Aprelin
23-də Bakıda Azərbaycan Respublikası Müəllif Hüquqları
Agentliyinin (MHA) təşkilatçılığı ilə Dünya Kitab və
Müəlliflik Hüququ Günü münasibətilə "Mədəni irsin
qorunması və erməni saxtakarlıqları" mövzusunda konfrans
keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə dövlət qurumlarının
nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm
adamları və kütləvi informasiya vasitələrinin
təmsilçiləri iştirak etmişlər.
İştirakçıları salamlayan MHA-nın sədri Kamran İmanov
konfransın əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki,
YUNESKO tərəfindən elan olunmuş 23 aprel - Dünya Kitab
və Müəlliflik Hüququ Günü hazırda planetimizin əksər
ölkələrində geniş şəkildə qeyd olunur. Azərbaycanda
həmin gün 1997-ci ildən etibarən ənənəvi şəkildə qeyd
edilir və müxtəlif tədbirlərlə müşayiət olunur.
Vurğulanmışdır ki, ulu öndər Heydər Əliyev Azərbaycanın
müəllif-hüquq sisteminin müəllifi və yaradıcısıdır. Məhz
onun uzaqgörənliyi sayəsində 1993-cü ildə mərkəzi icra
hakimiyyəti statusunda Müəllif Hüquqları Agentliyi
yaranmış və 1996-cı ildə müstəqil Azərbaycanın ilk əqli
mülkiyyət üzrə "Müəlliflik hüququ və əlaqəli hüquqlar
haqqında" qanunu qəbul olunmuşdur. Beləliklə,
Azərbaycanın əqli mülkiyyət sisteminin beynəlxalq
səviyyəyə yüksəlməsinə yol açılmışdır. Həmin qanunun
əsas məqamlarından biri ondan ibarətdir ki, ictimai
varidat sayılan qeyri-maddi mədəni irsimizin inciləri -
ənənəvi mədəni nümunələr (folklor nümunələri) və ənənəvi
biliklərin hüquqi qorunmasına şərait yaradılmışdır.
Ulu
öndərin tövsiyələri əsasında Avropa məkanında ilk dəfə
olaraq MHA tərəfindən "Azərbaycan folklor nümunələrinin
qorunması haqqında" qanun layihəsi hazırlanmış, 2003-cü
ildə Milli Məclisdə qəbul edilmiş və ümummilli lider
tərəfindən imzalanmışdır. 2002-ci ildə isə "İnteqral
sxem topologiyalarının hüquqi qorunması haqqında" qanun
qüvvəyə minmişdir.
Bildirilmişdir ki, Prezident İlham Əliyevin
tapşırıqlarına əsasən, adıçəkilən qanunlarda müasir
dəyişikliklər edilmiş və onlara əlavələr olunmuşdur.
Bununla yanaşı, müəllif-hüquq qanunvericiliyi
zənginləşmiş, 2004-cü ildə "Məlumat toplularının hüquqi
qorunması haqqında" qanun, 2012-ci ildə isə "Əqli
mülkiyyət hüquqlarının təminatı və piratlığa qarşı
mübarizə haqqında" qanun qəbul olunmuşdur. Beləliklə,
ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş
və ulu öndərin layiqli davamçısı Prezident İlham
Əliyevin düşünülmüş siyasətinin nəticəsi olaraq,
Azərbaycanın müəllif-hüquq sistemi beynəlxalq
ekspertlərin rəyinə əsasən, MDB məkanında ən inkişaf
etmiş sıralara daxil edilmiş və nümunəvi sistem kimi
qəbul olunmuşdur. Prezident İlham Əliyev tərəfindən
imzalanmış "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf
Konsepsiyasında bu sistemin özünəməxsus yeri vardır.
Rəhbərlik etdiyi qurumun uğurlarından söz açan MHA-nın
rəhbəri vurğulamışdır ki, ötən il 20 illik yubileyini
qeyd edən MHA-nın fəaliyyətinə dövlətimizin başçısı
tərəfindən yüksək qiymət verilmiş və bu sahədə çalışan
mütəxəssislər orden və medallarla təltif olunmuşlar.
Eyni zamanda, qurum 2013-cü il Azərbaycan Dünya Əqli
Mülkiyyət Təşkilatının rəhbər Koordinasiya Komitəsində
təmsil olunmuş və nümayəndəmiz MDB ölkələrindən ilk dəfə
olaraq DƏMT-nin "Müəlliflik hüququna dair" Müqaviləsinin
Assambleyasının sədri seçilmişdir.
Bildirilmişdir ki, Dünya İqtisadi Forumunun rəqabət
qabiliyyətliliyi ilə bağlı müvafiq hesabatlarında
Azərbaycan institutları əqli mülkiyyətin qorunması
sahəsində MDB məkanında şərhsiz lider mövqeyindədir və
bu üstünlüyü 2010-cu ildən başlayaraq Cənubi Qafqazda
qoruyub saxlamaqdadır.
Müəllif Hüquqları Agentliyinin tam kompüterləşdiyini
söyləyən natiq vurğulamışdır ki, hazırda qurum "Elektron
hökumət" portalına qoşulmuş və 5 növ elektron xidmət
həyata keçirən dövlət orqanı kimi fəaliyyətini davam
etdirir.
Diqqətə çatdırılmışdır ki, Azərbaycanda "kreativ
sənayenin" ÜDM-dəki payı 4,6 faizə qədər qalxaraq,
inkişaf etmiş ölkələr səviyyəsindəki göstəriciyə
yaxınlaşmışdır.
Müəlliflik hüququndan danışan MHA-nın sədri demişdir ki,
müəlliflik hüququnun və müəllif anlayışının tarixinə
nəzər salarkən, kitabın təşəkkül tarixini unutmamalıyıq.
K.İmanov demişdir ki, "kitab", "müəllif" və "müəlliflik
hüququ" anlayışları yarandığı andan bir-biri ilə sıx
təmasda olmuşdur. "Yaradıcıdan, müəllifdən - əlyazmaya,
kitaba", "Əlyazmadan, kitabdan - müəlliflik hüququna" -
bu tellər, üzvü əlaqələr bir tərəfdən tarixi
ardıcıllığı, digər tərəfdən isə müəlliflik hüququnun
yaradıcılıqdakı əhəmiyyətini əks etdirir. Hər bir işin
başlanğıcı insanın tükənməz təbii resurslarından irəli
gələn yaradıcılığıdır, əqli fəaliyyətidir. Onların
nəticələri obyektivləşərək, maddi daşıyıcıda əksini
tapır, yazıya, kitaba çevrilir. Odur ki, insan
yaradıcılığının təsviri olan hər şey kitabdan başlayır
və hər şey də kitabdadır. Bugünkü rəqəmli dünyanın köklü
dəyişikliklərinə baxmayaraq, kitab haqqında müdrik
kəlamlar müasir dövrümüzdə də aktuallığını və
əhəmiyyətini qoruyub saxlayır. Dahi Nizaminin "tükənməz
mənəvi qida", Şekspirin "tacdan qiymətli", böyük Sabirin
"ilk dost", maarifçi-alim Zərdabinin "qiymətli dəfinə"
adlandırdıqları kitab Volterin sözləri ilə desək,
"ocaqlarımızdakı oda bənzəyir: qonşudan götürür,
özümüzdə yandırır və digərlərinə veririk, beləliklə,
onlar hamıya məxsusdur".
Diqqətə çatdırılmışdır ki, bugünkü müəllif hüququ
ənənəsində müəllifin əmlak hüququ kimi tanıdılan
məsələlər o vaxtlar mesenatlıq xarakteri daşıyırdı.
Vergili, Horatsi, Marsial öz himayədarlarının -
mesenatların maddi köməyi ilə yazıb-yaratdıqları kimi,
böyük Azərbaycan memarı Əcəmi Naxçıvani də özünün ən
gözəl əsərlərini Azərbaycan Atabəylərinin sifarişi və
himayəsi ilə yaratmışdır. Azərbaycan Şirvanşahları Seyid
Yəhya Bakuvi kimi görkəmli alim-filosof, Xaqani və
Fələki Şirvani kimi məşhur şairlərə himayədarlıq
edirdilər. Dahi Nizami Gəncəvi "Xosrov və Şirin"
poemasına görə böyük hökmdar Qızıl Arslan tərəfindən
xüsusi bəxşişlə mükafatlandırılmışdır.
Qeyd edilmişdir ki, XV əsrdə çap üsulunun kəşf edilməsi
kitabların sayının sürətlə artmasına və yeni naşir
təbəqəsinin yaranmasına səbəb olmuş və həmin dövr müasir
müəlliflik hüququnun formalaşmasının başlanğıcı hesab
edilir.
K.İmanov bildirmişdir ki, Azərbaycanın Ağqoyunlu və
Səfəvilər dövlətlərinin Qərbi Avropa ölkələri, xüsusilə
Venesiya Respublikası ilə xarici əlaqələri sayəsində
1594-cü ildə Romadakı Mediçi məntəqəsində ilk
azərbaycanlı müəllifin kitabı çap üsulu ilə nəşr
olunmuşdur. Bu kitab böyük Azərbaycan alimi Nəsirəddin
Tusinin XIX əsrin sonlarınadək Asiya və Şərq ölkələrində
həndəsə və cəbr fənləri üzrə ən yaxşı dərslik hesab
edilən və əlyazma şəklində hələ 1248-ci ildən mövcud
olan "Təhriri-İqlidis" əsəri idi. Həmin əsər 1598-ci
ildə yenidən çap edilmiş və latın dilinə çevrildikdən
sonra 1657-ci ildə Londonda təkrar nəşr olunmuş, bizim
dövrədək Avropa məktəblərində ondan dərslik kimi
istifadə edilmişdir. Azərbaycanın nəşr olunan ilk
kitabları sırasında ana dilimizdə "Kitabi-Dədə Qorqud"
dastanları da olmuşdur.
XVII əsrdən, şrift üsulu ilə kitab nəşrinin fəal inkişaf
etdiyi Səfəvilər dövründən Azərbaycanda müəlliflik
hüququ müasir mənada qəbul edilməyə başlamışdır və onun
tənzimlənməsi adi hüquq çərçivəsində həyata
keçirilmişdir.
MHA-nın sədri Kamran İmanov vurğulamışdır ki,
YUNESKO-nun baş direktoru İrina Bokovanın Kitab və
Müəlliflik Hüququ Günü ilə bağlı müraciətində qeyd
olunur ki, "kitabların forma və məzmununun çoxçeşidliyi
bilik artırma mənbəyi olaraq, mədəniyyətin simasızlığına
yol vermədən müvafiq dövlət siyasəti vasitəsilə
dəstəklənməlidir. Bu cür kitab müxtəlifliyi bizim
varlığımız olaraq, kitabı yalnız fiziki obyektə deyil,
bəşəriyyətin ən dahi ixtirasına çevirir, zaman və məkan
sərhədlərini aşaraq ideyalar, biliklər mübadiləsinə
çevirir". Bununla yanaşı, mədəniyyət mübadiləsi və
qarşılıqlı zənginləşmə millətin həyat tərzində və birgə
yaşayış bacarığında əksini tapmalıdır.
Bildirilmişdir ki, Azərbaycan xalqının mədəni irsinin
yüz illər boyu ermənilər tərəfindən "Gəldim, gördüm,
mənimsədim" sxemi üzrə oğurlanması onların
torpaqlarımıza olan ərazi iddiaları ilə sıx bağlıdır.
"Böyük Ermənistan" haqqında mifin reanimatorlarının
niyyətləri kifayət qədər aydındır: gəlmə etnos olan
ermənilər onlara məxsus olmayan torpaqlara aid ərazi
iddialarının "əsaslandırılmasını" həmin torpaqların
həqiqi sakinlərinə məxsus maddi və qeyri-maddi irsin
qavranılması, mənimsənilməsi və erməniləşdirilməsi ilə
əlaqələndirirlər. Ermənilərin əqli və maddi-mədəni
oğurluqları tarixi-coğrafi uydurmalarla, özlərinə
yalançı tarix formalaşdırmaqla və Azərbaycanın,
bütövlükdə bölgənin tarixini təhrif etməklə müşayiət
olunur.
Qarabağı və ətraf torpaqlarımızı bu günədək boşaltmayan,
beynəlxalq hüquq normalarına riayət etməyən və
beynəlxalq strukturların qərarlarına məhəl qoymayan
azğınlaşmış ermənilər son vaxtlar yenidən Naxçıvan
ərazisinə iddialar irəli sürürlər. "News.am" saytının
məlumatına əsasən, Ermənistanda yeni "Naxiçevan" adlı
milli siyasi təşəbbüs peyda olmuşdur.
K.İmanov xüsusi olaraq vurğulamışdır ki, Prezident İlham
Əliyev informasiya və əks-təbliğat işinin qurulmasında
bu erməniçilik amilinin nəzərə alınmasına, dünya
ictimaiyyətinin və siyasi dairələrin diqqətini cəlb
etmək üçün daha genişmiqyaslı və müntəzəm tədbirlərin
həyata keçirilməsinə çağırmışdır. Bu, yalnız Azərbaycan
xalqının müdafiəsi naminə deyil, bütövlükdə, saxta
erməni təbliğatını ifşa etmək vəzifəsi olaraq qarşıya
qoyulmuşdur. Ümummilli lider Heydər Əliyevin sözləri ilə
desək, "biz Azərbaycan xalqının mənəviyyatına, milli
qüruruna və mənliyinə yönəlmiş böhtanlara qiymət vermək
borcunu tarixin hökmü kimi qəbul edirik".
Konfransda YUNESKO üzrə Azərbaycan Respublikasının Milli
Komissiyasının birinci katibi Günay Əfəndiyeva
YUNESKO-nun baş direktoru İrina Bokovanın 23 aprel -
Dünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə
müraciətini oxumuşdur.
Müraciətdə vurğulanmışdır ki, çap edilmiş sözün tarixi
insanlığın tarixidir. Şəxsiyyətin özünü təsdiqində və
sosial islahatların həyata keçirilməsində kitabın təsir
imkanlarının analoqu yoxdur. Şəxsi təəssüratları əks
etdirərək və eyni zamanda dərin sosial təzahür forması
olaraq, kitablar insanlar arasında, cəmiyyətlər
daxilində, dövlətlərin dialoqunun formalarının
müxtəlifliyini təmin edir.
Konfransın aktual bir mövzuya həsr edilməsini yüksək
qiymətləndirən mədəniyyət və turizm nazirinin müavini
Sevda Məmmədəliyeva təmsil etdiyi qurum tərəfindən son
illər xalqımıza məxsus maddi-mədəni irs nümunələrinin
qorunması və dünyada təbliği istiqamətində görülmüş
işlərdən söz açmışdır.
Nazir müavininin sözlərinə görə, erməni vandalizmi
nəticəsində Azərbaycan xalqının çoxəsrlik tarixini əks
etdirən 700-dən artıq tarixi və mədəniyyət abidəsi, o
cümlədən 11 dünya əhəmiyyətli abidə dağıdılaraq, qarət
olunmuş və yandırılmışdır. Ermənilər tərəfindən
Azərbaycan mədəni irsinin mənimsənilməsinə yol
verilməməsi üçün bütün imkanlardan istifadə etməliyik.
Bu məsələyə vahid kompleks yanaşma olmalı və həyata
keçirilən tədbirlər sistemli və davamlı xarakter
daşımalıdır. Demək olar ki, artıq son illər bu
istiqamətdə ciddi addımlar atılmış və mühüm işlər
görülmüşdür.
Tədbirdə Dövlət Gömrük Komitəsi sədrinin müavini Şahin
Bağırov çıxış edərək bildirmişdir ki, Azərbaycanda əqli
mülkiyyət hüquqlarının, mədəni irsin qorunması təmsil
etdiyi qurum tərəfindən daim diqqət mərkəzində
saxlanılır.
Sədr müavini qeyd etmişdir ki, mədəni irsin qorunması
bizim fundamental fəaliyyətimizdir. Hesab edirik ki,
dövlət qurumlarının bu sahədə əməkdaşlığı vacibdir.
Milli Təhlükəsizlik Nazirliyi (MTN) Aparatının rəhbəri
Fərhad Vahabov diqqətə çatdırmışdır ki, MTN Azərbaycanda
erməni saxtakarlığı ilə mübarizə sahəsində Mədəniyyət və
Turizm Nazirliyi, Müəllif Hüquqları Agentliyi və digər
təşkilatlarla qarşılıqlı əlaqə formasında fəaliyyət
göstərir.
Son illərdə erməni yalanlarını tarixi faktlarla dünya
ictimaiyyətinə çatdırmaq üçün minlərlə kitab çap
olunmuş, disklər, filmlər hazırlanaraq dünyada
yayımlanmışdır. Bu işlərdə Heydər Əliyev Fondu və digər
nazirliklər çox önəmli rol oynayırlar. Əlbəttə, bu
prosesi dayandırmaq olmaz və bundan sonra mübarizəni
daha mütəşəkkil şəkildə, səfərbər olaraq
genişləndirməliyik.
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin
İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev
tədbirin əhəmiyyətindən danışmış və vurğulamışdır ki,
Azərbaycan xalqının maddi-mədəni irsinin, intellektual
mülkiyyətinin ermənilər tərəfindən mənimsənilməsinə
qarşı mübarizə günümüzün əsas tələblərindəndir.
Konfransda "Qız qalası və ermənilərin saxtalaşdırma
iddiası" mövzusunda məruzə ilə çıxış edən MHA-nın sədri
Kamran İmanov erməni saxtakarlıqlarını tutarlı faktlar
və əyani vasitələrlə bir daha ifşa etmişdir.
Tədbirdə "İlk qriqorian kilsəsi, Eçmiədzinin gerçək
tarixi", "Azərbaycana qarşı mənəvi təcavüzün forma və
xüsusiyyətləri" və "Dənizdən dənizə: gerçəklik və
uydurmalar" mövzularında məruzələr dinlənilmişdir.
Sonra mövzu ətrafında müzakirələr aparılmışdır.
İştirakçılar foyedə son illər MHA tərəfindən müxtəlif
dillərdə nəşr etdirilmiş çap məhsulları ilə tanış
olmuşlar. |