Aprelin
15-də Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) əməkdar
və beynəlxalq dərəcəli idman ustası, əməkdar məşqçi,
əməkdar bədən tərbiyəsi və idman xadimi Rafiq Hacıyevlə
görüş keçirilib. Tədbirdə çıxış edən institutun tərbiyə
işləri üzrə prorektoru Rəşad Sadıqov müasir dövrdə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edən ölkəmizdə
uğurla həyata keçirilən gənclər siyasətindən danışıb.
Prorektor AMİ-nin rektoru, Milli Məclisin deputatı,
professor Aqiyə Naxçıvanlının rəhbərliyi ilə institutun
idman zalında müasir tələblərə uyğun şəkildə yaradılmış
şəraitin tədris prosesinə müsbət təsirindən, tələbələrin
müxtəlif idman növləri üzrə əldə etdikləri
nailiyyətlərdən də danışıb.
İnstitutun mülkü müdafiə, tibbi biliklərin əsasları və
fiziki tərbiyə kafedrasının müdiri Hənifə Qurbanov
məşhur idmançılarla görüşlərin təşkil edilməsinin
əhəmiyyətindən, institutda təşkil edilən belə görüşlərin
ənənə xarakteri daşıdığını bildirib.
Sonra tədbir iştirakçıları tərəfindən R.Hacıyevin idman
uğurları, onun həyatının və idman karyerasının maraqlı
anlarını əks etdirən videoçarx maraqla qarşılanıb.
Görüşdə R.Hacıyev çıxış edərək videoçarxdakı görüntülər
barədə xatirələrini bölüşüb. O, güləşə həvəsindən, idman
karyerasından danışarkən məşqçilərin, ümumiyyətlə,
müəllimlərin yeniyetmə və gənclərin nəinki fiziki
tərbiyəsinin formalaşmasında, onların gələcəyinin
müəyyənləşməsində rolundan da danışıb.
Sonda qonaq tələbə və müəllimlərin onun idman həyatı ilə
bağlı çoxsaylı suallarını da cavablandırıb. |