İntihar
edənlər arasında yeniyetmələr və gənclər üstünlük təşkil
edir
Aidə NƏBİYEVA,
Müasir Psixologiya Mərkəzinin baş psixoloqu
İntihar (suisid) - qəza olaraq və şüur yerindəykən
bədbəxtlik nəticəsində özünü öldürməyə deyilir. İntihar
qarşısı alına biləcək ölüm səbəbidir. Bu qərarın
alınmasına səbəb olan amillər çox müxtəlifdir. Çox vaxt
bir neçə faktor birgə bu davranışın meydana çıxmasına
səbəb ola bilər. İntihar şəxsin hissi, psixi və ya
sosial səbəblərin təsiri ilə öz həyatına son qoyması
kimi qiymətləndirilir. Hər hansı bir şəxs o zaman
intihar edə bilər ki, onda əqli mühakimə bitsin və
yalnız emosiyalarla idarə olunsun. Müasir dövrümüzdə baş
verən intiharın səbəbləri kimi daha çox aşağı
sosial-iqtisadi vəziyyət, ata-ana münaqişələri, ixtilaf,
immiqrasiya, şiddətə meyillilik, və düşünmə (fikirləşə
bilmə), psixi pozuntuları göstərilir. Yuxarıda sadalanan
faktorlar çox zaman intihar baş verən kimi üzə çıxmasa
da daha sonra müəyyən olunur. İntihar edən şəxs
informasiya verə bilən əsas insan olduğundan o,
dünyasını dəyişdikdən uzun müddət sonra intiharın tam
real səbəbi üzə çıxarılır.
Onu da qeyd edək ki, intihar edən şəxslərin 90%-i
depressiya xəstəsidir. Depressiya xəstələrinin 15%-i
intihara cəhd nəticəsində həyatını itirir. Depressiyada
olan kişilərin intihar nəticəsində həyatını itirmə
nisbəti qadınlara görə daha yüksəkdir. Problemləri
həlletmə bacarığının kifayət qədər olmaması, stress və
ümidsizlik hissləri ilə intiharın yaxın əlaqəsinin
olduğu göstərilir. Bu tip problemlər yaşayan insanlar
uzun müddət öz fikirlərini yaxınları ilə və yaxud onu
əhatə edən insanlarla bölüşmür, özünəqapanma, gərginlik
və ünsiyyətsizlik nümayiş etdirirlər. Baş verən
intiharın səbəblərini aşağıdakı kimi qruplaşdıra
bilərik:
1. Psixiatrik xəstəliklər.
2. Sosial səbəblər.
3. Psixoloji səbəblər.
4. Bioloji səbəblər.
5. Genetik yaxınlıq.
6. Fiziki xəstəliklər.
Psixiatrik səbəblər arasında daha çox diqqətimizi çəkən
bunlardır:
1. Depressiya
2. Şizofreniya. İntihar edənlərin 10%-də şizofreniya
müşahidə olunur.
3. Spirtli içkilərdən istifadə.
4. Narkotik maddələrdən asılılıq.
5. Şəxsiyyət pozuntusu.
6. Yüksək həyəcanlılıq.
Cəmiyyətin sosial xarakteri ilə bağlı olaraq intihar
faizi də ölkədən - ölkəyə fərqlilik göstərir. Ailə
bağları zəif olan ölkələrdə intihar faizi daha çoxdur.
Suisidlərin ilk təsnifatlarından biri fransız psixoloqu
Emil Dürkheymə məxsusdur. O, sosial faktorların rolunu
əsas götürərək intiharın aşağıdakı formalarını ayırd
etmişdir:
1. Psixoloji səbəblər.
2. Şəxsi yaxınlıq. Bu da intihar ehtimalını artırır.
3. Bioloji yaxınlıq. Beyindəki serotonin maddəsindəki
azalma intihar ehtimalını artırır.
4. Ailəvi yaxınlıq. Ailədə intihar edən qan bağı olan
yaxınının olması insanlarda intihar etmə ehtimalını
artırır.
5. Fiziki xəstəliklər. Xərçəng, ürək xəstəliyi, AİDS
kimi xəstəliklərə tutulan insanlarda intihar ehtimalı
normal insana görə daha çoxdur. Ailəvi risk faktorları
(məsələn, dağılmış ailələr, istismar, ünsiyyət
pozuntuları- düzgün münasibət qura bilməmək).
"Kimlər intihar edə bilər" sualına belə bir cavab verə
bilərik: Bunlar daha çox stress doğuran həyati
hadisələrlə üzləşən (məsələn, ayrılıq, itki, travmatik
yaşantılar), intihar düşüncələri ilə yaşayan,
anlaşılmazlıq, ixtilaf, uğursuzluq, ailədə və yaxud
yaxın əhatədə intihar cəhdlərini görən şəxslərdir.
İntihar edə biləcək şəxsləri necə müəyyən edə bilərik?
Qeyd edək ki, bu şəxslərin müəyyən əlamətləri əvvəlcədən
onların intihar edəcəyindən bizi məlumatlandıra bilər.
Belə ki, biz hər hansı bir şəxsdə psixi pozğunluq
əlamətlərinin olması, ölüm riski olan dərmanlardan kiçik
dozada istifadə, son altı həftə içində ünsiyyətdən
çəkinmə, özünəqapanma, ictimai təsirlərdən uzaq durma,
sevdiyi əşyaları dost-tanışa paylama, tez-tez ölümdən
söhbət etmə kimi halları müşahidə ediriksə, demək bu
insanların intihar edə bilmə ehtimalları böyükdür.
Müxtəlif yaş qruplarının intihara meyilliliyi fərqlidir.
Müşahidələr göstərir ki, intihar edənlər arasında
yeniyetmələr və gənclər üstünlük təşkil edir. Bu yaş
qrupunun depressiyaya meyilli olması əsas səbəblərdən
biri kimi qeyd olunur. Xüsusilə müasir dövrümüzdə
yeniyetmələrin intihara meyilliliyi yüksəkdir. Son
zamanlar tez-tez müxtəlif telekanallarda və sosial
şəbəkələrdə həmin yaş dövründə olan şəxslərin intihar
cəhdləri haqqında məlumatları eşidirik. İntihara meyilli
olan şəxs çox vaxt o prosesin özündən qorxduğu üçün
həmin addımı atmır. İntiharın açıq şəkildə
işıqlandırılması prosesin özünü cılızlaşdırır. Bu
məlumatları açıq şəkildə yaymaq intihara meyilli olan
şəxsləri birmənalı şəkildə həmin əmələ sürükləyir.
İntihara meyillilik sahəsində ən böyük risk qrupuna
daxil olan yeniyetmələr arasında intiharın azaldılması
üçün müəyyən addımlar atmaq mümkündür.
Yeniyetmələr arasında intiharın azaldılması üçün
valideynlərə tövsiyələr
* Valideynlər, övladlarınızı kəskin tənqid etməyin.
* Onları özünüzə yaxınlaşdıraraq dostunuza çevirməyə
çalışın.
* Sosial çevrəsində olan dostlarının kim olduğuna diqqət
yetirin.
* Özünəqapanma səbəbini müəyyən edib aradan qaldırmağa
çalışın.
* Övladınızın ölüm və həyatın mənasız olması haqqında
rəylərinə, mühakimələrinə, düşüncələrinə diqqət yetirin.
* Sosial mühitə çıxmağına imkan və şərait yaradın.
* Ona sevginizi göstərin və müsbət cəhətlərini qabardın.
* Onunla müxtəlif mövzularda söhbətləşin, həyata
baxışlarını öyrənin.
* Övladınızı daim nəzarətdə saxlayın. Vaxtaşırı onun
mesajlarına, sosial şəbəkələrdəki yazışmalarına,
məktublarına diqqət yetirin.
* Övladınızın qıcıqlanma səbəblərini müəyyən etməyə
çalışın. |