Bu
gün Azərbaycan gəncləri təhsil, elm, idman, incəsənət
və digər sahələrdə öz nailiyyətləri ilə bütün
cəmiyyətimizin etimadını qazanmaqdadır. "Azərbaycan
müəllmi" qəzeti olaraq biz də gənclərimizin uğurlarını
mütəmadi olaraq oxucularımıza çatdırmağı özümüzə borc
bilirik. Bu gün isə belə yaradıcı gənclərimizdən biri,
gənc yazıçı, 2014-cü il Gənclər üçün Prezident
mükafatçısı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin
müəllimi Pərvin Nurullayeva ilə oxucularmızı daha
yaxından tanış edəcəyik. Ədəbi mühitə gəldiyi ilk
vaxtlarda mətbuatda esselər, kiçik hekayələr,
publisistik məqalələrlə çıxış edib. Yazıları
"Azərbaycan", "Ulduz", "Literaturnıy Azerbaydjan"
dərgilərində, "525-ci qəzet", "Zerkalo" qəzetlərində
işıq üzü görüb. "Qar yağacaq" kitabına görə Mədəniyyət
və Turizm Nazirliyinin "Qızıl kəlmə", Rəsul Rza adına
Ədəbiyyat Fondu tərəfindən "Rəsul Rza Beynəlxalq
mükafatı"na layiq görülüb.
Onun "Balerina" povesti isə ölkəmizdə keçirilən Milli
Kitab Mükafatının ikincisi olub və əsər ayrıca kitab
şəklində işıq üzü görüb. O, dəfələrlə xaricdə
Azərbaycan gəncliyini təmsil edib. 2011-ci ildə Moskvada
Gənc Yazarların I Beynəlxalq seminarında uğurla iştirak
edib. Rus dilinə tərcümə edilmiş hekayələri müxtəlif
ölkələrdən olan seminar iştirakçılarının böyük marağına
səbəb olub. "Samir üçün" və "Qar yağacaq" hekayələri
müxtəlif almanaxlarda və Rusiyanın ədəbi qəzetlərində
işıq üzü görüb. Ruscaya tərcümə olunmuş hekayələri
dünyanın 40 ölkəsində yayımlanan "Proza" almanaxlarına
daxil edilib. Türkiyənin Avrasiya Yazarlar Birliyinin
üzvüdür. Türkcəyə tərcümə olunmuş hekayələri müxtəlif
türk dərgilərində işıq üzü görüb. Gənc yazıçının bir
sıra Avropa dillərinə tərcümə olunmuş ən uğurlu
əsərlərindən olan "Çarəsiz yalan" hekayəsini oxuculara
təqdim edirik.
...Baharın
axırlarında səhər tezdən yuxudan tər içində, hövlnak
ayılıb üstümdəki yorğanı kənara atmaq istəyəndə nənəmin
bu gecə də Şuşada olduğunu başa düşürdüm. Bunu anlayınca
çöldə 15-20 dərəcə istilik olmasına baxmayaraq, iliyə
işləyən soyuq dağ havası qəribə şəkildə bədənimi alır,
yorğanıma bir az da möhkəm bürünüb yuxuya gedirdim.
***
...Düzdü,
mən Bakıda doğulmuşam və Natəvan nənəmin tez-tez xəyalən
gəzib-dolandığı Şuşanı (daha doğrusu, onun dağılmış
görkəmini) yalnız televizorda görmüşəm. O hadisələr
başlayanda anam mənə hamilə imiş. Nənəm (babam cavan
yaşında mədə xorasından ölmüşdü) doğulduğu şəhərdən heç
çıxmaq istəməyib. Ailəm Şuşadakı son günlərini nənəmin
tibb bacısı işlədiyi Uşaq Sanatoriyasında keçirib. Nənəm
Xan qızı Natəvanın mülkündə yerləşən o sanatoriyanı ocaq
bilirmiş. Anam danışır ki, hələ gənclik illərindən nənə
ayaq açmayan uşaqları həmin sanatoriyada masaj edir və
tez bir zamanda xəstələr normal gəzməyə başlayarlarmış.
Tezliklə tibb bacısı Natəvanın şəfalı əllərinin
sözü-sovu bütün Qarabağa yayılıb. Təkcə Şuşada yox,
ətraf rayonlarda da əzələ sistemində çatışmazlıq olan
uşaqları onun yanına gətirirlərmiş. Nənəm isə hamıya
möcüzə görünən bu bacarığını öz xidməti hesab etməyib.
Elə həmişə "Mən nə karəyəm?! Allahın işidir, mənim
əlimlə edir. Bir də bu divarlarda Xan qızının duaları
var. Odu bu uşaqlara kömək edən..."-deyərmiş. Hə, nənəm
o duaların da, Allahın da möcüzəsini kötüyə bənzər
əzaların əlinin altında necə dirilməsini görəndə
duymuşdu. Ona görə nə hamilə qızına, nə Xocalıda əlil
olmuş kürəkəninə (atam Xocalıda başından zədə almışdı)
fikir vermədən bu ilahi qüvvənin Şuşanı da qoruyub
saxlaya biləcəyinə əmindi. Lakin onun arxayınlığı təlaş
içində sanatoriyaya girib "Ay anam, nə oturmusunuz,
erməni beş addımlıqdadı!" - deyən əsgərin sözlərindən
sonra anındaca yox olub getmişdi.
... Mən Şuşanın işğalından 20 gün sonra, mayın 28-i
Bakının Hövsan qəsəbəsindəki köhnə pioner
düşərgələrindən birində dünyaya gəldim. Amma orada
yaşamağımızı heç xatırlamıram. Çünki 3-4 aylıq olanda
qaçqınların səhhəti ilə məşğul olan xeyriyyə
cəmiyyətinin sədri Məlahət həkim təsadüfən nənəmi görüb
tanımışdı. Demə, bu xanım hələ sovet dövründə həyat
yoldaşı və fiziki qüsurlu yeganə övladı ilə Şuşaya
dincəlməyə gələndə "sehrbaz" tibb bacısı haqqında
eşidib, ona müraciət edib və nənəmin bir neçə kurs
terapiyasından sonra 11 yaşında oğlu normal gəzməyə,
başqa uşaqlar kimi atılıb-düşüb oynamağa başlayıb. Nənəm
neçə illər sonra da Məlahət həkimin onu görüb tanıyanda
əllərindən tutub necə ağlamasını, "siz olmasaydınız
oğlum Allah bilir heç gəzməyəcəkdi" deməsini, hələlik
Hövsandakı bağ evlərində yaşamağı təklif etməsini
danışanda kövrəlirdi:
- Allaha şükür! Dünyada yaxşı adamlar varmış, bala!
Yoxsa sən, cıqqılı oğlan uşağı, anan, xəstə atan, mən -
yaşlı adam pioner-lagerdə nağayrardıx? Əl çəkmədi ey, a
Rüfət bala! O Məlahət həkim əl çəkmədi bizdən. Dedi
dünyanı dağıdaram, sizi burda qoymaram. Nə tər yani,
mənim bağ evim bomboş qalıb, illərlə heç köçmürük də,
siz bu bapbalaca otaqda qalassız?! - dedi. Hə, bala!
Dedi Şuşa işğaldan qurtarana kimi mənim bağım sizindi...
O vaxt hamımız elə bilirdik Şuşadan çıxmağımız pis bir
yuxudu, ayılıb görəjiyik Cıdır düzündə uşaqlar
Kosaldıqaç oynuyur, biz də gülə-gülə tamaşa edirik... Nə
bilim ey... Allaha qurban olum!
Sonralar Məlahət həkimin köməkliyilə Natəvan nənə
Bakıdakı uşaq poliklinikalarından birinə işə düzəlmiş,
əli çörəyə çatmışdı. Bakıətrafı kəndlərdə Qarabağ
qaçqını tibb bacısının şikəst uşaqları necə sağaltması
dillərə düşmüşdü. Elə atam da həmin həkimin sayəsində
başından müalicə almış, hətta yaxındakı dükanlardan
birinə satıcı düzəlmişdi. Anam isə evdar xanım idi. Bu
mənada mən gözümü açıb, həyatı anlayandan ailəmizin
kəm-kəsirini heç hiss etməmişdim. Ümumiyyətlə "qaçqınam"
ifadəsinin dərd, ağrı, xəstəlik kimi səsləndirilməsini
qəbul edə bilmirdim. Çünki hələ uşaqdım və "qaçqın"
sözünün mənasını çox sonralar nənəmin söhbətlərindən və
bitib-tükənməz sitəmindən anlayacaqdım.
Xatırlayıram, ibtidai sinifdə oxuyanda məktəbimizə
qaçqın uşaqları üçün yardım verilirdi. Müəllim partamın
üstünə kağız bağlamanı qoyanda hirsimdən ağlamsınıb:
- Müəllimə, biz qaçqın deyilik, evimiz var... -
demişdim.
Müəllim sözümdən çaşıb eynəyinin altından diqqətlə mənə,
sonra da qarşısındakı siyahıya baxdı:
- Rüfət, oğlum, sənin valideynlərin Şuşa işğal olunanda
Bakıya köçməyiblərmi?
- Köçüblər. Amma biz qaçqın deyilik axı... Bizim evimiz
var.
Müəllimin gözü doldu və sanki qəhər boğazını tıxadı,
səsi çıxmadı. Dərsin sonuna kimi bağlama partamın
üstündə qaldı, çantamı yığıb evə getməyə hazırlaşanda
isə ona heç gözümün ucu ilə də baxmadım.
O zaman uşaq ağlımla televizorda gördüyüm qaçqınları
doğmalarımla müqayisə edəndə özümüzü onlarla heç cür
bir tuta bilmirdim. Mənə elə gəlirdi, qaçqınlar ancaq
çadırlarda, vaqonlarda yaşayanlardı və onlara məhz evsiz
olduqlarına görə belə deyilir. Çox da yubatmadan, həmin
axşam valideynlərimin qonşuda toyda olmasından istifadə
edib nənəyə yaxınlaşdım:
- Natəvan nənə, biz qaçqınıq?
Nənəmin əlində bükdüyü tənək dolmasını necə kənara qoyub
məyus halda gözümün içinə baxmasını indi də unutmuram.
Sanki, "başına dönüm, ay bala, sən də anladın bu acını"
deyirdi gözləriylə.
- Hə, Rüfət balam. Qaçqınıq. Allah erməniyə lənət
eləsin.
- Bəs bizim evimiz yoxdu?!
- Bu ev bizimki deyil, qadan alım sənin!
...Nənəm Xan qızının evində yerləşən Uşaq Sanatoriyası,
Şuşada sonuncu gün, Bakıya qaçmaları, pioner
düşərgəsində Məlahət həkimlə görüş, bunun nəticəsi, indi
yaşadığımız ev və ən nəhayət, bizlərə qaçqın
deyilməsinin səbəbləri barədə xeyli danışdı. Beləliklə,
o gündən başlayaraq illər keçdikcə nənə mənim
"müsahibim"ə çevrildi. Natəvan nənənin oraları
xatırlayıb kövrəlməsindən anamgilin qanları qaralırdı,
ona görə nə isə soruşmağı qadağan edirdilər. Amma elə ki
onlar tez yatırdı, suallarımı "götürüb" gəlirdim nənəmin
yanına:
- Nənə Şuşa üçün darıxırsan?
- Elə darıxıram, bala!
Bircə sual bəs idi. Nənəm həzin və çox kövrək bir
nostalji ilə Şuşaya aid yüz kərə söylədiyi xatirələrini
bu dəfə daha dərin hüznlə danışırdı. Mənə elə gəlirdi,
Şuşadan ayrı düşdüyü günlərin, illərin sayı artdıqca
nənəmin sözlərinin də kədər yükü ağırlaşır.
- Allah mərdimazara ləhnət eləsin... Nə bilim ey.
Fikirləşəndə belə bi təhər oluram. Erməni tək bacarmazdı
bizimkilərlə. Rus ona qahmar çıxdı. Ona görə aldılar
Şuşanı. Mən inanmırdım. Babanın goru haqqı inanmırdım.
Deyirdim uzağı 5-10 günə çıxaracaqlar kafir alçaqları
torpağımızdan. Olmadı... Gör neçə il keçib?! Vallah gül
kimi yaşayırdıq da. Kiminən nə işimiz vardı? Elə
mehriban idik ki... Heç daş hasar bilməzdik nədi, eləcə
daraba dediyimiz dəmir çəpərləri uc-uca calayırdıq qonşu
həyətləriylə öz aramızda. Ata mülküm Xoca Mircanlı
məhəlləsindəydi. Babamgil o məşhur tarzən Sadıqcanla
qonşu olmuşdular. Sonralar həmin mülkü onun ev muzeyi
elədilər. Yayda "gəlmə"lər gəzib baxardılar oralara.
Bütün Şuşanın oğlanları, qızları ən gözəl paltarlarını
geyinib məhlələri gəzməyə çıxardılar.
- Niyə? Bəs... (Nənə sualın ardını gətirməyə imkan
verməzdi)
- Özümüzü "gəlmə"lərə göstərirdik, dayna! Bakıdan Tibb
texnikumunu bitirib yenicə gəlmişdim. Mən o biri qızlara
baxanda, nədi o? Hə, müasir idim. Uzun allı-güllü
ətəyimi qollu qırmızı köynəklə geyinib bulağa su
gətirməyə gedəndə hamı tamaşama çıxardı. Axşamlar şəhər
Cıdır düzünə axışanda Güllübəyimlə enərdik lap düzün
qırağına, Daşaltının göründüyü yerə... Bir küncdə
səmirsiz oturub bal təki şirin, adamın ürəyini
sığallıyan havanı su kimi içərdik! Hə dəə... Vallah
heyləydi Şuşanın havası! Bulaqlarımızın da suyu diş
çartladırdı. Bumbuzdu... İçmək olmurdu ha. ...mən
mehrimi babana salmışdım, bala. O da yazıq cavan
yaşından bədbəxt olub getdi. Xəstəlik yedi onu. Yaxşı ki
elə tez öldü. Şuşanın o gününü görmədi. Dağıtdılar da,
zalım uşağı...
Nənəm öz Şuşası haqqında bu rabitəsiz fikrilərini
bölüşdükcə üzünün ifadəsi gözgörəti dəyişirdi.
Təbəssümlə, kədər, gülüşlə göz yaşı an içində əvəz
edirdi bir-birini. Elə bil Natəvan nənə əvvəlcə bütün
danışdıqlarını yaşadığına xoşbəxt olub gülür, sonra o
günləri heç vəchlə geri qaytara bilmədiyinə görə
kədərlənib ağlayırdı. Onun fikirlərini Şuşanın dağılmış
görüntülərindən ayırmaq üçün növbəti sualı verirdim:
- Şuşada bayramları...
- Ehhh, ay sənə qurban, burda bayram qeyd olunmur ki...
Həm də Şuşa gedəndən sonra nə bayram, a bala! Qarabağın
heç bir bölgəsi Novruzu biz kimi şənlik eləməzdi. Camaat
xeyir işini, toyunu, nişanını da bu günlərə salardı.
Elçi daşının üstündə oturan kim, parçakəsdi edən kim,
toya hazırlaşan kim.... Ay Allah eyy... Evlərdə bişən
zəfəranlı, qırxbuğumlu, boyanalı, nehrə yağıyla
yağlanmış plovun qoxusu bütün Şuşanı bürüyərdi.
Süfrələrə düzdüyümüz quru meyvələrin, çətənə qarışıq
qovurğanın, tut qurusunun dadından doymaq olmazdı.
Evlərə torba atardıq uşaq vaxtı. Qızları qoymazdılar.
Amma biz dədəmizdən gizlin gedərdik torba atdıya.
"Gəlmə"lər deyirdilər biz xəsisik. Vallah heylə deyildi.
İsrafçılıq eləmirdik başqaları kimi. Şuşalıların çoxu
xan, bəy nəslindəniydi də. Xan süfrəsində harınlıq olmaz
ki. Bəy mizi toyuq yemxanası deyil ha. Biz simic
deyildik, qadan alım, tövrünü bilirdik hər şeyin.
...Allah bəlasını versin erməninin, bütün yeməklərimizi,
adətlərimizi oğurlayıb öz adlarına çıxarırdılar. Nə
bilim ey, ay Rüfət. Belə bir təhər oluram yadıma
salanda... Soruşsan, ən çox nəyiyçün darıxıram Şuşanın,
cavab verəmmərəm. Oralar məndən ötrü bütöv bir varlıqdı,
canlıdı, lap adam kimi. Şuşada olanda babanın yoxluğun
heç hiss eləmirdim. Kimsə mənə dul deyəndə hirslənirdim.
Çünki ondan sonra Şuşaydı mənim ömür-gün yoldaşım.
Vallah ora başqa aləmdi. Elə bil özgə planetdə oturub
baxırdıq dünyaya. Ətraf rayonları filanı çox gəzib
dolanmışdıq. Amma Azərbaycanın yüksək kürsüsü Şuşaydı.
İndi o kürsü yoxdu deyən, səsimizi də eşidən yoxdu...
Nənəm bütün bunları danışıb giley-güzar etdikcə əlini
sövq-təbii aparıb ovuşdururdu dizini. Sonra da əlavə
edirdi:
- Bu duz zəhrimar da öldürüb məni. Əl çəkmir ki...
Dişimin dibindən barmağımın ucunacan hamısı
lüggüldəyir.
Natəvan nənə oynaqlara yığılıb onu incidən duzdan
danışırdı. Amma, məncə, səbəb bu deyildi. Şuşasızlıq
idi. Düzdü, Şuşasızlıq. Çünki ancaq oraları
xatırlayanda tuturdu ağrıları. Yalnız bu söhbətləri
edəndə sığallayırdı dizlərini. Mənə elə gəlirdi ki, onun
oynaqlarını, əzalarını gəzib özü dediyi kimi dişinin
dibindən barmağının ucunacan hər hüceyrəsini sızıldadan
dərdin, xəstəliyin adı həsrətdi. Şuşa həsrəti. Yoxsa
mənim insanlara bəxş etdiyi şəfa ilə əfsanəyə çevrilmiş
nənəm duzun əlində aciz qalmazdı...
Üzünün hər qırışından duyulan bu dərdin içində onun
özünü necə nikbin aparmasına heyrət edirdim. Hər il
doğum günüm yaxınlaşanda "bu dəfə səni aparıb Şuşadakı
ata-baba məhəlləmizi göstərəcəyəm..." - deyirdi.
İnanırdı... Ümidsiz danışanlara qəzəblənirdi. Ancaq
əsasən yaz aylarında axşamlar, valideynlərim yatandan
sonra nənənin evin artırmasında oturub sakitcə
ağladığını da duymuşdum. Nə başına-gözünə döyər, nə
saçını yolar, nə də vay-şivən edərdi. Elə yaz yağışı
kimi səssiz, narın-narın ağlardı Şuşası üçün. Birdən
dodağının altında bayatılar dediyini də zorla eşidirdim.
Otağımın artırmaya baxan pəncərəsinin önündəki
çarpayımda uzanıb nənəmə baxa-baxa nə vaxt yuxuya
getdiyimi xatırlamazdım səhər açılanda. Amma bu
bayatıların onu düz Şuşaya aparıb çatdırdığını dəqiq
bilirdim. Həmin gecələrdə Hövsan bağlarının havası
dəyişər, bürküsü də yox olardı. Bumbuz dağ küləyi
üşüdərdi nənəmi. Atamgilin otağına girməyə utanar, amma
anamın qışdan bəri yığışdırıb kənara qoyduğu
yorğanlardan birini mənim üstümə örtərdi.
Səhər yeməyində Natəvan nənəyə baxıb mənalı gülümsəyər
və bizi birləşdirən bir sirrimizin olmasından xoşbəxtlik
duyardım. Çünki nənəmin həmin gecələrdəki halından
yalnız mən xəbərdar idim.
Hər dəfə Qarabağlı sənətçilərin, şairlərin, yazıçıların,
televizorda danışmaq imkanı olan daha kimlərin
müsahibələrini dinləyəndə içimdə sual yaranırdı:
- Uzun ayrılıqdan sonra ilk dəfə Şuşaya gedəndə nə
edəcəksən?
Hansısa iş adamı qələbədən sonra 40 gün qurbanlar
kəsəcəyini, xalq artisti Cıdır düzündə tərəkəmə
oynayacağını, şair "Şuşa poeması" yazacağını, müğənni
yerli əhaliyə 1 həftə pulsuz konsert verəcəyini deyirdi.
Bu kimi vədlər, arzular, əhdlər həddən artıq idi. Amma
nədənsə nənə bu sualın qarşısında acizdi. Dərsini
bilməyən şagird kimi hıqqana-hıqqana qalırdı. Cavabı
axtaranda gözlərində parıldayan sevinc də aydın
sezilirdi. Elə bil bir anlıq o sevincin həcmini,
keyfiyyətini dərk edir və onu ifadə etməyin yolunu heç
cür tapa bilmirdi.
***
Universitetə gərgin hazırlaşdığım ərəfələriydi, bir
axşam hazırlıqdan qayıdırdım, həyətə girəndə qorxdum.
Elə bil həyət-bacadan qəribə bir ölüm qoxusu gəlirdi.
Atam eyvanda oturub siqareti siqaretə calayır, anam bir
tərəfə çəkilib ağlayırdı. Səbəb nənəmin xəstəliyi imiş.
- Rüfət, nənə xəstədi. Neçə vaxtdı rəngi-ruhundan
narahat idik. Axır bu gün həkimə apardıq. Aparata
saldılar, udlağı-qida borusu cızılıb. Şəkəri də varmış.
Demiyib bizə. Şəkər xəstələrində belə yaralar gec
sağalır. Həkim deyir ki, yara iltihablanır, təhlükəlidi.
Ancaq İranda əməliyyat olunsa, bəlkə sağalar. O da
razılaşmır. Deyir əməliyyat, filan boş şeydi.
Atam heç mənim nə deyəcəyimi gözləmədən papirosundan bir
qüllab vurub (sanki bayaqdan kimsəylə danışa
bilmədiyindən ürəyi hövül eləmişdi) sözünə davam
elədi:
- Deyir, nə vaxtsa əti yaxşı çeynəməyib, içində xırda
sümük qaldığını bilməyib, elə də udub, o cızıb. Bizə də
heç zad deməyib. Bu gün aparata salanda həkimə danışdı.
Həkim bir-iki ilac yazıb, amma çətin xeyri olsun. Vay,
dədə... Nağayraq? Bu arvadı nə tər razı salaq?!
Əməliyyata getməlidi ey, başa düşürsən?!
Atam danışdıqca anam daha da bərkdən hönkürürdü. Söhbəti
yarımçıq qoyaraq evə girib divanda uzanmış nənəmə
yaxınlaşdım. Üzündən xəstəlik zərrə qədər duyulmurdu.
Bir az ağarmışdı sifəti...
- Necəsən?
- Şükürlər olsun Rəbbimə, bala! Lap yaxşıyam. Onnara da
de ta ağlayıb, hay-küy salıb kəndi başıma yığmasınnar.
Şuşa qayıtmayınca mənə heç nə olası döyül. Həə... Vallah
ora gedən kimi sağalajam... Görəssən!
Nənəmin səsində duyduğum gizli sevincin səbəbini anlaya
bilmirdim. Bir-iki dəqiqə söhbətdən sonra başa düşdüm.
Tapmışdı. Öləcəkdi. Şuşaya qayıdandan sonra nənəm
öləcəkdi sevindiyindən. O boyda sevinci ifadə etməyin
yeganə yolu bu idi. Həə! Bircə dəfə İsa bulağından su
içmək, Cıdır düzündə əlin-ayağını uzadıb ölmək...
Sonrakı günlərdə də nənəmin üzünə diqqətlə baxanda o
anları necə xəyal etdiyini dəfələrlə hiss etmişdim. Amma
xəstəlik imkan vermirdi. Halı getdikcə pisləşir, hər an
geriləyirdi. Bütün günü yanından çəkilmirdik. Anam ürəyi
istəyəni bişirir, amma təəssüf ki nənə heç nə yeyə
bilmirdi, yemək keçmirdi boğazından. Zəhrimar yara
iltihablanır, qızdırma verirdi. Atam tanış-bilişdəki
bütün həkimləri gətirirdi üstünə amma hamı eyni sözü
deyirdi: şəkər xəstəsi olduğundan müalicəsi çox çətindi.
Yazılan bir-iki antibiotik, vitamin də heç xeyir
etmirdi. Nənəyə söz deyə, fikrini dəyişə biləcək
qohumumuz da yox idi. Bir qardaşı varmış, o da
müharibədə həlak olmuşdu. Valideynlərimin də bütün
ciddi-cəhdləri boşunaydı. Elə bil Şuşadan savayı heç bir
əlac tanımırdı nənə...
...Əriyib gedirdi gözümüzün önündə. Bir müddət sonra
boğazından maye də keçmirdi, bir qaşıq su içirdi, o da
qayıdırdı geri. Hərdən nənəni bu halında da danışdırmaq,
suallar vermək istəyirdim. Amma onun xəstə, zəif
görünüşü bütün suallarımın cavabı, dərdinin dəqiq
ifadəsiydi.
Artıq iki gün idi ki Natəvan nənə həyatla ölüm arasında
vurnuxur, çabalayırdı. Huşu gedirdi, danışığını da tamam
itirmişdi. Eləcə inildəyirdi. Bəlkə halını yüngülləşdirə
biləcək nə isə edərlər deyə Təcili Tibbi Yardım
çağırırdıq. Həkim hamımızı otaqdan qovub "çıxın, mane
olmayın, canını rahat tapşırsın" - deyirdi. Amma
olmurdu, nənəm əl çəkə bilmirdi bu dünyadan. Axırıncı
dəfə tibbi yardım gələndə yaşlı həkim anama yavaşça
pıçıldadı:
- Bunun uzaqda olan qohumu, yolunu gözlədiyi doğması
yoxdu ki? Belə xəstələr kimisə gözlədiklərindən, ya
nigaran qaldıqlarından bu hala düşürlər.
Həmin an qəfildən beynim işıqlandı, həkimə üzümü tutub
gəlin dalımca - deyərək nənəmi yorğanı qarışıq qucağıma
alıb otaqdan çıxardım və gətirib uzandırdım Tibbi yardım
maşınındakı xərəyə. Heyrət içində donub qalmış atamla
anam söz tapmırdılar deməyə. Yalnız evə qayıdıb qədimi
mis parçı götürəndə anam qabağıma qaçıb:
- Arvadı hara aparırsan, başına dönüm? - deyə soruşdu.
- Şuşaya!
Sürücüyə yaxınlaşıb - bacardığın qədər çala-çuxura sal
maşını - dedim. Həkimə də işarə etdim ki səsini
çıxarmasın. Maşının kabinasında oturub nənəmin əlindən
tutdum. Gün batmışdı, havanın qaralmağına az qalırdı.
Maşın bizi Hövsanın daşlı-qayalı kənd yollarında
dörd-beş dəqiqə atıb-tutandan sonra artıq "Şuşaya
çatırdıq":
- Ay nənə, sənə qurban olum, nə gözəlmiş buralar!!! Sən
mənə danışırdın ey, yadındadı?! Qala divarlarından
demişdin... Həə. Mamayı məhəlləsindən, Xoca Mircanlıdan,
Dəmirçidən, Hamam qabağından söyləmişdin. Sabah özün
gəzdirib göstərərsən... Üzeyir bəyin ev muzeyini, Uşaq
Sanatoriyasını, Daşaltı dərəsini, Cıdır düzünü,
Ərimgəldini, hamısını görmək istəyirəm. Axşam yatıb
dincələrsən. Səhər gəzərik amma həə?
Nənəmin simasına uşaq təbəssümü qondu. Amma heç nə deyə
bilmirdi. Qollarını tez-tez yuxarı qaldırıb yatağa
çırpırdı. Elə bil namaz qılırdı, ya şükür edirdi...
Əlindən öpüb başını sığalladım. Bir az sakitləşdi.
Mənimçün indi o doğma torpağına qayıtmış ziyalı bir
xanım idi.
- Şofer dayı, çatdıq İsa bulağına, saxla nənəm üçün su
gətirim...
Mis parçı götürüb İsa dayının nuh əyyamından qalma taxta
mağazasına girdim. Qazsız, soyuq su alıb parçı doldurdum
və yenidən maşına mindim.
- Natəvan nənə, sən düz deyirmişsən ey. Mən içə bilmədim
bu sudan. Dişlərim dondu. Öyrəşərəm də. Sən
öyrəncəlisən, iç görüm!
Günlərdi ki boğazından bir qurtum su keçməyən nənəmin
başını ehmalca qaldırıb parçı dodaqlarına
yaxınlaşdırdım. Gözlərini geniş açıb baxdı. Anasından
süd əmən körpənin minnətdarlığı vardı üzündə. "İsa
bulağının suyu"ndan çətinliklə bir qurtum alıb ahh
çəkdi, sifəti rahatlandı. Başını yastığa qoyub,
sığalladım. Əlini heç buraxmaq istəmirdim. Hey
danışırdım...
- Nənəcan, bax demisən ha... Sağalmalısan Şuşada. Bura
da Hövsan deyil ki, neft qoxusundan, çırkli havadan
şikayət edəsən... Eşidirsən?!
Elə bu an ovcumdakı əlin soyuduğunu duydum. Saçını,
alnını, yanaqlarını oxşadım. İndicə içirtdiyim suyun, ya
bəlkə ölüm tərinin soyuqluğunu əlimin içində hiss edəndə
diksindim.
Ölmüşdü artıq. Sevindiyindən!
PƏRVİN |