| 
						
						Heydər Əliyev Fondunun, Rabitə və Yüksək Texnologiyalar 
						Nazirliyinin, Təhsil Nazirliyinin və AMEA-nın 
						İnformasiya Texnologiyaları İnstitutunun birgə 
						təşkilatçılığı və Qafqaz Universitetinin texniki dəstəyi 
						ilə bu ali təhsil ocağında tələbələr arasında 
						informatika üzrə IX Ümumrespublika Olimpiadasının 1-ci 
						mərhələsi keçirilib. 
						
						Açılış mərasimində Qafqaz Universitetinin rektoru, 
						professor Ahmet Saniç bildirib ki, möhtərəm Prezident 
						İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə İKT sahəsi çox 
						sürətlə inkişaf edir. Ötən ilin "İKT ili" elan olunması, 
						ilk telekommunikasiya peykimiz  olan  "Azerspace-1"-in 
						orbitə göndərilməsi, "Bakutel" sərgisinin keçirilməsi  
						bu sahəyə olan diqqət və qayğının bariz nümunəsidir. 
						
						Rabitə və yüksək texnologiyalar nazirinin müavini  Elmir 
						Vəlizadə  olimpiadanın əhəmiyyətindən,  İKT sahəsinin 
						çətin və maraqlı olmasından, Azərbaycan Prezidenti İlham 
						Əliyevin  bu sahəyə verdiyi önəmdən və ölkəmizdə görülən 
						işlərdən danışıb. O qeyd edib ki, olimpiada yarış 
						olmaqla yanaşı tələbələr arasında dostluq 
						münasibətlərinin qurulmasında da əhəmiyyət kəsb edir.
						 
						
						Naxçıvan Dövlət Universitetinin və Gəncə Dövlət 
						Universitetinin nümayəndələri  çıxışlarında 
						təşkilatçılara və olimpiadanın keçirilməsinə yüksək 
						səviyyədə şərait yaratdığı üçün Qafqaz Universitetinin 
						rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. 
						
						Olimpiadada 8 ali təhsil müəssisəsindən 49 komanda (hər 
						komandada 3 nəfər tələbə) iştirak edib. Komandalar 5 
						saat ərzində 10  alqoritmik məsələni həll ediblər. 
						Tapşırıqların  qiymətləndirilməsi  üçün 
						
						
						www.e-olimp.com.ua/az avtomatik 
						qiymətləndirmə saytından istifadə edilib. Müsabiqənin 
						nəticəsinə görə, finala vəsiqə qazanmış komandalar 26 
						aprel 2014-cü il tarixində AMEA-nın İnformasiya 
						Texnologiyaları İnstitutunda keçiriləcək final 
						mərhələsində iştirak edəcəklər.  
						
						
						Qafqaz Universitetinin Mətbuat xidməti |