Əsrin
bəlasından dünyada 250 milyon insan əziyyət çəkir
Bu gün bəşəriyyəti düşündürən qlobal problemlərdən biri
də cəmiyyətin ciddi bəlasına, təhlükə mənbəyinə çevrilən
narkomaniyadır. Narkomaniya yunan sözü olub "narko"
donub qalmaq, "maniya" isə psixi pozğunluq deməkdir.
Narkomanlığın tarixini araşdırdıqda məlum olur ki, hələ
eramızdan əvvəl narkotik tərkibli vasitələr mövcud olmuş
və bu haqda məlumatlara yunan, Roma, ərəb alim və
həkimlərinin əsərlərində rast gəlinir.
Qeyd edək ki, mərkəzi sinir sisteminə spesifik təsir
göstərən və tez bir zamanda asılılıq yaradan maddələrə
narkotik maddələr deyilir.
Tarixə nəzər salsaq görərik ki, Avropa və Asiya
qitələrində məskunlaşmış xalqların mifologiyasında yağlı
xaşxaş bitkisi insanların ağrı və əzablarının qənimi
kimi qavranılmış, xaşxaş qozasından alınan şirə (tiryək)
isə həmişə tibbi məqsədlər üçün istifadə edilmişdir.
Ümumiyyətlə, tiryəkli preparatlar orta əsrlərdə
təbabətdə geniş yayılmış, tiryəkdən hazırlanan
dərmanlardan ruhi xəstələri sakitləşdirmək, əzabları
azaltmaq, ağrı və sarsıntıları götürmək, pozulmuş
əsəb-sinir sistemini bərpa etmək kimi müalicə işlərində
istifadə olunmuşdur. Düzdür, bu həmin dövrün tələbi idi,
amma insanlar təxmin edə bilməzdilər ki, əsrlər keçəcək
və narkotik tərkibli dərmanlar insanlar üçün, sözün
həqiqi mənasında, əsl bəlaya, başağrısına çevriləcək.
Narkotik tərkibli bitkilərdən müalicə məqsədi ilə
istifadə olunması uzaq keçmişdə olduğu kimi müasir
dövrümüzdə də aktualdır. Eyni zamanda, insan
orqanizminə, sağlamlığa, mənəviyyata sağalmaz zərbələr
vuran, ən çirkin, ikrahedici vərdiş kimi qəbul edilən
narkomanlıq və narkotiklərə aludəçilik bu gün olduğu
kimi qədim zamanlarda da xoşagəlməz vərdiş kimi qəbul
edilmişdir. Şərq ölkələrinə səyahətə çıxanlar tiryək
istehlakçılarının acınacaqlı vəziyyətinin şahidi olduqda
bunu yanlış olaraq həmin xalqın ənənələri ilə
bağlamışlar. Hindistanı gəzən bir alim tiryəkdən fiziki
asılılığı belə şərh etmişdir: "Kim tiryəkə vərdiş
edibsə, onu hər gün qəbul etməlidir". Fransada ziyalılar
arasında dəbdə olan "Həşişçilər məclisi"nin üzvü məşhur
şair Şarl Bodler "Süni cənnət" əsərində özünün mübtəla
olduğu "ağ sərxoşluq" mərhələsini şəxsi təcrübəsinə
əsaslanaraq belə təsvir etmişdir: "Bilmirəm, həşişdən
ölümcül zəhərlənmənin nəticələri ilə on illik təcrübədən
keçmiş tiryəkçilərin süqutu arasında bərabərlik işarəsi
qoymaq olar ya yox: lakin mən təsdiq edirəm ki, onların
biri sakitcə tovlayan (həşiş), digəri isə əndazə
bilməyən iblisdir".
Narkotik asılılığın elmi anlayışı isə ilk dəfə XVIII
əsrin əvvəllərində verilmişdir. XX əsrin sonunda isə
narkomaniya ümumbəşəri bəlaya çevrilərək fiziki mənada
ayrı-ayrı xalqların genofonduna sarsıdıcı zərbələr
vuran, qarşısının alınması böyük çətinliklər, külli
miqdarda xərclər bahasına başa gələn son dərəcə neqativ
bir amil olmaqla yanaşı, digər tərəfdən də
narkobaronların narkotiklərin qanunsuz dövriyyəsindən
külli miqdarda gəlir əldə etməsi üçün bir vasitəyə
çevrilmişdir.
Fəsadları
Narkomaniya digər vərdişlərə görə daha təhlükəlidir:
narkodilerlər (yəni narkotikləri satan insanlar) həmişə
yeni alıcı axtarışında olur. Onlar maddi vəziyyəti aşağı
olan gəncləri tapdıqları kimi asanlıqla maddi imkanı
yaxşı olan gəncləri də tora sala bilirlər. Abstinensiya
halı çox əziyyətli olduğuna görə narkotikdən istifadə
edən gənc yeni doza əldə etmək üçün əlindən gələni edir.
Narkotikdən istifadə edənlərin əksəriyyəti gənc ikən
ölür - onlar cinsi yolla yoluxan infeksiyalara, o
cümlədən HİV-ə və ya hepatit C-yə yoluxur, bəziləri isə
uzun müddət müalicə alaraq ailəsi və cəmiyyət üçün bir
yükə çevrilir. Narkomaniya mütəmadi, artan dozada
narkotik vasitələrin istifadəsi zamanı, narkotik
vasitələrdən psixi və fiziki asılılıq formalaşması ilə
xarakterizə olunan xəstəlikdir. Narkomaniyanın əsas
əlamətlərindən biri narkotik vasitələrdən sui-istifadə
zamanı reaktivliyin dəyişilməsidir. Bu özünü narkotik
vasitələrə patoloji meyillilik, dəyişilmiş tolerantlıq,
narkotik vasitədən imtina zamanı abstinent sindromun
inkişafı ilə ifadə edir. Müqayisəli olaraq
narkomaniyanın formalarının və onların inkişafının
öyrənilməsi narkomaniya üçün ortaq olan simptomların
diaqnostikasında mühüm rol oynayır.
Narkomanlıq eynən narkotiklərin qanunsuz dövriyyəsinin
coğrafiyası kimi sərhəd tanımır. Bu dəhşətli xəstəlik
dinindən, dilindən, irqindən, sosial vəziyyətindən və s.
asılı olmayaraq hamı üçün eyni dərəcədə təhlükəlidir; o,
cinayətkarlığı, zorakılığı və korrupsiyanı yaradır,
sosial-iqtisadi inkişafı ləngidir, ailə və icmaları
dağıdır, sosial partlayışlara sürükləyir.
Təəssüf hissi ilə qeyd olunmalıdır ki, narkomanlığın
sarsıdıcı nəticələri Azərbaycandan da yan ötməyib. Ən
acınacaqlısı budur ki, gənclər və yeniyetmələr arasında
narkotiklərə aludəçilik halları artır. Əlbəttə, bir sıra
başqa dövlətlərlə müqayisədə respublikamızda narkomaniya
o qədər də dəhşətli şəkil almayıb. Lakin yaddan
çıxarmamalıyıq ki, narkomanlıq yoluxucu xəstəlikdir,
üstəlik də QİÇS-ə aparan bir yol kimi, gizli şəkildə
sürətlə yayılmaq xüsusiyyətlərinə malikdir.
Mütəxəssislərin fikrincə, narkotik ticarəti neft və
silah alverindən sonra dünyada ən çox gəlir gətirən
sahədir. Bu gün narkomaniya və narkobiznes təkcə
ayrı-ayrı insanların sağlamlığına, mənəviyyatına deyil,
dünya iqtisadiyyatına da ağır zərbə vurmaqdadır.
Hesablamalara görə, narkotiklərin qanunsuz
dövriyyəsindən hər il on milyardlarla dollar gəlir
götürülür və bu pul xalqların həyat səviyyəsinin
yaxşılaşmasına, bəzi imkansız ölkələrin iqtisadi
böhrandan xilasına, böyük tikinti-quruculuq işlərinə
deyil, yenu müharibə və münaqişə ocaqlarının, nüvə
bazalarının, ayrı-ayrı terrorçu mərkəzlərin, mütəşəkkil
cinayətkar qrupların yaradılmasına, silah alverinin
güclənməsinə və digər cinayətlərə sərf olunur.
Narkomaniya ilə mübarizə
Narkomaniya ilə mübarizə uzunmüddətli, çoxşaxəli, geniş
maliyyə vəsaiti tələb edən dinamik bir prosesdir.
Problemin ictimai təhlükəliliyi isə ondan ibarətdir ki,
bu cinayət həmişə gizli şəraitdə baş verir, nəzarətdən
kənarda qalır və durmadan artır. Narkomaniyanın
vəziyyəti və narkotik vəsitələrin ümumi çəkisi rəsmi
qaydada aşkar edilir və bu qəbildən olan cinayətlərdən
və müsadirə edilmiş narkotiklərdən savayı, təqribi
hesablamalara əsaslanır. Bu rəqəmlərin dolğun olması
üçün ölkədə əvvəlcə narkomanların düzgün qeydiyyatına
nail olunmalı, daha sonra isə real əməliyyat şəraitinə
uyğun tədbirlər həyata keçirilməlidir. Narkomaniya ilə
mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın,
nəhayət, hər bir şəxsin fərdi və birgə fəaliyyətinə,
barışmaz münasibətinə və əməli köməyinə böyük ehtiyac
vardır.
Dünya Səhiyyə Təşkilatının məlumatına görə, bu gün dünya
əhalisinin 250 milyonu planetimizin ən qlobal
problemlərindən birinə çevrilən, insanları ölümün
ağuşuna atan bu ağır bəlanın əzabını yaşamaqdadır ki,
onun da 47 milyonu Latın Amerikası ölkələrinin payına
düşür. Bu gün təkcə Meksikada narkomanların sayı 1
milyon 200 mini ötüb. Avropa Birliyi ölkələrinə gəldikdə
isə orada təxminən 750 minə yaxın insan narkotik
maddələrdən istifadə nəticəsində öz əlləri ilə özlərinə
ölüm hökmü yazmaqdadır. Bu baxımdan MDB və Asiya
ölkələri də Qərbdən geri qalmır. Bu gün orada 26
milyondan çox insan həmin "ağ ölüm"ün iti caynaqlarında
çırpınmaqdadır. Qeyd edək ki, narkomaniya ilə mübarizə
bütün dünyada geniş vüsət alaraq ümumdünya qlobal
problemləri sırasında öndə durur. Bütün beynəlxalq
təşkilatlar narkomaniya ilə mübarizəni ümdə vəzifə hesab
edirlər.
Son illər respublikamızda da narkotik vasitələrə və
bihuşedici maddələrə qarşı mübarizə daha da güclənmiş,
bu sahəyə cavabdeh olan dövlət orqanları ilə yanaşı,
ictimai təşkilatlar da fəallığı artırmışlar. Azərbaycan
Respublikası Prezidentinin "Narkotik vasitələrin,
psixotrop maddələrin və onların prekursorlarının
qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə
dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nın təsdiq
edilməsi barədə imzaladığı sərəncam insanları sağalmaz
xəstəliklərə düçar edən bu dəhşətli bəlaya qarşı
mübarizə sahəsində atılmış mühüm addımdır. Sərəncamda
bəşəriyyətin bu dəhşətli bəlasına qarşı ayrı-ayrı dövlət
strukturlarının, qeyri-hökumət təşkilatlarının, kütləvi
informasiya vasitələrinin, hüquq-mühafizə orqanlarının,
təhsil və səhiyyə sisteminin birgə mübarizə aparması,
onun qismən də olsa yayılmasının və kütləvi hal
almasının qarşısının qətiyyətlə alınması təxirəsalınmaz
bir vəzifə kimi qarşıya qoyulub. Ölkə rəhbərinin
narkomaniyaya qarşı mübarizəyə dair yeni sərəncamından
sonra insanları, xüsusilə, gəncləri sağalmaz
xəstəliklərə düçar edən narkotik vasitələrdən
istifadənin qarşısını almaq məqsədilə respublikamızın
müxtəlif bölgələrində maarifləndirici layihələr həyata
keçirmək, orta və ali tədris müəssisələrində vaxtaşırı
bu dəhşətli bəlanın törətdiyi fəsadlar haqqında elmi
söhbətlər aparmaq, xüsusi bukletlər hazırlayıb əhali
arasında yaymaq, "Narkomaniyaya yox deyək!" başlığı
altında inşa yazı müsabiqələri keçirmək, narkomaniyadan
əzab çəkən insanların faciəli həyatından bəhs edən
kinosüjetlər nümayiş etdirmək artıq bir ənənəyə
çevrilib.
Lakin bütün bunlara baxmayaraq narkomaniyaya qarşı
mübarizəyə hamı mütəşəkkil qaydada qoşulmalı və bu
sahədə qətiyyət nümayiş etdirməlidir. Narkomanlığa
yenicə düçar olan şəxsləri gördükdə və ya hiss etdikdə
dərhal hüquq-mühafizə orqanlarına müraciət edilməli və
həmin şəxsin müalicəsi üçün lazımi tədbirlər
görülməlidir.
Niyazi RƏHİMOV,
"Azərbaycan müəllimi" |