Ağsu şəhərindəki Heydər Əliyev Mərkəzində ümumtəhsil
məktəblərinin XI sinif şagirdləri üçün "açıq dərs"lərin
keçilməsi davam edir.
Qeyd edək ki, Azərbaycan Respublikası təhsil nazirinin
31 yanvar 2014-cü il tarixli məktubuna əsasən cari
tədris ilinin fevral-may ayları ərzində ümumtəhsil
məktəblərinin XI sinif şagirdlərinə dərsdənkənar
vaxtlarda müstəqil Azərbaycan Respublikasının tarixinə
aid müəyyən mövzuların tədris olunması nəzərdə tutulub.
Belə bir əhəmiyyətli addımın atılmasında məqsəd
ölkəmizin müasir tarixinin şagirdlər tərəfindən
hərtərəfli öyrənilməsinə maraq oyatmaqla onlarda fəal
həyat mövqeyinin, vətəndaş və vətənpərvərlik hisslərinin
daha da gücləndirilməsinə etibarlı zəmin yaratmaqdan
ibarətdir.
Təhsil şöbəsinin müvafiq əmrilə rayonun peşəkarlığı ilə
seçilən 10 tarix müəllimi bu dərslərin mütəşəkkil
keçilməsi üçün cəlb edilib. Məlumatların şagirdlərə
sistemli çatdırılması ilə bağlı müəllimlərə köməklik
üçün hər mövzu üzrə tezislər və bütövlükdə bu prosesin
səmərəli tənzimlənməsinə dair tövsiyələr Azərbaycan
Respublikası Təhsil Nazirliyi tərəfindən hazırlanıb. Hər
birinə 2 akademik saat ayrılmış dərslərin keçilməsi üçün
təhsil şöbəsində xüsusi qrafik tərtib olunub.
Dərslər iki növbədə aparılır və hər növbədə 75 şagirdin
iştirakı təmin olunur. Ümumilikdə, rayonun ümumtəhsil
məktəblərinin 597 nəfər XI sinif şagirdinin bu dərslərin
dinləyicisi olacağı nəzərdə tutulub.
"Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı və
qurucusudur" və "Ümummilli lider Heydər Əliyevin
ideyaları müasir Azərbaycanın sosial-iqtisadi
inkişafının təminatçısıdır" mövzuları üzrə keçilən
dərslərdə dövlət quruculuğu sahəsində ulu öndərin
genişmiqyaslı gərgin fəaliyyəti, bu yolda qarşıya çıxan
maneə və çətinliklərin dəf olunması, siyasi sabitliyin
və iqtisadi dirçəlişin yaranması, Azərbaycanın
beynəlxalq aləmdə nüfuzunun getdikcə artması, həyata
keçirilən sosial-iqtisadi layihələr, qazanılan uğurlar
haqqında şagirdlərə ətraflı və dolğun məlumatlar
çatdırılır.
Hər müəllim dərsə başlamazdan əvvəl keçilən mövzu üzrə
şagirdlərin mövcud məlumatlılıq səviyyəsinin
diaqnostikasını aparır və kifayət qədər məlumatlarının
olmadığı məsələləri ətraflı şərh edir. Videolentlə
alınan dərslərin şagirdlərlə canlı ünsiyyətdə,
əməkdaşlıq şəraitində qurulması prioritet forma hesab
olunur. Dərs başlamazdan əvvəl ümummilli lider Heydər
Əliyevin həyat və fəaliyyətini əks etdirən film nümayiş
olunur.
Hicran ƏKBƏROVA,
"Azərbaycan müəllimi" |