Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Aprel 2014 - №15

 
10 may ümummilli lider Heydər Əliyevin doğum günüdür

Məktəblilər ulu öndər Heydər Əliyevin siyasi irsini maraqla öyrənirlər

 

Böyütmək üçün şəkili seçinKÜRDƏMİR. Məlum olduğu kimi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 31 yanvar 2014-cü il tarixli tövsiyə məktubuna əsasən XI sinif şagirdlərinə dərsdənkənar vaxtlarda müstəqil Azərbaycan tarixinə dair  "Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır" və "Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır" mövzularında dərslər keçilir.

Gənclərin dünyagörüşünün formalaşmasında və mənəvi  tərbiyəsində mühüm rol oynayan bu tədbirin yüksək səviyyədə həyata keçirilməsi məqsədilə Kürdəmir rayonunda zəruri işlər görülüb.

Qeyd edək ki, fevralın 4-dən başlayan dərslər mayın 19-dək davam edəcəkdir.

Rayonda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzində keçilən dərslərdə 43 tam orta məktəbin XI sinfində təhsil alan 945 nəfər şagirdin iştirak edəcəyi nəzərdə tutulub. Dərslər xüsusi hazırlanmış qrafik əsasında 2 akademik saat ərzində keçilir. Bu işə rayonda qabaqcıl pedaqoji təcrübəsi ilə  tanınan 10 nəfər tarix müəllimi cəlb olunmuş, onlara hər mövzu üzrə tezislər və bütövlükdə prosesin səmərəli tənzimlənməsinə dair yazılı tövsiyələr verilmişdir. Hazırda davam edən dərslərdə indiəyədək 795 nəfər şagird iştirak edib.

Dərslərdə ulu öndərin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışı, 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanmasının ölkədə iqtisadi dirçəlişə səbəb olması, Azərbaycanda  demokratik dövlət quruculuğunun həyata keçirilməsi, ordu quruculuğu, xarici siyasətdə uğurlar, təhsil, mədəniyyət və idmanın inkişafı, xarici ölkələrdə Azərbaycan diasporalarının yaradılması, Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin XX əsrdə tariximizin ən böyük nailiyyəti olması və s. kimi məsələlərdən bəhs olunur. Bundan əlavə, dərslərdə ümummilli liderin Azərbaycanda bazar iqtisadiyyatına keçidi şərtləndirən fəaliyyəti, milli neft strategiyasının yaradıcısı olması, iqtisadiyyatın liberallaşdırılması və özəlləşdirilməsi, aqrar sahədə islahatların həyata keçirilməsi, sosial siyasət, təhsil siyasəti ilə əlaqədar mövzuların da tədrisi nəzərdə tutulub.

Artıq 3-cü aydır ki, davam edən bu tədbir valideynlər və ümumiyyətlə, rayon ictimaiyyəti arasında müsbət rezonans doğurub.

Müəllimlərdən İnqilab Rəsulov, Əhsən Xankişiyev, Elnarə Eminbəyli, Nizami İsmayılov və Gülbəniz İbrahimovanın keçdiyi dərslər məlumatlılıq səviyyəsinə, şagirdlərlə canlı ünsiyyətə görə xüsusilə fərqlənir.

Müvafiq istiqamətdə təlimin keyfiyyətinin yüksəldilməsi və məktəblilərin potensial imkanlarının üzə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edən dərslər, eyni zamanda şagirdlərin milli mənəvi dəyərlərə malik, sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyətlər kimi formalaşmasına və yetkin vətəndaş kimi müstəqil həyata hazırlanmasına xidmət edir.

Mərkəzdə dərslərin gedişi zamanı informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə olunur. Qurulmuş monitorların birində bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan Respublikasının, digərində isə Kürdəmir rayonunun sosial-iqtisadi inkişafını, aparılan abadlıq və quruculuq işlərini əks etdirən materiallar şagirdlərin diqqətinə çatdırılır. Canlı diskussiya şəraitində keçən dərslərdə şagirdlərin çoxsaylı sualları cavablandırılır. Dərslər Mərkəzin sifarişi ilə hazırlanmış "Tarixi  yaradan şəxsiyyət - Heydər Əliyev" filminin nümayişi ilə başa çatır.

Bu dərslərdə ulu öndərin Kürdəmirə səfərləri, rayon sakinləri ilə keçirdiyi görüşlər haqqında da ətraflı məlumat verilir, bu səfərləri əks etdirən filmlər göstərilir. Şagirdlər burada, həmçinin ulu öndərin həyat və fəaliyyətinə aid fotostendlər, kitab sərgisi və digər eksponatlarla da tanış olurlar.

Dərslərdə ümummilli lider Heydər Əliyevin irsinin öyrənilməsi ilə yanaşı, onbirincilərin diqqətinə çatdırılır ki, bu gün Azərbaycan Respublikası etibarlı əllərdədir, davamlı və dinamik inkişaf tempinə malikdir. Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ölkəmiz özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. 


LERİK. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin, onun zəngin irsinin ictimaiyyətin geniş təbəqələrinə, xüsusilə yeniyetmə və gənclərə dərindən mənimsədilməsi istiqamətində Lerik rayonunda müəyyən işlər görülür.

Bu məqsədlə Lerik şəhərindəki Heydər Əliyev Mərkəzində "Heydər Əliyev məktəbi", "Gənc heydərçilər" klubları, "İstedadlar" yaradıcılıq dərnəyi, "Mənəvi dəyərlərimiz" kursu, "Sabaha inamla" kitabxanası, "Dostluq" studiyası fəaliyyət göstərir.

Heydər Əliyev Mərkəzində "Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətçiliyində rolu", "Heydər Əliyev və Azərbaycan gəncliyi", "Heydər Əliyev və Azərbaycan mədəniyyəti", "Heydər Əliyev və ordu quruculuğu", "Gənc nəslin formalaşmasında Heydər Əliyevin rolu" və digər mövzularda idarə, təşkilat və müəssisələrin kollektivlərinin, ağsaqqalların, ziyalıların, məktəblilərin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə müxtəlif tədbirlər keçirilir, iştirakçılar ulu öndərin həyat və fəaliyyətini əks etdirən müxtəlif eksponatlarla tanış olur, sənədli filmlərə tamaşa edirlər.

Bu istiqamətdə görülən işlərdən biri də rayonun tam orta məktəblərinin XI sinif şagirdləri üçün dərsdənkənar vaxtlarda müstəqil Azərbaycan tarixi üzrə dərslərin təşkil edilməsidir.

Dərslərdə  36 tam orta məktəbin 479 nəfər XI sinif şagirdinin iştirakı nəzərdə tutulub. Həmin dərslərin keçilməsində məqsəd ən yeni tarixin, bu tarixdə Azərbaycan dövlətçiliyinin inkişaf yolları, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş sosial-iqtisadi və mədəni inkişafın istiqamətləri,  ümummilli liderin siyasi kursunun Azərbaycan xalqına qazandırdığı uğurların şagirdlər tərəfindən daha ətraflı və dolğun öyrənilməsini təmin etməkdən, onların həyatda fəal mövqe nümayiş etdirmələrinə yardımçı olmaqdan, həmçinin şagirdlərdə vətənpərvərlik, Vətənə sevgi hisslərinin aşılanmasından ibarətdir.

"Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur" və "Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır" mövzularında dərslərin yüksək səviyyədə, sistemli və planlı şəkildə keçilməsini təmin etmək məqsədilə peşəkarlığı, metodik hazırlığı ilə fərqlənən tarix müəllimləri cəlb edilərək onlar üçün xüsusi seminarlar təşkil olunub.

"Açıq  dərs"lərin iştirakçıları  əvvəlcə rayonun mərkəzi meydanında ümummilli liderin abidəsini ziyarət edir, sonra Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyətini əks etdirən zəngin eksponatlarla tanış olurlar. Dərslər canlı ünsiyyət və şagirdlərin yüksək fəallığı şəraitində keçilir.

Dövlət  müstəqilliyinin  bərpası  və bu  barədə   Konstitusiya  aktının  qəbul edilməsi, "Əsrin  müqaviləsi"nin  imzalanması  ilə   ölkədə   iqtisadi  dirçəlişin  əsasının  qoyulması, 1995-ci   ilin  mart və  oktyabr   aylarında dövlət  çevrilişi  cəhdlərinin  qarşısının  alınması, hüquqi  və  demokratik  dövlət  quruculuğu, ordu  quruculuğu,  xarici  siyasətdə  uğurların  qazanılmasında, təhsil, mədəniyyət  və  idmanın  inkişafında ulu öndər  Heydər  Əliyevin əvəzsiz xidmətləri   şagirdlərə   konkret  faktlarla  izah  olunur.

İndiyədək "açıq dərs"lərdə rayonun 26 tam orta məktəbinin 367 nəfər Xl sinif şagirdi iştirak edib. 


TOVUZ. Fevral ayının əvvəlindən Təhsil Nazirliyinin tövsiyə məktubuna əsasən Tovuz rayonunda da ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə müstəqil Azərbaycan tarixinə dair  dərslərin tədrisinə başlanılıb.

Dərslər rayondakı Heydər Əliyev Mərkəzində xüsusi tərtib olunmuş qrafikə uyğun  hər biri 2 akademik saat olmaqla peşəkar  tarix müəllimləri tərəfindən keçilir.

Bununla bağlı bütün zəruri təşkilati məsələlər həll edilib, dərslərin gedişinə Tovuz RİH və rayon təhsil şöbəsi tərəfindən ciddi nəzarət olunur.

Verilən məlumata görə,  rayonda fəaliyyət göstərən 86 təhsil müəssisəsindən  66-sı tam orta məktəbdir və bu məktəblərin XI siniflərində təhsil alan  1581 nəfər şagirdin hamısı məşğələlərə cəlb olunub.

Fevral ayı ərzində  30 məktəbdə təhsil alan  930 nəfər, mart ayı ərzində isə 36 məktəbdə oxuyan 630 nəfər XI sinif şagirdi bu dərslərdə iştirak edib.

Məşğələlərdə şagirdlər yüksək fəallıq nümayiş etdirirlər. Keçilən dərslərin  gedişi göstərir ki, onbirincilər Heydər Əliyev irsinin, müstəqil Azərbaycan tarixinin öyrənilməsinə xüsusi maraq göstərirlər.  Dərslərin  daha yüksək səviyyədə təşkil edilməsində tarix müəllimlərindən Ulduzə Alıyeva, Tural Qasımov, Svetlana Hüseynova və Nəriman Qurbanovun rolu böyükdür. 

 Hicran ƏKBƏROVA,
"Azərbaycan müəllimi"
 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov