Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 Aprel 2014 - №14

 

ADU-da tanınmış şairə Sona Vəliyevanın yaradıcılıq gecəsi keçirilib

 

Böyütmək üçün şəkili seçinAprelin 16-da Azərbaycan Dillər Universitetində Milli Televiziya və Radio Şurasının üzvü, "Kaspi" Təhsil Mərkəzinin və "Kaspi" qəzetinin təsisçisi, tanınmış şairə, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevanın yaradıcılıq gecəsi keçirilib. Tədbirdə şairənin qələm dostları, ADU-nun  rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov, ali təhsil ocağının professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Yaradıcılıq gecəsinin təşkilatçısı ADU-nun Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, professor Fəridə Səfiyeva çıxış edərək şairənin yaradıcılığı haqqında tədbir   iştirakçılarına geniş məlumat verib. Qeyd olunub ki, Sona Vəliyeva azərbaycançılıqla bağlı ən mükəmməl əsərlərdən birinin müəllifidir. F.Səfiyeva "Kaspi" qəzeti və "Kaspi" Təhsil Mərkəzinin layihəsi əsasında İstanbulda nəşr olunmuş "Hüseyn Cavid. Əsərləri"  kitabından danışaraq onu yüksək qiymətləndirib. O, oxucuların Sona Vəliyevanı  maarifçi, alim, şair, dövlətini və xalqını çox sevən ziyalı bir qadın kimi  tanıdıqlarını bildirib. Şairənin yaradıcılığının, elmi işlərinin və peşə fəaliyyətinin vahid bir sistem təşkil etdiyi və bu sistemin bütövlükdə azərbaycançılıq ideologiyasına xidmət göstərdiyi diqqətə çatdırılıb. Kafedra müdiri azərbaycançılıq ideologiyasının əsas tədqiqatçılarından və yorulmaz təbliğatçılarından olan Sona xanımın "Azərbaycançılıq ideologiyasının təşəkkülü və tarixi inkişaf yolu" əsərinin azərbaycançılığın təbliği sahəsində özünəməxsus rolu olduğunu xüsusi vurğulayıb. Sona Vəliyevanın yaradıcılığı ilə tanışlığının  əsas məqamlarına toxunan gecənin təşkilatçısı tədbirin təşkilinə göstərdiyi dəstəyə görə ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidova təşəkkürünü bildirib.

Sonra şairənin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub. Onun özü və əsərləri haqqında qələm yoldaşlarının dediyi dəyərli fikirlər səsləndirilib. Filologiya və jurnalistika fakültəsinin I-III kurs tələbələrinin iştirakı ilə keçirilən yaradıcılıq gecəsində bildirilib ki, Sona Vəliyeva  şeiri ictimai hadisə sayır. Qeyd olunub ki, onun şeirlərini hissiz, həyəcansız oxumaq qeyri-mümkündür. Şairənin "Arazbarı" kitabı öz ruhunu, iç dünyasını əks etdirir. Bu kitabda toplanmış şeirlərdə Vətən sevgisi və vətəndaşlıq mövqeyi, torpaq həsrəti, hisslərimizin, duyğularımızın, adət-ənənələrimizin, gündəlik həyatımızda rastlaşdığımız hadisələrin qeyri-adi yozumu, ən əsası uca Tanrıya və onun yaratdığı insana, təbiət gözəlliklərinə irfani eşq oxucunun qəlbini riqqətə gətirir.  Şairənin qələmindən çıxan hər bir şeir insanı düşünməyə vadar edir. Azərbaycanın parçalanması, Güney - Quzey ayrılığı, Qarabağ ağrısı Sona Vəliyevanın yaradıcılığında ana xətt kimi keçir.

Həzin bir ovqat üzərində köklənən, kövrək duyğularla müşayiət olunan yaradıcılıq gecəsində tələbələr  şairənin sözlərinə bəstələnmiş mahnılar ifa ediblər, müxtəlif mövzularda yazdığı şeirlərdən parçalar  söyləyiblər. Tələbələrin hazırladıqları ədəbi-bədii kompozisiya "Cəngi" sədaları altında Azərbaycan bayrağının səhnəyə gətirilməsi ilə başa çatıb.

Sonda Sona Vəliyeva çıxış edərək tədbirin təşkilində əməyi keçənlərə minnətdarlığını bildirib. Yaradıcılığının əsas xüsusiyyətlərindən söz açan Sona Vəliyeva Azərbaycan xalqının  öz  dilini və mədəniyyətini bütün assimilyasiya basqılarından qoruyaraq bu günə kimi yaşada bildiyini söyləyib.  Bildirib ki, dil millətin var olmasında ən mühüm ünsürdür. Sona  Vəliyeva Azərbaycan dilinin qorunub saxlanılmasının, azərbaycançılıq ideyasının müstəqilliyimizin bərpasından sonra ümummilli lider Heydər Əliyev tərəfindən daha da inkişaf etdirilərək yalnız Azərbaycan Respublikasının deyil, bütövlükdə dünya azərbaycanlılarının ideologiyası səviyyəsinə yüksəldiyini xüsusi vurğulayıb.  

Samirə KƏRİMOVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov