Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Aprel 2014 - №15

 

"Fəal Ailəm, Sağlam Aləm" proqramı çərçivəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb

 

Böyütmək üçün şəkili seçin Aprelin 22-də Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi və Olimpiya Oyunlarının Ümumdünya Tərəfdaşı olan Coca-Cola şirkəti arasında "Fəal Ailəm, Sağlam Aləm" proqramı çərçivəsində əməkdaşlığa dair anlaşma memorandumunun imzalanma mərasimi keçirilib.

Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, təhsil nazirinin müavini Ceyhun Bayramov, Coca-Cola şirkətinin meneceri Qabil Əhmədov, MOK-un icraiyyə komitəsinin üzvləri, olimpiya və dünya çempionları, həmçinin müxtəlif idman və qeyri-idman qurumlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Çingiz Hüseynzadə Azərbaycanda olimpiya hərəkatı və onun inkişaf tarixindən, təqdim olunan proqramın sağlam və fəal həyat tərzinin təbliğindəki əhəmiyyətli rolundan danışıb. Vitse-prezident bu kimi sosial idman layihələrinin geniş əhali kütləsinin 2014-cü və 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarına diqqətinin artırılmasında əhəmiyyətli rol oynadığını vurğulayıb.

Vitse-prezident Təhsil Nazirliyinin bədən tərbiyəsi və idmanın inkişafı, o cümlədən olimpiya hərəkatının genişlənməsi sahəsində göstərdiyi dəstəyə görə təşəkkür edib və təhsil sahəsində idmanın inkişafı üçün son zamanlar həyata keçirilən təşəbbüsləri alqışladığını bildirib.

Təhsil nazirinin müavini Ceyhun Bayramov "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın qəbulunun təhsilin keyfiyyətinin yüksəldilməsi və bu sahədə uğurlu nəticələrin əldə olunmasında, təhsilalanların sağlamlığının mühafizəsində müstəsna əhəmiyyət kəsb etdiyini bildirib. Bu baxımdan məktəbəqədər və ümumi təhsil müəssisələrində təhsilalanların hərəkət bacarıqlarının inkişafını təmin edən əlverişli mühitin yaradılması, təhsil aldıqları müddətdə onların fiziki-psixoloji sağlamlığının qorunmasına yönəlmiş pedaqoji texnologiyaların tətbiqi zərurətə çevrilib. Ceyhun Bayramov qeyd edib ki, 2014-cü ildə şagird və tələbələr arasında müxtəlif idman növləri üzrə 16 respublika yarışı keçirilib. Həmin yarışlarda 5 min nəfərdən çox şagird və tələbə iştirak edib. "Fəal Ailəm, Sağlam Aləm" proqramının da bu kimi vacib vəzifələrə xidmət etdiyini vurğulayan nazir müavini onun icrasının uğurla yerinə yetirilməsindən məmnunluğunu bildirib.

Coca-Cola şirkətinin meneceri Qabil Əhmədov çıxışında şirkətin Olimpiya Oyunlarının əsas ümumdünya tərəfdaşı kimi fəaliyyətindən, müvafiq sahədə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi ilə olan uğurlu əməkdaşlığından danışıb. "Fəal Ailəm, Sağlam Aləm" proqramının 2013-cü ildəki fəaliyyətinin uğurlu nəticəsindən məmnunluğunu söyləyən menecer, Təhsil Nazirliyinin proqramın rəsmi tərəfdaşı olmağa razılıq verməsini növbəti uğurun zəmanəti kimi səciyyələndirib.

"Fəal Ailəm, Sağlam Aləm" proqramının 2014-cü il üçün seçilmiş yeni milli olimpiya səfiri, əməkdar artist Tünzalə Ağayeva çıxışında ailələri bu proqramın icrasında fəal iştirak etməyə çağırıb.

Qeyd edək ki, olimpiya çempionu Fərid Mansurov da milli olimpiya səfiri kimi 2013-cü ildən fəaliyyət göstərir və bu ictimai vəzifəsini 2014-cü ildə də davam etdirəcəyinə razılıq verib.

Rəsmi çıxışlardan sonra "Fəal Ailəm, Sağlam Aləm" proqramı çərçivəsində Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi və Coca-Cola şirkəti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. 

 www.edu.gov.az

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov