22 aprel - Beynəlxalq Yer Günü ilə əlaqədar Ekologiya və
Təbii Sərvətlər Nazirliyi və "Həmrəy" Gənclərin
Maarifləndirilməsinə Dəstək İctimai Birliyi tərəfindən
respublikanın bir sıra ali təhsil müəssisələrinin
tələbələrinin iştirakı ilə "Ətraf mühitin indiki və
gələcək nəsillər naminə mühafizəsi" mövzusunda tədbir
keçirilib.
Yığıncaqda tələbələrə ətraf mühitin mühafizəsi
istiqamətində son illərdə görülmüş işlər barədə məlumat
verilib. Sonra ətraf mühitin mühafizəsi ilə bağlı
ölkəmizdə həyata keçirilən tədbirləri əks etdirən film
nümayiş olunub və qarşılıqlı fikir mübadiləsi aparılıb.
Tədbirdə çıxış edənlər respublikamızda ətraf mühitin
mühafizəsi sahəsində həyata keçirilən ardıcıl tədbirlər
nəticəsində qazanılan uğurların əhalinin ekoloji
şüurunda müsbət dəyişikliklərə səbəb olduğunu qeyd
ediblər.
Görüşdə həmçinin, ekoloji təhlükəsizliyin təmin
olunması, ətraf mühitin çirklənməsinin minimuma
endirilməsi, təbii sərvətlərdən səmərəli istifadə,
alternativ metodlar vasitəsilə tükənməyən enerji
mənbələrindən yararlanmaq və enerji effektivliyinə nail
olunması istiqamətində ölkəmizdə həyata keçirilən
məqsədyönlü işlərdə gənc nəslin iştirakı müzakirə
edilib.
Müzakirə zamanı ətraf mühitin mühafizəsi sahəsində gənc
nəslin rolunun artırılmasının zəruriliyi bildirilib,
əhali arasında maarifləndirmə işlərinin aparılmasının
vacibliyi vurğulanıb.
Samirə KƏRİMOVA,
"Azərbaycan müəllimi" |