Aprelin
16-da Bakı Slavyan Universitetinin filologiya
fakültəsində Almaniyanın Mayns Universitetinin və
BSU-nun professoru Ziqlinda Hartman, Vürsburq
Universitetinin professoru Yörn Bokman, Norveçin Oslo
Universitetinin professoru Yon Piterin iştirakı ilə
"Avropa təhsil məkanında kredit-transfer sisteminin
tətbiqi təcrübəsindən" mövzusunda seminar-diskussiya
təşkil olundu. Tədbirdə universitetin tədris işləri üzrə
prorektoru vəzifəsini icra edən professor T.Cəfərov,
ayrı-ayrı dekanlıqların nümayəndələri, professor-müəllim
heyəti, tələbələr, məktəb müəllimləri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan BSU-nun filologiya
fakültəsinin dekanı İ.Babayev qonaqları auditoriyaya
təqdim etdi.
Professor Ziqlinda Hartman seminar iştirakçılarını
Boloniya sistemi, Almaniyada bu sistemin tətbiqi
vəziyyəti və yaranan problemlər barədə
məlumatlandırdı. Həm alman, həm də Azərbaycan ali təhsil
sisteminə yaxından bələd olan Ziqlinda xanım oxşar və
fərqli cəhətlər üzərində dayandı. Fikir mübadiləsi
zamanı tələbələrin sərbəst işlərinin daha səmərəli
yerinə yetirilməsi, Azərbaycan universitetlərində tədris
edilən bəzi fənlərin orta məktəb proqramında təmsil
olunmasının məqsədəuyğunluğu vurğulandı. Qonaq
Almaniyada ixtisaslar üzrə ali təhsilin kurikulum
proqramlarının yaradılması təcrübəsindən danışdı və
Azərbaycanda da bu işin tezliklə reallaşacağına ümid
etdiyini söylədi. Ziqlinda xanım onu da fərəhlə qeyd
etdi ki, BSU-nun Almaniya universitetləri ilə məhsuldar
və davamlı əməkdaşlığı sayəsində bu universitetin
diplomları ölkəsində tanınır, tələbə və magistrantların
transferi zamanı problem yaranmır.
Norveçli qonaq professor Yon Piter kredit sisteminin
Oslo Universitetində 2003-cü ildən tətbiq olunduğunu
nəzərə çatdırdı: "Bizim bu sistemi tətbiq etməkdə əsas
məqsədimiz bakalavriat pilləsində təhsili gücləndirmək
və məzunların magistratura pilləsində daha yaxşı nəticə
əldə etmələri idi. Biz bu prosesə tədris planlarını
dəyişməklə başladıq. Kredit sistemi bizim üçün çox vacib
olduğundan biz bu sistemi qazanılmış təcrübə üzərində
qurduq".
Almaniyanın Vürsburq Universitetinin professoru Yörn
Bokman kredit sisteminin müəyyən struktura malik
olduğunu vurğuladı. O, tələbələrin fərdi iş planı ilə
bağlı mülahizələrini söylədi.
Sonda qonaqlar professor-müəllim heyətinin və
tələbələrin çoxsaylı suallarını cavablandırdılar.
BSU-nun Mətbuat xidməti |