Beyləqan şəhərində 2 nömrəli körpələr evi-uşaq bağçası
üçün inşa edilmiş 55 yerlik yeni bina istifadəyə
verilmişdir.
AzərTAc xəbər verir ki, bu münasibətlə keçirilən
mərasimdə çıxış edənlər məktəbəqədər tədris
müəssisəsinin istifadəyə verilməsinə görə tədbir
iştirakçılarını, uşaqları, onların valideynlərini, bağça
kollektivini təbrik etmiş, uşaqlara gələcək həyatda
müvəffəqiyyətlər və ölkəmiz üçün layiqli övlad
olmalarını arzulamışlar.
Bildirilmişdir ki, ölkəmizin hər yerində körpələr
evləri, uşaq bağçaları, internat və orta məktəblər
tikilir və əsaslı şəkildə yenidən qurulur.
Respublikamızın bütün bölgələrində olduğu kimi, Beyləqan
şəhərində də yeni inşa olunan uşaq bağçası bu sahədə
aparılan islahatların növbəti əyani nümunəsidir. Yaxın
günlərdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə daha bir
uşaq bağçasının tikintisinə başlanacaqdır.
Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri göstərilən
qayğıya görə ölkə rəhbərliyinə və bağçanın tikintisində
əməyi olanlara minnətdarlıqlarını bildirmişlər.
Sonra mərasim iştirakçıları uşaq bağçasında yaradılmış
şəraitlə tanış olmuşlar. |