...Mən
hesab edirəm ki, Azərbaycan dövlət müstəqilliyini əldə
edəndən sonra respublikamızda təhsilin, maarifin
inkişafı üçün daha da gözəl imkanlar yaranıbdır.
Doğrudur, bizim maliyyə, maddi vəziyyətimiz bu
imkanlardan istənilən səviyyədə istifadə etməyə imkan
vermir. Amma, eyni zamanda bu, müvəqqəti bir haldır. Biz
müstəqil dövlət olaraq özümüzün təhsil sistemimizi
istədiyimiz kimi qururuq. Bütün dünya ölkələrinin
mütərəqqi təcrübələrindən istifadə edirik. Hesab edirəm
ki, indiyə qədər yaranmış təməlin, əsasın üzərində
Azərbaycanın təhsili, məktəbi bundan sonra daha da
təkmilləşəcək, inkişaf edəcək və Azərbaycan uşaqları,
gəncləri bu inkişaf dövrümüzdə ilbəil daha da geniş,
yüksək təhsil alacaqlar.
Bizim bugünkü qurultayımızın məqsədi, mənası məhz bundan
ibarətdir. Bu gün mən sizinlə birlikdə müstəqil
Azərbaycan Respublikasının ilk müəllimlər qurultayında
olmağımı özüm üçün böyük xoşbəxtlik hesab edirəm.
Buradakı çıxışlarda bildirildi, hər kəs öz
tərcümeyi-halı, öz həyat yolu ilə məktəbin, müəllimin
insanın həyatında nə kimi rolu olduğunu bilir və onu
qiymətləndirməlidir. Mən isə bütün varlığımla keçdiyim
həyat yolu ilə həmişə məktəbə, müəllimə borcluyam...
...Bu gün biz müstəqil Azərbaycanda bütün təhsilin -
orta, texniki peşə, orta ixtisas məktəblərinin və ali
məktəblərin işinin yaxşılaşdırılması sahəsində ciddi
tədbirlər görməliyik. Mən hesab edirəm ki, bunlar da həm
qəbul olunacaq təhsil qanununda, həm də təhsil islahatı
ilə əlaqədar qəbul ediləcək qanunda və qərarlarda öz
əksini tapacaqdır. Əmin ola bilərsiniz ki, mən indiyə
qədər topladığım təcrübəmdən istifadə edərək və
Azərbaycanın Prezidenti kimi müstəqil ölkəmizin gələcəyi
haqqında daim düşünərək bu məsələlərlə müntəzəm məşğul
olacağam. Respublikamızda məktəb, təhsil bundan sonra da
mənim daim qayğılarım altında, diqqət mərkəzimdə
olacaqdır.
Mənim haqqımda siz də çox sözlər demişsiniz, mən də öz
fikirlərimi indiyə qədər bildirmişəm. Amma bu gün
müstəqil Azərbaycanın müəllimlərinin ilk qurultayıdır.
Biz XX əsri sona çatdırırıq, XXI əsrə doğru gedirik. Mən
bəyan edirəm ki, bizim müstəqil respublikamızda,
Azərbaycan cəmiyyətində müəllim bu gün də, gələcəkdə də
ən hörmətli insan kimi qəbul edilməlidir və müəllimlik
peşəsi ən yüksək qiymətə layiq olan peşədir.
Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən,
fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda
qəhrəmanlıq göstərən insanlardır. Müəllimlik peşəsi asan
peşə deyil. Bəziləri hesab edirlər ki, hər adam müəllim
ola bilər. Bəzən olur ki, müəllimliyə layiq olmayan adam
da müəllimlik edir. Belə hallar bu gün də var, gələcəkdə
də ola bilər. Ancaq Azərbaycan müəllimlərinin tam
əksəriyyəti layiqli müəllimdir. Əgər bunlar belə
olmasaydı, Azərbaycanın bugünkü elmi, iqtisadiyyatı,
mədəniyyəti, yüksəlişi ola bilərdimi? Biz bunların
hamısını məktəblərdən, universitetlərdən, müəllimlərdən,
sizdən almışıq.
Mən müəllimlərimi həmişə böyük hörmət və ehtiramla
xatırlamışam. Bunu bu gün bir daha bildirmək istəyirəm.
Arzu edərdim ki, müəllim elə müəllim olsun ki, bax,
mənim hafizəmdə orta məktəbdən indiyədək yaşayan
duyğular hər bir gəncin hafizəsində qalsın.
Xatirimdədir, biz müəllimi görəndə həmişə özümüzü
yığışdırırdıq. Müəllimdən həm qorxurduq, həm də ona
hörmət edirdik. Biz müəllimin hər sözünü qanun kimi
qəbul edirdik. Şəxsən mənim həyatımda müəllim ən ali
sima olmuşdur. Mən tək deyiləm, hesab edirəm Azərbaycan
vətəndaşlarının əksəriyyəti mənim kimi belə düşünür. Hər
kəs öz həyatında müəllimlə özünün əlaqəsi haqqında
fikirlər söyləyə bilər. Ancaq mənim çoxillik həyatımda,
dünyanın çox mərhələlərini keçib gəldiyim həyatımda ən
çox yadımda qalan mənim üçün əziz olan müəllimlərdir.
Mən onları bu gün də böyük minnətdarlıqla xatırlayıram.
Hesab edirəm ki, mənim öz daxili istedadımla yanaşı,
müəllimlərimin mənə verdikləri bilik, tərbiyə,
müəllimlərimin mənə göstərdiyi yol bütün həyatımı həmişə
uğurlu edibdir və bu gün də uğurlu edir.
Əziz dostlar, siz fəxr etməlisiniz ki, müəllimsiniz və
müəllimlik peşəsinə sadiqsiniz. Doğrudur, müəllimin
maddi vəziyyəti başqa təbəqələrə nisbətən zəif olur, elə
keçmişdə də belə idi...
...Mən hesab edirəm ki, insan cəmiyyətində ən yüksək
yerdə mənəviyyat durur. Maddi vəziyyət, sərvət, bu və ya
başqa şeylər xeyli aşağıda durur. Bununla onu demək
istəmirəm ki, müəllimlər həmişə maddi çətinlik
içərisində yaşamalıdırlar. Yox, sadəcə, bu sözlərimlə
mən özünü müəllimlik peşəsinə həsr edən insanın həmin
peşəyə sadiqliyini sübut etmək istəyirəm. Ola bilər, o
müəllimlər gedib başqa bir işlə məşğul olsaydılar, bir
neçə qat artıq fayda götürə bilərdilər və maddi
vəziyyətləri də yaxşı olardı. Ancaq onlar müəllimlik
peşəsini seçiblər, siz müəllimlik peşəsini seçmisiniz.
Buna görə də mən sizə "afərin!" deyirəm, sizin
qarşınızda, müəllimin qarşısında baş əyirəm.
Eyni zamanda sizi əmin edirəm ki, müəllimin maddi
vəziyyətini yaxşılaşdırmaq üçün mümkün olan tədbirləri
görəcəyik, müəllimlərin maddi vəziyyətinin
yaxşılaşdırılmasına nail olacağıq...
Burada bir çox təkliflər irəli sürüldü. Mən hesab edirəm
ki, bu təkliflərin hamısı çox dəyərlidir və nəzərə
alınmalıdır. Amma təkliflərdən bir-ikisinə öz
münasibətimi bildirmək istəyirəm. Birincisi,
məktəblərin, ümumiyyətlə, təhsil ocaqlarının
maddi-texniki vəziyyəti haqqında. Doğrudur, indi biz
əvvəllərdəki kimi məktəb binaları, ali təhsil ocaqlarına
lazımi binalar tikə bilmirik. Çünki bu imkanlar yoxdur.
Mən sizə dedim, 1979, 1980, 1981-ci illərdə biz orta
hesabla ildə 50-60 məktəb tikib istifadəyə verirdik.
Yaxud da Bakı Dövlət Universitetinin, başqa
universitetlərin tədris kompleksləri nə qədər
genişlənib, inkişaf edibdir. Bütün bu çətinliklərə
baxmayaraq, Tibb Universitetinin də yeni tədris korpusu
hazırlanıb, istifadəyə verilmək ərəfəsindədir. Mən yəqin
ki, bu günlərdə gedib onunla tanış olacağam. Ancaq
bunlar bizim keçmişdə olan imkanlarımız deyildir, ona
görə də edə bilmirik.
Açıq demək lazımdır, əgər mən bu respublikaya rəhbərlik
etdiyim zaman ildə 50-60 məktəb tikmək mümkün idisə, bu
gün yenə də respublikaya rəhbərlik edirəm, niyə bunu
tikə bilmirik? Ona görə yox ki, biz bunu bacarmırıq,
istəmirik. Ona görə ki, bunun üçün bizim maddi və
maliyyə imkanlarımız çatmır. Ancaq bildirirəm ki,
maliyyə, maddi imkanlarımız ilbəil artacaq və bunun
nəticəsində də biz Azərbaycanda yenidən təhsil
ocaqlarının tikilməsi, istifadəyə verilməsi prosesini
aparacağıq.
Eyni zamanda burada tamamilə düzgün fikir söyləndi ki,
bizim iş adamları, ayrı-ayrı şirkətlər ya məktəb binası
tikə, yaxud da mövcud məktəblərin təmirini öz üzərinə
götürə bilərlər. Burada doğru deyildi, bəzi iş adamları
məscid tikirlər, - o da lazımdır, mən bunu çox
əhəmiyyətli hesab edirəm, - ancaq bir məscid tikəndə,
bir dənə də məktəb binası tikmək lazımdır. Ona görə də
mən burada deyilən fikirlərə şərik çıxaraq üzümü tuturam
Azərbaycanda fəaliyyət göstərən iş adamlarına,
şirkətlərə və müraciət edirəm ki, onlar bu sahədə
təşəbbüs göstərsinlər. Bəyan edirəm ki, kim bu sahədə
təşəbbüs göstərsə, hansısa bir məktəbi yaxşı təmir edib
müasir vəziyyətə salmağı öz üzərinə götürsə, şübhəsiz
ki, o, dövlət tərəfindən müəyyən qayğı altında
olacaqdır. Ümidvaram ki, mənim bu çağırışıma qoşulanlar
olacaqdır. Hesab edirəm ki, bizim Təhsil Nazirliyi mənim
bu çağırışımla əlaqədar lazımi işlər görməlidir.
Beləliklə, biz şirkətləri, iş adamlarını təhsilə vəsait
sərf etməyə və təhsilin inkişafına qoşulmağa cəlb edə
bilərik... |