Aprelin 7-də Bakıdakı 5 nömrəli tam orta məktəbdə
AİDS-lə Mübarizə İctimai Birliyi və Nəsimi Rayon Gənclər
və İdman İdarəsinin təşkilatçılığı ilə Beynəlxalq
sağlamlıq gününə həsr olunmuş tədbir keçirilib.
Məktəbin direktoru Nərminə Gündüzlü tədbirin
əhəmiyyətindən, narkomaniyanın bəşəri bəla olmasından
söz açıb, gəncləri narkomaniyaya qarşı yekdil mübarizəyə
səsləyib. Narkomaniya və AİDS ilə mübarizədə ən effektiv
vasitələrdən biri kimi maarifləndirmə tədbirlərinin
həyata keçirilməsinin və buna məhz təhsil
müəssisələrində daha geniş yer verilməsinin vacibliyi
vurğulanıb.
Nəsimi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini
Şahmar Tağıyev məruzəsində narkomaniyanın cəmiyyət üçün
törətdiyi təhlükələrdən, gənclərin fiziki və mənəvi
cəhətdən sağlam tərbiyə olunması, asudə vaxtlarının
səmərəli təşkili məqsədilə görülən çoxsaylı tədbirlərdən
söz açıb.
AİDS-lə Mübarizə İctimai Birliyinin nümayəndəsi Ehtiram
Paşayev bildirib ki, əsrin bəlası olan narkomaniya və
AİDS problemi bütün dünyada olduğu kimi, Azərbaycanda da
mövcuddur. Son illərdə dünyada narkotiklərə, AİDS-ə
nəzarət və mübarizə istiqamətində bir sıra ciddi
tədbirlər görüldüyünü deyən E.Paşayev ümumbəşəri bir
problemə çevrilən bu bəlanın və narkomaniyanın
fəsadlarından söz açıb. Qeyd edib ki, narkomaniyaya
qurşananlar təhsilə, işə, ailəyə, dostlarına maraqlarını
itirir və özlərini cəmiyyətdən təcrid edirlər.
Beləliklə də insan həyatı zəhərlənir. Buna görə də
həmin ümumbəşəri problemlərin profilaktikası sahəsində
Azərbaycanda da bir sıra məqsədyönlü proqramlar həyata
keçirilir. E.Paşayev şagirdlərlə bu mövzuda geniş
söhbətlər aparıb, onları maraqlandıran sualları
cavablandırıb.
Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi" |