Aprelin
21-də təhsil naziri Mikayıl Cabbarov İsmayıllı
şəhərindəki Heydər Əliyev Mərkəzində rayonun 1, 2, 7
nömrəli və Cülyan kənd tam orta məktəblərin evdə fərdi
təhsil alan şagirdləri ilə görüşüb.
Təhsil nazirinin mərkəzi icra hakimiyyəti orqanları
rəhbərlərinin 2014-cü ilin aprel ayında şəhər və
rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq,
İsmayıllı, Şamaxı, Ağsu, Qobustan rayonlarında yaşayan
vətəndaşların qəbulu ilə bağlı İsmayıllı şəhərinə
səfəri çərçivəsində keçirilmiş görüşdə evdə fərdi təhsil
alan şagirdlərin valideynləri, müəllimlər və distant
təhsil üzrə mütəxəssislər də iştirak ediblər.
Təhsil naziri Mikayıl Cabbarov distant təhsilin inkişaf
etdirilməsi və sağlamlıq imkanları məhdud, xüsusi
qayğıya ehtiyacı olan şagirdlərin bu prosesə cəlb
olunması məsələsinin prioritet istiqamətlərdən biri
olduğunu bildirib. Təhsil Nazirliyi tərəfindən bu sahədə
həyata keçirilən tədbirlərin əhəmiyyətinə toxunan nazir
İsmayıllı rayonunda məsafədən təhsil layihəsinin uğurla
icra edilməsini təqdirəlayiq hal kimi dəyərləndirib.
Nazir qeyd edib ki, məsafədən təhsilin əsas məqsədi evdə
təhsil alan, sağlamlıq imkanları məhdud uşaqların
cəmiyyətə inteqrasiyasına dəstək vermək, onların təhsil
almaq imkanlarını yaxşılaşdırmaq, kompüterdən və
elektron resurslardan istifadə bacarıqlarını artırmaqdan
ibarətdir.
Distant təhsil üzrə mütəxəssis Maral Vəliyeva evdə
təhsilin təşkili ilə bağlı təqdimat-məruzə ilə çıxış
edib.
Valideyn Bayram Rzayev sağlamlıq imkanları məhdud,
xüsusi qayğıya ehtiyacı olan şagirdlər üçün evdə
təhsilin təşkili istiqamətində Təhsil Nazirliyinin
apardığı məqsədyönlü tədbirlərə görə minnətdarlığını
bildirib.
www.edu.gov.az |