Aprelin
11-də təhsil naziri Mikayıl Cabbarov Koreya
Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli
səfiri Çoi Suk-in və Koreya İxrac-İdxal Bankının icraçı
direktoru Seong-Hyeoung Yimin rəhbərlik etdiyi nümayəndə
heyəti ilə görüşüb.
Görüş zamanı "Azərbaycan Respublikası hökuməti və Koreya
Respublikası hökuməti arasında Peşə Tədris Mərkəzinin
yaradılması layihəsi üçün İqtisadi İnkişaf Əməkdaşlıq
Fondundan alınan kreditə dair razılaşma" və "Azərbaycan
Respublikası hökuməti və Koreya İxrac-İdxal Bankı
arasında Peşə Tədris Mərkəzinin yaradılması layihəsi
üçün Kredit Sazişi" imzalanıb.
Layihə əmək bazarının tələblərinə uyğun yüksək ixtisaslı
kadrların hazırlanması və qeyri-neft sektorunun
inkişafına dəstək vermək məqsədlərinə xidmət edir.
Layihənin əsas hədəfləri ən yüksək müasir standartlara
cavab verən peşə tədris sisteminin, gənclər və qadınlar
da daxil olmaqla, bütün vətəndaşlar üçün yüksək
səviyyəli peşəkar hazırlığın və iş imkanlarının
yaradılmasını, yoxsulluğun azaldılmasına dair siyasətə
dəstək verilməsini, ölkənin əmək bazarının xarici işçi
qüvvəsindən asılılığının azaldılmasını, həmçinin, xırda
və orta sahibkarlığın inkişafına təkan verilməsini təmin
etməkdən ibarətdir.
Layihənin maksimal büdcəsi 39,28 milyon ABŞ dolları
təşkil edir. Bu vəsaitin 22 milyonu Koreya İqtisadi
İnkişaf və Əməkdaşlıq Fondu tərəfindən
maliyyələşdiriləcəkdir.
Müasir peşə təhsili sisteminin yaradılmasına təkan
verəcək layihə çərçivəsində elektrik mühəndisliyi,
mexanika, avtomatlaşdırma, sənaye quraşdırılması,
elektrik enerjisi, elektronika, avtomobil və inşaat
sahələri üzrə kadrlar hazırlanacaqdır. Mərkəzdə 8
ixtisas üzrə tədris otağı, yeməkxana, yataqxana,
mühazirə və ümumi iclas zalları inşa olunacaqdır. Bakı
şəhərində yerləşən ilk peşə-ixtisas təhsili
müəssisələrindən birinin bazasında yaradılacaq mərkəzdə
800 nəfər müvafiq ixtisaslara yiyələnə bilər.
Koreyalı mütəxəssislər Peşə Tədris Mərkəzinin
tikintisində, təchizatında, idarə olunmasında, eləcə də
mühəndis-pedaqoji heyətin və müvafiq vəsaitlərin
hazırlanmasında iştirak edəcəklər.
www.edu.gov.az |