Gəncə şəhəri 37 nömrəli tam orta məktəbdə xoş bir
həyacan vardı. Məktəb kollektivi uzun illər çiyin-çiyinə
çalışdıqları Sabir müəllimin 80 illik şərəfli yubileyinə
hazırlaşırdı. Nəhayət, həmin gün gəlib çatdı. Məktəbin
bütün müəllimləri, şagirdləri, texniki heyəti, bir
sözlə, hamı bu gözəl ocağın üzvü olmuş Sabir müəllimi
təbrik edir, ona uzun ömür, cansağlığı arzulayır, xatirə
şəkli çəkdirib sevincinə şərik olurdular. Sabir müəllim
təqaüdə çıxsa da, məktəblə əlaqəsini bir gün olsa belə
itirmir. Tədbirlərimizə sevinc qatır, ağsaqqal kimi öz
sözünü deyir. Bu dəfə isə başda onun özü idi. Hamı
ətrafına yığışmışdı. Həmin gün Sabir müəllim illər boyu
qazandığı hörməti, ehtiramı onu təbrik edənlərin
dilindən eşidirdi. Onun 50 illik şərəfli pedaqoji
fəaliyyətindən, əsl humanist müəllim ömründən bəhs
edilirdi. Həm də Sabir müəllimin təkcə bir pedaqoq kimi
yox, eyni zamanda gözəl ailə başçısı kimi tanınmasından
söz açılır, ömür-gün yoldaşı Səkinə müəllim ilə birlikdə
tərbiyə edərək cəmiyyətə bəxş etdiyi üç oğul, bir qız
balasının fəaliyyətindən, vətənpərvərliklərindən
danışılırdı. Elə bunun nəticəsidir ki, bu ailənin iki
oğul övladı torpaqlarımız uğrunda gedən döyüşlərdə
vuruşmuş və Qarabağ müharibəsi veteranı kimi şərəfli ad
qazanmışdır.
Uzun müddət məktəbimizdə təlim-tərbiyə işləri üzrə
direktor müavini vəzifəsində çalışmış Sabir müəllim özü
bir ad qazanmışdı: böyüklərin atası, kiçiklərin babası.
Ömrünün bu çağında fəaliyyətinə ara verməyən, Gəncə
şəhər Ağsaqqallar Şurasının üzvü olan Sabir müəllimə
uzur ömür, cansağlığı arzu edirik.
Ləzifə İSMAYILOVA,
Gəncə şəhəri 37 nömrəli tam orta məktəbin ibtidai sinif
müəllimi |