Uşaqların sosial şəbəkələrdən asılılığının
səbəbləri məlum olub
Alimlər uşaqların sosial şəbəkələrdən
asılılığının səbəblərini müəyyən etməyə nail
olublar. Meksika Milli Psixiatriya İnstitutunun
alimləri belə qənaətə gəliblər ki, virtual
məkana nəzarətsiz daxil olmalar uşaqların təhsil
prosesinə mənfi təsir göstərə bilər. 12-18 yaşlı
yeniyetmələr sosial şəbəkələrin təsirinə daha
tez düşürlər. Alimlər müəyyən ediblər ki, bu
yaşda olan oğlan və qızların baş beyni sosial
şəbəkələrdən uzun müddət istifadə nəticəsində
yaranan asılılığa cavab vermək üçün kifayət
qədər formalaşmayıb. Mütəxəssislər qeyd edirlər
ki, uşaqlar sosial şəbəkələrdə ünsiyyət quraraq
digər istifadəçilər tərəfindən həvəsləndirməyə
məruz qalırlar. Virtual məkanın iştirakçıları
hər dəfə "mənim xoşuma gəlir" düyməsini
basmaqla bir-birlərinin şəkillərinə və
fikirlərinə müsbət qiymət verir və ya müxtəlif
"smaylink"lər vasitəsi ilə öz emosiyalarını
ifadə edirlər. Bu cür ünsiyyət zamanı
istifadəçilərin baş beynində dofamin adlı hormon
ifraz olunur. Bu maddə isə beynin "həvəsləndirmə
sistemi"nə cavab verir. Bu hormon məmnunluq
hissi yaradır, motivasiya və təlim prosesinə
təsir edir. Alimlər qeyd edib ki, facebook və
ya Twitter kimi sosial şəbəkələrdən gün ərzində
4-5 saat istifadə edən uşaqlarda asılılığın
müəyyən simptomları yaranır. Əgər əvvəllər
uşaqların beynində dofaminin yaranması üçün
onlara 5-7 "smaylink" kifayət idisə, hazırda
özünün ətraf aləm üçün maraqlı olduğunu hiss
etmək üçün yeniyetməyə 20-30 "smaylink" tələb
olunur. Alimlər bildirib ki, məhz bu tendensiya
uşaq və yeniyetmələrin inkişafına mənfi təsir
göstərir. Çünki İnternetdən asılı olan uşaqların
real həyatda yaşlılar və həmyaşıdları ilə
ünsiyyətdə problemləri olur. Buna görə də Milli
Psixiatriya İnstitutunun əməkdaşları qətiyyətlə
valideynlərə tövsiyə edirlər ki, öz uşaqlarını
onların psixikası tam formalaşana qədər müxtəlif
sosial şəbəkələrdən istifadəyə aludəçilikdən
çəkindirsinlər. |
2014-cü ilin ən yaxşı tələbə şəhərləri
Böyük Britaniyanın "QS World University
Rankings" şirkəti 2014-cü il üçün dünyanın ən
yaxşı tələbə şəhərlərinin adlarını açıqlayıb.
Artıq ikinci dəfə tərtib olunan reytinq cədvəli
ümumilikdə 14 kriteriyaya əsaslanır. Tərtibçilər
universitetlərin dünya reytinq cədvəllərindəki
yerini, tələbə mühitinin rəngarəngliyini, həyat
keyfiyyətini, işəgötürənlərin aktivliyini və
əlyetərliyini nəzərə alıblar. Ötən reytinqdə
olduğu kimi ilk 2 yeri Paris və London tutub.
Sinqapur Boston şəhərini ötənilki mövqeyindən
sıxışdıraraq 3-cü yerdə qərarlaşıb. İlk onluqda
daha sonra Sidney, Sürix, Melburn, Honkonk,
Boston, Monreal, Münhen kimi şəhərlər var.
Avropa şəhərləri siyahıda dominantlıq təşkil
edirlər. Avropa dünyanın ən yaxşı tələbə
şəhərlərinin olduğu region kimi mövqeyini
saxlayır. 50 ən yaxşı tələbə şəhəri siyahısında
Avropadan 21, Böyük Britaniyadan 3, Fransadan 2,
Almaniyadan 2, İspaniyadan 2 şəhərin adı
çəkilir. Siyahıda ən yaxşı tələbə şəhəri olan
ölkələr aşağıdakılardır: Fransa, Böyük
Britaniya, İsveçrə, Almaniya, İrlandiya,
Avstriya, Danimarka, İtaliya, İspaniya, İsveç,
Belçika, Niderland, Rusiya, Çexiya, Finlandiya,
Norveç. |