Səbail rayonunun ümumtəhsil məktəblərində müasir
Azərbaycan tarixinin və ümummilli liderimiz Heydər
Əliyevin zəngin irsinin daha səmərəli öyrənilməsi
məqsədi ilə Səbail Rayon İcra Hakimiyyəti tərəfindən
cari ilin mart-aprel aylarında ümumtəhsil məktəblərinin
XI sinif şagirdləri üçün "açıq dərs"lərin keçilməsi
təşkil olunub. Səbail Rayon İcra Hakimiyyəti başçısı
yanında Şuranın növbəti iclasında məhz bu mühüm tədbirin
həyata keçirilməsinin vəziyyəti müzakirə olunub.
Rayon rəhbərliyi, Şuranın üzvləri, rayonda fəaliyyət
göstərən təhsil müəssisələri, qəsəbə və sahə ərazi
nümayəndəlikləri, bələdiyyələr, ictimai təşkilatlar və
rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə
keçirilən iclası açan Səbail RİH-nin başçısı Asif
Əsgərov çıxışında ölkə başçısı cənab İlham Əliyevin
diqqət və qayğısının məntiqi nəticəsi olaraq təhsil
sahəsində əldə olunan nailiyyətlərdən bəhs edib.
Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının tapşırığına uyğun olaraq
rayonun ümumtəhsil məktəblərində müasir Azərbaycan
tarixinin dərindən öyrədilməsi məqsədilə XI sinif
şagirdləri üçün "Ulu öndər Heydər Əliyev müstəqil
Azərbaycanın qurucusu və memarıdır" və "Ümummilli lider
Heydər Əliyevin ideyaları müasir Azərbaycanın
sosial-iqtisadi inkişafının təminatçısıdır" mövzularında
"açıq dərs"lərin keçilməsi təşkil olunub. Tədbirin
əhəmiyyəti və vacibliyi nəzərə alınaraq dərslər rayonun
ən böyük ali təhsil müəssisələri - Azərbaycan
Respublikası Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti və
Yeni Azərbaycan Partiyası Səbail Rayon Təşkilatının
qərargahında fəaliyyət göstərən Heydər Əliyev mərkəzləri
və muzeylərində keçirilir ki, bu da şagirdlərdə daha
effektiv təsir oyadır, onların yaddaşında silinməz izlər
qoyur.
"Açıq dərs"lər haqqında ətraflı məlumat verən Səbail RİH
başçısının birinci müavini Xalidə Bayramova bildirib ki,
dərslərin yüksək səviyyədə, sistemli şəkildə keçilməsi
məqsədilə xüsusi qrafik tərtib olunub, rayonun orta və
ali təhsil müəssisələrinin pedaqoji ustalığı,
peşəkarlığı, elmi-nəzəri, metodik hazırlığı ilə
fərqlənən tarix müəllimləri bu işə cəlb edilib, onlar
üçün müvafiq seminar təşkil olunub.
Təcrübəli tarix müəllimləri tərəfindən Azərbaycan və rus
bölmələrində keçilən "açıq dərs"lərin hamısı şagirdlərin
yüksək fəallığı və canlı ünsiyyət şəraitində aparılıb.
Bu dərslərdə rayonun 17 orta ümumtəhsil məktəbində
oxuyan 1268 nəfər XI sinif şagirdi iştirak edib. Eyni
zamanda bu ərazidə fəaliyyət göstərən işğal altında
olan rayonların (Ağdam, Laçın, Cəbrayıl, Zəngilan) 5
məktəbinin 54 nəfər XI sinif şagirdi də bu dərslərə cəlb
olunub.
Yığıncaqda həm də xalqımızın ümummilli lideri Heydər
Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar
rayonda həyata keçiriləcək tədbirlər haqqında məlumat
verilib, bununla bağlı idarə, təşkilat və təhsil
müəssisələrinin üzərinə düşən vəzifələrdən danışılıb, bu
qurumların rəhbərlərinə müəyyən tapşırıqlar verilib.
Hicran ƏKBƏROVA,
"Azərbaycan müəllimi" |