Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 Aprel 2014 - №13

 

Xaricdə təhsil alan tələbələrimiz

"Bizim borcumuz dövlətin etimadını doğrultmaqdır"

 

Türkiyənin Hacettepe Universitetində təhsil alan Cavid Əhmədovla söhbət 

Cavid  Ramiz oğlu Əhmədov 1989-ci ildə Bakı şəhərində anadan olub.  2006-cı ildə Nərimanov rayonundakı 193 nömrəli tam orta məktəbi fərqlənmə attestatı ilə bitirib. Elə həmin il ali məktəblərə keçirilən qəbul imtahanlarında  643 bal toplayaraq Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olub.  2006-2009-cu  illərdə əlaçı tələbə və universitetin  Tələbə Elmi Cəmiyyətinin  fəal üzvü kimi  Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Tibb Universitetinin rəhbərliyi tərəfindən seçilərək tələbə mübadilə proqramı çərçivəsində təhsilini davam etdirmək üçün  İstanbul Universiteti Cerrahpaşa tibb fakültəsinə qəbul olunub.  2010-cu ildə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na qəbul olunub.  2013-cü ildə həmin universiteti müvəffəqiyyətlə bitirib.  2013-cü ilin aprel ayında "Tıpta Uzmanlık Sınavı"nda (TUS)  yüksək bal toplayaraq Hacettepe Universitetinin radiologiya bölümünə daxil olub. Həmin ildə ikinci dəfə  "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində təhsil almağa layiq görülüb. Hazırda Hacettepe Universitetinin radiologiya bölümündə assistent vəzifəsində təhsil alır.  Evlidir.   

- Necə oldu ki, həkimliyi seçdiniz?

- Orta məktəbdə təhsil aldığım zaman əsas diqqətim məktəb proqramına yönəlmişdi. Ancaq fizika və biologiya fənlərinə  marağım daha da yüksək olduğu üçün bu fənlər üzrə bilik olimpiadalarında iştirak etməyi çox sevirdim. Orta məktəb illərində  özümü daha çox təkcə məntiq və riyazi biliyin deyil, həm də yaradıcılığın da tələb olunduğu sahədə görürdüm. Məhz bu səbəbdən VIII sinifdə artıq həkim olmağa qərar vermişdim. Hətta V  sinifdə ürək anatomiyasına aid çəkdiyim şəkillər bu gün də evimizdə durur.

- Xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində 2013-2014-cü tədris ili üçün tələbələrin seçim prosesini necə qiymətləndirirsiniz?

- Müsabiqədə ikinci dəfə iştirak edirdim. Budəfəki seçim prosesi daha  maraqlı və təkmilləşdirilmiş idi. Hiss etdim ki, münsiflər heyətinin üzvlərinə biz tələbələrin təkcə elmi sahədə olan biliyimiz deyil, həm də Azərbaycan Respublikasına verə biləcəyimiz faydamız önəmli idi. Bu məqam məni çox sevindirdi, çünki dövlətimiz bizə etimad göstərirsə, bizim də borcumuz bu etimadı doğrultmaqdır.

İstanbul Universitetində təhsil aldığım dövrdə Azərbaycan  Prezidentinin,  Azərbaycan dövlətinin və Təhsil Nazirliyinin biz gənclərə göstərdiyi qayğını tez-tez qeyd etməyi çox sevərdim. Həqiqətən də  dövlətimizin  yaratdığı  bu şərait xaricdə oxuyan tələbələr üçün böyük imkanlar yaradır. Bu səbəbdən də Dövlət Proqramında təhsil alan tələbədən ancaq ən yüksək nailiyyətlər gözlənilir.

- Xarici ölkədən baxdıqda Azərbaycan təhsilini, Təhsil Nazirliyinin apardığı işi necə  görürsünüz?

- İlk 3 kursu Azərbaycan Tibb Universitetində və sonrakı  3 kursu İstanbul Universitetində oxuduğum üçün Azərbaycan və  Türkiyə təhsili arasında fərqləri görmə şansım daha yüksək idi. Türkiyədə V  kursda oxuduğum zaman "TRT" telekanalının əməkdaşları müsahibə almaq üçün  bizim bölümə  gəlmişdi.  Azərbaycanlı olduğumu bildikdən sonra onlar mənə belə bir sual verdilər: "Türkiyə və Azərbaycan təhsili haqqında hansı fərqi qeyd edə bilərsiniz?". Mənim cavabım belə oldu: "Həm Azərbaycan, həm Türkiyə sürətlə inkişaf edən ölkələrdir. Necə ki, Türkiyənin gəncləri daha qabaqcıl xarici universitetlərdə təhsil almağa çalışırlar, həmçinin Azərbaycan gəncləri də. Azərbaycan müstəqilliyini 18 oktyabr 1991-ci ildə qazanıb, buna görə də Azərbaycan təhsilinin Türkiyə təhsili ilə eyni səviyyəyə çatması üçün zaman lazımdır. Azərbaycanın bütün imkanları var və biz ancaq yüksələn yol üzrə hərəkət edirik".

- Tələbə həyatınız necə keçir?

- Hazırda təhsil aldığım Hacettepe Universiteti Türkiyənin ən böyük  universitet klinikalarından birinə malikdir. Belə bir klinikada yüksək təcrübəyə yiyələnmək üçün bütün imkanlar var. Buna görə də buradakı  bir çox həkimlər bu böyük məlumat bazasından istifadə edərək özlərini təkmilləşdirirlər. Mən də klinikanın bir həkimi olaraq bu imkanlardan maksimum dərəcədə  istifadə etməyə çalışıram. Bundan əlavə, mən idmanı da çox sevirəm, məktəbdə oxuduğum zamanlar boks üzrə Bakı çempionu olmuşam. İstanbula gəldikdən sonra da idmana olan sevgimi yenə də sübut etdim və İstanbulda universitetlərarası armwrestling idman növü  üzrə yarışmada sol əldə birinci, sağ əldə ikinci yerə layiq görüldüm. İndi isə Ankaradayam, bəlkə idmana olan sevgim burada da oyanar.

Düşünürəm ki, əslində həkimin asudə vaxtı çox olmalı deyil. Asudə vaxtım olanda ailəmlə keçirirəm. Ankaranın tarixi abidələrini və əyləncə mərkəzlərini gəzməyi çox sevirik. Əsasən də ən çox sevdiyimiz yer Ankara Dövlət Opera və Balet Teatrıdır. Bu teatra olan sevgimizin əsas səbəbi ayda bir dəfə "Arşın mal alan" səhnəsinin verilməsidir.

- Yaşadığınız şəhər haqqında?

- Ankara Türkiyənin ən gözəl şəhərlərindən biridir. Ankaraya gələnlərə Anıtkabir, Ankara kulesi, Atatürk Orman Çiftliği, Roma Hamam Muzeyini ziyarət etməyi məsləhət görərdim. Ankara gözəl şəhər olmasına baxmayaraq,  mənim üçün dünyanın ən gözəl şəhəri olan Bakı üçün  çox darıxıram.

- Azərbaycan diasporası ilə əlaqələriniz barədə...

- Türkiyədə bizim diasporamız çox güclüdür. Biz əsas gücümüzü və səylərimizi erməni separatçılarının və onlara havadarlıq edənlərin 1990-1993-cü illərdə xalqımızın başına qətirdiyi hadisələri  dünyada tanıtmağa yönəltmişik. Hər il 20 Yanvar, Xocalı faciəsi, 31 mart Azərbaycanlıların  Soyqırımı Günü ilə bağlı keçirilən konfranslar və mitinqlərdə fəal iştirak edirik. Hər bir azərbaycanlı  öz xalqına qarşı  törədilmiş bu haqsızlıqları, vəhşilikləri unutmamalıdır.

- Bir qədər oxuduğunuz ali məktəb, seçdiyiniz ixtisas barədə məlumat verərdiniz.

- Hacettepe Universiteti Türkiyənin ən böyük ali təhsil ocaqlarından biridir. Əsas olaraq da radiologiya bölməsində Avropada tanınan professorlar dərs deyirlər. Buranın əsas özəlliyi daim müəllimlərlə ünsiyyətdə olmağımızdır. Çünki belə olduğu halda onların çox böyük təcrübəsindən biz də faydalanmış oluruq. Biz tələbələr üçün ikinci önəmli məqam invaziv radiologiya sahəsində  Türkiyənin və Avropanın ən qabaqcıl professorları ilə  birlikdə cərrahiyyə  əməliyyatlarında  iştirak etməyimizdr.  İnvaziv radioloq  üçün  bu, əvəzedilməz təcrübədir.

Mənim əsas məqsədim invaziv neyroradiologiya sahəsində təkmilləşməkdir. Dünyada beyin- damar xəstəlikləri ölüm səbəbləri arasında 3-cü yerdə, əlillik səbəbləri arasında isə 1-ci yerdədir. Əminəm ki, bu sahədə təkmilləşmiş mütəxəssislərə Azərbaycanda böyük ehtiyac var.

- Təhsil aldığınız universitetdə müəllim-tələbə münasibətləri necə qurulub?

- Yuxarıda da qeyd etdiyim kimi, müəllimlərin səmimi münasibəti bizə çox stimul verir. Əlbəttə ki, bəzən müəllimlərin sərt tərəflərini də görürük, lakin bu durum bizi daha da əzmlə çalışmağa vadar edir. Həm özlərinə, həm  də bizə  qarşı çox tələbkardırlar.

- Türkiyədə rezidentura təhsil sisteminin hansı üstünlüklərini qeyd edə bilərsiniz?

- Türkiyədə böyük universitetlərin  klinikalarında  assistent işləmək çox böyük üstünlüklər verir. Birincisi, xəstə sayı və məlumat bazası çox böyükdür. Bu bizə önəmli dərəcədə təcrübəyə yiyələnməyə imkan verir. İkinci üstün tərəfi, gördüyün hər bir xəstəni  müəllimlərinlə birgə müzakirə edirsən. Belə olan  halda əlbəttə ki, illərin təcrübəsindən faydalanmış olursan. Üçüncü tərəfi, invaziv əməliyyatlarda bilavasitə iştirak etməyin  və bir müddətdən sonra bu əməliyyatların tam olaraq sənə etibar edilməsidir. Mənim üçün ən önəmli üstünlükləri bunlardır.

- Gənclərimizin xaricdə təhsil almaq səylərinə necə baxırsınız? 

- Bu çox gözəl haldır. Bizim Vətənə hər bir sahədə çoxlu sayda yüksək səviyyəli mütəxəssislər lazımdır. Dünyanın tanınmış universitetlərini bitirmiş tələbələr öz təcrübələrini paylaşaraq Azərbaycanın inkişafını bir az da sürətləndirəcəklər. Onu da qeyd edim ki,  bəzi tələbələrin xaricdə qalıb karyera qurması  Azərbaycan diasporasına böyük təkandır.

- Çətinlikləriniz nə ilə bağlıdır?

- Şükür Allahımıza, çətinliklərimiz yoxdur. Bir çətinlik var, artıq 5 ildir ki, Vətənimdən və valideynlərimdən uzaqdayam. İstər- istəməz həyat keçir  və bəlkə hansısa qızıl anları qaçırmış oluruq.

- Gələcək planlarınız?

- Hacettepe Universitetini bitirdikdən sonra istərdim ki, ABŞ-ın  Stanford Universitetində birillik təcrübə-mübadilə keçim. Sonrakı  planım, daha doğrusu, arzum, Azərbaycanda invaziv neyroradiologiya və kök hüceyrə transplantasiyasını insult xəstələrində tətbiq etməkdir.  Bu çalışmalar Şotlandiyada, Çində və ABŞ-da   tədqiqatın 3-cü mərhələsindədir. Artıq  bir çox nəticələr var  və inanıram ki Azərbaycanda bir çox insana yeni həyat verməyə şansımız olacaq.

- Maraqlı cavablarınız üçün sizə  təşəkkür edir və məsuliyyətli rezidentura təhsilinizdə uğurlar arzulayırıq.  

Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov