2014-cü ilin iyun ayında görkəmli Azərbaycan
ədəbiyyatşünası və tənqidçisi, tanınmış pedaqoq və
ictimai xadim, respublika Dövlət mükafatı laureatı,
əməkdar elm xadimi, akademik Məmməd Arifin (Məmməd Arif
Məhərrəm oğlu Dadaşzadənin) anadan olmasının 110 illiyi
tamam olur.
Məmməd Arif XX əsr Azərbaycan ədəbiyyatşünaslığının və
ədəbi tənqidinin formalaşdırılması və inkişaf
etdirilməsində böyük rol oynamışdır. Milli ədəbiyyat
tarixinin yaradılmasında yaxından iştirak edən alim
respublikada yüksək ixtisaslı elmi kadrların
hazırlanması işinə töhfələrini əsirgəməmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq və akademik
Məmməd Arifin Azərbaycan ədəbiyyatının inkişafı
sahəsində diqqətəlayiq xidmətlərini nəzərə alaraq
QƏRARA ALIRAM:
1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan
Respublikasının Təhsil Nazirliyi və Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə
birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini
nəzərə almaqla, akademik Məmməd Arifin 110 illik
yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb
həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu
sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 aprel 2014-cü il |