Yaponiyada ümumi təhsil
Yaponiyada
ümumi orta təhsil 12 il olub ibtidai təhsil (6 il),
aşağı orta məktəb (3 il) və yuxarı orta məktəb (3 il)
pillələrindən ibarətdir. Yaponiyada ibtidai və orta
təhsilin aşağı pilləsində - I-IX siniflərdə təhsil
icbaridir. 11 aylıq tədris ili apreldə başlayır və
martda başa çatır. Dərslər məktəbdən asılı olaraq,
həftədə 5 və ya 6 gün keçilir. Tədris ili üç semestrdən
ibarətdir. Semestrlər arasında yaz, yay və qış tətili
verilir. Məktəblərdə vahid məktəbli forması sistemi
tətbiq olunur.
İbtidai təhsil.
Yaponiyada ibtidai və orta təhsilin aşağı pilləsində
təhsil icbaridir. Uşaqlar 6 yaşdan 12 yaşa qədər - I-VI
siniflərdə bu təhsil pilləsində oxuyurlar. İbtidai
təhsil pilləsində şagirdlərlə əsasən, iki müəllim məşğul
olur. Dərslərdə daha çox tətbiqi bacarıqlara,
müzakirələrə və oyunlara üstünlük verilir. İbtidai
təhsil müəssisələrində 7063606 şagirdin təlim-tərbiyəsi
ilə 419518 müəllim məşğul olur.
2011-ci ildən etibarən ingilis dili ibtidai məktəb
kurikulumunun icbari hissəsini təşkil edir. Əksər
şagirdlər ibtidai, orta təhsilin aşağı pilləsində dövlət
müəssisələrində oxusalar da orta təhsilin yuxarı və ali
təhsil pillələrində özəl təhsil müəssisələrinə üstünlük
verirlər.
Orta təhsil. Qeyd etdiyimiz kimi, Yaponiyada orta təhsil
aşağı və yuxarı pillələrə bölünür və ümumilikdə 6 il
davam edir. Orta təhsilin aşağı pilləsinə VII, VIII və
IX siniflər daxildir. Uşaqlar 12 yaşdan 15 yaşa qədər bu
təhsil pilləsində oxuyurlar. Bu dövrdə məktəblərdə əsas
diqqət akademik fənlərə yönəldilir. Orta təhsilin aşağı
pilləsini bitirən şagirdlərin 96 faizi öz təhsillərini
orta təhsilin yuxarı pilləsində davam etdirirlər.
İbtidai məktəblər kimi, orta məktəblərin də böyük
əksəriyyəti dövlətə məxsus olsa da onların 5 faizi
özəldir. Özəl orta məktəblərdə birillik təhsil haqqı
orta hesabla 4000 ABŞ dollarına (558592 yen) yaxındır.
Bu məbləğ hökumətin dövlət orta məktəblərində oxuyan bir
şagird üçün müəyyən etdiyi 934 ABŞ dolları (130828 yen)
ilə müqayisədə, təxminən, 4 dəfə çoxdur.
Aşağı orta məktəblərdə müəllimlər yalnız ixtisaslarına
uyğun fənləri tədris edirlər. Müəllimlərin 80 faizi 4
illik kollec məzunlarından ibarətdir. Siniflərdə şagird
sıxlığı çox yüksəkdir və orta hesabla bir sinifdə 35-dən
artıq şagird olur. Dərs keçmək üçün şagirdlər deyil,
əsasən, müəllimlər sinifdən-sinfə dəyişirlər.
Orta təhsilin aşağı pilləsində tədris mühazirə üsuluna
əsaslansa da müəllimlər digər texniki vasitələrdən də
istifadə edirlər. Eləcə də dərs zamanı şagirdlər üçün
laboratoriya işləri müəyyən olunur.
Məktəblərdə kompüterləşməyə hələ ötən əsrin 80-ci
illərinin sonlarından başlanılıb. Məlumatlara görə,
1989-cu ilə qədər dövlət əsaslı orta məktəblərin 45
faizi kompüterlərlə təmin olunub.
Tədrisin bütün məzmunu orta təhsilin aşağı pilləsi üçün
nəzərdə tutulan tədris kursunda müəyyən olunur. Orta
təhsilin aşağı pilləsinin kurikulumuna yapon dili,
ictimai elmlər, riyaziyyat, təbiət elmləri, musiqi,
incəsənət, tibbi və fiziki təhsil daxildir. Bundan əlavə,
bütün şagirdlərə maşın və mexanizmlər haqqında müvafiq
məlumatlar verilir, əmək təlimi tədris edilir.
Şagirdlərin əksəriyyəti dərsdən sonra bir sıra məktəb
dərnəklərində fəal iştirak edir, axşamlar və ya həftə
sonlarında isə özəl sinifdənxaric kurslara gedirlər.
Yaponiyada 3 il davam edən orta təhsilin yuxarı pilləsi
məcburi olmasa da orta təhsilin aşağı pilləsini
bitirənlərin 96 faizi təhsillərini bu pillədə davam
etdirirlər. Orta təhsilin yuxarı pilləsində özəl
məktəblərə tələbat daha çoxdur. Odur ki, təhsilin bu
mərhələsində özəl tədris ocaqları bütün orta məktəblərin
95 faizini təşkil edir. Onu da qeyd edək ki, orta
təhsilin yuxarı pilləsində təhsil həm dövlət, həm də
özəl məktəblərdə pulludur. Özəl məktəblərdə bir şagird
üçün nəzərdə tutulan təhsil haqqı dövlət məktəblərindəki
xərclərdən iki dəfə çoxdur.
Orta təhsilin yuxarı pilləsində tədris əsasən əyanidir
və şagirdləri ali və peşə ixtisas təhsilinə hazırlayan
akademik kurslar təklif edən ümumi proqram əsasında
aparılır. Şagirdlərin 70 faizdən çoxu ümumi akademik
proqramlar üzrə təhsil alır. Məktəblərin kiçik bir
hissəsində isə qiyabi, axşam kursları təşkil olunur.
Proqramın birinci illərində şagirdlərə yapon dili,
ingilis dili, riyaziyyat və təbiət elmləri tədris olunur
və şagirdlərin qabiliyyət fərqləri üzə çıxarılır. İkinci
ildə isə tədris kursunun məzmunu və məktəblinin seçimi
fərdiləşdirilir. Bunlarla yanaşı, ümumi proqramın
tədrisi zamanı əsas akademik materialın mənimsənilməsinə
xüsusi diqqət yetirilir.
Orta təhsilin yuxarı pilləsində çalışan müəllimlərin
çoxu universitet məzunlarıdır. Məktəblər bölmələrə
ayrılır və müəllimlər öz ixtisas sahələrinə uyğun
bölmələrdə çalışırlar. Bununla belə, müəllimlər öz
ixtisasları çərçivəsində müxtəlif kurslarda da işləmək
imkanına malikdirlər. Tədris prosesində əsasən mühazirə
üsuluna üstünlük verilir.
Orta təhsilin yuxarı pilləsində fiziki cəhətdən qüsurlu
şagirdlərin təlimi əsasən peşəyönümlüdür. Bu, onların
cəmiyyətdə mümkün qədər müstəqil olmasını təmin etmək
məqsədi daşıyır. Şagirdlərin fiziki qüsurundan asılı
olaraq peşəyönümlü təhsil fərqlənir. Onu da qeyd etmək
lazımdır ki, ümumiyyətlə, ölkədə peşə ixtisas təhsili
orta təhsilin ən vacib hissəsinə çevrilib.
Çin Xalq Respublikasında ümumi təhsil
Çində
ümumi təhsil 12 il davam etməklə ibtidai, orta təhsilin
aşağı və yuxarı pillələrini əhatə edir.
İbtidai təhsil.
Çində ibtidai təhsil pilləsi çox genişdir. Uşaqlar 6
yaşından başlayaraq ibtidai təhsilə cəlb olunurlar.
Əksər əyalətlərdə ibtidai təhsil pilləsi 5 il davam edir.
Lakin Pekin, Şanxay və digər böyük şəhərlərdə ibtidai
təhsil pilləsi 6 illikdir.
İbtidai təhsil kurikulumuna Çin dili, riyaziyyat, fiziki
təhsil, musiqi, təsviri sənət, həyat bilgisi, tarix və
coğrafiya fənləri daxildir. Bundan əlavə, siyasi
biliklər və etik davranışların tədrisi də kurikulumun
bir hissəsini təşkil edir. İngilis dili III sinifdən
başlayaraq tədris olunur. IV sinifdən hər semestrdə iki
həftə texnologiya tədris olunur.
Tədris qrup halında təşkil olunur ki, bu da şagirdlərin
birgə əməkdaşlıq bacarıqlarına yiyələnmələrinə imkan
verir. Şagirdlərin cavabdehliyini artırmaq üçün
məktəblərə xadimələr təyin edilmir. Məktəbin təmizliyi
məhz şagirdlər tərəfindən həyata keçirilir.
Orta təhsil.
Çində orta təhsil aşağı və yuxarı pillədən ibarətdir.
Orta təhsilin aşağı və yuxarı pilləsinin hər biri 3 il
davam edir. İcbari təhsilin son 3 ili orta təhsilin
aşağı pilləsi hesab olunur.
6 illik ibtidai təhsil pilləsini başa vurduqdan sonra
şagirdlər öz təhsillərini orta təhsilin aşağı pilləsində
davam etdirməlidirlər. Orta təhsilin aşağı pilləsini
tamamladıqdan sonra isə şagirdlər müvafiq qəbul imtahanı
verərək növbəti 3 ili akademik təmayüllü orta
məktəblərdə oxuya və ya peşə məktəblərinə daxil ola
bilərlər.
Orta təhsilin yuxarı pilləsinə qəbul imtahanı ildə bir
dəfə Çin dili, riyaziyyat, ingilis dili, fizika, kimya,
siyasət və fiziki təhsil fənlərindən təşkil olunur.
Qəbul balı müxtəlif regionlardan asılı olaraq dəyişə
bilər.
Orta təhsilin yuxarı pilləsi X-XII sinifləri əhatə edir.
Təhsilin bu pilləsində tədris ili 2 semestrdən, 40
həftədən ibarətdir.
Yuxarı pillədə cari tədris olunan fənlər icbari və seçmə
olmaqla iki qrupa bölünür. Akademik kurikuluma Çin dili,
riyaziyyat, ingilis dili, fizika, kimya, biologiya,
coğrafiya, tarix, siyasət, musiqi, təsviri sənət, fiziki
təhsil, texnologiya, kompüter kimi fənlər daxildir. Bəzi
məktəblərdə peşəyönümlü fənlər də tədris edilir.
Son illər orta təhsilin yuxarı pilləsində oxuyan
şagirdlərin sayı davamlı olaraq artmaqdadır. Məzunlar
Ali Təhsilə Qəbul üzrə Milli İmtahanlarda əsasən Çin
dili, riyaziyyat və ingilis dili fənlərindən imtahan
verirlər.
Orta təhsilin yuxarı pilləsini bitirənlərin çoxunun
universitetlərə və peşə məktəblərinə daxil olmalarına
baxmayaraq, Çində bu pilləni bitirən hər kəs artıq
təhsilli şəxs hesab edilir.
Universitetlərin məhdud sayda elan etdiyi yerlərə qəbul
olmaq üçün rəqabətin gərginliyini nəzərə alan
valideynlər və şagirdlər orta məktəbləri dəqiqliklə
seçirlər.
Finlandiyada ümumi təhsil
Finlandiyada
təhsil sistemi tam şəkildə dövlət tərəfindən
maliyyələşdirilir. Təhsil siyasəti dövlət və
bələdiyyələr tərəfindən həyata keçirilir. Ancaq hər bir
məktəb öz işini, təlim-tərbiyə prosesini müstəqil
şəkildə planlaşdırmaq hüququna malikdir.
Ölkədə tədris rəsmi dövlət dili kimi qəbul edilmiş fin
və İsveç dillərində aparılır. Eyni zamanda tədris ancaq
İsveç dilində olan məktəblər də mövcuddur.
Ölkədə tam orta təhsil 12 illikdir. Ümumi təhsilin
strukturuna 1 illik könüllü məktəbəqədər, 9 illik əsas
və 3 illik ümumi və ya peşə təhsilindən ibarət olan orta
təhsilin yuxarı pilləsi daxildir.
Finlandiyada 6 yaşlı uşaqları məktəblərə hazırlamaq
məqsədilə milli kurslar təşkil edilir.
Əsas təhsil.
Finlandiyada əsas təhsil 7 yaşdan başlayır. Aşağı
siniflərdə şagirdlərə sinif müəllimləri, yuxarı
siniflərdə isə fənn müəllimləri dərs deyirlər. Yuxarı
siniflərdə fakültativ fənlər də tədris olunur.
Ölkədə çox az sayda özəl orta məktəb var. Maraqlıdır ki,
özəl məktəblər fəaliyyətə başlayarkən onlara dövlət
tərəfindən müvafiq bələdiyyə məktəblərinə ayrılan qrant
miqdarında əvəzsiz maliyyə yardımı verilir. Odur ki,
özəl məktəblərdə heç bir təhsil haqqı tələb olunmur və
onlar müvafiq bələdiyyə məktəbləri ilə eyni əsasda
təhsil verirlər. Bundan əlavə, özəl məktəblərdə
şagirdlər bələdiyyə məktəbləri ilə eyni ictimai
hüquqlardan (səhiyyə xidməti və pulsuz yemək) istifadə
edirlər. Məhz buna görə də Finlandiyada özəl məktəblər
ciddi ictimai etimad qazanıblar.
İbtidai təhsilin ilk pillələrində qiymətləndirmə formal
qiymətlərlə yanaşı şifahi şəkildə də aparılır. Rəqəmlə
qiymətləndirmədən istifadə olunmasına məktəb
səviyyəsində qərar verilir. Ən çox müşahidə edilən hal
ondan ibarətdir ki, şagirdlər üçün ildə 2 dəfə - payız
və yaz semestrinin sonunda qiymətləndirmə ilə bağlı
hesabat kartı hazırlanır. Qiymətləndirmə 4-10 bal
arasında aparılır. Fərdi imtahanlarda qiyməti daha dəqiq
ifadə etmək üçün balları 2/1 hissəyə qədər bölmək və
"+" və ya "-" işarələri ilə ifadə etmək də mümkündür.
Lakin tədris ilinin hesabatında belə işarələnməyə icazə
verilmir.
Əgər əsas təhsil pilləsində oxuyan şagird payız rübünün
sonunda hər hansı bir fəndən 4 alırsa, o, yaz rübünün
sonunda həmin fənnə dair biliyini təkmilləşdirdiyini
göstərmək üçün əlavə imtahan verməlidir. Şagird çoxlu
sayda qeyri-məqbul qiymət alarsa, o, həmin ilin
proqramını təkrar oxumalıdır. Belə bir qərar şagird və
onun valideynlərinin mövqeyi öyrənildikdən sonra müəllim
və direktor tərəfindən verilir.
Əsas məktəbdə oxuyan şagirdlər bir çox ictimai
hüquqlara malikdir. Buraya məktəbin səhiyyə xidmətindən
istifadə və gündəlik qida ehtiyacının üçdə bir hissəsini
təşkil edən pulsuz yeməklə qidalanma daxildir. Əlavə
olaraq, şagirdlər kitab və tədris materialları, məktəb
ekskursiyaları ilə də pulsuz təmin olunurlar. Əgər
məktəb ekskursiyaları uzunmüddətli olarsa, şagirdlərin
qalması üçün yerin təşkili də tədris ocağının üzərinə
düşür.
Finlandiyada əsas təhsil pilləsini bitirmiş məzunların
95,5 faizi öz təhsillərini orta təhsil pilləsində davam
etdirirlər.
Orta təhsil.
Finlandiyada orta təhsil sisteminə şagirdləri peşə
təhsilinə və ali təhsil müəssisələrinə hazırlayan
məktəblər daxildir. Şagirdləri peşə təhsilinə hazırlayan
məktəblər uşaqları müəyyən peşə bacarıqlarına
yiyələndirmək, orta təhsilin yuxarı pilləsi isə
hərtərəfli təhsil vermək məqsədi daşıyır.
Şagirdləri peşə təhsilinə hazırlayan məktəblərin
məzunlarına da ali təhsil almaq hüququ verilir. Orta
təhsilin yuxarı pilləsini bitirənlər eyni zamanda peşə
təhsili proqramlarında oxuya bilərlər. Finlandiyada
xüsusi proqramlar üzrə həm peşə təhsili almaq, həm də
orta təhsilin yuxarı pilləsində oxumaq mümkündür.
Hər iki tip məktəbin məzunlarına sertifikat (peşə
təhsili üzrə sertifikat, həm orta təhsilin yuxarı
pilləsi, həm də ali məktəbə qəbul imtahanı üzrə
sertifikat) təqdim olunur. Xüsusi proqramlarda oxuyanlar
isə həm peşə təhsili, həm də ali məktəblərə qəbul
imtahanı üzrə sertifikata sahib olurlar.
Orta təhsilin yuxarı pilləsi üzrə sertifikat politexnik
profilli ali təhsil müəssisələrinə, ali məktəbə qəbul
imtahanı üzrə sertifikat isə universitetlərə daxil olmaq
hüququ verir.
Orta məktəb şagirdləri pulsuz səhiyyə xidmətləri və
gündəlik yeməklə təmin olunsalar da lazımi tədris
vasitələrini və kitabları öz hesablarına alırlar.
Koreya Respublikasında ümumi təhsil
Koreyada
ümumi təhsil ibtidai (6 illik), əsas (3 il) və orta (3
il) təhsil pillələrini əhatə etməklə 12 illikdir.
İbtidai təhsil. Koreyada ibtidai təhsil pulsuz və
icbaridir. Uşaqlar 6 yaşından məktəbə gedir. Əgər 5
yaşlı uşağın qabiliyyət və bacarıqları onun məktəbə
getməsinə imkan verirsə, belə uşaqlar da ibtidai təhsilə
cəlb oluna bilərlər.
Ölkə üzrə uşaqların 99,9 faizi ibtidai məktəblərdə
oxuyur. İbtidai təhsil pilləsində belə yüksək göstərici
təhsilə olan böyük ictimai maraqdan və hökumətin təhsil
siyasətindən irəli gəlir.
Şagirdlərin sayı həddindən artıq çox olan tədris
ocaqları kiçik məktəblərə bölünür. Bu, ikinövbəli tədris
sisteminin ləğv olunmasına xidmət edir. Xarici dilin
tədrisinin genişləndirilməsi üçün III və IV siniflərdə
həftədə bir saat, V və VI siniflərdə isə həftədə iki
saat ingilis dili tədris olunur.
Əsas və orta təhsil.
Koreyada ibtidai təhsili başa vuran şagirdlər əsas,
sonra isə orta təhsil ala bilərlər. Əsas və orta təhsil
pillələrinin hər biri 3 il davam edir. 2004-cü ildən
ölkənin bütün məktəblərində icbari əsas təhsil tətbiq
olunur.
Əsas məktəblərdə ibtidai təhsilin davamı olan standart
təhsil verilir.
Orta məktəblərdə tədris prosesi özünəməxsusluğu ilə
fərqlənir. Ölkədə ümumi orta, peşə və ixtisaslaşmış orta
məktəblər (xarici dil, incəsənət, təbiət təmayüllü)
fəaliyyət göstərir.
Əsas təhsil pilləsini bitirənlər orta təhsil almaq
hüququna malikdir. Orta təhsilə görə müəyyən olunmuş
xərclər şagirdlər tərəfindən ödənilir.
Peşə məktəblərində ümumi orta təhsil və kənd
təsərrüfatı, sənaye, kommersiya, balıqçılıq, dənizçilik,
iqtisadiyyat sahələri üzrə ixtisaslaşmış kurslar tədris
edilir. Şagirdlərə peşə məktəblərini seçmək imkanı
verilir. Bu tədris ocaqlarına imtahan və ya əsas təhsil
üzrə əldə olunmuş nailiyyətlər əsasında qəbul aparılır.
Ümumi orta məktəblərə daxil olmaq istəyən şagirdlər isə
yaşadıqları ərazidəki məktəblərin birində oxuya
bilərlər.
Ümumi orta məktəblərdə şagirdlər XI sinifdə öz təhsil
istiqamətlərini müəyyənləşdirirlər. Bacarıq və
maraqlarından asılı olaraq, humanitar-ictimai elmlər,
təbiət elmləri və ya peşə təlimi kimi istiqamətləri seçə
bilərlər.
Xarici dilin tədris olunduğu orta məktəblər, təbiət
elmləri, incəsənət təmayüllü orta təhsil müəssisələri
müvafiq sahə üzrə perspektivli və istedadlı şagirdlərin
hazırlanması məqsədlərinə xidmət edir. Belə məktəblər
hökumətin dəstəyi ilə istedadlı şagirdləri müəyyən edir
və onların potensialının maksimum səviyyədə üzə
çıxarılmasına imkan yaradır.
Koreyada milli kurikulum təhsilin yeni tələblərini,
cəmiyyətin dəyişən ehtiyaclarını və yeni akademik fənlər
üzrə meyarları əks etdirmək üçün müntəzəm olaraq
yeniləşdirilir. Kurikulum standartları hər bir məktəbdə
təhsilin məzmunu və dərsliklərin hazırlanması üçün əsas
hesab olunur.
Bütün dərsliklər və müəllimlər üçün vəsaitlər milli
kurikulum çərçivəsində hazırlanır. Ölkədə 3 növ
dərsliyin istifadəsinə icazə verilir. Bu sıraya
müəlliflik hüququ Təhsil, Elm və Texnologiya Nazirliyinə
məxsus olan dərsliklər, Təhsil, Elm və Texnologiya
Nazirliyi tərəfindən təsdiq edilərək özəl mətbəələr
tərəfindən nəşr olunan dərsliklər, Təhsil, Elm və
Texnologiya Nazirliyi tərəfindən tanınan dərsliklər
aiddir.
Səhifəni hazırladı:
Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi"
Ölkələrin səfirliklərindən, təhsil nazirliklərinin və
təhsilə aid digər qurumlarının rəsmi İnternet
saytlarından əldə olunan materiallar əsasında. |