Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Aprel 2014 - №15

 

Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin yerdəyişməsini və işə qəbulunu mərkəzləşdirilmiş qaydada, müsabiqə yolu ilə təşkil etmək məqsədilə "Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında" Əsasnamənin 8.30-cu, 8.39-cu və 13.5-ci bəndlərini rəhbər tutaraq 

ƏMR EDİRƏM: 

1. "Azərbaycan  Respublikası  Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu Qaydaları" (Əlavə 1)" və "Müsabiqə yolu ilə müəllimlərin yerdəyişməsi və işə qəbulu qaydalarının tətbiqini tənzimləyən sənədlər toplusu (Əlavə 2)" təsdiq edilsin (əlavə olunur).

2. 2014-2015-ci tədris ilində ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun keçirilməsi üçün müsabiqə və apelyasiya komissiyalarının tərkibi təsdiq edilsin (əlavə olunur).

3. İnsan resursları şöbəsi (F.Qədirov), İlk peşə və orta ixtisas təhsili şöbəsinin İlk peşə-ixtisas təhsili sektoru (N.Məmmədov):

3.1. Ümumi təhsil müəssisələrindən və peşə liseylərindən daxil olan vakant yerləri təhlil etsinlər və müəllimlərin yerdəyişməsi və işə qəbulu üzrə müsabiqələr üçün iyun ayının 1-dək müvafiq qaydada elan verilməsini təmin etsinlər.

3.2. 01-10 iyun 2014-cü il tarixlərində iş yerinin dəyişdirilməsi üzrə, 01-15 iyul 2014-cü il tarixlərində isə müəllimlərin işə qəbul üzrə elektron ərizələrin qəbulunu təşkil etsinlər.

4. Təhsil sisteminin informasiyalaşdırılması idarəsi (S.Məmmədov) müəllimlərin yerdəyişməsi və işə qəbulu üzrə müsabiqələrin keçirilməsi ilə bağlı elektron proqram təminatı üzrə texniki hazırlıq işlərinin və  zəruri təşkilati məsələlərin yerinə yetirilməsini təmin etsin. 

5. İnsan resursları şöbəsi (F.Qədirov), Daxili nəzarət şöbəsi (K.Quliyev) müəllimlərin yerdəyişməsi və işə qəbulu üzrə müsabiqələrin müsahibə mərhələsində namizədlərin təhsil sənədlərinin yoxlanılmasını təmin etsinlər.

6. İnsan resursları şöbəsi (F.Qədirov):

6.1. İşə qəbul üzrə müsabiqənin keçirilməsi üçün müvafiq ixtisaslar üzrə test tapşırıqlarının hazırlanmasını və onların məxfiliyini təmin etsin.

6.2. Müəllimlərin yerdəyişməsi və işə qəbulu ilə bağlı müsabiqələrin nəticələrinin Nazirliyin rəsmi İnternet saytında yerləşdirilməsini, təsdiq olunmuş siyahıların müşayiətedici məktubla yerli təhsili idarəetmə orqanlarına və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinə göndərilməsini təmin etsin.

7. Yerli təhsili idarəetmə orqanlarının, ümumi təhsil müəssisələrinin və peşə liseylərinin rəhbərləri:

7.1. 2014-cü il may ayının 15-dək yeni tədris ili üçün vakant yerlər barədə məlumatı müəyyənləşdirilmiş forma üzrə kağız və elektron variantda Təhsil Nazirliyinə təqdim etsinlər.

7.2. Müsabiqə nəticəsində yerini dəyişən və işə qəbul olunan müəllimlərlə əmək müqavilələrinin bağlanılmasını təmin etsinlər.

7.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında" 14 aprel 2010-cu il tarixli 67 nömrəli Qərarına uyğun həvəsləndirmə tədbirləri tətbiq olunan yerlərə işə qəbul olunacaq müəllimlər üçün ilkin yaşayış şəraitinin yaradılmasını, nəzərdə tutulmuş stimullaşdırıcı tədbirlərin vaxtında verilməsini təmin etsinlər.

7.4. Nazirliyin keçirdiyi müsabiqələrin nəticəsi olaraq  yerini dəyişən və yeni işə qəbul olunan, həmçinin dərs ili başlandıqdan sonra mövcud vakant yerlər haqqında sentyabrın 20-dək Təhsil Nazirliyinə yazılı məlumat təqdim etsinlər.

8. İnformasiya şöbəsi (E.Əliyev) Nazirliyin İnternet saytında "Müəllimlərin işə qəbulu üzrə müsabiqə" səhifəsində bu əmrin, işə qəbul üzrə müsabiqədə iştirak edən namizədlər üçün nəzərdə tutulmuş digər məlumatların və müsabiqələrin nəticələrinin yerləşdirilməsini, vakant yerlər haqqında məlumatın "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını təmin etsin.

9. Azərbaycan Respublikası təhsil nazirinin "2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə" 28 iyun 2013-cü il tarixli 712 nömrəli əmri qüvvədən düşmüş hesab edilsin.

10. Əmrin icrasına nəzarət Aparat rəhbərinə (M. Eynullayev) həvalə edilsin. 

Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri

21 aprel 2014-cü il

 
 
 
Səhifənin başına qalx "Qanunvericilik" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov