| 
						
						
						 Azərbaycan 
						Prezidenti İlham Əliyev açılışda iştirak edib 
						
						Aprelin 16-da Bakıda Milli Gimnastika Arenasının açılışı 
						olmuşdur. 
						
						Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və 
						xanımı Mehriban Əliyeva açılışda iştirak etmişlər. 
						
						Son illər ölkəmizdə bütün sahələrdə olduğu kimi, müasir 
						idman infrastrukturunun yaradılması istiqamətində də 
						genişmiqyaslı tədbirlər həyata keçirilir, yeni-yeni 
						idman obyektləri tikilib istifadəyə verilir. Dünyanın 
						qabaqcıl idman ölkələrindən biri olan Azərbaycan hazırda 
						beynəlxalq Olimpiya hərəkatının fəal üzvlərindən 
						biridir. İdmanın bütün sahələrinin inkişaf etdirilməsi 
						Azərbaycan Prezidentinin daim diqqət mərkəzindədir. 
						Paytaxt Bakıda və regionlarda inşa edilən, ən müasir 
						avadanlıqla təchiz olunan Olimpiya İdman komplekslərinin 
						sayı artıq 40-ı ötmüşdür. Mövcud idman komplekslərinin 
						əsaslı şəkildə yenidən qurulması isə beynəlxalq 
						yarışların keçirilməsi üçün ölkəmizin imkanlarını daha 
						da artırır. 
						
						İdmanın inkişafına göstərilən yüksək dövlət qayğısı 
						nəticəsində Azərbaycan idmançıları dünyanın mötəbər 
						yarışlarında və Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə 
						təmsil edir, uğurlarını ildən-ilə daha da artırırlar. 
						2015-ci ildə Bakıda keçiriləcək Birinci Avropa 
						Oyunlarına hazırlıq məqsədilə beynəlxalq standartlara 
						uyğun mühüm layihələrin icra olunması ölkəmizdə müasir 
						idman infrastrukturunun yaradılması işinə böyük töhfə 
						verəcəkdir. Prezident İlham Əliyev və xanımı Mehriban 
						Əliyevanın iştirakı ilə Bakıda təməli qoyulan Milli 
						Gimnastika Arenasının inşası idmanın bu növünün daha da 
						inkişaf etdirilməsi işində mühüm rol oynayacaqdır. 
						
						
						 Hazırda 
						tərkibində idmanın dörd növünü - bədii gimnastika, kişi 
						idman gimnastikası, akrobatika gimnastikası və tamblinqi 
						birləşdirən Azərbaycan Gimnastika Federasiyasının son 
						illər əldə etdiyi böyük uğurlar dünyanın idman 
						ictimaiyyəti tərəfindən maraqla izlənilir. Bütün bu 
						nailiyyətlər birinci xanım Mehriban Əliyevanın 
						Azərbaycan Gimnastika Federasiyasına rəhbərliyi 
						sayəsində mümkün olmuşdur. Belə ki, 2002-ci ildən 
						Azərbaycan Gimnastika Federasiyasının prezidenti olan 
						Mehriban Əliyevanın fəaliyyəti nəticəsində ölkədə 
						idmanın bu növünün yeni inkişaf mərhələsi başlamışdır. 
						
						2003-cü ildə Bakıda bədii gimnastika üzrə ilk dünya 
						kuboku keçirilmişdir. Bakı 2005-ci ildə gimnastika üzrə 
						dünya çempionatına ev sahibliyi etmişdir. 2007-2009-cu 
						illərdə isə ölkəmizdə iki dəfə Avropa çempionatı 
						keçirilmişdir. Bu işlərin nəticəsi olaraq Azərbaycan 
						gimnastları da son illərdə böyük irəliləyişlərə nail 
						olmuşlar. Dinara Gimatova 2003-cü ildə Afina Olimpiya 
						Oyunlarına ilk milli lisenziyanı qazanmışdır. Aliyə 
						Qarayeva isə 2007-ci ildə bədii gimnastika üzrə Avropa 
						çempionu tituluna sahib çıxmışdır. Dünya çempionatında 
						isə qızlarımız komanda hesabında üçüncü olmuşlar. 
						Azərbaycan gimnastları növbəti illərdə ölkəmizi Olimpiya 
						Oyunlarında layiqincə təmsil etmişlər. 
						
						İndi Azərbaycan 2015-ci ildə keçiriləcək ilk Avropa 
						Oyunlarına hazırlaşır. İdman infrastrukturunun daha da 
						gücləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin 
						mühüm tərkib hissəsi olan Milli Gimnastika Arenasının 
						tikintisi də beynəlxalq əhəmiyyətli bu idman yarışının 
						yüksək səviyyədə təşkili üçün geniş imkanlar açır. 
						
						Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Milli 
						Gimnastika Arenasının rəmzi açılışını bildirən lenti 
						kəsdilər. 
						
						Gənclər və idman naziri Azad Rəhimov görülən işlərlə 
						bağlı dövlətimizin başçısına məlumat verdi. Kompleksin 
						fasadı xüsusi formada işlənmişdir. Burada maraqlı 
						illüminasiya elementləri təqdim edən ekranlar 
						quraşdırılmışdır. Əsasən gimnastika yarışları üçün 
						nəzərdə tutulan arenanın əhəmiyyətini artıran mühüm 
						amillərdən biri də buranın digər idman tədbirlərinin və 
						yarışlarının da keçirilməsi üçün uyğunlaşdırılmasıdır. 
						
						Gimnastika zalı əsas yarış və köməkçi məşq hissələrindən 
						ibarətdir. Yarışların miqyasından asılı olaraq, arenanın 
						əsas hissəsində oturacaq yerlərinin sayını 5 mindən 10 
						minə qədər artırmaq mümkündür. Dünya standartlarına 
						uyğun inşa olunan kompleksdə mətbuat mərkəzi, ilk tibbi 
						yardım məntəqəsi, xoreoqrafiya, trenajor zalları, dopinq 
						nəzarəti, inzibati otaqlar, mağazalar, kafelər və digər 
						yardımçı sahələr yerləşir. Dünyanın ən yaxşı gimnastika 
						komplekslərindən biri olacaq bu idman qurğusunda otel də 
						yaradılmışdır. 
						
						Azərbaycan Gimnastika Federasiyası əhalinin bədən 
						tərbiyəsi və sağlamlıq fəaliyyətinə geniş cəlb olunması, 
						milli idman kadrlarının hazırlanması, yığma komandaların 
						formalaşdırılması və hazırlığı, onların beynəlxalq 
						yarışlara, toplanışlara göndərilməsi ilə də fəal şəkildə 
						məşğul olur. Federasiya xarici ölkələrin idman 
						təşkilatları və beynəlxalq idman qurumları ilə 
						əlaqələrini inkişaf etdirir. 
						
						Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva zalda 
						yaradılan şəraitlə tanış oldular və gimnastların məşq 
						prosesinə baxdılar. 
						
						Dövlətimizin başçısı və xanımı gimnastlarla xatirə şəkli 
						çəkdirdilər. 
						
						Burada da idmançılar üçün hər cür şərait yaradılmışdır. 
						Avropa Gimnastika İttifaqının prezidenti də burada 
						yaradılan şəraiti yüksək qiymətləndirmişdir. Zalda ən 
						son gimnastika avadanlığı quraşdırılmışdır. Həmin 
						avadanlıq Avropa Gimnastika İttifaqı, Azərbaycan 
						Gimnastika Federasiyasının tövsiyələrinə əsasən 
						yerləşdirilmişdir. 
						
						Milli Gimnastika Arenasında bu ilin iyununda bədii 
						gimnastika üzrə Avropa çempionatı keçiriləcəkdir. 
						Aprelin 19-da isə bədii gimnastika üzrə 21-ci Azərbaycan 
						çempionatı təşkil olunacaqdır. Gimnastlar mütləq 
						çoxnövçülükdə, o cümlədən ayrı-ayrı növlər üzrə medallar 
						uğrunda yarışacaqlar. Turnirdə, həmçinin Bakıda 
						təlim-məşq toplanışlarında olan Macarıstan və Qazaxıstan 
						gimnastlarının müsabiqədənkənar çıxışları nəzərdə 
						tutulur. Çempionatın Milli Gimnastika Arenasında 
						keçirilməsi və iyunun 13-15-də təşkil olunacaq bədii 
						gimnastika üzrə Avropa çempionatı öncəsi test turniri 
						xarakteri daşıması yarışlara olan marağı daha da 
						artırmışdır. Bundan əlavə, 2015-ci ildə baş tutacaq 
						birinci Avropa Oyunları çərçivəsində gimnastikanın 6 
						növü üzrə yarışların, 2019-cu ildə isə bədii gimnastika 
						üzrə 2020-ci il Olimpiadasına lisenziya xarakterli dünya 
						çempionatının burada keçirilməsi planlaşdırılır. 
						
						Prezident İlham Əliyevə "Beynəlxalq İdman Mətbuatı 
						Assosiasiyası - AİPS-nin tarixi" kitabının ilk nüsxəsi 
						təqdim olundu. 
						
						Qeyd edildi ki, qurumun 90 illik tarixinə həsr olunan 
						kitab Gənclər və İdman Nazirliyi ilə birgə 
						hazırlanmışdır. Kitabın ilk 18 səhifəsi Azərbaycanda 
						idmanın inkişafına həsr olunmuşdur. 
						
						Prezident İlham Əliyev görülən işləri yüksək 
						qiymətləndirdi, tapşırıq və tövsiyələrini verdi.  
						
						
						AzərTAc |