Bakıdakı
11 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin müəllimi,
əməkdar müəllim, fəxri bədən tərbiyəsi və idman ustası
Fikrət Həsənov redaksiyamızın qonağı olub
2013-cü ilin idman yekunlarına həsr olunmuş mərasimdə
müxtəlif beynəlxalq yarışlarda fərqlənən, ölkəmizdə
idmanın inkişafına töhfə verən bir qrup idmançının və
idman xadiminin sırasında basketbol üzrə məşqçi Fikrət
Həsənova da yeni mənzilin orderi, habelə Milli Olimpiya
Komitəsinin fəxri fərmanı təqdim edilib. Basketbol
üzrə fəxri bədən tərbiyəsi və idman ustası,
respublikanın əməkdar müəllimi, həm də Azərbaycanın ən
ucaboylu sakini Fikrət Həsənov bu günlərdə
redaksiyamızın qonağı oldu. Səmimi və maraqlı söhbəti
ilə xoş ovqat yaradan qonaqla redaksiyamızın
kollektivi xatirə şəkli çəkdirdi. Basketbol üzrə
tanınmış məşqçi Fikrət Həsənovla redaksiya
əməkdaşlarının söhbətini oxuculara təqdim edirik.
Dördüncü sinifdən sonra boyum sürətlə uzanmağa başladı
- Əslən bir tərəfim Bakıdandır, o biri tərəfim Qərbi
Azərbaycandan, Zəngəzur mahalından. Özüm 1962-ci ilin
oktyabr ayının 2-də Bakı şəhərində dünyaya göz açmışam.
1969-cu ildə 45 nömrəli orta məktəbdə birinci sinfə
getmiş, 1979-cu ildə də həmin məktəbi bitirmişəm. Elə
həmin ildə Azərbaycan Neft-Kimya İnstitutunun axşam
şöbəsinə daxil olmuşam. Paralel olaraq həm istehsalatda
çalışmış, həm də təhsilimi davam etdirmişəm. Məktəbdə
oxuduğum dövrdə milli komandada əvvəlcə yeniyetmələrdə
məşq etmiş, sonra gənclərdən ibarət komandaya keçmişəm.
Mən
birinci kursda oxuyanda o vaxt SSRİ birinciliyində
idman ustalarından ibarət bizim cəmi bir dənə yeganə
komandamız vardı-Azərbaycan Neft-Kimya İnstitutunun
komandası. Tələbəlik illərimdə basketbol üzrə həmin
komandanın tərkibində oynayırdım. Sonra elə oldu ki,
idmanda aldığım zədə ucbatından bir müddət böyük
idmandan ayrılmaq məcburiyyətində qaldım. Müalicə almaq
üçün məni Moskvaya göndərdilər. Qısa müddət ərzində
yaxşılaşsam da, bu, müvəqqəti oldu. 1982-ci ildə
istəməyərəkdən həmin zədə ucbatından idmandan
ayrıldım. Amma yenə də idman sahəsindəki fəaliyyətimi
dayandırmadım. Belə ki, əvvəlcə ali təhsilim, ixtisasım
üzrə müxtəlif müəssisələrdə, daha sonra Məişət
Kondisionerləri Zavodunda mühəndis- texnoloq işlədim.
Orada mühəndislik sahəsində ən yüksək kateqoriyanı-ali
mühəndislik kateqoriyasını aldım.
2000-ci ilin noyabr ayının 27-də "Azərbaycanın idman
ustası" adını aldım.
"İdman ustası" adına layiq görüldükdən sonra mən artıq
rəsmi olaraq məşqçi kimi fəaliyyət göstərməyə başladım.
Hazırda Bakının Yasamal rayonunda yerləşən 11 nömrəli
Uşaq-Gənclər İdman Məktəbində çalışıram.
- Basketbol üzrə məşqçinin peşə məsuliyyəti?
- Bilirsiniz, biz professional oyunçularla işləmirik
axı, biz məşqçilər valideynə, uşağa bağlıyıq. Məşqə
gedib-gəlmək baxımından məsafə artdıqca gediş-gəliş
problemi yaranır. Bir uşağı basketbol üzrə yetirmək
üçün ən azı 3 il vaxt lazımdır. Oyun idman növünün də
çətinliyi ondan ibarətdir ki, fərdi idman növlərində -
güləşdə, samboda bu asandı. Bir nəfər uşaq götürürsən,
hazırlayırsan. Yetər ki, o, qüvvətli olsun, sağlam
olsun. Onunla məşğul olub yetişdirə bilirsən.
Amma bizdə komanda oyunudur. Komanda oyununda belədir:
tutaq ki, beş nəfər oyunçu, beş barmaq kimidir. Baxın,
bu beş barmağın beşi də bir yerdə olmalıdır ki, bu əl
yumruq ola bilsin. Əgər bu barmağın biri olmasa, tam
yumruq ola bilməyəcək. Deməli, sənin zərbənin də kəsəri
olmayacaq. Bu bir nəfəri də ayrılıqda hazırlamaq çox
çətindir. Gərək onu elə səviyyədə hazırlayasan ki, o,
tələb edilən funksiyanı yerinə yetirən oyunçu olsun.
Buna da illər lazımdır. Komanda oyun idman növləri
hamısı belə problemlərlə üzləşir. Yenə şükür Allaha,
bazamız var, yavaş-yavaş köhnə uşaqlar da yenidən gəlib
yığılır, komanda özünə gəlməyə başlayır. Çünki artıq
yüksək səviyyədə bu komandaya diqqət ayrıldığını
görürlər. Sağ olsun rəhbərliyimizi, çətin məqamlarda
bizə təkan verdi. Yəni ki, qoymadılar komandamız
dağılsın. 2008-ci ildə İrana apardılar məni - rəsmi
dövlət xətti ilə... İndi komanda üzvləri görür ki, bizə
qayğı var, nazirlik də arxamızda dayanıb, daha ürəklə
məşq edirlər.
Bir
neçə ay əvvəl hörmətli Prezidentimiz mənə mənzil
verdi. Bu da bir qismət idi ki, cənab Prezident məni
ehtiyacım olan mənzillə mükafatlandırdı. Mən bunu
müəllim əməyinə verilən yüksək dəyər kimi
qiymətləndirirəm. Ondan əvvəl əməkdar məşqçi adına
layiq görüldüm. 2011-ci ildə fəxri bədən tərbiyəsi və
idman ustası, 2012-ci ildə isə əməkdar müəllim adını
aldım.
- Fikrət müəllim, neçə yaşından sonra boy sarıdan
yaşıdlarınızı qabaqladınız?
- Dördüncü sinifdən sonra. İbtidai sinifdə oxuyanda
uşaqların içində boydan ən balaca mən idim. Sırada ən
axırda dayanırdım, az qala "karlik" idim. O vaxtlarıma
aid şəkillərim də var. Dördüncü sinifdə oxuyanda
məktəbimizə Çingiz Vahabov adlı bir məşqçi gəldi. O,
əvvəllər bizim 45 nömrəli məktəbimizdə basketbol üzrə
məşqçi idi. Həmin il yay tətilindən qayıdanda məktəb
yoldaşlarım məni tanımadılar. Çox güclü inkişaf gedirdi
orqanizmimdə, ildə 14 santimetr boyum artırdı. Yəni bir
yandan irsi amil, bir yandan da basketbol sanki gizli
qalmış genlərimin açılmasına bir təkan oldu. Əvvəl-əvvəl
bu artımı heç kim ciddi qəbul eləmirdi. Sonradan belə
sürətli artımım başladı mənə və ailəmə əlavə problemlər
yaratmağa. Bu ay alınan pal-paltar, ayaqqabı artıq gələn
ay əynimə olmurdu. Maaşla dolanan bir ailə üçün hər ay
uşağa başdan-ayağa təzə pal-paltar almaq görün nə demək
idi də... İnkişafda olan uşağı təmin etmək valideyndən
əlavə vəsait tələb edir. Onun paltarını, yeməyini
verməli, müalicəsini vaxtlı-vaxtında aparmalısan.
Geyimlərim əsasən xarici ölkələrdən gətirilir
-
Bəs problemi indi necə yoluna qoyursunuz?
- Mənim ölçülərimə uyğun hazır paltar yoxdur. Geydiyim
hər bir köynək, ayaqqabı Amerikadan sifarişlə gətirilir.
Kostyumlarımın materialını özüm seçib alır, burada
dərziyə verib tikdirirəm. 1994-cü ildə Dubaya getmişdim.
Köynək tikdirmək üçün oradan xeyli material alıb
gətirdim. Hər dəfə Çexiyadan 300 cüt corab gətirdirəm,
bir ilə demək olar ki, çatmır. Ayaqqabımın ölçüsü
53-dur, köynəyi, kostyumu 60 ölçülü geyinirəm. Yaxşı
dostlarım var, geyim problemimi həll etməkdə hər zaman
mənə kömək edirlər. Xaricdə xüsusi sayt var, o saytda
böyük ölçülü paltarları necə əldə etmək barədə
məlumatlar yerləşdirilib.
Özüm o qədər də geyim həvəskarı deyiləm. Əynimdə rahat
və səliqəli olsun, bəsimdir.
- Deyirlər, 25 yaşdan sonra boy artımı dayanır...
- O fikirlə mən razı deyiləm. Artıq əlli yaşı yola
salmışam. Özüm son illər hiss edirəm ki, daha boy
artımım dayanıb. Kimin neçə yaşa qədər boyunun artması
və ya ümumiyyətlə, artmaması Allahın işidir. Bu barədə
nəyi isə israrla desəm, bu Yaradanın işinə qarışmaq kimi
çıxar.
- Əgər ildə 14 santimetr boyunuz artırdısa, bəs bu
artımı necə durdurdunuz?
- Açığını deyim ki, artımı ləngitməkdən ötrü hətta bir
vaxt mənim əlimə ağır "ştanq"lar da verdilər. Amma
nəticədə bel fəqərələrimdə ağır zədə-yırtıq yarandı. Mən
Moskvada xəstəxanada müalicə olundum.
Biz uşaqları götürüb hazırlayırıq, amma tezliklə oyuna
buraxmırıq. Çünki, hər hansı bir uşağı idmana
hazırlamaq, onu yetirmək əslində zərgər işidir. Uşaqla o
qədər incə, ehtiyatlı işləməlisən ki, zəhmətin boşa
getməsin.
- Hündürboylu olmağın hərəkət-dayaq nöqtələrinin normal
fəaliyyətinə maneçiliyi varmı?
- Şübhəsiz. Hündürboylu uşaqları hazırlamaq çox
məsuliyyətli və mürəkkəb bir işdir. Belə uşaqların
oynaqları tam açılıb bükülə bilmədiyindən tələb olunan
funksiyanı da tam yerinə yetirə bilmir. İndi mənim
yanıma məşq etdiyim uşaqlarım gəlir. Mən onları
tələsmədən yarışlara hazırlayıram. Bir dəfə orta
məktəblərin birindən hündürboylu uşaqlardan bir şagird
seçib hazırlamışdım. Birdən-birə bu uşaq daha məşqə
gəlmədi. Ev ünvanlarını da dəyişdilər. Çox sonralar
eşitdim ki, uşağı aparıb cüdoya yazdırıblar. Həmin
idmanla məşğul olmaq isə uşağın bel fəqərəsində travma
yaradıb.
O yetirməm müdafiədə dayananda 5 nəfəri əvəz edə
bilirdi. O, bizim komandada oynayanda rəqib komanda ilə
dörd görüşümüz oldu, onun üçündə biz həmin uşağın
hesabına qalib gəldik. Son məqamda elə bir yetirməmin
əlimdən alınmasına görə çox stress keçirdim.
- Azərbaycanda ən ucaboylu insansınız. Sizcə, məşğul
olduğunuz idman növünün boyunuzun artmasında rolu
olubmu?
- Mənim idmana marağım əslində başqa şeydən yaranıb. O
vaxt Şaumyan adına idman məktəbində Aleksandr
Kondratyev isimli bir məşqçi işləyirdi. Onun qardaşı
Montində qonşumuz idi. Bir dəfə küçədə rastlaşdıq. O,
mənim ucaboylu olmağıma diqqət yetirdi. Ona qədər boyuma
görə məni idmanın avarçəkmə, boks, çəkic tullama və s.
növləri üzrə bir çox komandalara dəvət etmişdilər. Sonra
baxdılar ki, sümüklərim nazikdir, incədi, dedilər,
sümüklərin qırıla bilər, sənin fiziki vəziyyətin daha
çox oyun idmanı növlərinə yarayır. Onsuz da mən beş il
bədən tərbiyəsi dərslərindən də azad edilmişdim ki,
sümüklərimi qoruyum.
Əslində, mənim boy artımım idmana görə olmayıb, əksinə,
mən boyuma görə idmana gəlmişəm. Ucaboy olmağım bizdə
irsi xarakter daşıyır. Deyilənə görə, mənim babam da çox
ucaboylu kişi olub. Doğrudur, mən onu görməmişəm.
Deyirlər, babam ata minəndə ayaqları yerlə sürünürmüş...
Mən də boy-buxunda ona çəkmişəm. Bir dəfə Masallıya
getmişdim. İstədim ata minəm. Mümkün olmadı. Ayaqlarım
yerdə qaldı. At yanımda dayananda it boyda görünürdü.
Boyumun uzunluğu 2.20 metr, çəkim 125 kiloqramdır
- Yerli idmançılar arasında sizdən hündür boylu kimisə
tanıyırsınızmı?
- Yox, yalan deyə bilmərəm, məlumatım yoxdur. Neçə illər
bundan əvvəl boyumu ölçəndə 2.20 yazmışdılar, indi
neçədir, dəqiq bilmirəm. Amma çəkimin 125 kq olduğunu
bilirəm. Yəni tibbi nöqteyi-nəzərdən götürsək, boyumla
çəkim mütənasibdir. Bir də ki, boy göstəricisi əsas
deyil. Əsas odur özünü idarə edə biləsən. Söhbət boyun
hündür olmasından getmir, söhbət ondan gedir ki, sən
cəmiyyətə nə qədər yararlısan. Mən milli komandada
yeniyetmələrdə də, gənclərdə də, kütləvi oyunlar
komandasında da oynamışam. SSRİ dövründə Ukrayna məni
çox təkidlə dəvət etmişdi. 1978-ci ildə biz getdik
Belqrada. Əvvəlcə bizim komandanı ciddi qəbul
etmirdilər. Amma elə müqavimət göstərdik ki, onları
uduzmağa məcbur etdik. Azərbaycanla eyni qrupa Moskva,
Leninqrad, Ukrayna və Türkmənistan düşmüşdü. Axırda
bütün komandamızı, ilk növbədə də məni dəvət etdilər öz
yığmalarına. Təsəvvür edin ki, onlar bütün ali
məktəblərinin qapısını açmışdılar üzümə. Deyirdilər ki,
seçim sənindir. Mənə - o vaxtkı yeniyetmə bir uşağa
300 rubl maaş, ev, maşın vəd vermişdilər. Ukraynada
bütün ilin on iki ayı boyunca xarici ölkələrə səfərlər
vardı. Deyirdilər, burada ali məktəbi bitirəndən sonra
səni istədiyin işlə də təmin edəcəyik. Dedim, axı mən öz
dilimizdə oxuyuram. Dedilər, onun da fikrini etmə, bizə
əsas sənin oyunun lazımdır. O vaxt bütün uşaqlar getdi,
bircə məndən başqa. Həm evdən buraxmadılar, həm də özüm
getmək istəmədim. Bizim damarlarımızda təmiz
azərbaycanlı qanı axır. Bizdə torpağa, vətənə bağlılıq
güclüdü. Böyüklərimiz öyrəşib ki, övladı gözünün
qabağında olsun. Mənə nə qədər yüksək səviyyəli
təkliflər gəldisə də, mən onların heç birini vətənə
dəyişmədim. Bizdə torpaq anlayışı, milli psixologiya
başqa cürdür.
Ən çox sevdiyim nəqliyyat "London taksiləri"dir, çünki
bu maşınların içərisi geniş olur
- Fiziki görkəm sarıdan sizi başqalarından fərqləndirən
özəl cəhətlər?
- Hündürboyluları adi insanlardan fərqləndirən əsas
cəhət odur ki, biz hamı kimi deyilik. Nə mənada? Hamı
ehtiyacı olan istənilən bir şeyi - bu istər geyim
olsun, istər çarpayı olsun, istər nəqliyyat olsun - əldə
etmək üçün bizim kimi çətinlik çəkmir. Pulunu əlinə
alıb üz tutur istənilən satış mərkəzinə, ürəyi istəyəni,
ehtiyacı olanı alıb qayıdır evinə. Biz isə məcburuq hər
şeyi çətinliklə, üstəlik də od bahasına əldə etməyə.
Məsələn, bir cüt ayaqqabını idmançı həmkarlarımın
vasitəsi ilə Amerikadan gətirtməkdən ötrü yol haqqı
üçün bizim pulla ən azı 60-70 manat əlavə xərcim
çıxır. Bizdə 48-dən böyük ayaqqabı qəlibi yoxdur. Əsas
qəlibdir. Qəlib olsa, tikdirmək asandır.
Yaxud da özüm üçün stul, stol, kreslo və ya yataq dəsti
alıramsa, mən mütləq bir mebel sexi ilə müqavilə
bağlamalı, öz ölçülərimə uyğun mebel sifariş verməliyəm.
Bu da normalda sərf olunan puldan iki dəfə çox vəsait
deməkdir. Başqa çətinliklərimiz də var. Məsələn, mən
şəxsi minik avtomobillərinə, taksilərə yerləşmirəm,
narahat oluram, ona görə də xoşlamıram. Qardaşımın
maşını var, inanın ki, o maşına bir və ya iki dəfə
oturmuşam və ya oturmamışam. İctimai nəqliyyat
növlərindən ancaq metrodan istifadə edə bilirəm, bir də
böyük avtobuslardan. Əgər maksimum vaxta qənaət
ehtiyacım olursa, onda bu "London taksiləri" deyilən
avtomobillərdən istifadə edirəm. Onların xarici görkəmi
yığcam olsa da, içərisi genişdir. Yerdə qalan bütün
nəqliyyat növlərində narahat oluram, uzaq məsafəyə gedə
bilmirəm.
Hərdən düşünürəm ki, ucaboylu insanlar üçün kaş bizdə
də müəyyən imtiyazlar olaydı. Məsələn, vergi
ödənişlərində, enerji və ya yanacaq sərfiyyatında,
dava-dərmana olan ehtiyacımızın ödənilməsində...
- Fikrət müəllim, ailə-uşaq varmı?
- Xeyr. Ailəli deyiləm. Amma elə bu məqamdaca onu da
deməyi vacib bilirəm ki, tək olsam da, tənha deyiləm.
Çoxlu dostlarım var, qardaşım, onun övladları, ailəsi
var, məni darıxmağa qoymurlar.
Mən sadə bir insanam, müəlliməm. İnsani münasibətlər ən
dəyərli münasibətlərdir. Hərdən xəstə vaxtlarım olanda,
canım ağrıyanda bədbinləşirəm, fikirləşirəm ki, tək
adamam da... Haçan psixoloji gərginliyim olsa, dostlarım
başımın üstünü alır: "Fikir eləmə, deyirlər, biz
buradayıq, sənin yanında...". Onlar mənim üçün bir
dayaqdır. İnsan mənəvi ruhlanır, bayaq dediyim kimi, mən
həyatda tək olsam da, tənha deyiləm. Həmişə harada
olsalar, zəng vururlar, axtarırlar, dəstək olurlar mənə
dostlarım, doğmalarım. Deyirlər: "Nə olur-olsun, Fikrət,
biz səni tək qoymarıq".
- Əvvəldən bir qardaşınız olub?
- Bəli, elə bircə qardaşım var, ailəlidir. Onun öz işi
var, mənim öz işim. Ev alana kimi elə həmişə onlarla
birlikdə olmuşam. 2008-ci ildə atam dünyasını dəyişəndə
dedim ki, daha mən batdım. Amma həyat doğrudan da davam
edir. O dönəmdə mənim xətrimi istəyənlər sanki məni
qəbirdən dartıb çıxartdılar.
Qardaşımın iki övladının hər ikisi ali məktəbi bitirib.
Onlar da ailə qurmalı idi. Bir yandan mən də onlarla
bir evdə qalmağa məcburdum...qardaşımın qızı xüsusi
istedadlı uşaqlar qrupunda təhsil alıb, oğlu isə şahmat
üzrə beynəlxalq usta normasını yerinə yetirir. Yəni mən
evdən çıxmalı idim ki, o uşaqlar ailə qura bilsinlər.
Belə bir məqamda cənab Prezidentin mənə ev verməsi,
qayğı göstərməsi mənim yetirmələrimi də çox ruhlandırdı.
- Yetirmələriniz barədə...
- Yetirmələrimdən Azərbaycan çempionatında Xanlar,
kişilər arasında üçüncü yerə layiq görülüb.
Yetirməm, Şəbnəm tibb universitetinin tələbəsi idi -
universiadada üç dəfə qalib olub, pul mükafatlarına
layiq görülüb.
- İdmançıları zədəsiz təsəvvür etmək olmur...
- Zədə diz oynaqlarımdadır, bir də bel fəqərəmdə... İndi
müalicə üsulları da dəyişib. Qığırdaq əmələgətirən
dərmanlar vururlar ki, oynaqlarımın hərəkətliliyini
təmin etmək mümkün olsun. Bu zədələr ən çox
ştanqqaldırma ilə məşğul olanda yaranan zədələrimdir.
Əvvəllər hər gün düz 8 saat məşq saatımız idi. O vaxt
SSRİ məkanında ən hündür oyunçu cəmi üç nəfər idik.
Tkaçenko, Samoylev və mən.
- Qalib gəlməkdə əsas həlledici amil?
- Qalib gəlmək üçün boy həlledici faktor deyil, əsas
hərəkətlilikdir, koordinasiya məsələsidir-demək sözdə
asandır. O boyda bədəni dəqiq idarə etməli, topu da
sərrast atmalısan. Sənə qarşı oynayan rəqibin də
müqavimət göstərir axı?! O da sənin çəkidə və ya
səndən ağır çəkidə olan insandır. Hündür adamları
basketbola hazırlamaq daha çətindir, nəinki
balacaboylularla məşq etmək, onları hardasa üç ilə
hazırlamaq mümkündür.
Çəkim 125 kiloqramdan artıq olanda xəstələnirəm
- İstirahət etməyə vaxt tapırsınız?
- Boyuma görə mənim üçün ən rahat hərəkət piyada
gəzməkdir. Piyada gəzəndə sanki dincəlirəm. Normal
qidalanıram, bədənimin tələb etdiyi qədər ərzaq qəbul
edirəm. Mən arıq adam deyiləm. Amma eyni zamanda da heç
vaxt artıq çəki problemim olmayıb. Əgər çəkim 125 kq-dan
artıq olarsa, o saat xəstələnirəm, əhvalım dəyişir,
özümü pis hiss edirəm, iştahım da kəsilir, heç nə yeyə
bilmirəm. Bu mənim təbiətimdir.
- Ətraf mühit və siz?
- Ən çox məni yoran cəhət tanımadığım adamların
yaxınlaşıb mənimlə şəkil çəkdirmək istəmələridir.
Əvvəllər belələri daha çox idi. İndi yəqin ki, gözləri
öyrəşib.
- Fikrət müəllim, sizin redaksiyamıza gəlişiniz bir
tarixdir.
- Siz də sağ olun ki, dəvət edirsiniz, bizləri
unutmursunuz, idmançılara diqqət göstərirsiniz. Ən
böyük arzum mənə göstərilən bu boyda qayğının
müqabilində hazırladığım yeniyetmələri Avropa
çempionatına çıxara bilmək, Azərbaycan basketbolunun
qızıl fondunu yaratmaqdır.
Söhbəti qələmə aldı:
Ellada UMUDLU
"Azərbaycan müəllimi" |