Nail
Qoşqar oğlu Bəşirli 2000-ci ildə Bakıda anadan olub.
Hazırda 54 nömrəli tam orta məktəbin VII sinif
şagirdidir. Uşaq yaşlarından idmanın şahmat növünə maraq
göstərib. Valideynlərinin dəstəyi ilə Bakıdakı 1 nömrəli
İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər
Şahmat-Dama İdman Məktəbində əməkdar məşqçi, beynəlxalq
qrossmeyster Rəsul İbrahimovdan bu idman növünün
sirlərini öyrənməyə başlayıb. İlk uğuru 2012-ci ilin
yanvarında Bakı çempionatında iştirak edərək II yerə
çıxması olub. Həmin ilin martında keçirilən Azərbaycan
çempionatında da II yerə layiq görülüb. Ən böyük
nailiyyəti isə 2013-cü ilin oktyabr ayında kişilər
arasında keçirilən Bakı çempionatında I yerə
çıxmasıdır. 2014-cü ilin yanvarında Bakı çempionatında
iştirak edərək I yerin sahibi olub. Həmin ilin fevral
ayında Belarusun Minsk şəhərində məşhur şahmatçı David
Branşteyn adına keçirilən beynəlxalq turnirdə II yeri öz
adına yazdırıb. 2014-cü ilin martında 14 yaşadək
oğlanlar arasında keçirilən Azərbaycan çempionatında
iştirak edərək II yerdə qərarlaşıb.
Nail şahmatda kifayət qədər uğur əldə etməklə yanaşı
təhsil aldığı 54 nömrəli tam orta məktəbin əlaçıları
sırasındadır. Məktəbin direktoru Sahibə Abbasova Nail
haqqında danışarkən bildirdi ki, şahmatçımız güclü
zəkası, təlim-tərbiyəsi ilə müəllimlərinin
sevimlisidir. Biz də ona gələcək həyatında uğurlar
arzulayırıq.
R.RAMAZANOĞLU,
"Azərbaycan müəllimi" |