Uşaqların
psixi inkişafında nitq çox böyük rol oynayır. Tərbiyə
işi düzgün təşkil edildikdə onların nitqinin inkişafı
əsasən 4 mərhələni əhatə edir.
1-ci nitqin inkişafının hazırlıq mərhələsidir. Bu uşağın
anadan olduğu gündən 1 yaşa qədər olan dövrü əhatə edir.
2-ci şifahi nitqin inkişafı mərhələsidir. 1 yaşdan 3
yaşa qədər olan dövrü əhatə edir.
3-cü şifahi nitqin zənginləşməsi mərhələsidir. 3 yaşdan
7 yaşa qədər olan dövrü əhatə edir.
4-cü nitqin təkmilləşməsi və yazılı nitqin inkişafı
mərhələsidir. 7 yaşdan sonrakı dövrü əhatə edir.
Nitq uşağın dünyaya gəldiyi gündən etibarən tədricən
ünsiyyət vasitəsi kimi inkişaf edir və başqalarının
emosional vəziyyəti, uşaq tərəfindən onun mimikası jest
və pantomimikaları vasitəsilə anlaşılır.
3 yaşlı uşağın nitqində 1000-1500, 4 yaşlının nitqində
1600-1926, 5 yaşlı uşağın nitqində isə 2500-3000-ə yaxın
söz ehtiyatı olur. Ona görə də istər valideynlər,
istərsə də tərbiyəçilər və müəllimlər uşaqlara düzgün
tələffüz qaydalarını elə öyrətməlidirlər ki, onların
nitqi inkişaf etsin. Məktəb təlimi üçün zəruri olan
səviyyəyə çatmasına müsbət təsir göstərsin.
İnsan təfəkkürünün inkişafında nitqin rolu çox böyükdür.
Nitq vasitəsilə insanlar nəinki öz fikirlərini
bir-birinə çatdırır, həm də onların təfəkkürü nitqli
ünsiyyət prosesində təşəkkül edir və formalaşır.
Nitq qüsurları çox zaman uşaqlarda kompleks, özünə
inamsızlıq da yaradır. Bu xüsusiyyətlərə görə uşaqlar
bağçaya və ya məktəbə getmək istəmirlər. Elə psixika var
ki, nitqi və yaxud da əksinə elə qüsurlu nitq var ki,
psixikanı geri salır. Yəni uşağın nitqində qüsur varsa
və ya ümumiyyətlə, nitq yoxdursa, bu onun psixoloji
aləminə təsir edir. Belə ki, nitq vasitəsi ilə uşaq
ünsiyyətə girir, lüğət ehtiyatı artır, təsəvvürləri
formalaşır. Nitq inkişafında ləngimə varsa, bu
xüsusiyyətlər də ləngiyir. Psixoloji olaraq uşaqda
ləngimə varsa, bu onun nitqinə mənfi təsirsiz ötüşməyə
bilməz. Belə ki, uşaq deyilən müraciəti anlamırsa, onun
nitqində, lüğət ehtiyatında qüsurlar olacaq. Buna görə
də uşaqla defektoloji-loqopedik iş aparılarkən mütləq
onun psixoloji səviyyəsi, bacarığı, yaşı, diqqəti və
aktivliyi nəzərə alınmalıdır.
Nitq kommunikativ funksiyadır və ancaq insana məxsusdur.
Ünsiyyət vasitəsilə insanın şüuru inkişaf edir və
zənginləşir. Yaşadığımız müasir zamanda uşaqların çoxu
ünsiyyətdən qaçır. Hazırkı dövr texnika dövrü
olduğundan uşaqları televiziya, kompüter, İnternet
daha çox cəlb edir. Uşaqlar televiziyaya baxır və fikri
tamamilə orda olur. Əksər hallarda bu zaman uşaqlarda
iki dillilik yaranır. Nitq qüsurlarının yaranmasının
əsas 2 səbəbi var. Orqanik və sosial-psixoloji. Orqanik
səbəblərə bətndaxili dövrdə doğuş zamanı və ya doğuşdan
sonra beynin inkişafdan qalması və zədələnməsi, nitq
orqanlarının müxtəlif cür orqanik pozğunluqları aiddir.
Sosial-psixoloji səbəblərə ətraf mühitin nitqə müxtəlif
cür mənfi, arzuolunmaz təsirləri aid edilir. Buna eşitmə
qüsurlu valideynlərin tərbiyə etdiyi eşidən, həmçinin
uzun müddət xəstə olan və ya hospitalizasiya edilən
uşaqların nitqlərinin inkişafdan qalmasını, ailədə uzun
müddət psixotravmatik şəraitdə uşaqda kəkələmənin
yaranmasını və s. misal göstərmək olar.
Klinik pedaqoji təsnifatda göstərilən nitq pozuntuları 2
əsas qrupa bölünür:
1. Şifahi nitq pozuntuları.
2. Yazılı nitq pozuntuları.
Şifahi nitq pozuntusuna disfaniya (afoniya),
bradilaliya, texilaliya, kəkələmə, dislaliya,
dizartiriya, rinolaliya, afaziya, alaliya aiddir.
Yazılı nitq pozuntusuna disleksiya və disqrafiya aid
edilir.
Disleksiya oxu prosesinin qismən pozuntusu deməkdir.
Hərflərin tanınmaması, hecalarda və hecaların sözlərdə
birləşməsi ilə bağlı çətinliklər oxunun ləngiməsinə,
sözün səs formasının səhv əks olunmasına, hətta ən sadə
mətnin səhv başa düşülməsinə səbəb olur. Ağır dərəcəsi
aleksiya adlanır.
Disqrafiya isə yazı prosesinin qismən pozuntusu
deməkdir. Ağır dərəcəsi aqrafia adlanır.
Nitq inkişafının geriliyi
Nitq ilkin yaş dövrlərində əmələ gələn lazımi
funksiyadır. Nitqin inkişafi bir neçə faktordan
asılıdır: uşağın özünün xüsusiyyətindən, cinsindən
(qızlar oğlanlara nisbətən daha tez danışmağa
meyillidirlər), valideynlərlə ünsiyyətdən, fizioloji
xüsusiyyətdən və s. Böyüklərin nitqi uşaq üçün çox
vacibdir. Nitq inkişafinın ləngliyi (NİL) uşağın
nitqinin digər uşaqların nitqinə nisbətən gecikməsidir.
NİL zamanı uşaq danışa bilir, amma yaşıdlarına nisbətən
nitqində geriləmə olur. Xüsusi ilə qeyd etmək lazımdır
ki, nitq inkişafinın ləngliyi ümumi psixikaya da
təsirsiz ötuşmür. Bu zaman uşaq ətrafdakı insanlarla
ünsiyyətdən qaçır və ya çətinlik çəkir, emosiyaların
əmələ gəlməsində və formalaşmasında gecikmə müşahidə
olunur, hətta davranışa da mənfi təsir göstərir.
Uşaqlarda nitq inkişafının geriliyinin yaranma
səbəbləri:
- Uşaqla danışılmır və ya uşaq öz dilində danışır,
valideyn buna fikir vermir. Uşaq isə öz ampulasında
davam edir.
- Travma, baş-beyin zədələnməsi nəticəsində, həmçinin
bətn daxilində, sonrakı yaş dövrlərində xəstəliklərin
olması.
- Uşağın eşitməsində problemlər olanda. Uşağın nitq
inkişafinda ləngliyi 3-4 yaş aralarında müəyyən etmək
olar. Həmin diaqnozu qoymaq üçün nevropatoloqun,
psixoloqun və loqopedin rəyi üst-üstə düşməlidir. Bu
zaman loqopedlə yanaşı psixoloqun işi də vacib sayılır.
Hər iki mütəxəssisin birlikdə çalışması sonda daha
effektiv nəticə verir. Uşaqda nitq inkişafının ləngliyi
zamanı əsasən aşağıda qeyd olunan problemlər ortaya
çıxır:
1. Nitqin hərtərəfli pozuntusu.
2. Deyilişi zamanı səs pozuntusu.
3. Qrammatik cəhətdən düzgün olmayan deyiliş.
4. Lüğət ehtiyatının zəifliyi.
5. Tempin və ahəngin pozuntusu.
6. Deyilən müraciəti anlamaması.
Nitq inişafının ləngliyinin aradan qaldırılmasında
valideynlər daha çox maraqlı olmalıdırlar. Valideynlər
mütəxəssislərin tapşırıqlarını evdə mütləq yerinə
yetirməli, övladı ilə sıx ünsiyyət qurmalı, onları
televizordan, kompüterdən uzaqlaşdırmalıdırlar. Ən əsası
da uşağı bağçaya qoymaq bu problemin aradan
qaldırılmasında valideynlərə yaxından kömək edə bilər.
Kəkələmə
Kəkələmək insanın qəsdsiz olaraq damaq səsləri ilə
başlayan sözləri və hecaları təkrarlamasına, uzatmasına
və ya kəsilməsinə verilən təsvirdir. Əsasən evin kiçik
uşaqlarında rast gəlinir. Ən çox 2-7 yaş arasında olur.
Ortalama 5 yaşdır.
Hər 100 insanın birində kəkələmə olur. Oğlanlarda
qızlara nisbətən buna 4 dəfə artıq rast gəlinir.
Uşaqların 20%-i ilk inkişaf vaxtlarında valideynləri
narahat edir. 5%-i kəkələməyə 6 ay və daha artıq vaxt
müddətində davam edir. 3/5- ü gec uşaqlıq vaxtına qədər
davam edir. 1%-ə qədəri uzunmüddətli vaxtı əhatə edir.
Ən düzgünü erkən müdaxilədir. Əgər uşaq kəkələməyə 6
aydan artıq başlayıbsa, onda mütləq nevropatoloq
və loqopedə müraciət edilməlidir.
Kəkələmənin tam yaranma səbəbi məlum deyil. Bəzi
araşdırmalar genin və ya stressin buna yol açdığını
deyir. Digər bir araşdırma kəkələmə və teurətə sindiromu
arasında əlaqə olduğunu deyir. Kəkələyən insanlar
deyilməsi asan olanı deyirlər. Kəkələmə nitq aparatının
əzələsinin qıcolmasıdır. İlkin olaraq kəkələməyə uşaq
xəstəliyi deyilir. Kəkələyən insanlar daim açıq havada
gəzməli və çoxlu vanna qəbul etməlidirlər. Kəkələyən
uşaqlarla iş uzunmüddətli olur.
Kəkələmənin növləri:
1. Klonik
2. Tonik
3. Qarışıq
Kəkələmənin ən yüngül forması klonikdir. Məsələn, uşaq
maşın sözünü demək istəyir. Bu zaman həmin sözü belə
tələffüz edir: ma.... ma.... maşın. Uşaq bu sözü
deyərkən nitqində sanki bir "partlayış" əmələ gəlir.
Kəkələmənin ağır forması tonikdir. Tonik kəkələməni
aradan qaldırmaq üçün mütləq klonik kəkələmənin tədricən
azaldılmasına çalışılmalıdır. Bu zaman bir balaca da
olsa yüngülləşmə əmələ gələ bilər.
Qarışıq kəkələmə kəkələmənin ən ağır forması sayılır.
Burada həm 2 eyni-tonik, tonik həm də tonik, klonik
növlərinin qarışığı ola bilər.
Kəkələməni xüsusiyyətlərinə görə belə qruplaşdırmaq
olar: damaq kəkələməsi, nəfəs kəkələməsi, qıtlaq
kəkələməsi, düşüncə kəkələməsi və s. Məsələn, uşaqda
düşüncə kəkələməsi zamanı qəribə bir hal yaşanır. Belə
ki, uşaq ailəsinin yanında olduqda çox kəkələyir.
Mütəxəssis və ya kənar şəxslərin yanında olduqda isə bu
kəkələmə hədsiz dərəcədə az olur. Yəni, bu artıq
düşüncənin kəkələməni idarə etməsi deməkdir.
Nəfəs kəkələməsi zamanı sanki uşaq boğulur, nəfəsini
düzgün istifadə edə bilmir və kəkələyir. Sürətli
kəkələmədə uşaq sürətli nitq formasında kəkələyir, bu
vaxt 5 dəqiqəyə deyəcəyi sözü 2 və ya 1 dəqiqəyə
söyləyir. Kəkələmənin sürəti, yəni o dərəcədə tez olur.
Xüsusilə qeyd olunmalıdır ki, sürətli kəkələmə zamanı
uşaqlar lazım olanı deyil, onu əvəz edə biləcək asan
sözü deyirlər.
Dodaq kəkələməsi zamanı isə uşaq m, p, v, b samit
səslərini tələffüz edərkən daha çox kəkələyir.
Kəkələməni aradan qaldırmaq üçün aşağıdakı bir neçə
üsuldan istifadə edilir:
1. Artikulyar aparatın məşğələləri.
2. Nəfəs aktının məşğələləri.
3. Susma terapiyası.
4. Səslərin uzadılması və s.
Kəkələyən uşaqla işləyən zamanı onda düzgün danışacağına
inam yaratmaq üçün hər dərsdə mütləq tərifləmək
lazımdır. Kəkələmə problemi olan uşaq və onun
valideynləri tərəfindən loqopedik məşğələlərə ciddi
yanaşılması isə olduqca vacibdir.
Hazırladı:
Samirə KƏRİMOVA,
"Azərbaycan müəllimi"
"Nitq İnkişaf Mərkəzi"nin materialları əsasında |