ABŞ-da
4000 -dən artıq universitet fəaliyyət göstərir. Ölkənin
ali təhsil müəssisələri isə bütün dünyada öncül
mövqedədir. "US News" jurnalı (http://www.usnews.com/education)
2014-cü il üçün ölkənin ən yaxşı universitetlərinin
milli reytinq cədvəlini (National University Ranking)
açıqlayıb. Ötənilki analoji reytinq cədvəlindən
fərqli olaraq Prinston Universiteti Harvard
Universitetini qabaqlayaraq birinci siraya keçib.
Tərtibçilər universitetlərlə yanaşı kollecləri də
qiymətləndiriblər. Ötən il olduğu kimi bu il də ölkənin
ən yaxşı kolleci Williams College-i hesab olunub.
Tərtibçilər qeyd edirlər ki, reytinq cədvəli ali
məktəbləri hamı tərəfindən qəbul olunmuş uğur
kriteriyaları ilə qiymətləndirməyə imkan verir.
Kriteriyalar kimi ikinci tədris ilinə qalan birinci
kurs tələbələrinin sayı (universitetlərdən qovulanların
sayı nə qədər az olarsa, o qədər yaxşıdır), buraxılış
göstəriciləri (ali məktəbi nə qədər tələbə və necə başa
vurub), professor-müəllim heyətinin tərkibi və gücü
göstərilə bilər. Ötən illə müqayisədə bu il ilk onluqda
yer alan universitetlər arasında bəzi dəyişikliklər baş
verib. Məsələn, Stenford Universiteti 6-cı sıradan 5-ci
yerə qalxıb. Dyuk və Pensilvaniya universitetləri artıq
8-ci deyil, 7-ci yeri bölüşüblər. Massaçusets
Texnologiya Universiteti də onlarla bir mövqedədir. Bir
sözlə, ölkənin elitar universitetlərini birləşdirən
Sarmaşıq liqasına daxil olan universitetlər öz ənənəvi
imiclərini qorumaqla və bir çox abituriyent üçün
arzuolunan təhsil müəssisəsi kimi əminliklə reytinq
cədvəlinə başçılıq edirlər.
|