| 
						
						
						 Aprelin 
						16-da Təhsil Nazirliyi tərəfindən internat və idman 
						məktəblərinə verilmiş avtobusların və ümumtəhsil 
						məktəblərində müasir tələblərə cavab verən 
						avadanlıqlarla təchiz olunmuş əmək kabinetlərinin 
						təqdimat mərasimləri keçirilib. 
						
						Bununla əlaqədar olaraq, 11 nömrəli internat və 26 
						nömrəli tam orta məktəblərə çoxsaylı KİV 
						nümayəndələrinin mediaturu təşkil olunub. 
						
						Təqdimat mərasimlərində Təhsil Nazirliyinin 
						nümayəndələri, müəllimlər, valideynlər və şagirdlər 
						iştirak ediblər. 
						
						İlk öncə 11 nömrəli internat məktəbdə Təhsil 
						Nazirliyinin tabeliyində olan müvafiq təhsil 
						müəssisələri üçün alınmış 7 ədəd "Hyundai County" 
						nəqliyyat vasitəsi təqdim olunub. 
						
						Nəzərə çatdırılıb ki, bu nəqliyyat vasitələrinin 
						internat və idman məktəbləri şagirdlərinin 
						ekskursiyaları, sərgi salonlarına və digər təhsil 
						müəssisələrinə səfərləri zamanı istifadə olunması 
						nəzərdə tutulub. 
						
						Sonra 26 nömrəli tam orta məktəbin əmək kabinetləri üçün 
						alınmış avadanlıqların təqdimat mərasimi keçirilib. 
						
						İnternat və ümumtəhsil məktəbləri şagirdlərinin əmək 
						kabinetlərində təşkil olunmuş inteqrativ dərsləri 
						izlənilib. Həmçinin, qonaqlar şagirdlərin əmək 
						kabinetlərində quraşdırılmış müasir avadanlıqlarla 
						işləmək vərdişləri və yeni kabinetlərdəki dərs prosesi 
						ilə yaxından tanış olublar. 
						
						Qeyd edilib ki, Təhsil Nazirliyi tərəfindən təhsil 
						müəssisələrinin maddi-texniki təchizatının 
						möhkəmləndirilməsi istiqamətində böyük işlər görülüb, 
						paytaxtda 52 ümumtəhsil məktəbinin 104 əmək kabineti 
						müasir tələblərə cavab verən avadanlıqlarla təmin 
						olunub. Ötən il 370 fizika, kimya və biologiya 
						laboratoriyası müasir avadanlıqla təchiz edilib. 
						Həmçinin, son 25 ildə ilk dəfə olaraq ilk peşə-ixtisas 
						təhsili müəssisələrinə 11 təlim avtomobili verilib və 37 
						kənd təsərrüfatı texnikası sifariş edilib. 
						
						Təhsil Nazirliyi tərəfindən həyata keçirilən bütün bu 
						tədbirlər şagirdlərin müvafiq peşə vərdişlərinə 
						yiyələnməsi, fiziki əməyə hörmət ruhunda tərbiyə 
						olunması və onların tədris nailiyyətlərinin 
						yüksəldilməsi məqsədlərinə xidmət edir. |