Azad
Müəllimlər Birliyi qeyri-hökumət təşkilatı ilin
əvvəlindən başlayaraq Azərbaycan Respublikası Təhsil
Nazirliyi tərəfindən maliyyələşdirilən "Təhsil
prosesində məktəb-ailə- icma əməkdaşlığının yolları"
adlı layihəni həyata keçirməyə başlayıb.
Qeyd edək ki, valideynlərin və icmanın keyfiyyətli
təlim-tərbiyə sisteminin qurulmasında etibarlı tərəfdaşa
çevrilməsi üçün məktəb-ailə-icma əməkdaşlığının yeni
mexanizminin hazırlanması məqsədilə reallaşdırılması
nəzərdə tutulan layihənin icrasına təsdiq edilmiş
fəaliyyət planı əsasında başlanılıb. Layihənin yerinə
yetirilməsi üçün pilot olaraq Bakı şəhərindəki 7, 13,
190, 240, 298 nömrəli tam orta məktəblər və Məktəb-Lisey
Kompleksi müəyyənləşdirilib.
Proqramın icrasına başlamazdan öncə adıçəkilən pilot
təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və
valideynlərin iştirakı ilə təqdimat mərasimi keçirilib.
İşgüzar şəraitdə keçən təqdimat iştirakçılar tərəfindən
maraqla qarşılanıb, səmimi diskussiya və təkliflər
nəticəsində sorğu və treninqlərin keçirilməsi qrafiki
müəyyənləşdirilib.
Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlünün
verdiyi məlumata görə, işçi qrupu və sosioloqlar
tərəfindən 40 maddədən ibarət sorğu anketi hazırlanıb.
13-15 fevral tarixlərində 7, 13, 190, 240, 298 nömrəli
tam orta məktəblərdə və Məktəb-Lisey Kompleksində
valideynlər arasında keçirilən sorğuda hər təhsil
müəssisəsindən 70 nəfər olmaqla 480 nəfər valideyn
iştirak edib. Layihə üzrə həmin məktəblərdə, eyni
zamanda maarifləndirmə seminarları da təşkil edilib.
Seminarlarda hər məktəbdən 6 nəfər müəllim və 24 nəfər
valideyn olmaqla 30 nəfər iştirak edib. İnnovativ
metodla keçirilən seminarlarda iştirakçılar 3 istiqamət
üzrə (ənənəvi əməkdaşlıq müasir tələblərə cavab verirmi,
əməkdaşlıq üçün yeni təşəbbüslər, yollar, əməkdaşlığa
mane olan amillər) nəzəri və praktik bilik, vərdiş və
bacarıqlarla tanış olaraq diskussiyalar aparıblar.
Hazırda anket sorğularının və qrup məşğələlərinin
materiallarının ümumiləşdirilməsi və təhlili üzərində
iş gedir.
Hicran ƏKBƏROVA,
"Azərbaycan müəllimi" |