Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 Aprel 2014 - №14

 

"Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri" mövzusunda konfrans

 

Böyütmək üçün şəkili seçinAzərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri" mövzusunda Beynəlxalq konfrans keçirilib.

Konfransda Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndələrinin, Türkiyənin Batman Universitetinin Gözəl Sənətlər fakültəsinin, Qazıantep Universitetinin Türk Musqisi Dövlət Konservatoriyasının, İsrailin Təl-Əviv Konservatoriyasının, Bakı Musiqi Akademiyasının, Azərbaycan Milli Konservatoriyasının, AMEA-nın, Azərbaycan Dövlət Pedaqoji Universitetinin və ADMİU-nun professor-müəllim heyəti və tələbələri iştirak edirdilər.

Konfransı giriş sözü ilə açan ADMİU-nun rektoru, professor Timuçin Əfəndiyev qonaqları salamlayaraq bu kimi konfransların keçirilməsinin vacibliyinə diqqət çəkdi və türksoylu xalqların timsalında iki qardaş ölkənin - Türkiyə və Azərbaycanın zəngin tarixə və mədəni irsə malik olduğunu vurğuladı.

ADMİU-nun elm və yaradıcılıq işləri üzrə prorektoru, professor, əməkdar incəsənət xadimi Maral Manafova öncə tədbirin bu cür yüksək səviyyədə keçməsinə şərait yaratdığı üçün  universitetin rektoru, professor Timuçin Əfəndiyevə minnətdarlığını bildirdi və mövzu haqqında geniş və əhatəli çıxış etdi. Qeyd edildi ki, bu kimi mövzuların müzakirəsi hər birimiz və ictimaiyyətimiz üçün önəm daşıyır. Bu xalqların təbii, üzvi xarakterli əməkdaşlığı son zamanlar humanitar elm sahəsində fəaliyyət göstərən çoxsaylı alimlərin müzakirə predmetinə çevrilmiş, türkşünaslıq və regionlararası əlaqələri, onların fərqli və oxşar cəhətlərini araşdıran müqayisəli sənətşünaslıq kimi elmi istiqamətlərin meydana gəlməsinə şərait yaratmışdır. Vurğulandı ki, respublikamızda bu sahədə elmi araşdırmalar keçən əsrin 90-cı illərindən rəvac tapmışdır. Tarixi vərəqləyərkən biz dahi Üzeyir Hacıbəylinin türkçülük ideyası uğrunda nə qədər mübarizə apardığının şahidi oluruq. Dövrümüzün nailiyyətlərindən biri də bu ideyanın artıq bir varlıq, həqiqət kimi qəbul olunmasıdır. Ümumtürk musiqi aləmi çox zəngin və dərin qarşılıqlı əlaqələr tarixinə malikdir. Bu tarixi mənbələrin öyrənilməsi Azərbaycan humanitar elmi qarşısında duran ən önəmli problemlərdəndir.

ADMİU-nun "Musiqişünaslıq" kafedrasının müdiri, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Kamilə Dadaşzadə "Epik sənətin araşdırılmasında konsept anlayışının tətbiqinə dair", Batman Universitetinin Gözəl Sənətlər Fakültəsinin professor assistenti, dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru Seyran Qafarzadə "Milli musiqi çalğı aləti balaban: adlanma və yayılma məsələsinə dair bəzi təsbitlər", Batman Universitetinin Gözəl Sənətlər Fakültəsinin professor assistenti, Dok. Rohat CEBE "Yezidi dini müziği",  Türkiyənin Qazıantep Universitetinin Türk Musqisi Dövlət Konservatoriyasının  dosenti Yalçın Abdulla, AMEA-nın doktorantı Hafiz Kərimov "Aşıq vokal ifaçılığında "qoşma" janrının tətbiqinə dair" məruzələrlə çıxış etdilər.

Universitetdə təhsil alan türk tələbə Oğuzhan Mercimek Qaradəniz kamançasından, türk tələbə Alparslan Yeşilbaş isə türk zərb alətlərindən bəhs etdi.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov