Aprelin 16-da Azərbaycan Memarlıq və İnşaat
Universitetində Azərbaycan Memarlar İttifaqı ilə
birgə Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə
həsr olunmuş "Tarixi və mədəni irsin tədqiqi, qorunması
və istifadəsi" mövzusunda elmi-praktik konfrans
keçirilib. Konfransda AMİU-nun rektoru, Milli Məclisin
deputatı, professor Gülçöhrə Məmmədova iştirakçıları bu
əlamətdar gün münasibətilə təbrik edib və tədbirin
əhəmiyyətindən danışıb.
Bildirilib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən
sonra, xüsusilə ümummilli lider Heydər Əliyev ölkəyə
başçılıq etdiyi dövrdən başlayaraq xalqımızın tarixi və
mədəni irsinə qayğı daim diqqətdə saxlanılır. İndiyə
kimi tarix və mədəniyyət abidələrinin tədqiqi, qorunması
və istifadəsi sahəsində irihəcmli işlər görülüb. Bir çox
arxeoloji abidələr tədqiq olunub, onların gələcək
nəsillərə çatdırılması üçün üzərlərində konservasiya
işləri aparılıb və dağıntıya məruz qalmış memarlıq
abidələri xilas edilib. Azərbaycan Memarlar İttifaqı
İdarə Heyətinin sədri E.Qasımzadə, AMEA-nın Arxeologiya
və Etnoqrafiya İnstitutunun direktoru, tarix üzrə elmlər
doktoru M.Rəhimova, Memarlıq və İncəsənət İnstitutunun
direktoru, professor Ə. Salamzadə və başqaları
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə
çıxış edib, Azərbaycanda tarixi-mədəni irsin tədqiqi və
qorunmasının vacibliyindən söz açıblar.
Sonra alim və mütəxəssislərin "Qaracəmirli arxeoloji
abidəsinin tədqiqi", "Göytəpə Arxeoloji Parkının
araşdırılması və gələcək istifadəsi", "Orta əsr Şəmkir
şəhərinin tədqiqi və konservasiyası", "Şəki və Zaqatala
regionunun memarlıq irsinin qorunması problemləri",
"Azərbərpa" Elmi-Tədqiqat Layihə İnstitutunun memarlıq
və arxeoloji irsin bərpası, qorunması üzrə layihə
işləri", "Orta əsr Ağsu şəhərinin arxeoloji abidələrinin
tədqiqi, qorunması, istifadəsi", "Abşeron qoruqları"
mövzularında məruzələri dinlənilib və ətraflı
müzakirələr aparılıb.
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" |