Azərbaycan Respublikası Prezidentinin 7 iyul 2011-ci il
tarixli 1621 nömrəli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan
gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı"ndan
irəli gələn vəzifələrin icrası ilə bağlı Azərbaycan
Respublikası təhsil nazirinin 08.08.2011-ci il tarixli
1454 nömrəli əmri ilə təsdiq olunmuş Tədbirlər Planının
yerinə yetirilməsi, məktəblilərin intellektual və
yaradıcı inkişafına təkan verilməsi, şagirdlərin
intellektual fəaliyyətə daha geniş miqyasda cəlb
edilməsinin və asudə vaxtlarının səmərəli təşkilinin
təmin olunması məqsədilə "Azərbaycan Respublikası Təhsil
Nazirliyi haqqında Əsasnamə"nin 13.5-ci bəndini rəhbər
tutaraq
ƏMR EDİRƏM:
1. Azərbaycan İntellektual Klublar Assosiasiyası ilə
birlikdə respublikanın ümumi təhsil müəssisələri
şagirdləri arasında "Nə? Harada? Nə zaman?" oyunu üzrə
2014-cü ilin regional məktəb çempionatı keçirilsin.
2. "Nə? Harada? Nə zaman?" oyunu üzrə 2014-cü ilin
regional məktəb çempionatının ictimai əsaslarla
fəaliyyət göstərən Təşkilat Komitəsi yaradılsın və onun
tərkibi təsdiq edilsin (əlavə 1).
3. Təşklilat Komitəsi "Nə? Harada? Nə zaman?" oyunu
üzrə 2014-cü ildə regional məktəb çempionatının
keçirilmə qaydalarını müəyyən etsin.
4. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin və Gəncə Şəhər Təhsil
İdarəsinin, rayon (şəhər) təhsil şöbələrinin müdirləri
çempionatın keçirilmə qaydalarına ciddi əməl etməklə "Nə?
Harada? Nə zaman?" oyunu üzrə 2014-cü ilin regional
məktəb çempionatının keçirilməsini təmin etsinlər.
5. Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsi (H.Əliyev)
çempionatın keçirilməsi üçün lazımi təşkilati işləri
həyata keçirsin.
6. İqtisadiyyat şöbəsi (R.Orucov) çempionatın
keçirilməsi ilə bağlı tələb olunan xərclərin
ödənilməsini təmin etsin.
7. İnformasiya şöbəsi (E.Əliyev) əmrin "Azərbaycan
müəllimi" qəzetində dərc olunmasını və nazirliyin
İnternet səhifəsində yerləşdirilməsini, əmr və
əlavələrin çoxaldılaraq yerlərə göndərilməsini təmin
etsin.
8. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova
həvalə olunsun.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
21 aprel 2014-cü il |