Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 Aprel 2014 - №14

 

Xaricdə təhsil alan tələbələrimiz

"Bir məqsədə çatanda qarşıda daha yeni hədəf seçmək lazımdır"

 

Roma "La Sapienza" Universitetinin tələbəsi Nərgiz İsmayılbəyli ilə söhbət

Nərgiz Malik qızı  İsmayılbəyli 1990-cı ildə Bakı şəhərində anadan olub.  1996-2007-ci illərdə  Bakıdakı 10 nömrəli tam  orta məktəbdə oxuyub. Orta  məktəbi fərqlənmə attestatı ilə  bitirib. 2007-ci ildə ali məktəblərə qəbul imtahanlarında  700 bal toplayaraq Azərbaycan Tibb Universitetinin II müalicə-profilaktika fakültəsinə qəbul olub və Prezident təqaüdünə layiq görülüb. 2013-cü ildə isə həmin universiteti fərqlənmə diplomu ilə bitirib.  2011-ci ildə yay istehsalat-təcrübəsi çərçivəsində İtaliyanın Genuya Universitetinin klinikasında ginekologiya şöbəsində həkim köməkçisi kimi fəaliyyət göstərib. Hazırda "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində    İtaliyanın Roma "La Sapienza" Universitetində  (Universita di Roma "La Sapienza")  "prenatal diaqnostika və dölün patologiyası" ixtisası üzrə magistratura təhsili alır.

- Orta məktəbdə daha çox hansı fənlərə meyil edirdiniz? Həkim olmağa necə qərar verdiniz?

- Orta məktəbdə mənim ən çox sevdiyim fənlər riyaziyyat, biologiya, xüsusən də anatomiya və ədəbiyyat olub. Səmimi deyirəm, həkimlik, həkim olmaq, insanlara kömək etmək, onların həyatını xilas etmək mənim uşaqlıq arzumdur. Mən ginekologiya ixtisasını seçdim. Fikrimcə, bu, ən mürəkkəb, eyni zamanda ən maraqlı ixtisaslardandır. Burada eyni zamanda iki insanın həyatına görə məsuliyyət daşıyırsan. Ailəm həmişə mənə kömək edib və başladığım bütün işlərimdə məni dəstəkləyib.

- Xaricdə təhsil üzrə Dövlət Proqramında iştirakınızı necə xatırlayırsınız? Sizin üçün çətin olmadı ki...

-  Xeyr. Dövlət Proqramı çərçivəsində tələbələrin seçim prosesi hər halda mənim üçün  çətin olmadı.  Proqramda iştirak etmək üçün bütün zəruri sənədləri toplayıb Təhsil Nazirliyinə təqdim etdim. Müsahibədən keçdim və məni proqrama qəbul etdilər. Diqqətimi çəkən başlıca məqam  odur ki, seçim prosesində tələbələrin biliyinə çox obyektiv qiymət verilirdi və biz tələbələrə dünyanın ən yaxşı universitetlərində təhsil almaq imkanı yaradıldı.  Bütün bu imkanlara, diqqət və qayğıya  görə biz gənclər Azərbaycan Respublikasının Prezidentinə  çox minnətdarıq.

Böyütmək üçün şəkili seçinQeyd edim ki, dövlətimiz tərəfindən tibbi təhsilin inkişafına böyük diqqət göstərilir. Son zamanlar ATU-nun nəzdində çoxsaylı yeni klinikalar yaradılıb, onlar yeni texnika və dünya standartlarına cavab verən ən müasir avadanlıqlarla təchiz olunub. Əgər əvvəllər bizə mütəxəssislər xaricdən gəlirdisə, hazırda milli kadrlarımızın inkişafına böyük diqqət göstərilir. Dövlət Proqramı da buna ən parlaq misaldır.

- Təhsil sistemimizdə aparılan işləri necə qiymətləndirərdiniz?

- Şübhəsiz Azərbaycan sürətlə inkişaf edir. Ölkəmizin dünya miqyasında rəqabətqabiliyyəti, ilk növbədə, təhsil sistemində aparılan keyfiyyət dəyişikliklərindən asılıdır. Hazırda Təhsil Nazirliyi bu sahədə ciddi iş aparır. Müxtəlif təhsil texnologiyaları ölkəmizə gətirilir, universitetlərimizin maddi-texniki vəziyyəti yaxşılaşdırılır. Mən Azərbaycan Tibb Universitetini bitirmişəm. Qeyd edim ki, ATU-da təhsil prosesi yüksək səviyyədədir. Əsas diqqət tələbələrlə praktik işlərin səviyyəsinin artırılmasına  yönəldilməlidir.  Düşünürəm ki, tələbələrimiz xarici ölkələrdə olduğu kimi,  təhsil illərində paralel olaraq praktiki biliklər də əldə etmək imkanlarına  malik olmalıdırlar. Gənclərimizin ali məktəbi bitirdikdən sonra  müəyyən praktik bilikləri və vərdişləri  olmalıdır ki, onlar öz sahələrində inkişaf etməklə yanaşı, həm də təhsilimizə və elmimizə, ümumiyyətlə, ölkəmizə  layiqli töhfələrini verə bilsinlər.

- Oxuduğunuz ali məktəb barədə nə deyə bilərsiniz?

-  Roma  "La Sapienza" Universiteti tələbə sayına görə Avropanın ən böyük universitetlərindən biridir. Təhsil ocağında 11 fakültə, 50-dən artıq elmi-tədqiqat institutu fəaliyyət göstərir.  140 min tələbənin təhsil aldığı ali məktəbdə 10 mindən artıq müəllim çalışır.   "La Sapienza" Avropanın ən nüfuzlu elmi tədqiqat mərkəzlərindən  hesab olunur.  Universitet tələbələrə 300 bakalavriat, 200-dən çox   yüksəkixtisaslı magistr, 119 aspirant  və 150-dən artıq doktor proqramları təqdim edir. Doktor  proqramlarından 6-sı  beynəlxalq  elmlər doktoru statusuna malikdir. Universitetdə müəllim-tələbə münasibətləri çox sərbəstdir. Universitetdə dünyanın bir sıra ölkələrindən tələbələr təhsil alır. Əcnəbi tələbələrə münasibət adidir. Burada hər kəs ciddi və məsuliyyətli təhsil prosesində  iştirak edir. Seçdiyim ixtisas prenatal diaqnostika və dölün patologiyasıdır. Magistratura pilləsində təhsil aldığımdan imtahan sessiyası kursun sonunda nəzərdə tutulub. 

-  Tələbə həyatınız necə keçir?

- Tələbə həyatım çox maraqlı keçir, mühazirə oxuyan müəllimlərimiz dünya səviyyəsində tanınmış professorlardır, ən son müayinə və müalicə metodlarından geniş bilik verirlər. Roma dünyanın ən qədim, gözəl və nüfuzlu şəhərlərindən biridir. İtaliya mühitinə adaptasiyam çox rahat keçdi. Boş vaxtlarımı əsasən şəhəri gəzmək və onun gözəlliyini və qədim tarixi abidələri seyr etməklə keçirirəm.

-  Azərbaycan diasporası  ilə əlaqələriniz...

 - Mən Azərbaycanın İtaliyadakı səfirliyində qeydiyyata düşmüşəm və bütün tədbirlər haqqında onlar tərəfindən məlumat alıram və imkan daxilində bu tədbirlərdə iştirak etməyə çalışıram. Xaricdə oxuyan hər bir azərbaycanlı gənc  təhsillə yanaşı, ölkəmizin, mədəniyyətimizin  dünyada tanınmasına, Azərbaycan həqiqətlərinin  çatdırılmasına, təbliğinə çalışmalıdır. İtaliyada keçirilən tədbirlər də fəaliyyətimizə daha da təkan verir.

- Avropa təhsilində hansı maraqlı məqamları qeyd edə bilərsiniz?

- Avropa təhsil sistemindən danışanda mən, ilk növbədə, müəllimlər və tələbələr arasında münasibəti qeyd etmək istərdim. Bu münasibətlər çox sərbəstdir, qarşılıqlı anlaşmaya  əsaslanır.  Müəllimdən qorxmaq kimi hiss yoxdur. Mühazirələr  müəllim və tələbə arasında sanki  söhbət, problemlərin müzakirəsi  kimi keçir. Mühazirənin sonunda müəllim ona ünvanlanmış bütün suallara cavab verir. Bununla yanaşı, universitetdə tez-tez milli və beynəlxalq konqreslər təşkil olunur, bu tədbirlərə tələbələri  də iştirak etməyə dəvət edirlər.    Xaricdə təhsilin maraqlı məqamlarından biri də odur ki,  məsələn, keçmiş və gələcək mühazirələr haqqında məlumatı İnternet vasitəsi ilə öyrənmək və həmin mühazirələri pdf formatında yükləmək olur.

- Seçdiyiniz ixtisas Azərbaycan üçün nə dərəcədə önəmlidir?

- Qeyd etdiyim kimi, hazırda prenatal diaqnostika və dölün patologiyası ixtisası üzrə təhsil alıram.  Bu problemin Azərbaycan üçün də çox aktual olduğunu düşünürəm, çünki bizim ölkəmizdə qohumlararası nigahlara və bunun nəticəsi kimi də ölü doğulmuş və müxtəlif inkişaf anomaliyaları ilə dünyaya gələn körpələrə tez-tez rast gəlmək olar. Prenatal diaqnostika inkişaf anomaliyalarını hamiləliyin erkən dövründə müayinə edərək müvafiq tədbirlər görməyə imkan verir.  İtaliyada belə bir sahədə  təhsil almaq, yenilikləri əldə etmək  Azərbaycanın ehtiyacı olan bir ixtisası öyrənib ölkəmizdə onu tətbiq etmək üçün  gözəl bir imkandır.

- Gənclərimizin xaricdə təhsil almaq səylərinə necə baxırsınız? 

- Çox müsbət. Xaricdə təhsil yeni imkanlar deməkdir. Dünyanın aparıcı universitetlərində təhsil almaq, aparıcı klinikalarda tətbiq olunan texnologiyalarla tanış olmaq yüksəkixtisaslı kadr kimi formalaşmaq üçün mühüm şərtlərdəndir. Düşünürəm ki, hər bir insan seçdiyi peşəni yüksək səviyyədə bilməlidir.  Şübhəsiz xaricdə təhsil həm də  ölkəmizi layiqincə təmsil etmək deməkdir.    Azərbaycan sürətli inkişafda olan bir ölkədir və buna görə də ölkəmizə gələcəkdə müxtəlif sahələr üzrə   daha çox yüksəkixtisaslı kadrlar lazım olacaq.  

- Sizcə, təhsildə uğur əldə etməyin sirri nədir?

- Məncə uşaqlıqdan, elə birinci sinifdən öz üzərində mütəmadi olaraq çalışmalı, məşğul olmalısan. Əldə olunmuş nailiyyətlərlə kifayətlənmək və bu yolda dayanmaq olmaz.  Bir məqsədə çatanda qarşıda daha yeni hədəf seçmək lazımdır. Daim daha çox öyrənməyə can atmaq, öz üzərində çalışmaq,  təkmilləşmək, yeni dünya ədəbiyyatını oxumaq lazımdır.     

- Bir qədər də gələcək planlarınız barədə danışaq...

- Əlbəttə ki, əsas hədəfim seçdiyim ixtisası mükəmməl mənimsəməkdir.  Daha sonra isə arzum ölkəmizdə bu ixtisası ginekologiya sahəsində geniş tətbiq etmək və Azərbaycan təhsilində bu ixtisasın öyrənilməsinə yardım göstərməkdir.

- Biz də sizə bu yolda uğurlar arzulayırıq!  

Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov