Naxçıvan
Dövlət Universitetində Naxçıvan Muxtar Respublikasının
yaradılmasının 90 illik yubileyinə həsr edilmiş
"Universiada - 2014" proqramına daxil olan idman
yarışlarına start verilib. Tədbirdə universitetin
rektoru, əməkdar elm xadimi, professor Saleh Məhərrəmov
çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin "Naxçıvan Muxtar Respublikasının
yaradılmasının 90 illik yubileyinin keçirilməsi
haqqında" 14 yanvar 2014-cü il tarixli sərəncamına
əsasən bu yubileyin dövlət səviyyəsində qeyd olunmasının
əhəmiyyətindən bəhs edib. Qeyd olunub ki, Naxçıvanın
ərazi bütövlüyü və toxunulmazlığı ümummilli lider Heydər
Əliyevin tarixi, siyasi xidmətlərinin, muxtar vilayət
kimi bugünkü hərtərəfli müasir inkişafı isə məhz Heydər
Əliyev ideyalarına sədaqətin təcəssümüdür. NDU-nun idman
sahəsində qazandığı uğurlara da nəzər salan rektor
idmanın kütləviliyinin təmin olunması, tələbələrin asudə
vaxtlarının səmərəli təşkili kimi zəruri məsələlərdən
danışıb.
Sonra "Universiada-2014" çərçivəsində ilk idman yarışına
start verilib. Finala vəsiqə alan pedaqoji fakültə ilə
memarlıq və mühəndislik fakültəsinin oğlanlardan ibarət
voleybol komandaları arasında keçən gərgin yarış
pedaqoji fakültənin komandasının qələbəsi ilə başa
çatıb. Qaliblər kubok və diplomlarla təltif edilib. Qeyd
edək ki, idmanın ən müxtəlif növləri arasında fakültə
birinciliyi uğrunda keçiriləcək yarışlardan ibarət
universiada bir ay müddətində davam edəcək.
Mina QASIMOVA,
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı |