Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 Aprel 2014 - №14

 

Layihə çərçivəsində təlimlər başa çatıb

 

"Demokratik İnkişaf Platforması" və "Təhsil Tədqiqatları Mərkəzi" ictimai birliklərinin Təhsil Nazirliyinin maliyyə yardımı ilə birgə həyata keçirdikləri "Təbiət fənləri üzrə Avropanın innovativ təcrübə texnologiyalarının Azərbaycan ümumtəhsil məktəblərində tətbiqinə dəstək" layihəsi üzrə təlimləri aprelin 14-də başa çatdırıldı.

Təlimlərə ərazisi işğal altında olan rayonların Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin fizika, kimya və biologiya müəllimlərinin cəlb edilməsi və 96 müəllimin təlimlərdə iştirakı nəzərdə tutulmuşdu.

Layihə çərçivəsində keçirilən təlimlər heç bir laboratoriya şəraiti olmadan elmi təcrübələrin həyata keçirilməsi üzrə alternativ texnologiyanın öyrədilməsinə həsr edilmişdi. Bunun üçün "Kopernik" Elmi Mərkəzində işlənib hazırlanmış texnologiyanın əsasında ümumtəhsil məktəb müəllimlərinə innovativ Avropa təcrübəsi öyrədildi.

Bu texnologiyadan istifadə etməklə laboratoriya şəraiti olmayan ən kasıb məktəbdə də elmi təcrübə işlərinin böyük bir hissəsini yüksək səviyyədə və keyfiyyətlə həyata keçirmək mümkündür. "Kopernik" Elmi Mərkəzində işlənib hazırlanmış elmi təcrübələr spesifik xüsusiyyətlərə malikdir: təhlükəsizdir, xüsusi laboratoriya avadanlıqlarından istifadəyə ehtiyac yoxdur, daha çox məişətdə gündəlik istifadə olunan əşya və məmulatlardan istifadə edilməklə həyata keçirilir, çox az miqdarda vəsait tələb edir, qazanılmış nəzəri bilikləri təcrübədə sınaqdan keçirməyə imkan verir, tam olaraq interaktiv təlim texnologiyaları prinsipləri əsasında hazırlanmışdır, təlimin keyfiyyətinin yüksəldilməsini təmin edir və ən intizamsız şagirddə də dərsə, müəllimə və elmi tədqiqat işlərinə maraq oyadır, onu yaxşı oxuyan şagirdlər sırasına qata bilir.

"Kopernik" Elmi Mərkəzində işlənib hazırlanmış bu texnologiyadan hazırda inkişaf etmiş qərb ölkələrinin təhsil sistemi geniş şəkildə yararlanır və 2009-cu ildən etibarən bu texnologiya Gürcüstan Respublikasında da geniş şəkildə tətbiq olunur.

Hazırda Təhsil Nazirliyinin yardımı ilə  həyata keçirilən bu layihə müvafiq istiqamətdə Azərbaycanda icra edilən 4-cü layihədir. İndiyədək bu təcrübə texnologiyasının öyrədilməsi istiqamətində 298 nəfər müəllim təlimlərə cəlb edilmiş, o cümlədən layihədən 92 müəllim yararlanmışdır. Təlimlərdə iştirak etmiş müəllimlərə müvafiq sertifikatlar verilmişdir.

Layihənin növbəti - sonuncu mərhələsində təlimlərdə iştirak etmiş müəllimlərin işlədikləri ümumtəhsil məktəblərində innovativ təcrübə texnologiyası əsasında apardıqları dərs məşğələlərinin effektivlik səviyyəsi, bu texnologiyanın fənlərə şagird marağının artırılmasında rolu, müvafiq məktəb rəhbərliyinin və fənn müəllimlərinin bu texnologiyanın tətbiqinə münasibətinin canlı olaraq öyrənilməsi, müşahidə məlumatlarının toplanması və təhsil ictimaiyyətinin, nümayəndələrinin, təhsil ekspertlərinin iştirakı ilə müzakirə edilməsi nəzərdə tutulur. 

"Təhsil Tədqiqatları Mərkəzi" İB-nin Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov