Səfərli onlara yeni
yaradıcılıq uğurları arzulamışdır.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Respublika Komitəsi sədrinin müavini
Şaiq Əsgərov Dövlət Strategiyasının əsas
hədəflərinin ictimaiyyətə daha geniş
çatdırılmasının əhəmiyyətindən və bu sahədə
KİV-in rolundan bəhs etmişdir.
Bakı Dövlət Universitetinin professoru Şirməmməd
Hüseynov "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası"nın
kəmiyyətdən keyfiyyətə keçid üçün mühüm sənəd
olduğunu vurğulamışdır. Azərbaycanın mətbuat və
maarifçilik tarixindən, onların inkişaf
mərhələlərindən danışan alim maarifçilik
ideyalarının geniş yayılmasında milli
mətbuatımızın əvəzsiz xidmətlərini
xatırlatmışdır.
Müasir dünyada təhsilin mühüm önəm kəsb etdiyini
qeyd edən Ş.Hüseynov bu sahənin inkişafında
təkcə təhsil müəssisələrinin deyil, həm də
cəmiyyətin xüsusi rolunu diqqətə çatdırmışdır.
Sonra müsabiqənin qaliblərinə diplomlar və pul
mükafatları təqdim olunmuşdur.
|