| 
						
						 Aprelin 
						13-də Azərbaycan Respublikasının Prezidenti İlham 
						Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin 
						birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına 
						və qarşıda duran vəzifələrə həsr olunmuş iclası 
						keçirilmişdir. 
						
						
						Dövlətimizin başçısı iclasda nitq söyləmişdir. 
						
						
						Prezident İlham Əliyevin giriş nitqi 
						
						- Bu gün biz Nazirlər Kabinetinin iclasında 2014-cü ilin 
						birinci rübünün iqtisadi və sosial yekunlarını müzakirə 
						edəcəyik. Xatırlayıram, 2013-cü ilin yekunlarını 
						müzakirə edərkən mən bildirmişdim ki, əminəm 2014-cü il 
						də iqtisadi inkişaf baxımından ölkəmiz üçün uğurlu 
						olacaqdır və ilin üç ayının yekunları bunu təsdiqləyir. 
						Azərbaycan dinamik inkişaf templərini saxlaya bilmişdir. 
						Ölkəmiz bütün sahələrdə uğurla irəliyə gedir. 
						İqtisadiyyat 2,5 faiz artmışdır. Hesab edirəm ki, bu, 
						yaxşı göstəricidir. Ümumi daxili məhsulumuzun strukturu 
						da yaxşılaşır. Əlbəttə ki, son illərdə bizim üçün 
						iqtisadi inkişafı göstərən əsas göstərici qeyri-neft 
						sektorunun parametrləridir. Keçən ildə olduğu kimi, bu 
						il də biz bu sahədə sürətli inkişafa nail ola bilmişik. 
						
						Keçən il qeyri-neft sektorumuz 10 faiz, bu ilin birinci 
						rübündə isə 8,8 faiz artmışdır. Əlbəttə ki, bu artım son 
						illərdə Azərbaycanda aparılan islahatların nəticəsidir. 
						İqtisadiyyatla bağlı aparılan siyasət bizi bax bugünkü 
						reallığa gətirib çıxarmışdır. 
						
						İqtisadiyyatın şaxələndirilməsi bizim əsas 
						prioritetimizdir. Hesab edirəm ki, biz buna nail ola 
						bilmişik. Çünki artıq uzun müddət ərzində qeyri-neft 
						sektorumuz sürətlə artır. 
						
						
						 Hesab 
						edirəm ki, biz sosial məsələlərin həllində də 
						siyasətimizi düzgün istiqamətdə aparırıq. Bu siyasət 
						artıq illər ərzində aparılır və sınaqdan çıxmışdır. 
						Əhalinin pul gəlirləri 4,5 faiz artmışdır. İnflyasiya 
						isə cəmi 2 faiz təşkil edir. Beləliklə, həmişə olduğu 
						kimi, əhalinin gəlirləri inflyasiyanı 2 dəfədən çox 
						üstələyir. Bu da insanların sosial məsələlərinin həlli 
						üçün əsas şərtdir. Eyni zamanda, bu, Azərbaycanda 
						iqtisadi və sosial islahatların düzgün istiqamətdə 
						aparılmasını göstərir. Çünki köklü iqtisadi islahatlar, 
						eyni zamanda, çox ciddi sosial proqramlarla da təmin 
						edilməlidir. 
						
						Kənd təsərrüfatında artım 3 faizdən bir qədər çoxdur. Bu 
						da müsbət hal kimi qiymətləndirilə bilər. Əminəm ki, 
						gələcək illərdə görüləcək əlavə tədbirlər nəticəsində 
						biz bu sahədə daha da böyük rəqəmlər görəcəyik. 
						
						Bizim valyuta ehtiyatlarımız artır və birinci rübdə 
						xeyli artmışdır. Hazırda valyuta ehtiyatlarımız 53 
						milyard dollar təşkil edir. Bu, çox böyük rəqəmdir. 
						Xüsusilə ölkəmizin əhalisini nəzərə alsaq görərik ki, bu 
						göstərici üzrə adambaşına düşən valyuta ehtiyatlarına 
						görə Azərbaycan dünyada qabaqcıl ölkələr arasındadır. Ən 
						önəmli məsələ ondan ibarətdir ki, baxmayaraq, bizim 
						böyük investisiya proqramlarımız icra edilir, valyuta 
						ehtiyatlarımız azalmır, ildən-ilə artır. Bu da bizim 
						siyasətimizdir. Mən bunu dəfələrlə bəyan etmişəm ki, biz 
						əlbəttə, iqtisadiyyatımızın, sahibkarlığın inkişafı, 
						infrastruktur layihələrinin icrası üçün öz maliyyə 
						imkanlarımızdan istifadə etməliyik, eyni zamanda, 
						valyuta ehtiyatlarımız da ildən-ilə artmalıdır. 
						
						Bu gün bizim təcrübəmiz, vəsaiti iqtisadiyyatın real 
						sektoruna yönəltmək, investisiyaları cəlb etmək və 
						infrastruktur layihələrini icra etmək siyasətimiz hesab 
						edirəm ki, dünya miqyasında artıq bir nümunə kimi qəbul 
						edilir. 
						
						Çünki vaxtilə bu siyasətdə müxtəlif fikirlər var idi. 
						Bəzi beynəlxalq maliyyə qurumları bizə başqa məsləhətlər 
						verirdi, başqa tövsiyələr irəli sürülürdü. Ancaq biz öz 
						siyasətimizi düzgün aparmışıq. Ölkəmizi inkişaf 
						etdirmək, güclü potensial yaratmaq və qeyri-neft 
						sektorunun inkişafı üçün biz valyuta ehtiyatlarımızdan 
						çox səmərəli şəkildə istifadə etdik. 
						
						Eyni zamanda, bizim çox güclü maliyyə vəziyyətimiz 
						müstəqil siyasətimizi şərtləndirir. Çünki iqtisadi 
						cəhətdən azad olan, heç kimdən asılı olmayan ölkə 
						beynəlxalq aləmdə öz sözünü daha da qətiyyətlə deyə 
						bilir. 
						
						Bir sözlə, bizim əsas iqtisadi parametrlərimiz çox 
						müsbətdir. Bu mənzərə gələcəyə də nikbinliklə baxmaq 
						üçün imkan verir. Mən əminəm ki, ilin sonuna qədər bu 
						inkişaf templəri davam edəcək və biz 2014-cü ili də 
						böyük uğurlarla başa vuracağıq. 
						
						Əhalinin banklarda əmanətləri 20 faizdən çox artmışdır. 
						Bu da çox müsbət göstəricidir. Bu, ilk növbədə onu 
						göstərir ki, insanların maddi vəziyyəti yaxşılaşır. 
						Digər tərəfdən, bu hal banklara inamın təzahürüdür. Eyni 
						zamanda, bu, imkan verir ki, banklarımız ölkəmizin 
						iqtisadi inkişafında daha da fəal iştirak etsinlər və 
						əvvəlki toplantılarda dediyim kimi, iqtisadiyyatın real 
						sektoruna daha çox kredit resurslarını yönəltsinlər. 
						Çünki belə olan halda işlərimiz daha da sürətlə 
						gedəcəkdir. 
						
						Biz bu ilin birinci rübünün cəmi iki ayı ərzində 
						Azərbaycanda böyük bir sosial təşəbbüsün icrasını 
						müşahidə edirik. Əhalinin dispanserizasiya proqramı icra 
						edilir. Bu, sırf sosial məna daşıyan bir layihədir. Bu 
						layihənin icra edilməsi üçün əlbəttə ki, ilkin şərtlər 
						olmalı idi. O da ondan ibarətdir ki, müasir avadanlıq, 
						müasir tibb mərkəzləri olmalıdır ki, bunları da biz son 
						illər ərzində bütün ölkə üzrə yaratmışıq. Belə olan 
						halda ən müasir avadanlıqdan istifadə edərək müayinədən 
						keçmək üçün ölkəmizin hər bir yerində imkan vardır. Qısa 
						müddət ərzində - cəmi iki ayda dörd milyon insan bu 
						müayinədən keçib. Hesab edirəm ki, bu təşəbbüs hər il 
						göstərilməlidir və bu, daimi proses olmalıdır. 
						
						Mən son illərdə, müxtəlif bölgələrdə yeni xəstəxanaların 
						açılışlarında, görüşlər əsnasında bir fikri dəfələrlə 
						vurğulamışam ki, hər bir insan ildə bir dəfə müayinədən 
						keçməlidir. Şadam ki, artıq vətəndaşlar da buna müsbət 
						reaksiya verirlər. Çünki bu, ilk növbədə onlar üçün 
						lazımdır, hər bir insan üçün lazımdır. Bu gün 
						Azərbaycanda müasir tibbi avadanlıqlar var ki, istənilən 
						müayinəni aparmaq mümkündür. Yəni, hesab edirəm ki, bu, 
						sosial siyasətimizin tərkib hissəsi olan çox önəmli bir 
						təşəbbüsdür. Şadam ki, bunu biz icra edə bilirik. 
						
						Birinci rübdə orta əməkhaqqı təxminən 7 faiz artmışdır. 
						Bu gün Azərbaycanda orta əməkhaqqı 430 manat, yəni 550 
						dollar səviyyəsindədir. Əməkhaqqı ildən-ilə artır və 
						artacaqdır. Gələcəkdə görüləcək işlər, iqtisadi inkişaf, 
						neft-qaz sektorunun inkişafı sayəsində, eyni zamanda, 
						maaşların və pensiyaların qaldırılması nəticəsində orta 
						əməkhaqqı və orta pensiya daha da artmalıdır, 
						artacaqdır. 
						
						İlin birinci rübündə regionların sosial-iqtisadi 
						inkişafına dair üçüncü Dövlət Proqramı qəbul edildi. Biz 
						ikinci proqramın yekunlarını fevral ayında müzakirə 
						etmişik. Üçüncü proqramın qəbul edilməsi əminəm ki, 
						qalan sosial və iqtisadi məsələlərin növbəti beş il 
						ərzində həlli üçün bizə böyük dəstək olacaqdır. Bu da 
						əvvəlki proqramlar kimi çox müfəssəl bir sənəddir. 
						Proqramda bütün məsələlər öz əksini tapıbdır. Hər bir 
						rayon üzrə konkret vəzifələr, tapşırıqlar vardır. Təbii 
						ki, icra mexanizmləri, maliyyə resursları da bu proqramı 
						dəstəkləyir. Əminəm ki, 2018-ci ilə qədər bu proqramın 
						icrası nəticəsində bölgələrdə əsas sosial infrastruktur, 
						iqtisadi məsələlər öz həllini tapacaqdır. 
						
						Eyni zamanda, Bakı və onun qəsəbələrinin sosial-iqtisadi 
						inkişafı proqramı qəbul edilib. Bu proqram 2016-cı ildə 
						başa çatacaqdır. O vaxta qədər Bakının qəsəbələrində 
						bütün infrastruktur layihələri icra ediləcəkdir. 
						Qazlaşdırma tam axıra çatdırılacaqdır, elektrik enerjisi 
						ilə təminat daha da yaxşı olacaqdır, içməli su, 
						kanalizasiya, kənd yollarının tikintisi layihələri icra 
						ediləcəkdir. İş yerləri açılacaq, məktəblər, 
						xəstəxanalar, tibb məntəqələri tikiləcəkdir. Yəni, hər 
						bir qəsəbədə bu proqram öz nəticəsini göstərəcəkdir. 
						
						Bütövlükdə birinci rübdə sosial infrastrukturun 
						yaradılması istiqamətində də önəmli addımlar atılıb. Bu, 
						artıq daimi bir prosesdir. Hələ ki, bu sahədə görüləsi 
						işlər çoxdur. Baxmayaraq ki, 2 mindən artıq məktəb, 
						500-dən çox xəstəxana tikilib, yenə də buna ehtiyac 
						vardır. Çalışmalıyıq ki, 2018-ci ilin sonuna qədər bu 
						sahədə də bütün təmir-bərpa və tikinti işlərini 
						yekunlaşdıraq ki, sosial infrastruktur tamamilə 
						yenilənsin. 
						
						Birinci rübdə sahibkarlığın inkişafı istiqamətində əlavə 
						tədbirlər görülmüşdür. Biznes mühitinin 
						yaxşılaşdırılması üçün çox önəmli sərəncam 
						imzalanmışdır. Bu sərəncamın icrası bizə imkan verəcək 
						ki, həm Dünya Bankının "Doing Business" reytinqində 
						yerimizi daha da yüksəklərə qaldıraq. Eyni zamanda, ən 
						önəmlisi ondan ibarətdir ki, Azərbaycanda biznes 
						mühitinin yaxşılaşdırılması üçün biz əlavə addımları 
						ataq. Bu, deyə bilərəm ki, bizim siyasətimizin əsas 
						istiqamətlərindən biridir. Bu gün ölkə iqtisadiyyatının 
						mütləq əksəriyyəti özəl sektorda formalaşır. Özəl sektor 
						gələcəkdə Azərbaycan iqtisadiyyatının inkişafını təmin 
						edəcəkdir. Biznes mühitinin yaxşılaşdırılması, yerli və 
						xarici investorlar üçün daha da əlverişli vəziyyətin 
						yaradılması daim diqqət mərkəzindədir. Əminəm ki, mənim 
						sərəncamımda nəzərdə tutulan müddəaların icra edilməsi 
						nəticəsində biz bu sahədə daha da yaxşı nəticələr əldə 
						edəcəyik. 
						
						Bütövlükdə sahibkarlıqla bağlı məsələlər Azərbaycanda 
						uğurla həll edilir. Ölkəmizdə investisiya iqlimi çox 
						müsbətdir. Birbaşa xarici sərmayələrin qoyuluşuna görə 
						Azərbaycan MDB məkanında liderlik rolunu saxlayır. Şadam 
						ki, daxili investisiyalar artıq bir neçə ildir ki, 
						xarici investisiyaları üstələyir. Çalışmalıyıq ki, ölkə 
						iqtisadiyyatına qoyulan vəsait artsın və bu vəsait bizim 
						iqtisadi siyasətimizlə tam uzlaşsın. 
						
						Çünki xarici investorların təbii ki, öz maraqları ola 
						bilər və vardır. Ölkəmizin də öz maraqları vardır. Biz 
						bunları bir-biri ilə bağlamalıyıq, bağlayırıq. Bugünkü 
						Azərbaycan artıq dünya miqyasında biznes aparmaq üçün 
						çox gözəl ölkə kimi tanınır. Təsadüfi deyil ki, aparıcı 
						maliyyə qurumlarının reytinqlərində Azərbaycanda 
						iqtisadi islahatlarla bağlı çox müsbət rəy vardır. 
						İqtisadiyyatımızın rəqabətqabiliyyətliliyi artır. 
						Aparıcı reytinq agentlikləri bizim kredit 
						reytinqlərimizi yüksək səviyyədə saxlayır. Biz bu gün 
						xarici maliyyə bazarlarından istənilən məbləğdə vəsait 
						cəlb edə bilərik və bunu artıq bu yaxınlarda etmişik. 
						Çox məhdud sayda etmişik. Ancaq tələbat və ya sifariş 
						təklif etdiyimiz imkanlardan təqribən 4-5 dəfə artıq 
						olmuşdur. Biz ən məqbul şərtlərlə əlavə maliyyə 
						resursları cəlb etmişik. 
						
						Bizim maliyyə vəziyyətimiz, ümumiyyətlə, belədir ki, 
						beynəlxalq bazarlardan istənilən məbləğdə limitsiz, 
						məhdudiyyətsiz, kredit resursları ala bilərik. Sadəcə 
						olaraq, bunu böyük dərəcədə etmirik. Çünki buna ehtiyac 
						yoxdur. Ancaq bu gün Azərbaycan xarici borcun 
						səviyyəsinə görə, deyə bilərəm ki, dünyada aparıcı 
						yerlərdədir. Xarici borc ümumi daxili məhsulun cəmi 8 
						faizini təşkil edir. Bu, dünya miqyasında bəlkə də ən 
						aşağı göstəricidir, bəlkə onlardan biridir. 
						
						Bir sözlə, bu gün bizim öz maliyyə imkanlarımız vardır. 
						Onları biz yaratmışıq, gərgin iş, düşünülmüş siyasət 
						nəticəsində, enerji sektorunun inkişafı sayəsində. Eyni 
						zamanda, biz bu gün istənilən məbləği ölkə 
						iqtisadiyyatına cəlb edə bilərik. Ancaq bir daha demək 
						istəyirəm və hesab edirəm ki, xarici borcumuzun ümumi 
						daxili məhsulumuzda səviyyəsi bir rəqəmlə ölçülməlidir. 
						Bu gün bu, 8 faizdir. Yəni, bu səviyyədə qalsa, hesab 
						edirəm ki, gələcək üçün də və imkanlarımızın 
						genişlənməsi üçün də bu, məqbul bir səviyyədir. 
						
						Azərbaycan birinci rübdə beynəlxalq siyasətlə bağlı öz 
						mövqelərini dünyada daha da möhkəmləndirmişdir. 
						Azərbaycan beynəlxalq aləmdə çox etibarlı tərəfdaş kimi 
						tanınır. Bizim xarici siyasətimiz açıqdır, 
						prinsipialdır, ədalətə, beynəlxalq hüquqa söykənir. Bu 
						prinsipiallıq və hər bir məsələ ilə bağlı mövqeyimizin 
						sərgilənməsi, əlbəttə ki, Azərbaycana əlavə rəğbət 
						yaradır. Bəzi beynəlxalq məsələlərlə bağlı dünya 
						ictimaiyyətinin əksəriyyəti mövqe bildirməkdən çəkinir. 
						Biz buna qiymət vermək fikrində deyilik. Ancaq 
						Azərbaycan hər bir məsələ ilə bağlı prinsipial mövqe 
						nümayiş etdirir. Bu mövqe ilk növbədə, beynəlxalq 
						hüququn norma və prinsiplərinə əsaslanır. Beynəlxalq 
						hüququn norma və prinsipləri əsas şərt olmalıdır. Çünki 
						bugünkü beynəlxalq aləm bu prinsiplər üzərində 
						qurulubdur. Əgər bunlar pozulursa, onda bütün beynəlxalq 
						əməkdaşlıq və münasibətlər mexanizmi pozulur. Beynəlxalq 
						aləmdə bax bu prinsipial mövqe əlbəttə ki, bizə böyük 
						rəğbət yaradır. Azərbaycan müstəqil, prinsipial ölkə 
						kimi öz mövqelərini daha da möhkəmləndirir. Beynəlxalq 
						təşkilatlarda ölkəmiz haqqında bu düzgün təsəvvür 
						gələcəkdə bizə əlavə imkanlar yaradacaqdır. 
						
						Birinci rübdə mən Davos Dünya İqtisadi Forumunda iştirak 
						etmişəm. Deyə bilərəm ki, Azərbaycan bu forumda 10 ilə 
						yaxındır ki, iştirak edir. Bu forum həm orada müzakirə 
						olunan məsələlər baxımından, eyni zamanda, təmaslar 
						nöqteyi-nəzərindən hesab edirəm ki, dünyada birinci 
						forumdur. Bu, təkcə iqtisadi forum deyil, eyni zamanda, 
						siyasi forumdur. Bu forumda iştirak, mövqeyimizin 
						nümayiş etdirilməsi və izahı hesab edirəm ki, çox önəmli 
						məsələdir. Eyni zamanda, ilin əvvəlində mənim NATO-ya 
						səfərim olmuşdur. Artıq mən bir neçə dəfə NATO-ya səfər 
						etmişəm. Bu səfər də çox müsbət olmuşdur. Bizim 
						ikitərəfli əlaqələrimiz müsbətdir. Gələcək əməkdaşlıq 
						haqqında fikir mübadiləsi aparılıbdır. Enerji 
						təhlükəsizliyində sülhməramlı missiyalarda Azərbaycanın 
						iştirakı və onun payı təqdirlə qarşılanır. 
						
						Azərbaycan beynəlxalq təşkilatlarla uğurla əməkdaşlıq 
						edir. Biz müxtəlif beynəlxalq təşkilatların üzvüyük. Bir 
						neçə təşkilatla sıx əməkdaşlıq edirik. Hesab edirəm ki, 
						bu siyasət də bizə əlavə dividendlər gətirir. Eyni 
						zamanda, ilin birinci rübündə mən Dünya Nüvə Sammitində 
						iştirak etmişəm. Azərbaycanın bu sammitdə iştirakı 
						xüsusi məna daşıyır. Çünki biz təbii ki, nüvə dövləti 
						deyilik. Eyni zamanda, bizdə atom elektrik stansiyaları 
						da yoxdur. Ancaq ölkəmizin önəmi, bölgədə və dünyada 
						oynadığı rol əlbəttə ki, Azərbaycana sammitdə iştirak 
						edən ölkələrin sırasında olmaq üçün şərait yaratmışdır. 
						Bu sammitdə həm açıq, həm qapalı hissələrdə də çox 
						önəmli məsələlər müzakirə edilmişdir. Dünyada 
						təhlükəsizliyin təmin edilməsi məsələləri əlbəttə ki, 
						indi dünya gündəliyinin birinci sıralarındadır. 
						Azərbaycan bu sahədə də öz töhfəsini verir və 
						verəcəkdir. Bildiyiniz kimi, biz BMT Təhlükəsizlik 
						Şurasında sədrlik edən zaman məhz terrorizmə qarşı 
						mübarizə mövzusu ilə bağlı müzakirələr təşkil etmişdik. 
						
						Birinci rübdə ikitərəfli formatda çoxsaylı təmaslarım 
						olmuşdur. İndi Azərbaycana müxtəlif qitələrdən gələn 
						nümayəndə heyətlərinin sayı getdikcə artır. Bizimlə 
						əməkdaşlıq etmək istəyənlərin sayı artır. Eyni zamanda, 
						yüksək səviyyəli qarşılıqlı səfərlər olmuşdur. 
						Türkiyənin Baş naziri Azərbaycanda səfərdə olmuşdur. 
						Bələdiyyə seçkilərindən sonra bu, Baş nazirin ilk səfəri 
						idi. Bizim dostluq, qardaşlıq və strateji tərəfdaşlıq 
						münasibətləri bu səfər əsnasında bir daha təsdiqləndi. 
						
						Eyni zamanda, bu yaxınlarda mən İran İslam 
						Respublikasına rəsmi səfər etmişəm. Bu səfər də çox 
						uğurlu idi. Bu səfər zamanı imzalanan sənədlər, aparılan 
						danışıqlar, fikir mübadiləsi bizim münasibətlərimizi 
						daha da yüksək səviyyəyə qaldıracaqdır. Deyə bilərəm ki, 
						bu səfərin çox böyük əhəmiyyəti vardır. Çünki səfər 
						zamanı biz dostluq və səmimi əməkdaşlıq şəraitində bir 
						çox məsələlərə aydınlıq gətirdik. Bir fikri ifadə etdik 
						ki, bundan sonra da İran-Azərbaycan əlaqələri ancaq 
						yüksələn xətlə inkişaf etməlidir. Hökumətlərarası birgə 
						komissiyanın yeni formatı müəyyən edilir, yaxın 
						zamanlarda tam şəkildə formalaşacaqdır. Bütün 
						istiqamətlər üzrə çox fəal iş aparılacaqdır. 
						
						Ümumiyyətlə, deyə bilərəm ki, biz həm beynəlxalq 
						təşkilatlarla fəal əməkdaşlıq edirik, eyni zamanda, 
						qonşu ölkələrlə əlaqələrimiz ənənəvi olaraq çox 
						müsbətdir, yaxındır. Bizim beş qonşumuz vardır. Onlardan 
						biri Ermənistandır 
						
						- 
						işğalçı dövlətdir, düşməndir. Dördü isə dostdur. Dost 
						qonşularımızla əlaqələr bizim üçün prioritet məsələdir. 
						Hesab edirəm ki, hər bir ölkə üçün onun qonşuları ilə 
						münasibətləri xüsusi məna daşıyır. Bizi qonşularımızla 
						tarix, keçmiş bağlayır. Bu gün biz müstəqil dövlətlər 
						kimi ikitərəfli əlaqələrimizi dostluq, əməkdaşlıq, 
						bir-birinin işinə qarışmamaq prinsipləri üzərində 
						qururuq. Əminəm ki, bu münasibətlərin inkişafı hər bir 
						ölkə üçün gələcəkdə böyük fayda verəcəkdir. 
						
						Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan regional 
						müstəvidə iki üçtərəfli formatın təşəbbüskarı olmuşdur. 
						Bu formatlar artıq neçə ildir ki, fəaliyyət göstərir. 
						Azərbaycan-İran-Türkiyə formatı. Xarici işlər nazirləri 
						mütəmadi qaydada görüşürlər. Eyni zamanda, 
						Azərbaycan-Gürcüstan-Türkiyə formatı. Burada həm 
						iqtisadi, həm də siyasi blok artıq format kimi 
						formalaşıb. Bu, bizim təşəbbüsümüz olmuşdur. Hesab 
						edirəm ki, çox düşünülmüş və müdrik təşəbbüs idi. 
						Azərbaycan hər iki formatda fəal iştirak edir. 
						
						Beynəlxalq məsələlərlə bağlı bizim əsas məsələmiz 
						Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin 
						həllidir. Əfsuslar olsun ki, birinci rübdə bu 
						istiqamətdə heç bir irəliləyiş olmamışdır. Baxmayaraq 
						ki, keçən ilin sonlarında vasitəçilərin müəyyən nikbin 
						fikirləri olmuşdur. Ancaq onlar özünü doğrultmur. Bu gün 
						biz yenə də onun şahidiyik ki, Ermənistan sadəcə olaraq 
						vaxt uzatmaqla məşğuldur. Nə hərb, nə sülh vəziyyətini 
						saxlamaq istəyir və beynəlxalq vasitəçilər əfsuslar 
						olsun ki, onlara ciddi təzyiq etmirlər. 
						
						Əslində çoxdan Ermənistana qarşı beynəlxalq sanksiyalar 
						tətbiq edilməli idi. Çünki Ermənistan artıq iyirmi ildir 
						ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan 
						ərazisini işğal altında saxlayır. Dinc əhaliyə qarşı 
						soyqırımı törətmişdir. Xocalı soyqırımını törətmişdir. 
						Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılıbdır. 
						BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi pozulur. 
						Yəni, heç bir başqa buna oxşar halda bu qədər 
						ədalətsizlik və qanun pozuntusu olmamışdır. Beynəlxalq 
						normalar pozulur. BMT Təhlükəsizlik Şurasının 
						qətnamələri icra edilmir. Digər beynəlxalq təşkilatların 
						- Avropa Şurası, Avropa Parlamenti, ATƏT, İslam 
						Əməkdaşlıq Təşkilatının qətnamələri icra edilmir. Onlara 
						məhəl qoyulmur. Minlərlə Azərbaycan vətəndaşı həlak 
						olubdur. Bizə qarşı soyqırımı törədilibdir. Nəticə 
						etibarilə Ermənistana qarşı heç bir sanksiya tətbiq 
						edilmir. 
						
						Sual olunur nə üçün? Nə vaxta qədər biz bu ikili 
						standartlarla üzləşəcəyik? Bunun səbəbi nədir? Nə üçün 
						qondarma "Dağlıq Qarabağ respublikası"nın rəhbərləri 
						sanksiyalardan əziyyət çəkmir? Nə üçün onlara qarşı 
						sanksiyalar tətbiq olunmur? Bu, ədalətsizlikdir, ikili 
						standartlardır. Ona görə biz beynəlxalq münasibətlərdə 
						ikili standartlara qarşı öz etiraz səsimizi ucaldırıq. 
						Bizimlə əməkdaşlıq edən Qərb ölkələrinin rəhbərlərindən 
						xahiş edirik ki, qondarma "Dağlıq Qarabağ 
						respublikası"nın "rəhbərləri"ni öz ölkələrinə 
						buraxmasınlar. Onlara qarşı sanksiyalar tətbiq edilsin. 
						Onlar gedib qanunsuz telemarafonlar keçirirlər, pullar 
						yığırlar. Sonra o pulları bizim əleyhimizə istifadə 
						edirlər. Onların "rəhbərləri"ni Qərbin aparıcı 
						ölkələrində qəbul edirlər. Vizalar verilir, onlar orada 
						"nümayəndəliklər" açırlar, gedib-gəlirlər. Nə üçün? 
						
						Hesab edirəm, vaxt gəlib çatıb ki, biz bu məsələ ilə 
						bağlı fikrimizi daha da açıq şəkildə ifadə edək. Biz bu 
						ikili standartlardan yorulmuşuq. Bu qədər ədalətsizliyə 
						dözmək mümkün deyildir. 
						
						Nə üçün təcavüzkar bu günə qədər qınaq obyektinə 
						çevrilməyib?! Nə üçün Avropa Şurası Parlament 
						Assambleyasında Ermənistan nümayəndə heyətinin 
						səlahiyyətlərini dayandırmaq məsələsi müzakirə edilmir?! 
						Biz bu məsələni dəfələrlə qaldırmışıq. Yadımdadır ki, 
						hələ 2001-ci ildə mən Azərbaycan Milli Məclisinin 
						AŞPA-dakı nümayəndə heyətinin rəhbəri kimi, dəfələrlə bu 
						məsələni qaldırmışam. Buna heç kim heç bir reaksiya 
						vermir. Deyirlər, gedin razılaşın, gedin danışın, sülh 
						yolu ilə həll edin bunu. Bizə qarşı etnik təmizləmə 
						aparılmışdır, soyqırımı törədilmişdir. Azərbaycanlılar 
						Dağlıq Qarabağdan qovulandan sonra orada dırnaqarası 
						referendum keçirilmişdir. Hesab edilir ki, bu məqbuldur. 
						Buna dözmək mümkün deyildir. Bizə qarşı olan 
						ədalətsizliyi faktlarla, dəlillərlə ifşa etməliyik. 
						Hesab edirəm ki, bu prinsipial mövqe həm ədaləti bərpa 
						edəcək, həm də ki, riyakar siyasəti ifşa edəcəkdir. 
						
						Bizə qarşı riyakar siyasət, ikili standart siyasəti 
						davam edir. Biz isə bununla heç vaxt barışmayacağıq. O 
						ki, qaldı münaqişənin həllinə, heç kim üçün sirr deyil, 
						bu gün dünyada əsas amil güc amilidir. Bu, reallıqdır. 
						Ona görə biz daha da güclü olmalıyıq və ilk növbədə 
						hərbi gücümüzü artırmalıyıq. Bir daha bu məsələni 
						müzakirə edərkən görürük ki, biz nə qədər düzgün addım 
						atmışıq, ordu quruculuğu prosesini daim diqqət 
						mərkəzində saxlamışıq. Uzun illər ərzində alınan 
						silahlar, texnikalar, sursatlar bu gün bizim gücümüzü 
						böyük dərəcədə artırmışdır. 
						
						Bu gün Azərbaycan Ordusunda olan texnika ən güclü 
						ordulardan da geri qalmır. Eyni zamanda, bu yaxınlarda 
						Naxçıvanda olarkən oradakı yeni texnikanın nümayişi də 
						göstərir ki, Naxçıvan ordusu da bu gün dünya ordularında 
						olan ən müasir texnikaya malikdir. Artıq orada həm 
						müasir artilleriya qurğuları, döyüş və nəqliyyat 
						helikopterləri, tank əleyhinə qurğular, hava hücumuna 
						qarşı qurğular, ən müasir "T-72", "T-90" tankları və 
						digər hərbi silah-sursat vardır, daha da artacaqdır. Biz 
						daha da güclü olmalıyıq və olacağıq. 
						
						Sonra iclas müzakirələrlə davam etdirildi. 
						
						Vergilər naziri Fazil Məmmədov bildirdi ki, ümummilli 
						lider Heydər Əliyev tərəfindən təməli qoyulan 
						sosial-iqtisadi inkişaf kursunun Prezident İlham 
						Əliyevin rəhbərliyi ilə davam etdirilməsi ölkəmizin 
						iqtisadi sahədə böyük uğurlara imza atmasına zəmin 
						yaratmışdır. Bu fakt beynəlxalq reytinq agentliklərinin 
						hesabatlarında da əksini tapıb. 
						
						Azərbaycanın strateji valyuta ehtiyatlarının artdığını 
						və bütün bunların ölkədə sabit iqtisadi bazanı daha da 
						möhkəmləndirdiyini diqqətə çatdıran Fazil Məmmədov dedi: 
						
						 Azərbaycan 
						Respublikasının vergilər naziri Fazil Məmmədovun çıxışı 
						
						 - Son illər maliyyə sabitliyi indeksinin dünyanın əksər 
						ölkələrində mənfi saldo üzrə qeydə alınmasına 
						baxmayaraq, Azərbaycanda makroiqtisadi sabitlik qorunub 
						saxlanılmış, hesabat dövründə iqtisadiyyatın davamlı 
						inkişafı nəticəsində ÜDM-in həcmi 2013-cü ilin müvafiq 
						dövrü ilə müqayisədə 2,5 faiz artaraq 13 milyard 150,7 
						milyon manat, qeyri-neft sahəsi üzrə isə 8,8 faiz 
						artaraq 7 milyard 204,3 milyon manat təşkil etmişdir. 
						Əhalinin ümumi gəlirlərinin 4,5 faiz artması fonunda 
						inflyasiyanın səviyyəsi cəmi 2 faiz olmuşdur. 
						
						Hesabat dövründə dövlət büdcəsinin mədaxili 106,1 faiz 
						yerinə yetirilməklə büdcəyə səfərbər edilmiş 4 milyard 
						482,7 milyon manat vəsaitin 1 milyard 762,9 milyon 
						manatı Vergilər Nazirliyinin, 330,4 milyon manatı Dövlət 
						Gömrük Komitəsinin, 2 milyard 342,6 milyon manatı isə 
						Dövlət Neft Fondunun hesabına təmin edilmişdir. Dövlət 
						Neft Fondundan edilən transfertlər istisna olmaqla 
						dövlət büdcəsinə daxilolmaların 36,7 faizi neft-qaz 
						sektorunun, 63,3 faizi isə qeyri-neft-qaz sektorunun 
						payına düşmüşdür. 
						
						Hesabat dövründə dövlət büdcəsinin xərcləri 4 milyard 
						374,3 milyon manat icra edilmişdir. Büdcə xərclərinin 
						21,8 faizi və ya 954,3 milyon manatı sosialyönümlü 
						olmaqla, 2013-cü ilin birinci rübü ilə müqayisədə 58,2 
						milyon manat və ya 6,5 faiz çox təşkil etmişdir. Ötən 
						ilin müvafiq dövrü ilə müqayisədə təhsil xərclərinə 8,5 
						faiz, səhiyyə xərclərinə 18,6 faiz çox vəsait 
						yönəldilmişdir. 
						
						Ölkədə uğurlu investisiya siyasətinin aparılması 
						nəticəsində bütün maliyyə mənbələrindən əsas kapitala 3 
						milyard 125,9 milyon manat vəsait yönəldilmişdir ki, bu 
						da 2013-cü ilin birinci rübü ilə müqayisədə 7 faiz 
						çoxdur. 
						
						Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 1014 
						sahibkara 44,7 milyon manat güzəştli kredit verilmişdir 
						ki, bu kreditlər hesabına da 2400-dən çox yeni iş yeri 
						yaradılmışdır. Ayrılan güzəştli kreditlərin 76,5 faizi 
						aqrar sektorun, 23,5 faizi isə müxtəlif sənaye və digər 
						sahələrin inkişafına yönəldilmişdir. 
						
						Möhtərəm cənab Prezident! 
						
						Dünya ölkələri arasında iqtisadi inkişaf templərinə görə 
						lider mövqedə qərar tutan Azərbaycan üçün xarakterik 
						xüsusiyyətlərdən biri də mövcud tərəqqinin yalnız ölkə 
						paytaxtını deyil, bütün regionları, hər bir bölgəni 
						əhatə etməsidir. 
						
						Regionların sosial-iqtisadi inkişafına dair əvvəlki iki 
						dövlət proqramının icra olunduğu 10 il ərzində 
						regionlarda qeydiyyata alınan sahibkarlıq subyektlərinin 
						sayı 7,2 dəfə, vergi daxilolmaları 12,7 dəfədən çox 
						artmışdır. Respublikanın şəhər və rayonları üzrə vergi 
						gəlirlərinin artımı artıq Sumqayıt, Şirvan, Mingəçevir 
						şəhərlərinə, eləcə də Abşeron və İmişli rayonlarına öz 
						xərclərini tamamilə yerli gəlirlər hesabına təmin etməyə 
						imkan yaratmışdır. 
						
						Hesabat dövründə müvafiq fərman və sərəncamlarınız ilə 
						təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 
						2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət 
						Proqramı" və "2014-2016-cı illərdə Bakı şəhərinin və 
						onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair 
						Dövlət Proqramı" ölkəmizin bütün bölgələrinin hərtərəfli 
						inkişafı sahəsində məqsədyönlü siyasətin davamı olmaqla, 
						yeni müəssisələrin və iş yerlərinin yaranmasında, 
						irimiqyaslı infrastruktur layihələrinin həyata 
						keçirilməsində müstəsna rol oynayacaqdır. 
						
						Təkcə bu ilin birinci rübündə regionlarda 100-ə yaxın 
						sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi 
						fəaliyyətə başlamış, 500-dək müəssisənin isə tikintisi 
						davam etdirilir. 
						
						Möhtərəm cənab Prezident! 
						
						"Ölkəmizin ən böyük sərvəti onun insanlarıdır" 
						sözləriniz və maliyyə kapitalının insan kapitalına 
						çevrilməsi istiqamətində həyata keçirdiyiniz ardıcıl 
						siyasət, sağlam və təhsilli gənc nəslin yetişdirilməsi 
						ilə bağlı qəbul etdiyiniz qərarlar cəmiyyətdə böyük 
						rəğbətlə qarşılanmışdır. Gənc nəslin sağlam böyüməsi 
						yolunda Heydər Əliyev Fondunun əvəzsiz fəaliyyəti, 
						habelə ən müasir standartlar səviyyəsində yeni uşaq 
						bağçaları və körpələr evlərinin tikintisi və 
						köhnələrinin təmiri xüsusilə təqdirəlayiqdir. 
						Tərəfinizdən həyata keçirilən təhsil və inkişaf 
						strategiyasının davamı olaraq cari ilin yanvarın 1-dən 
						məktəbəqədər təhsil müəssisələri, uşaq bağçaları və 
						körpələr evləri 10 il müddətinə bütün vergilərdən azad 
						edilmişdir. 
						
						Əhalinin sosial problemlərinin həlli, o cümlədən 
						vətəndaşlara geniş çeşidli xidmətlərin göstərilməsi, 
						bürokratik əngəlləri aradan qaldırmaqla vətəndaş-dövlət 
						münasibətlərində şəffaflığın və "vətəndaş məmnunluğunun" 
						təmin edilməsi məqsədilə bilavasitə müəllifi olduğunuz 
						"ASAN xidmət" konsepsiyası, möhtərəm cənab Prezident, 
						Sizin də qeyd etdiyiniz kimi, müasir Azərbaycanın 
						brendinə çevrilmişdir. "ASAN xidmət" mərkəzlərinin 
						fəaliyyəti dövründə 1 milyondan çox vətəndaşa 
						keyfiyyətli xidmətlər göstərilmişdir. 
						
						Cari ilin fevral ayında Avropa Parlamentində Azərbaycan 
						Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət 
						və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Vergilər, 
						Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin birgə 
						təşkilatçılığı ilə "İnnovasiya və Mobil imza-Avropa ilə 
						yeni rəqəmsal inteqrasiya vasitəsi kimi" mövzusunda 
						keçirilən konfransda ilk dəfə olaraq elektron imzalar 
						vasitəsilə Vergilər Nazirliyinin və Estoniyanın 
						Sertifikat Mərkəzləri arasında Anlaşma Memorandumu 
						imzalanmışdır ki, bu da 2013-cü ilin may ayından 
						etibarən Vergilər Nazirliyinin Asan Sertifikat 
						Xidmətləri Mərkəzi (ASXM) tərəfindən verilən müasir 
						tipli Mobil imzanın "Asan İmza"nın beynəlxalq 
						əməliyyatlarda tanınmasına və ölkələr arasında sərhədsiz 
						rəqəmsal inteqrasiyaya nail olmağa imkan verir. 
						
						Elektron xidmətlərin dairəsinin daha da 
						genişləndirilməsi və mütərəqqi ödəniş sistemlərinin 
						tətbiqi məqsədilə imzaladığınız daha bir fərmanla "Asan 
						ödəniş" sisteminin yaradılması barədə müvafiq 
						tapşırıqlar verilmişdir. Azərbaycan Respublikasının 
						Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial 
						İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Vergilər 
						Nazirliyinin birgə həyata keçirdiyi bu layihənin 
						nəticəsi olaraq inzibati cərimələrin və məhkəmə qərarı 
						ilə ödənilməli olan vəsaitlərin onlayn rejimdə 
						ödənilməsi vətəndaş-məmur münasibətlərini minimuma 
						endirəcək, ölkə vətəndaşlarının bütün sahələrdə Sizin 
						diqqət və qayğınızla əhatə olunmasının daha bir bariz 
						nümunəsi olacaqdır. 
						
						Ölkəmizdə maliyyə əməliyyatlarının şəffaflığının təmin 
						edilməsi və nağd ödənişlərin məhdudlaşdırılması müasir 
						elektron ödəniş xidmətlərinin daha da 
						genişləndirilməsinə zərurət yaradır ki, bu məqsədlə də 
						yaxın bir ildə müəyyən edilmiş meyarlara cavab verən 
						obyektlərdə aidiyyəti banklarla birlikdə quraşdırılacaq 
						POS-terminalların sayının 80 minə çatdırılması nəzərdə 
						tutulmuşdur. 
						
						Möhtərəm cənab Prezident! 
						
						Ölkəmizdə aparılan məqsədyönlü siyasət nəticəsində daha 
						yüksək inkişaf göstəricilərinə malik olan 
						iqtisadiyyatımız əhalinin etibarlı sosial müdafiəsinin 
						əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin etmişdir. 
						
						Bir sıra inkişaf etmiş ölkələrdə işsizliyin sayının 
						artımı fonunda Azərbaycanda iş yerlərinin bağlanması 
						kimi mənfi meyl olmamış, əksinə hesabat dövründə 29 minə 
						yaxın yeni iş yeri açılmışdır. 
						
						Təsadüfi deyil ki, Dünya Bankının adambaşına düşən Ümumi 
						Milli Gəlir təsnifatına görə Azərbaycan "yuxarı orta 
						gəlirli" ölkələr kateqoriyasına aid edilmişdir. 
						
						"Azərbaycan Respublikasının Əmək Məcəlləsində 
						dəyişikliklər edilməsi haqqında" Qanununun tətbiqi 
						barədə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 
						3 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş Əmək 
						Məcəlləsinə olan dəyişikliklər vətəndaşların əmək 
						hüquqlarının qorunmasına və layiqli pensiya təminatına 
						olan dəstəyinizi bir daha sübut etmişdir. Əmək 
						müqaviləsinin elektron informasiya sistemində elektron 
						qaydada qeydiyyata alınması əmək hüquqlarının qorunması 
						ilə yanaşı, qeyri-leqal məşğulluğun aradan 
						qaldırılmasına, bu sahədə elektron nəzarət sisteminin 
						qurulmasına imkan verəcəkdir. 
						
						Fazil Məmmədov sahibkarlığın inkişafına göstərilən 
						dövlət qayğısından danışaraq bu istiqamətdə xüsusi 
						dövlət proqramlarının icra olunduğunu söylədi. Vergilər 
						naziri "Sənaye ili" çərçivəsində vergi güzəştlərinin 
						tətbiqinin sənayenin inkişafına töhfə verəcəyinə 
						əminliyini ifadə etdi. 
						
						
						*** 
						
						Dünyada hökm sürən iqtisadi və maliyyə böhranı dövründə 
						iqtisadiyyatımızın daha da gücləndiyini, ölkəmizin 
						enerji sahəsində yeni uğurlara imza atdığını bildirən 
						energetika naziri Natiq Əliyev dedi: 
						
						
						Azərbaycan Respublikasının energetika naziri Natiq 
						Əliyevin çıxışı  
						
						- Hesabat dövründə keçən ilin müvafiq dövrü ilə 
						müqayisədə bütün mənbələr hesabına ölkə iqtisadiyyatına, 
						xüsusilə mədənçıxarma və emal sənayesinə əsas kapitala 
						yönəldilən vəsaitin həcmi artımla müşayiət olunmuşdur. 
						İnkişaf edən Azərbaycanın iqtisadi gücünün və beynəlxalq 
						nüfuzunun artmasında energetika kompleksinin mühüm və 
						həlledici rolu vardır, bu sahə inkişafının yüksək 
						səviyyəli dövrünü yaşayır. 
						
						Ölkənin neft-qaz və energetika sahəsinə böyük həcmli 
						investisiyaların qoyulması və müasir texnologiyaların 
						tətbiqi nəticəsində respublikamızda bu sahədə böyük 
						nailiyyətlər əldə olunmuşdur. Hesabat dövründə 10 milyon 
						562 min ton xam neft, 7 milyard 677 milyon kubmetr təbii 
						qaz hasil edilmişdir. Bu da 2013-cü ilin müvafiq dövrü 
						ilə müqayisədə 255 min ton xam neft və 557 milyon 
						kubmetr qaz çoxdur. 2014-cü il yanvarın 29-da 
						"Azəri-Çıraq-Günəşli" (AÇG) dəniz yataqlar blokunun 
						tammiqyaslı işlənməsi proqramı çərçivəsində yeni 
						istismara verilmiş "Qərbi Çıraq" platformasından ilk 
						neft hasil olunmuşdur və bu əlamətdar hadisə müasir neft 
						tariximizin növbəti uğuru kimi qiymətləndirilməlidir. 
						"Qərbi Çıraq" platforması dənizin 170 metr dərinliyində 
						quraşdırılmışdır və onun layihə gücü gündəlik 25 min ton 
						xam neft və təxminən 8 milyon kubmetr qaz hasil etmək 
						potensialına malikdir. İldə bu platformadan təxminən 8,2 
						milyon ton neft və 2,8 milyard kubmetr qaz hasil 
						ediləcəkdir. Hasilata başlamış və yeni texnologiyalar 
						üzərində inşa edilmiş bu platforma gələcəkdə hələ uzun 
						illər boyunca dünya səviyyəli qurğu kimi Azərbaycanda 
						neft hasilatının həcminin sabit səviyyədə saxlanılmasını 
						təmin edəcəkdir. 
						
						Məruzə etmək istərdim ki, Sizin "Azəri-Çıraq-Günəşli" 
						yataqlarında 2011-2012-ci illərdə neft hasilatının 
						həcminin kəskin surətdə azalması ilə əlaqədar 
						"bp-Azərbaycan" şirkətinin rəhbərliyinin ünvanına 
						söylədiyiniz haqlı tənqid və iradlarınız, habelə texniki 
						problemlərin tezliklə aradan qaldırılması üçün lazımi 
						tədbirlərin görülməsi haqqında verdiyiniz ciddi 
						tapşırıqlar müsbət nəticələnmişdir. Belə ki, 2013-cü 
						ilin yekun nəticələrinə əsasən AÇG yataqlarından 30 
						milyon 623 min ton proqnoz göstəricilərinə qarşı 32 
						milyon 717 min ton və ya 2,1 milyon ton xam neft artıq 
						hasil edilmişdir. Bu ilin birinci rübündə isə 7 milyon 
						694 min ton neft əvəzinə 7 milyon 908 min ton neft hasil 
						olmuşdur ki, bu da proqnozda nəzərdə tutulandan 214 min 
						ton çoxdur. 
						
						Möhtərəm cənab Prezident! 
						
						Zati-alilərinizin uğurla həyata keçirilən enerji 
						siyasəti nəticəsində respublikamızın təbii qazla 
						təchizatı sahəsində mühüm irimiqyaslı praktiki işlər 
						görülmüşdür və davam etməkdədir. 
						
						Energetika Nazirliyi tərəfindən "Qazdan istifadə 
						Qaydaları"nın hazırlanması, təsdiq və tətbiq edilməsi 
						ölkə ərazisində qazlaşdırma prosesinin nizamlanması və 
						təkmilləşdirilməsi üçün mühüm rol oynamışdır. 
						
						Həyata keçirilən tədbirlər sayəsində qaz və elektrik 
						enerjisi ilə təmin olunan əhali abunəçilərinin sayı 
						ildən-ilə artmışdır. Qazla təmin edilən rayonların sayı 
						67-yə çatdırılmış, müxtəlif bölgələrdə qaz təminatı 
						bərpa edilmiş və nəticədə əhalinin əvvəllər külli 
						məbləğdə digər yanacaq növünün əldə edilməsinə 
						yönəldilmiş xərcləri kəskin şəkildə, yəni dəfələrlə 
						azaldılmışdır. Hazırda respublikada təbii qazla təmin 
						olunan abonentlərin sayı 1 milyon 677 minə çatmışdır, 
						sayğaclaşdırmanın səviyyəsi isə 99 faizə yüksəlmişdir. 
						Eyni zamanda, respublika ərazisində "SMART" tipli 
						sayğacların quraşdırılması davam edir və bu günədək 500 
						mindən artıq bu tipli sayğaclardan istifadə edilir. 
						Bunun nəticəsində enerji haqqının yığımı son illərlə 
						müqayisədə 2,1 dəfə artaraq 93,3 faiz olmuşdur. 
						
						Məmnunluq hissi ilə bildirirəm ki, Sizin imzaladığınız 
						"Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin 
						inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı" və 
						"Azərbaycan Respublikasında elektrik enerjisi 
						təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər 
						haqqında" sərəncamlarınız milli energetikamızda yeni 
						eranın başlanğıcını qoymuşdur. Müasir qaz-turbin tipli 
						"Şimal" Elektrik Stansiyasının istifadəyə verilməsi, 
						respublikanın müxtəlif bölgələrində modul tipli elektrik 
						stansiyalarının tikilməsi, buxar-qaz tipli "Sumqayıt" və 
						"Cənub" elektrik stansiyalarının istifadəyə verilməsi 
						son beş il ərzində Azərbaycan energetika sisteminin 
						generasiya gücünü 30 faizə yaxın artırmış və 
						yeniləşdirmişdir. Hazırda bu göstərici 7105 meqavata 
						çatdırılmışdır ki, bu da orta hesabla 24 milyard 
						kilovat-saat elektrik enerjisi istehsal etməyə və 2,1 
						milyard kilovat-saata qədər elektrik enerjisinin 
						ixracına imkan yaradır. 
						
						Bununla əlaqədar xüsusi vurğulamaq istərdim ki, 
						energetika sistemində izafi güc hesabına qərb-şərq və 
						şimal-cənub energetika dəhlizləri vasitəsilə neft və 
						təbii qazın ixracı ilə yanaşı, elektrik enerjisinin də 
						Avropa, Rusiya və İran istiqamətində ötürülməsi 
						respublika üçün çox vacibdir. Bu məqsədlə qonşu 
						dövlətlərin energetika sistemləri ilə əlaqələrin 
						gücləndirilməsi üçün "Azərenerji" ASC tərəfindən İran 
						ilə cənubda, Rusiya ilə şimalda və Gürcüstan ilə qərb 
						istiqamətində yeni enerji təsərrüfat obyektləri 
						quraşdırılmışdır. Azərbaycan-Gürcüstan-Türkiyə elektrik 
						enerjisi verilişi dəhlizi yaradılaraq, Qərbi Avropa 
						ölkələri ilə enerji mübadiləsinin təşkili istiqamətində 
						2014-cü ildən başlayaraq 350 meqavat, 2015-ci ildən isə 
						700 meqavat güc ötürmək imkanı yaranacaqdır. Yüksək 
						diqqətinizə çatdırmaq istərdim ki, bununla əlaqədar 
						Energetika Nazirliyi tərəfindən sadaladığım ölkələrlə 
						müvafiq hökumətlərarası sənədlər hazırlanıb 
						imzalanmışdır. 
						
						2014-cü il fevralın 5-də regionların sosial-iqtisadi 
						inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş 
						konfransda Sizin, cənab Prezident, tərəfinizdən verilmiş 
						tapşırıqların yerinə yetirilməsi üçün Energetika 
						Nazirliyi ölkədə enerji potensialına tələbatın daim 
						qabaqlanması və bunun üçün gələcəkdə elektrik 
						stansiyalarının tikilməsi, elektrik təsərrüfatının 
						yeniləşməsi, qazlaşdırılmanın 95-98 faizə çatdırılması 
						məqsədilə təkliflər və onların əsasında inkişaf 
						proqramları işləyib hazırlamışdır. 
						
						"Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər 
						haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü 
						il 3 mart tarixli fərmanının icrasını təmin etmək 
						məqsədilə Energetika Nazirliyi elektrik təchizatı 
						şəbəkəsinə qoşulma sahəsində sənədlərin elektron qaydada 
						təşkilinin prosedur, müddət və xərclərin azalması üçün 
						mövcud qanunvericiliyə dəyişikliklər edilməsi barədə bir 
						sıra təkliflər hazırlayıb Nazirlər Kabinetinə təqdim 
						etmişdir. 
						
						Hörmətli iclas iştirakçıları! 
						
						Son illər ölkəmizdə enerji səmərəliliyi, alternativ və 
						bərpa olunan enerji mənbələrindən istifadə istiqamətində 
						aparılan tədbirlər dövlətimizin başçısının diqqət 
						mərkəzindədir. Enerji resurslarından səmərəli və 
						qənaətlə istifadə edilməsinə lazımi şəraitin yaradılması 
						mühüm amilə çevrilir. Aparılan araşdırmalardan aydın 
						olur ki, respublikamızda bu sahədə enerji resurslarına 
						ümumi tələbatın təxminən 40 faizinə qənaət etmək 
						potensialı vardır, həmçinin bu tədbirlərin həyata 
						keçirilməsi ekoloji mühitin qorunmasına müsbət təsir 
						edəcəkdir. Əldə etdiyimiz nəticələrə diqqət yetirsək, 
						görürük ki, qənaətcil elektrik stansiyalarının tikilib 
						istifadəyə verilməsi, fiziki cəhətdən köhnəlmiş enerji 
						bloklarının yenidən qurulması, habelə enerjinin 
						istehsalında 97,8 faiz təbii qaz yanacağından istifadə 
						edilməsi nəticəsində son 10 ildə hər kilovat-saat 
						elektrik enerjisinin istehsalına yanacaq sərfi 413 
						qramdan 2013-cü ildə 303,7 qrama qədər azalmışdır. 
						
						Bununla belə, elektrik stansiyalarının adambaşına düşən 
						qoyuluş istehsal gücü yaxın gələcəkdə Azərbaycanın bu 
						göstərici üzrə dünyanın inkişaf etmiş ölkələri 
						səviyyəsinə çatması üçün yeni tikiləcək elektrik 
						stansiyalarının hesabına energetika sisteminin ümumi 
						gücü 10 min meqavatdan yüksək həddə çatdırılmalıdır. Bu 
						səviyyəni təmin etmək üçün əsaslı tikintiyə əlavə 4 
						milyard manat vəsait cəlb edilməlidir. Nəticədə ölkədə 
						adambaşına düşən elektrik enerjisinin həcmi Avropanın 
						inkişaf etmiş ölkələrinin göstəricisi səviyyəsinə qədər 
						yüksəlib 3600 kilovat-saatdan artıq olacaqdır. 
						
						Natiq Əliyev energetika sahəsində fəaliyyətin beynəlxalq 
						normalara və təcrübəyə uyğun qurulması baxımından 
						qanunvericiliyin təkmilləşdirilməsi üçün görüləcək 
						işlərdən bəhs etdi. Energetika Nazirliyində Elektron 
						Hökumət Portalına qoşulma prosesindən danışan Natiq 
						Əliyev nazirlikdə elektron xidmətlərin sayının artdığını 
						dedi, son illərdə enerji layihələri ilə bağlı imzalanan 
						saziş və qəbul olunan qərarların əhəmiyyətini vurğuladı. 
						
						
						*** 
						
						Azərbaycanda təhsil sahəsində qazanılan uğurlardan söz 
						açan təhsil naziri Mikayıl Cabbarov bu sahədə gedən 
						inkişaf proseslərindən, təhsilin inkişafı üzrə dövlət 
						strategiyasının əhəmiyyətindən danışdı. Təhsil 
						ictimaiyyəti adından strategiyanın qəbuluna görə 
						Prezident İlham Əliyevə minnətdarlıq etdi. Bu sənədin 
						insan kapitalının inkişaf etdirilməsi üçün mühüm 
						əhəmiyyətə malik olduğunu bildirərək dedi: 
						
						
						Azərbaycan Respublikasının təhsil naziri Mikayıl 
						Cabbarovun çıxışı 
						
						  
						
						- Hörmətli cənab Prezident! 
						
						Sizin təhsil sektoruna göstərdiyiniz qayğı nəticəsində 
						son 10 ildə ölkəmizdə təhsil infrastrukturunun 
						müasirləşdirilməsi istiqamətində böyük işlər görülmüş, 
						2700-dən çox yeni məktəb tikilmiş, 1 milyondan artıq 
						şagirdin təlim şəraiti yaxşılaşmışdır. Təhsil Nazirliyi 
						tərəfindən ötən il 177 təhsil obyektində cari təmir 
						işləri aparılmış, 370 fizika, kimya və biologiya 
						laboratoriyaları müasir avadanlıqla təchiz olunmuş, 104 
						əmək kabineti üçün tam avadanlıq dəsti və elementlər 
						alınmışdır. Son bir il müddətində Təhsil Nazirliyi üzrə 
						aparılan işlər əvvəlki dövrə nisbətən öz strukturuna, 
						qiymətinə və keyfiyyətinə görə xeyli optimallaşmışdır. 
						Bunun hesabına məktəblər üçün daha çox miqdarda zəruri 
						avadanlığın alınması mümkün olmuşdur. 
						
						İki dövlət proqramının icrası nəticəsində 2004-cü ildə 
						hər 1063 şagirdə bir kompüter düşdüyü halda, hazırda hər 
						18 şagirdə bir kompüter nisbəti təmin olunmuş, 
						məktəblərin 39 faizi İnternet şəbəkəsinə qoşulmuşdur. 
						Təhsilin infrastrukturu ilə bağlı məsələlərin 
						əhəmiyyətli hissəsi həll olunduğu halda, bu gün ölkənin 
						inkişaf tempinin tələblərinə cavab verən keyfiyyətin 
						artırılması, təhsilin məzmununun yenilənməsi, 
						müəllimlərin peşəkarlığının yüksəlməsi ön plana keçir. 
						
						Şəxsiyyətin inkişaf etdirilməsi üçün zəruri olan 
						keyfiyyətlərin formalaşması məktəbəqədər təhsil 
						sistemində baş verir. Bu mənada Heydər Əliyev Fondunun 
						və onun prezidenti Mehriban xanım Əliyevanın yeni 
						təşəbbüsü, məktəbəqədər təhsil müəssisələrinin inkişaf 
						proqramı böyük əhəmiyyətə malikdir. 2005-ci ildə Heydər 
						Əliyev Fondu tərəfindən "Yeniləşən Azərbaycana yeni 
						məktəb" layihəsinin qısa müddət ərzində uğurla icra 
						olunduğu kimi, qeyd edilən layihənin köməyi ilə də 
						mövcud problemlərin aradan qaldırılmasına əminik. 
						
						Dövlət bağçaları şəbəkəsinin genişləndirilməsi ilə 
						yanaşı, bu sahədə özəl sektorun payının artırılması da 
						vacibdir. Məktəbəqədər təhsil müəssisələrinin 10 il 
						müddətinə mənfəət vergisini və sadələşdirilmiş vergini 
						ödəməkdən azad edilməsi özəl sektorun iştirakının 
						stimullaşdırılması yolu ilə məktəbəqədər təhsil ilə 
						əhatə faizini artırmağa imkan yaradır. 
						
						Ötən ildə nazirlik tərəfindən təhsil sistemində 
						şəffaflığın təmin edilməsi, müasir idarəetmə modelinin 
						tətbiqi,  kadr  potensialının səriştə baxımından  
						gücləndirilməsi sahəsində bir sıra tədbirlər həyata 
						keçirilmişdir. Sizin tapşırığınıza əsasən ümumtəhsil 
						məktəblərini bitirən bütün şagirdlərə attestat verilməsi 
						üçün qanunvericilikdə müvafiq dəyişikliklər edilmiş, 
						ötən dərs ilində 90 mindən çox məzunun hamısı attestat 
						almışdır. Bu qərar minlərlə gəncə təhsillərini davam 
						etdirmək üçün yeni imkanlar açdı. 
						
						Hazırda məktəb müəllimlərinin işə qəbulu 
						mərkəzləşdirilmiş imtahan vasitəsilə həyata keçirilir. 
						Ötən il 3286 vakant yer müsabiqəyə çıxarılmışdır. 
						İmtahanlarda 15030 nəfər iştirak etmiş, onlardan 1281 
						nəfər işə qəbul olunmuşdur. Əvvəlki illərdən fərqli 
						olaraq vakant yerlərin sayı artsa da, keçid balı aşağı 
						salınmamış, müəllimlərin peşəkarlığı əsas meyar kimi 
						götürülmüşdür. Bu imtahan, həmçinin müəllimlərin peşə 
						hazırlığında olan boşluqları aşkarlamışdır. İndi müəllim 
						hazırlığı sistemində paradoksal vəziyyət yaranmışdır. 
						Təkcə ali təhsil müəssisələrinin hazırladıqları pedaqoji 
						kadrların sayı real tələbatı təxminən 2 dəfə üstələyir. 
						
						Bundan başqa, təəssüf hissi ilə qeyd etməliyəm ki, 
						sistemin daxilində qanunazidd işə qəbul edilən xeyli 
						sayda insan da vardır. Bu problemin həlli üçün biz həm 
						inzibati tədbirlər görürük, həm də peşə standartları 
						üzərində işləyirik. Müəllimlərin peşəkarlıq səviyyəsinin 
						könüllü əsaslarla yoxlanılması nəzərdə tutulur. 
						Keçiriləcək attestasiya nəticəsində uğur əldə edən 
						müəllimlərə aldıqları dərəcələrə görə 
						diferensiallaşdırılmış əməkhaqqının verilməsi nəzərdə 
						tutulur. Attestasiyadan keçməyən müəllimlər üçün isə 
						təlimlər təşkil olunacaq, növbəti attestasiyaya 
						hazırlaşmaq üçün imkan yaradılacaqdır. 
						
						Əhəmiyyətli yeniliklərdən biri də ucqar kənd 
						məktəblərinə göndərilən müəllimlər üçün həvəsləndirmə 
						tədbirlərinin daha geniş tətbiqidir. Belə ki, ötən 
						illərdə bu tədbirlər 800 yerə tətbiq olunurdusa, 2013-cü 
						ildə həmin yerlərin sayı 2500-ə çatdırılmışdır. Təhsil 
						Nazirliyinin birbaşa tabeliyində olan məktəblərin 
						bazasında xüsusi istedadlı uşaqlar üçün təmayüllü 
						məktəblər şəbəkəsinin yaradılması planlaşdırılır. 
						
						Təhsilin məzmununun təkmilləşdirilməsindən söhbət 
						getdikdə dərslik mövzusuna toxunmamaq olmur. Problemi 
						həll etmək üçün onun kökünə varmaq lazım gəlir. Kökü isə 
						müəllifdir. Daha doğrusu, müəlliflərin az olmasıdır. 
						Buna baxmayaraq, dərslik siyasəti sahəsində də müsbət 
						irəliləyişlər olmuşdur. Görülmüş tədbirlər nəticəsində 
						bu il dərslik yazan müəlliflərin sayı xeyli artmışdır. 
						Gözləyirik ki, bu artım dərsliklərin keyfiyyətinə də öz 
						təsirini göstərəcəkdir. Müəlliflik iddiasında olan 
						mütəxəssisləri dərslik yazmağa təşviq etmək üçün ikinci 
						və üçüncü yer tutan dərslik müəlliflərinə pul 
						mükafatının verilməsini nəzərdə tutmuşuq. 
						
						Yeni atılmış addımlardan biri də məktəb direktorlarının 
						və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan 
						şəxslərin yalnız müsabiqə yolu ilə seçilməsi və peşə 
						təlimlərinə cəlb olunmasıdır. 
						
						Dövlət tərəfindən ölkəmizdə təhsil infrastrukturunun 
						müasirləşdirilməsi istiqamətində işlər davam etdirildiyi 
						bir vaxtda əfsuslar olsun ki, hələ də təhsil 
						müəssisələrinin ərazilərinin kənar şəxslər tərəfindən 
						zəbt olunaraq özbaşına tikinti işlərinin aparılması 
						cəhdləri baş verir. Bu isə məktəb infrastrukturunun 
						genişlənməsi zərurəti yarandıqda əlavə problemlərə 
						gətirib çıxarır. Göstərilən halların qarşısının alınması 
						üçün yerli icra hakimiyyəti orqanları ilə sıx əməkdaşlıq 
						şəraitində təxirəsalınmaz və təcili tədbirlərin 
						görülməsini həyata keçiririk. 
						
						Son 25 ildə ilk dəfə olaraq peşə məktəbləri üçün 11 
						təlim avtomobili və 37 kənd təsərrüfatı texnikası 
						sifariş olunmuş, habelə internat və idman məktəbləri 
						üçün yeni avtobuslar alınmışdır. Əmək bazarının 
						tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanması 
						üçün yerli və xarici tərəfdaşlarla birlikdə peşə təhsili 
						sahəsində yeni layihələrin icrasına başlanmışdır. İki 
						gün bundan əvvəl "Sənaye ili" çərçivəsində Koreya 
						hökuməti və şirkətləri ilə avtomatlaşdırılma, 
						elektronika, avtomobil və inşaat sahələri üçün kadr 
						hazırlayacaq Peşə Tədris Mərkəzinin yaradılması barədə 
						saziş imzalanmışdır. 
						
						Ölkədə insan kapitalının sürətli inkişafı məqsədi ilə 
						Zati-aliləriniz tərəfindən təsdiq olunmuş 2007-2015-ci 
						illərdə Azərbaycan gənclərinin xaricdə təhsilinə dair 
						Dövlət Proqramı çərçivəsində indiyədək 2612 azərbaycanlı 
						gənc Dövlət Neft Fondu hesabına maliyyələşdirilməklə 
						dünyanın tanınmış universitetlərində ali təhsil almağa 
						göndərilmişdir. Dövlət vəsaiti hesabına xaricdə təhsil 
						hətta ən zəngin dövlətlər üçün nadir hadisədir. Müstəqil 
						Azərbaycan üçün bu fakt əsası ümummilli lider Heydər 
						Əliyev tərəfindən qoyulan ənənəni dövlətimizin 
						başçısının davam etdirməsini xalqımızın gələcəyi üçün 
						yönəlmiş tarixi addım kimi dəyərləndirilməlidir. Bu gün 
						proqramın məzunu olmuş 634 nəfərin bir qismi müxtəlif 
						dövlət qurumlarında, ali təhsil müəssisələrində və özəl 
						sektorda məsul vəzifələrdə çalışır, bir qismi isə 
						təhsillərini növbəti səviyyədə uğurla davam etdirirlər. 
						Proqramın icra müddəti növbəti ildə sona çatdığı üçün 
						hazırda tapşırığınızla yeni proqramın layihəsi üzərində 
						iş gedir. Burada prioritet yalnız azərbaycanlı 
						tələbələrin xarici universitetlərə göndərilməsi deyil, 
						göstərişinizə uyğun olaraq, həmçinin xarici 
						mütəxəssislərin, elmi-pedaqoji kadrların Azərbaycanın 
						ali təhsil müəssisələrinə cəlb edilməsi olacaqdır. Eyni 
						zamanda, xarici universitetlərdə dərs deyən azərbaycanlı 
						professorların vətənə qayıtmasını stimullaşdırmaq üçün 
						hazırlıq işi aparılacaqdır. Bununla bağlı xaricdə 
						çalışan elmi-pedaqoji kadrlarımız haqqında məlumat 
						bazasının yaradılmasına başlanmışdır. 
						
						Bugünkü dünya rəqabət dünyasıdır. Uşaqlarımızın gələcək 
						rəqibləri hazırda Çində, ABŞ-da, Çilidə və istənilən 
						digər ölkədə böyüyürlər. Deməli, bizim təhsil sistemimiz 
						çevik və ömür boyu öyrənmək imkanlarına malik kadrları 
						formalaşdırmağı bacarmalıdır. Belə vəziyyət yaxşı təhsil 
						alanların vətənində öz potensialını tam realizə etməsi 
						və bununla ölkənin inkişafına töhfə verə bilməsini təmin 
						edən təhsil sisteminin və təhsil mühitinin yaradılması 
						vəzifəsini qarşımızda qoyur. Ali təhsil müəssisələrinin 
						müasirləşdirilməsi istiqamətində bir sıra islahatların 
						aparılması zəruridir. Ali məktəblərin nizamnamələri 
						yenidən işlənməli, rektorların və digər idarəetmə 
						strukturlarının hesabat müddəti, məsələn, 5 ildən bir 
						tərtib olunmalıdır. Bu, bir tərəfdən şəffaflığın təmin 
						olunması baxımından irəli atılmış addım olacaq, digər 
						tərəfdən onların fəaliyyətinin davam etdirilməsi üçün 
						əsas kimi çıxış edəcəkdir. Növbəti tədris ilindən 
						başlayaraq ali təhsil müəssisələri üzrə "sabah 
						qrupları"nın, yəni, savadlı, bacarıqlı və hazırlıqlı 
						tələbələrdən ibarət qrupların təşkili nəzərdə tutulur. 
						Bu yeniliyin məqsədi təhsildə göstəriciləri ilə 
						fərqlənən tələbələrə yüksək keyfiyyətli təhsil almaq 
						üçün əlverişli şəraitin yaradılmasından ibarətdir. Bu 
						layihə 32 ali təhsil müəssisəsində 52 ixtisas üzrə 
						təhsil alan 20 min tələbəni əhatə edəcəkdir. Növbəti 
						akademik ildən başlayaraq nazirlik öz imkanları hesabına 
						ali təhsildə pilot layihə kimi tələbə qrantları və 
						kreditləri sisteminin işə salınmasını planlaşdırır. 
						Layihə uğurlu olduğu halda bununla bağlı müvafiq dövlət 
						proqramı hazırlanacaqdır. 
						
						Möhtərəm cənab Prezident! 
						
						Təhsil sisteminin sürətli transformasiyasına nail olmaq 
						barədə göstərişinizin icrasının təmin edilməsi üçün 
						idarəetmənin təkmilləşdirilməsi istiqamətində Təhsil 
						Nazirliyinin Aparatında struktur dəyişiklikləri 
						edilmişdir. Təhsil sistemindəki mənfi hallarla 
						mübarizənin gücləndirilməsi məqsədilə daxili nəzarət 
						şöbəsi yaradılmış və daxil olan siqnalların birbaşa 
						həmin şöbədə araşdırılması təmin edilmişdir. Ciddi 
						nöqsanlara yol vermiş 15 təhsil müəssisəsinin rəhbəri 
						vəzifəsindən azad edilmiş, 21 şəxs barəsində digər 
						intizam tənbehi görülmüşdür. İki hal üzrə toplanmış 
						materiallar araşdırılmaq üçün hüquq-mühafizə orqanlarına 
						göndərilmişdir. Nəticədə aparılan statistika 
						göstərmişdir ki, korrupsiya faktları ilə bağlı nazirliyə 
						daxil olan müraciətlərin sayı bir neçə dəfə azalmışdır. 
						Bundan çıxış edərək bildirirəm ki, təhsil 
						müəssisələrində baş verən mənfi hallara qarşı Sizin 
						tapşırığınıza əsasən Təhsil Nazirliyinin mövqeyi 
						gələcəkdə də barışmaz olacaq, təhsil sistemində mövcud 
						mənfi hallarla mübarizədə ardıcıl yanaşma tətbiq 
						ediləcəkdir. 
						
						Möhtərəm cənab Prezident! 
						
						Sizi əmin etmək istərdim ki, ölkəmizin tərəqqisi və 
						davamlı inkişafı naminə həyata keçirdiyiniz strateji 
						kurs respublikanın çoxminli təhsil kollektivi tərəfindən 
						dəstəklənir və gələcəkdə də dəstəklənəcəkdir. 
						
						
						Azərbaycan Prezidenti İlham Əliyevin yekun nitqi  
						
						- İkinci rübdə və ilin sonuna qədər görüləcək işlər 
						çoxdur. Biz bu işlərin hamısını yüksək səviyyədə 
						görməliyik. İlk növbədə, Dövlət İnvestisiya Proqramı tam 
						şəkildə icra edilməlidir. Bu il bu İnvestisiya Proqramı 
						kifayət qədər böyükdür. İnvestisiyalar ölkəmizin 
						hərtərəfli inkişafına xidmət göstərir və güclü iqtisadi 
						potensialımızın artırılmasına yönəlibdir. 
						
						İnfrastruktur layihələri proqram üzrə aparılır və 
						aparılmalıdır. Hələ ki, biz infrastruktur layihələrini 
						tam şəkildə başa çatdıra bilməmişik. Ancaq bu 
						istiqamətdə müsbət irəliləyiş vardır. Bu il də ənənəvi 
						olaraq qazlaşdırma, kənd yollarının, su və kanalizasiya 
						xətlərinin çəkilişi layihələri icra ediləcəkdir və 
						əslində icra edilir. Bəzi rayonlarda bu layihələr başa 
						çatıb. Bəzi rayonlarda isə hələ ki, işlər davam edir. 
						İçməli su və kanalizasiya layihələri hazırda əsas 
						prioritet məsələdir. Çünki elektrik enerjisi ilə 
						təminat, qazlaşdırma sahəsindəki işlərin böyük 
						əksəriyyəti artıq görülübdür. Hazırda kənd yolları, 
						içməli su və kanalizasiya layihələri daha da böyük 
						investisiya tələb edir. Eyni zamanda, bu yaxınlarda 
						Prezidentin Ehtiyat Fondundan artezian quyularının 
						qazılması üçün əlavə vəsait ayrılmışdır. Bu da insanları 
						içməli su ilə təmin etmək üçün çox önəmli bir addım 
						olacaqdır. 
						
						Bir sözlə, bu məsələlər Dövlət İnvestisiya Proqramında 
						öz əksini tapıbdır, icra edilməlidir, maliyyə 
						problemlərimiz yoxdur. Eyni zamanda, sosial 
						infrastruktur layihələri icra edilir. Biz burada da 
						keyfiyyətə üstünlük verməliyik. Məktəblərin, 
						xəstəxanaların tikintisi ən yüksək səviyyədə 
						aparılmalıdır. Əminəm ki, Dövlət İnvestisiya Proqramının 
						tam həcmdə icrası bu il də təmin ediləcəkdir. 
						
						Sosial proqramların icrası da dövlət büdcəsində nəzərdə 
						tutulub. Bu, dediyim kimi, daimi bir prosesdir. Biz 
						çalışmalıyıq ki, insanlarımız sosial təminat baxımından 
						əziyyət çəkməsinlər. Xüsusilə aztəminatlı ailələr üçün 
						sosial dəstək daha da təsirli olmalıdır. 
						
						İnvestisiya Proqramımız böyük olduğuna görə biz əlbəttə 
						ki, makroiqtisadi vəziyyətə də daim diqqət yetirməliyik. 
						Hazırda makroiqtisadi sabitlik təmin edilir, inflyasiya 
						cəmi 2 faizdir. Ümid edirəm ki, ilin sonuna qədər 
						inflyasiyanı bu səviyyədə saxlaya biləcəyik. Deyə 
						bilərəm ki, Azərbaycan nadir ölkələrdəndir ki, giriş 
						sözümdə dediyim kimi, əhalinin pul gəlirləri 
						inflyasiyanı daim üstələyir - 2 dəfə, 3 dəfə. Amma bu, 
						daimi üstələmədir. Bu göstərici sadəcə olaraq gözəl bir 
						iqtisadi parametr deyil, bu, əslində insanların gündəlik 
						həyatında böyük rol oynayan bir amildir. 
						
						Biz çalışmalıyıq ki, xarici investisiyaları ölkəmizin 
						inkişafı üçün lazım olan, prioritet təşkil edən 
						sektorlara cəlb edək. Bizdə xarici investisiyalar daha 
						çox neft-qaz sektoruna qoyulur. Bu da təbiidir. Artıq 20 
						ildir bu, belədir. Yəqin, nəzərə alsaq ki, biz indi 
						böyük enerji layihələrini icra edirik, belə də 
						olacaqdır. Ancaq biz çalışmalıyıq ki, digər sektorlara 
						da xarici və özəl investisiyaları daha böyük həcmdə cəlb 
						edək. Çünki hazırda infrastruktur layihələrinin icrasına 
						dövlət investisiyaları qoyulur. Biz dövlət 
						kreditlərindən istifadə edərək iqtisadiyyatın real 
						sektorlarını da canlandırırıq. Ancaq çalışmalıyıq ki, 
						xarici investisiyaları sənaye inkişafının artırılmasına, 
						kənd təsərrüfatına, turizm, xidmət, İKT sektorlarına da 
						cəlb edək. Əlbəttə ki, bu, o qədər də asan məsələ 
						deyildir. Çünki hələ ki, dünyanı bürümüş iqtisadi və 
						maliyyə böhranının fəsadları yaşanır, hələ aparıcı dünya 
						iqtisadiyyatlarının iqtisadi inkişafı onlar üçün lazımi 
						səviyyədə təmin edilməyib. Ona görə xarici 
						investisiyaları cəlb etmək o qədər də asan məsələ 
						deyildir. Nəzərə almalıyıq ki, dünyanın əksər ölkələri 
						bu işlərlə məşğuldur. Ancaq biz elə bir şərait yaratsaq 
						və ümumiyyətlə, Azərbaycanda islahatlarla, biznes 
						mühitinin yaxşılaşdırılması və ümumi inkişafla bağlı 
						mənzərə çox müsbət olduğu üçün hesab edirəm ki, əgər bu 
						məsələləri düzgün təşkil etsək, biz xarici 
						investisiyaları daha çox lazım olan sahələrə yönəldə 
						bilərik. Biz bu məsələlər ətrafında işləməliyik. 
						
						Sahibkarlığın inkişafı ilə əlaqədar işlər artıq 
						yolundadır. Həm maliyyə resursları, həm məsləhət, 
						tövsiyə xarakterli tədbirlər görülür ki, sahibkarlar 
						aldığı güzəştli kreditlərdən daha da səmərəli şəkildə 
						istifadə etsinlər. Bu, əlbəttə ki, emal sənayesinin, 
						kənd təsərrüfatının inkişafında özünü gələcəkdə də 
						göstərəcəkdir. 
						
						Ərzaq təhlükəsizliyi məsələləri bu sahədə prioritet 
						təşkil edir. Eyni zamanda, hesab edirəm ki, biz 
						Azərbaycanda istehlak edilən və istehsalı mümkün olan 
						digər məhsulların istehsalı ilə ciddi məşğul olmalıyıq. 
						Onların arasında tikinti materiallarının istehsalı hesab 
						edirəm ki, diqqəti çəkməlidir. Çünki istehsalı mümkün 
						olan bütün məhsullar Azərbaycanda istehsal edilməlidir 
						və biz idxaldan asılılığımızı azaltmalıyıq. İlk növbədə, 
						iqtisadiyyatı inkişaf etdirmək və yeni iş yerlərini 
						yaratmaq üçün. Eyni zamanda, biz ixrac imkanlarımızı da 
						artırmalıyıq. Mən əminəm ki, indi kənd təsərrüfatı ilə 
						bağlı aparılan islahatlar - məhsuldarlığın artırılması, 
						subsidiyalarda şəffaflığın təmin edilməsi, kənd 
						təsərrüfatı texnikasının daha da böyük həcmdə alınması 
						və digər tədbirlər nəticəsində bizdə daha da böyük ixrac 
						potensialı yaranacaq və bizim artan daxili tələbat 
						Azərbaycanda istehsal olunacaq kənd təsərrüfatı 
						məhsullarını həzm edə bilməyəcəkdir. Ona görə ixrac 
						imkanlarımızı artırmalıyıq. İxraca çıxarılan məhsullar 
						ən yüksək dünya standartlarına cavab verməlidir. Biz 
						yeni ixrac bazarları axtarmalıyıq və o bazarlara 
						çıxmalıyıq. 
						
						Belə olan halda biz gələcəkdə sahibkarlığın və kənd 
						təsərrüfatının yüksəlişi üzrə çox dinamik inkişaf yolu 
						ilə gedəcəyik, bu inkişafı təmin edəcəyik. Çünki bizim 
						üstünlüyümüz ondan ibarətdir ki, Azərbaycanda demoqrafik 
						vəziyyət çox müsbətdir, əhalimiz ildən-ilə artır. Son 
						məlumata görə, artıq 9 milyon 500 min səviyyəsinə 
						çatıbdır. Ermənistanı götürsək, hər il Ermənistanı 
						təxminən 80-100 min arası insan tərk edir və bu ilin 
						birinci rübünün statistikasına görə, 20 mindən çox insan 
						tərk edibdir. Əlbəttə bu, depopulyasiyadır. Bir 
						müddətdən sonra orada ümumiyyətlə, 1 milyondan az əhali 
						olacaq. Ancaq olmayan iqtisadi inkişafı, necə deyərlər, 
						təmin etmək üçün bu, onlar üçün əlverişlidir. Çünki əgər 
						fərz etsək ki, Ermənistanda da Azərbaycandakı kimi əhali 
						artır, onda tamamilə müflisləşmə baş verəcəkdir və 
						səfalət daha da böyük ölçülərlə ölçüləcəkdir. Baxmayaraq 
						ki, bu gün də yoxsulluq səviyyəsində yaşayanların sayı 
						Ermənistanda 35 faizdir. Yəni, demək istəyirəm ki, kənd 
						təsərrüfatının inkişafı Azərbaycanda müsbət demoqrafik 
						dinamikanı da nəzərə almalıdır. 
						
						Mən regionların sosial-iqtisadi inkişafı ikinci Dövlət 
						Proqramını müzakirə edərkən bu məsələlərlə bağlı kifayət 
						qədər geniş danışmışam, tapşırıqlarımı vermişəm. Əlavə 
						sözlərə ehtiyac yoxdur. Sadəcə, demək istəyirəm ki, kənd 
						təsərrüfatında aparılan islahatları dərinləşdirmək üçün 
						yaxın günlərdə yeni sərəncam imzalanacaq və əminəm ki, 
						bu sərəncamın çox müsbət təsiri olacaqdır. 
						
						Bizim ümumi daxili məhsulumuzun böyük hissəsini bu gün 
						qeyri-neft sektoru təmin edir. Bu, müsbət haldır və 
						iqtisadi şaxələndirmə siyasətimizin nəticəsidir. Ancaq 
						əgər biz ixrac strukturuna baxsaq, görərik ki, burada 
						mütləq əksəriyyət neft-qaz sektorunun payına düşür. 
						Yəqin ki, bu, təbiidir. Çünki bu rəqəmlər və hasilat o 
						qədər böyükdür ki, əlbəttə, qeyri-neft sektoru bu 
						templərlə ayaqlaşa bilmir. Ancaq yenə də çalışmalıyıq 
						ki, biz qeyri-neft ixrac potensialımızı artıraq, 
						gücləndirək. Buna nail olmaq üçün keyfiyyət yüksək 
						olmalıdır, əlavə məhsul istehsal edilməlidir. Biz yeni 
						bazarlara çıxmalıyıq və çıxacağıq. 
						
						Bildiyiniz kimi, 2014-cü il "Sənaye ili" elan edilmişdir 
						və sənayeləşmə ilə bağlı düşünülmüş siyasət aparılır. 
						Mən artıq bu barədə danışmışam. Bir daha demək istəyirəm 
						ki, hər bir rayonda sənaye zonaları yaradılmalıdır. 
						Fevral ayında bu göstəriş verilmişdir və bu göstəriş 
						icra edilməlidir. Əlbəttə ki, bizim əsas sənaye 
						mərkəzlərimiz müəyyən edilib. Bu, ənənəvi mərkəzlərdir. 
						Bakı, Sumqayıt, - Sumqayıt nəinki Azərbaycanın, Cənubi 
						Qafqazın ikinci böyük sənaye şəhəridir, - Gəncə, 
						Mingəçevir şəhərləri bizim əsas sənaye mərkəzlərimizdir. 
						Ancaq dediyim kimi, bütün rayonlarda sənaye zonaları 
						yaradılmalıdır və sənayenin inkişafı daha da sürətlə 
						getməlidir. 
						
						Nəqliyyat sektorunun inkişafı ilə bağlı demək istəyirəm 
						ki, yaxın günlərdə Heydər Əliyev Beynəlxalq Aeroportunun 
						yeni aerovağzal kompleksi istifadəyə veriləcəkdir. Bu, 
						dünya miqyasında ən gözəl aerovağzal komplekslərinin 
						arasında olacaqdır, həm xarici görünüşü, həm daxili 
						rahatlığı çox gözəldir, ən yüksək standartlara cavab 
						verir. Nəzərə alsaq ki, Azərbaycanda çoxsaylı beynəlxalq 
						tədbirlər artıq adi hal alıbdır, əlbəttə, bu aeroportun 
						ölkəmizin ümumi inkişafında rolu çox böyük olacaqdır. 
						Bu, ölkəmizə bir giriş qapısıdır. Əlbəttə, yeni 
						aerovağzal kompleksinin tikintisi hesab edirəm ki, 
						tarixi hadisədir. 
						
						Magistral yolların tikintisi qrafik üzrə davam edir. Biz 
						burada da əsas diqqəti keyfiyyətə yönəltməliyik. Çünki 
						magistral yollarımızın əksəriyyəti tikilib, indi işlər 
						davam edir. Ancaq keyfiyyət ön planda olmalıdır. 
						
						Dəmir yolumuzun bərpası layihəsi aparılır, yeni 
						vaqonlar, elektrovozlar alınmalıdır. Müvafiq göstərişlər 
						verilibdir. Əlbəttə ki, dəmir yolumuzun inkişafı ilə 
						bağlı Dövlət Proqramı icra edilir. 
						
						Bu ilin yay aylarında yeni tikilən beynəlxalq dəniz 
						limanının birinci mərhələsi artıq tamamlanmalıdır. Bu, 
						böyük bir layihədir. Ələtdəki liman Xəzər dənizində ən 
						böyük beynəlxalq dəniz limanı olacaqdır. Qarşıya vəzifə 
						qoyulubdur ki, bu ilin yayında artıq limanın birinci 
						hissəsi istifadəyə verilsin. Ondan sonra ikinci 
						mərhələdə işlər davam etsin. 
						
						Hesab edirəm ki, buna nail olmaq mümkündür. Belə olan 
						halda indiki dəniz limanı şəhərin mərkəzindən 
						köçürüləcəkdir və onun yerində ictimai yerlər 
						yaradılacaqdır. Onsuz da artıq o limandan Zığ 
						istiqamətinə yeni bulvar - Ağ şəhər bulvarı salınır. 
						Onun indiki uzunluğu təqribən 2 kilometrdən bir qədər 
						çoxdur. Orada yeni ictimai zonalar yaradılır. Əlbəttə 
						ki, oradan limanın mümkün qədər tez köçürülməsi imkan 
						yaradacaq ki, tezliklə biz o zonanı da vətəndaşların 
						sərəncamına verək. Oradan dəmir yolu xətləri də 
						çıxarılacaqdır. Səkkizzolaqlı sahil avtomobil yolu, 
						gözəl bulvar tikilir. Yəni, onsuz da yeni beynəlxalq 
						dəniz limanı yaxın zamanlarda tam fəaliyyətə 
						başlayacaqdır. Amma heç olmasa, birinci mərhələni biz 
						yay aylarında artıq istifadəyə verməliyik. 
						
						Şəhər nəqliyyatı ilə bağlı əlavə tədbirlər görüləcəkdir. 
						Metro tikintisi sürətlə gedir. Bildiyiniz kimi, biz 
						metro stansiyalarının sayını 70-ə çatdırmaq əzmindəyik. 
						Buna nail olacağıq. Bütün işlər qrafik üzrə gedir. 
						Şəhərə ən yüksək standartlara cavab verən yeni sərnişin 
						avtobusları gətiriləcəkdir. Bakıda yeraltı parkinqlər 
						tikilibdir. Bu da tıxac probleminin həllinə bir 
						dəstəkdir. Yerüstü parkinqlər də yaradılmalıdır. İnkişaf 
						etmiş şəhərlərdə olduğu kimi, bizdə də yaxın aylarda 
						küçələrdə parkinq avtomatları quraşdırılacaqdır ki, 
						insanlar maşınlarını orada rahat park edə bilsinlər. Bu 
						sahədə də şəffaflıq təmin edilməlidir. 
						
						Bakı gözəl, müasir, inkişafda olan şəhərdir. Əlbəttə ki, 
						inkişaf etmiş ölkələrdə heç bir şəhərdə küçələrdə əlində 
						çubuq parkinqlə məşğul olan tənzimləyiciləri görmək 
						mümkün deyildir. Bu, bizə yaraşmır, yaraşmaz. Özü də heç 
						kim bilmir ki, onlar harada işləyirlər, yığdıqları 
						pulları hara verirlər, kimə ötürürlər. Mən başa düşürəm 
						ki, indi yerüstü parkinq olmadığı üçün bunların 
						sürücülərə köməyi dəyir. Bunu başa düşürəm. Ona görə 
						hesab edirəm ki, biz təmkinli olmalıyıq. Amma normal, 
						şəffaf park avtomatları quraşdırılandan sonra əlbəttə 
						ki, əlində çubuq olan vətəndaşları biz gərək digər 
						işlərlə təmin edək. 
						
						Bizim bu il ordu quruculuğu ilə bağlı böyük 
						proqramlarımız vardır. Tikintilərlə bağlı proqram 
						vardır, nəinki silah-sursat alınır, eyni zamanda, 
						tikinti işləri aparılır. Mən onların arasında Hərbi 
						Dəniz Qüvvələri bazasını xüsusilə qeyd etmək istəyirəm. 
						Artıq neçə ildir ki, bu böyük baza tikilir. Ümid edirəm 
						ki, biz bu il bu bazanı artıq açacağıq. Digər hərbi 
						şəhərciklərdə tikinti-quraşdırma işləri aparılır. Yeni 
						hərbi bazalar tikilir. Bütün şəhərciklərdə, hərbi 
						hissələrdə, hərbi bazalarımızda ən yüksək standartlar 
						tətbiq edilir. Çünki bizim zabitlərimiz, əsgərlərimiz 
						yaxşı şəraitdə xidmət göstərməlidirlər. 
						
						Ümid edirəm ki, yaxın illərdə bir dənə də köhnə, 
						dağılmış, qəzalı vəziyyətdə hərbi hissə, yaxud da ki, 
						tikili olmayacaqdır. Əfsuslar olsun ki, bu sahəyə 
						əvvəlki illərdə diqqət göstərilmirdi. Biz bunu açıq 
						deməliyik. Bizim əsgərlərimiz, zabitlərimiz ən yüksək 
						şəraitdə xidmət aparmalıdırlar və yaşamalıdırlar. Ona 
						görə qarşıya vəzifə qoyulub və vəsait ayrılıb ki, qısa 
						müddət ərzində, bəlkə də növbəti iki il ərzində hərbi 
						hissələrdə bir dənə də qəzalı, yararsız, köhnə tikili 
						olmasın. 
						
						Eyni zamanda, hesab edirəm ki, biz yeni tikilmiş 
						gəmiqayırma zavodundan da bu məqsədlər üçün istifadə 
						etməliyik. Çünki bildiyiniz kimi, bu zavodda istənilən 
						gəmi istehsal oluna bilər. Artıq zavoda ilkin sifarişlər 
						də verilməyə başlamışdır. Hesab edirəm ki, Müdafiə 
						Nazirliyi də hərbi gəmilərin tikintisi ilə bağlı bu 
						zavoda sifariş verməlidir. Əlbəttə ki, Maliyyə Nazirliyi 
						bu məsələnin maliyyə tərəfini təmin etməlidir. Hesab 
						edirəm ki, biz bu il artıq bu işə başlamalıyıq. Çünki 
						gəminin tikintisi çox vaxt aparacaqdır. Biz burada da 
						vaxt itirməməliyik ki, həm zavod tam gücü ilə işləsin, 
						həm də biz hərbi donanmamızı müasirləşdirək. 
						
						Bu il məcburi köçkünləri evlərlə təminetmə proqramı 
						davam etdiriləcəkdir. Keçən il 20 mindən çox köçkün yeni 
						evlərə, mənzillərə köçmüşdür. Bu il də ən azı 20 min 
						köçkün köçəcəkdir. Bu proqram icra edilir, davam 
						etdirilir. Yerlər müəyyən edilibdir. Burada heç bir 
						yubanma, ləngimə ola bilməz. Maliyyə problemi də ola 
						bilməz. Ona görə burada hər şey qrafik üzrə gedir. 
						
						Qarabağ müharibəsi veteranlarının və əlillərin 
						problemləri həll edilir. Bir müddət bundan əvvəl 
						imzaladığım sərəncam əsasında bu kateqoriyadan olan 80 
						min insanın sosial təminatı yaxşılaşdırılmışdır. Bu 
						proses davam etdiriləcəkdir. Müharibə veteranları, 
						müharibə əlilləri, şəhid ailələri üçün daha da yaxşı 
						şərait yaradılacaqdır. Bilirsiniz ki, evlər tikilib, 
						mənzillər paylanır, əlillər üçün minik maşınları nəzərdə 
						tutulubdur. Ümid edirəm ki, bu il növbədə dayanan 
						müharibə əlilləri və şəhid ailələri minik maşınları ilə 
						tam şəkildə təmin ediləcəklər. Növbəti üç-dörd il 
						ərzində növbədə dayanan şəhid ailələrinin və müharibə 
						əlillərinin hamısı yeni mənzillərlə və fərdi evlərlə 
						təmin ediləcəkdir. Bu göstəriş verilibdir. Əmək və 
						Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu işlərlə 
						məşğuldur. Dövlət investisiya xərclərində də bu məsələ 
						nəzərə alınmalıdır. 
						
						Neft-qaz sektorunda işlər yaxşı gedir. Həm ölkə 
						daxilində, həm xarici tərəfdaşlar burada investisiyaları 
						artırırlar. Yeni tikilən platformalar, qazılan quyular 
						bizim enerji potensialımızı artırır. Qazlaşdırma prosesi 
						də uğurla gedir və əminəm ki, biz istədiyimiz rəqəmə 
						yaxın zamanlarda çatacağıq. 
						
						Əlbəttə ki, TANAP layihəsinin icrası artıq başlamışdır. 
						TANAP layihəsi XXI əsrin layihəsidir. "Şahdəniz-2", 
						TANAP və TAP Avropanın ən böyük infrastruktur 
						layihələridir. Artıq tenderlər elan edilibdir. Ümid 
						edirəm ki, yaxın zamanlarda biz tikintiyə başlayacağıq. 
						Artıq keçən ilin sonlarında bu layihəyə start verildi. 
						Hazırlıq işləri başlamışdır. Azərbaycan bu layihənin 
						icrasında liderlik keyfiyyətlərini nümayiş etdirir. 
						Hesab edirəm, tam əminəm və bilirəm ki, bizim 
						siyasətimiz, enerji siyasətimiz, cəsarətli siyasət 
						olmasa idi, bu layihə heç vaxt reallaşa bilməzdi. Bu 
						layihələrin təşəbbüskarı Azərbaycandır. Əsas rol oynayan 
						da Azərbaycandır. Bütün riskləri Azərbaycan öz üzərinə 
						götürübdür. Maliyyə risklərini, texniki risklərin 
						hamısını Azərbaycan öz üzərinə götürüb. Əminəm ki, biz 
						bu layihəni də uğurla icra edəcəyik. 
						
						Çünki bu günə qədər təşəbbüskarı olduğumuz bütün enerji 
						layihələrində biz uğur qazanmışıq. Bakı-Supsa, 
						Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz 
						layihələri artıq reallıqdır. Uzun illər fəaliyyət 
						göstərir. Ona görə əminəm ki, biz bu böyük layihələri də 
						şərəflə icra edəcəyik. 
						
						Ətraf mühitin qorunması ilə bağlı bir neçə söz demək 
						istərdim. Bir neçə il bundan əvvəl Azərbaycanda 
						"Ekologiya ili" elan edilmişdi. Xatırlayıram, o vaxt biz 
						"Ekologiya ili"ndə görülən işləri müzakirə edərkən mən 
						demişdim ki, "Ekologiya ili" hər il olmalıdır. Çünki 
						ətraf mühit, xüsusilə Bakı və Abşeron yarımadası üçün 
						əsas məsələlərdən biridir. Burada illər, əsrlər boyu 
						neftlə çirklənmiş gölməçələr, yerlər, ekoloji cəhətdən 
						məqbul olmayan mənzərə vardır. Biz son illərdə bu 
						istiqamətdə çox böyük işlər görmüşük. Çünki neft 
						hasilatı Azərbaycanda artıq 200 ilə yaxındır ki, 
						aparılır. Ancaq əfsuslar olsun ki, ekoloji vəziyyətə 
						diqqət lazımi səviyyədə olmamışdır. Yadınıza salın, 
						Bibiheybət buxtası nə gündə idi, bir fəlakət mənzərəsi 
						idi. İndi ora tamamilə təmizlənib. Buruqlar yerində 
						qalıb, ətrafı təmizlənib. İndi göstəriş vermişəm ki, 
						orada, o buruqların arasında ağacəkmə kampaniyası da 
						başlasın. Biz oranı yaşıllıq zonaya çevirməliyik. 
						Şəhərin mərkəzində yod zavodu fəaliyyət göstərirdi. 
						Sonra fəaliyyəti dayandırılmışdır. Ancaq orada qalan o 
						yod çöküntüləri ətraf mühitə nə qədər böyük ziyan 
						vururdu. Biz oranı da təmizlədik, o məsələ də ən yüksək 
						səviyyədə öz həllini tapmışdır. Balaxanı zibilxanası 
						yanırdı, tüstü verirdi. O tüstü bütün şəhəri bürümüşdü, 
						nəfəs almaq mümkün deyildi. Nəinki Balaxanı sakinləri, 
						bütün şəhər o tüstüdən əziyyət çəkirdi. Biz oranı da 
						təmizlədik. İndi poliqonda bir dənə də olsun tullantı, 
						zibil yoxdur. Ağaclar əkilib, tüstü də yoxdur. Böyük 
						maliyyə vəsaiti hesabına zibilyandırma zavodu tikilib 
						fəaliyyət göstərir. Yəni, belə misallar çoxdur. Ağacəkmə 
						kampaniyası zamanı on milyondan çox ağac əkilibdir və bu 
						proses davam etdirilir. 
						
						Ona görə biz ekoloji vəziyyətlə bağlı məsələləri daim 
						diqqət mərkəzində saxlayırıq. Ancaq ictimaiyyəti də, 
						məni də narahat edən məsələ ağacların kəsilməsi 
						məsələsidir. Buna yol vermək olmaz. Hesab edirəm ki, biz 
						burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. 
						Ağackəsmə tam şəkildə dayandırılmalıdır. Ancaq nadir 
						hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 
						rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər. Ona 
						görə mən dəfələrlə bu məsələlərlə bağlı öz fikrimi 
						bildirmişəm. Deyə bilərəm ki, vəziyyət əvvəlki illərə 
						nisbətən daha da müsbətdir. Ancaq biz istədiyimizə tam 
						şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, 
						qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər 
						ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, 
						biabırçılıqdır, bu, cinayətdir. 
						
						Ona görə aidiyyəti qurumlar təklif versinlər, biz 
						ağacları kəsənlərə qarşı daha da ciddi tədbir 
						görməliyik. Onlar məsuliyyətə cəlb edilməlidir. Bir daha 
						demək istəyirəm ki, şəhərdə bir dənə də olsun ağac 
						Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi, rəyi 
						olmadan kəsilə bilməz. Bu, mənim son xəbərdarlığımdır. 
						Biz bu aydan başlayaraq "Avro-4" standartına keçmişik. 
						Bu da əminəm ki, havanın tərkibini böyük dərəcədə 
						yaxşılaşdıracaqdır. Çünki verilən məlumata görə, havanı 
						çirkləndirən əsas amil sənaye müəssisələri yox, 
						maşınlardır. Burada "Avro-4" standartının tətbiq 
						edilməsi hesab edirəm ki, bunun qarşısını alacaqdır. 
						Eyni zamanda, əlbəttə biz bunu da deməliyik ki, 
						Azərbaycanda istehsal olunan yanacağın keyfiyyəti də 
						yaxşılaşdırılmalıdır. Bakıda yeni neftayırma zavodunun 
						tikintisi nəzərdə tutulur, tikiləcəkdir, ancaq bu, vaxt 
						aparacaqdır. Haradasa bəlkə 3 il-4 il vaxt aparacaqdır. 
						Çalışmalıyıq və hökumət də öz təkliflərini versin ki, o 
						tikilənə qədər Azərbaycanda istehsal olunan yanacağın 
						keyfiyyətini biz necə yaxşılaşdıra bilərik. Hesab edirəm 
						ki, biz bu məqsədlər üçün də maliyyə resursları ayıra 
						bilərik. 
						
						Bakıda mövcud olan göllərin təmizlənməsi proqramı da 
						artıq başlayır. Bu göllərin siyahısı mənə verilibdir. 
						Burada 9 göl vardır. Amma bu gölləri heç göl adlandırmaq 
						da düzgün deyildir. Çünki göl təbii, təmiz bir su 
						hövzəsidir, bu göllər isə ekoloji fəlakət mənzərəsidir. 
						İllər boyu bu göllərə kanalizasiya, çirkab suları, 
						neftlə çirklənmiş sular, lay suları axıdılıb. Bu göllər 
						şəhərin içində, şəhərin mərkəzində bir ekoloji 
						fəlakətdir. Ona görə bu məsələ ilə bağlı artıq bütün 
						göstərişlər verilibdir. Biz daha bundan sonra bu 
						vəziyyətlə barışa bilmərik. Bu məqsədlər üçün nə qədər 
						lazımdırsa, o qədər də vəsait ayrılacaqdır. Bu çirkab su 
						hövzələrini biz təmiz göllərə çevirəcəyik. Bakı indi 
						parklar şəhəridir. Bakı olacaq təmiz göllər şəhəri. Bu 
						vəzifəni mən bu gün qarşıya qoyuram və hesab edirəm ki, 
						biz tezliklə bu işlərə başlamalıyıq. Sözün düzü, artıq 
						biz başlamışıq. Bu sahədə təcrübəsi olan xarici 
						şirkətlərlə artıq müqavilələr də bağlanıbdır. Biz ən 
						ağır, ekoloji və texniki cəhətdən ağır olan layihədən 
						başlamışıq. Bu da Böyükşor gölünün təmizlənməsidir. 
						Böyükşor gölünün ərazisi 11 kvadratkilometrdir. Yəni, 
						min hektardan böyükdür. Böyükşor gölünü biz hələlik iki 
						yerə bölürük. Bənd tikiləcəkdir. Bu bənd, eyni zamanda, 
						avtomobil yolu olacaqdır. Həm nəqliyyat üçün, həm bu 
						təmizləmə işlərini mərhələlərə bölmək üçün biz bu işləri 
						görürük. 
						
						Birinci mərhələdə gölün tikilən Olimpiya Stadionuna 
						yaxın olan hissəsi təmizlənəcəkdir. O sahənin ərazisi 
						300 hektardır. Orada təmiz, şəffaf su olacaqdır. Gölün 
						ətrafında gözəl bulvar tikiləcəkdir. Bizim Dənizkənarı 
						Bulvarımız vardır. İndi, bundan sonra Böyükşor 
						Bulvarımız da olacaqdır və gözəl yaşıllıqlar 
						salınacaqdır, ağaclar, kollar əkiləcəkdir, istirahət 
						zonaları və təmiz bir göl olacaqdır. 
						
						İkinci mərhələdə isə gölün qalan böyük hissəsi də 
						təmizlənəcəkdir. Beləliklə, biz şəhərimizdə yeni, gözəl 
						istirahət, sağlamlıq zonası yaradacağıq. Dediyim kimi, 
						bir neçə ildən sonra Bakı təmiz, gözəl göllər şəhəri 
						kimi artıq öz sözünü deyəcəkdir. Düzdür, burada görüləsi 
						işlər çoxdur, doqquz göldən söhbət gedir, - ancaq 
						çalışmalıyıq ki, növbəti 5, ya 6 il ərzində yerinə 
						yetirək. Əlbəttə ki, bütün bu işlər dövlət büdcəsində 
						nəzərə alınmalıdır. Maliyyə resursları burada əlbəttə 
						ki, təmin ediləcəkdir və bütün işlər ən yüksək səviyyədə 
						aparılmalıdır. 
						
						Nəhayət, biz artıq bu il Birinci Avropa Oyunlarına 
						hazırlığın həlledici mərhələsinə qədəm qoyuruq. Bütün 
						işlər cədvəl üzrə gedir. Bu yaxınlarda Avropa Olimpiya 
						Komitəsinin prezidenti və Koordinasiya Komitəsi Bakıda 
						idilər. Bakıda hazırlıqla bağlı gedən işlərə çox yüksək 
						qiymət verdilər. Bütün idman obyektlərində tikinti 
						işləri gedir. Olimpiya Stadionu, Su İdmanı Sarayı, 
						Gimnastika Arenası, Atıcılıq Mərkəzi tikilir, digər 
						obyektlərdə təmir işləri aparılır, yollar çəkilir. 
						İdmançılar üçün Olimpiya Şəhərciyi demək olar ki, 
						hazırdır. Yəni, biz hazırlıq işlərini davam etdiririk, 
						aparırıq. 
						
						Bir daha demək istəyirəm ki, biz bu Oyunları Olimpiya 
						Oyunları səviyyəsində keçirmək istəyirik. Bəziləri 
						bilmirlər ki, bu Oyunlar həm idman növlərinin və həm də 
						idmançıların sayına görə Olimpiya İdman Oyunlarına çox 
						yaxındır. Hazırlıq və tikinti baxımından Qış Olimpiya 
						Oyunlarından daha böyükdür. Bizdə gələn il yarışacaq 
						idmançıların sayı Qış Olimpiya Oyunlarında idmançıların 
						sayından 2 dəfə çoxdur. Ona görə bu böyük bir sınaqdır, 
						böyük bir çağırışdır. Nəzərə alsaq ki, Yay Olimpiya 
						Oyunlarına hazırlıq müddəti 7 ildir, bizdə isə cəmi 2 il 
						yarımdır. Ancaq biz güclü dövlətik, bizdə bütün işlər 
						düzgün təşkil olunur və həll edilir. Güclü siyasi iradə, 
						texniki imkanlarımız vardır, səfərbərlik təmin 
						edilibdir. Yəni, bu oyunları biz elə keçirəcəyik ki, bu, 
						gələcək Olimpiya Oyunları üçün də nümunə olsun. 
						Azərbaycan özünü dünyaya yenidən müasir, dinamik inkişaf 
						edən, güclü dövlət kimi təqdim edəcəkdir. İlin sonuna 
						qədər görüləsi işlər çoxdur. Bu işləri görmək üçün sizin 
						hamınıza uğurlar arzu edirəm. 
						
						Sağ olun!   
						
						
						AzərTAc |