Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 Aprel 2014 - №13

 

"Azərbaycan müəllimi" - 80

 

Qəzetə ünvanlanmış təbriklər

İlk nömrəsinin nəşrə başlaması və 60-70 illik yubileyləri münasibəti ilə "Azərbaycan müəllimi" qəzetinə müxtəlif təbriklər ünvanlanıb. Onlardan bəzilərini təqdim edirik. 

Mədəni inqlabın yeni mübarizinə! 

Bolşevik mətbuatının sırasına yeni daxil olan mübariz "Qommunist Məarifi"nə "Qommunist" ğəzetəsinin işçi-kəndli müxbirləri və əməkdaşları tərəfindən alovlu bolşevik salamları.

"Qommunist" ğəzetəsi əmin olur ki, "Qommunist Məarifi" bütün qüvvəsini birinci nömrəsindən başlayaraq XVII firqə qurultayının qərarlarının yerinə yetirilməsi, xalq məarifi dəyərinin yüksək pilləyə qaldırılması, dərslərin kəmiyyət və keyfiyyətinin yaqşılaşması, yeni dərs ilinin bolşeviq hazırlığı ilə qarşılanması, Azərbaycanın başdan-başa savadlılar cümhuriyyətinə verilməsi və müəllimlərin Marks - Engels - Lenin - Stalin inqlaği nəzəriyyələrilə silahlanması uğrunda məarif kütlələrinin həqiqi və kütləvi təbliğatçısı, təşviqatçısı və təşkilatçısı olacaqdır. 

"Qommunist" redaksiyası
"Qommunist Məarifi",
2 sentyabr 1934-cü il
, № 1


 "Qommunist Məarifi" ğəzetəsi redaksiyasına! 

Marks - Lenin məktəb quruluşu cəbhəsinin, sosyalizm nəslinin internasional tərbiyəsi uğrunda yeni döyüşçüsü və dərs ili ərəfəsində çıqan "Qommunist Məarifi" ğəzetəsinə bolşevik səlamları!

Ğəzetənin, Stalin yoldaşın göstərişlərinin və məktəb haqqında ÜİQ(b)F MQ-si qərarlarının həyatə tətbiqində kitlələri səfərbərligə alacağına əminik.

Məktəb işini bilən ustadların təcrübələrini gəridə qalanlara verməgə çalışın. Onları ÜİQ(b)F MQ və ZÖQ-çi qərarlarının bolşevikcəsinə realizə edilməsi nümunələri əsasında ögrədin.

Bolşevik firqəsi və dahi Stalinin bizə, 2-nci beş illikdə sınıfsız sosializm cəmiyyətinin gələcək üzvilərini tərbiyə edəcək LENİN məktəb quruluşu yolunda maniçilik göstərənləri amansızcasına ifşa edin. 

"BAK.RABOÇİ"
"Qommunist Məarifi",
2 sentyabr 1934-cü il,
1


Biz inanırıq 

Elmimizin, maarifimizin zəngin nailiyyətlərinin, qabaqcıl ənənələrinin təbliğində görkəmli rol oynayan, xalqımızın ziyalandırılmasında müstəsna xidmətləri olan "Azərbaycan müəllimi" qəzetinin 60 yaşı tamam olur. Bu şərəfli yubiley münasibətilə 75 yaşlı Bakı Dövlət Universitetinin çoxminli professor-müəllim və tələbə kollektivləri adından "Azərbaycan müəllimi" qəzetini, onun yaradıcı heyətini ürəkdən təbrik edir, tutduğu şərəfli yolda ona uğurlar arzulayırıq.

"Azərbaycan müəllimi" qəzeti 30-cu illərdə çətin bir şəraitdə savadsızlığa qarşı gərgin mübarizə aparıldığı, milli ziyalı kadrlara çox böyük ehtiyac olan bir dövrdə fəaliyyətə başlamışdır. İlk nömrəsindən başlayaraq maarif və mədəniyyətin, təhsilin təbliğatçısı olmuş, elmi və pedaqoji biliklərin ən yeni nailiyyətlərini geniş kütlə içərisində yaymışdır.

Onun 60 illik dövrdə çıxan nömrələri maarif və mədəniyyətimizin canlı salnaməsinə çevrilmişdir. Qəzetin səhifələrində təhsil sisteminin bütün problemləri, qabaqcıl təcrübə nümunələri, ömrünü, əməyini maarifə, xalqın savadlanmasına həsr edən pedaqoqlar, gəncliyin, yeniyetmələrin təlim-tərbiyəsi həmişə yüksək səviyyədə, sənətkarlıqla əks etdirilmişdir.

"Azərbaycan müəllimi" qəzeti bütün səmərəli fəaliyyəti dövründə orta təhsil sistemi ilə yanaşı, ali təhsilə, gənc mütəxəssislərin hazırlanmasına, ali məktəblərin elmi-pedaqoji kadrlarına xüsusi diqqət və qayğı ilə yanaşmışdır.

Onun səhifələrində Bakı Dövlət Universitetində görülən zəngin elmi-tədqiqat və pedaqoji işlərdən dəfələrlə yazılmışdır. Buna görə də "Azərbaycan müəllimi" qəzetini universitetimizin kollektivi özünün doğma qəzeti hesab edir və həvəslə oxuyur.

"Azərbaycan müəllimi" qəzeti müxtəlif ictimai-siyasi şəraitlərdə maraqlı, çətin yol keçmiş, bir sıra sınaqlarla üzləşmiş, lakin özünün müqəddəs amalına, ənənələrinə sadiq qalmışdır. Biz inanırıq ki, müstəqillik, suverenlik yolunda inamla addımlayan Azərbaycan Respublikasının hazırki çətin sosial-siyasi və iqtisadi vəziyyətində də öz nəcib yolundan dönməyəcək, məsləkinə, əqidəsinə sadiq qalacaqdır. 

M.N.ƏLƏSGƏROV,
M.Ə.Rəsulzadə adına
BDU-nun rektoru, professor
"Azərbaycan müəllimi",
25 noyabr 1994-cü il,
27


"Azərbaycan müəllimi" qəzetinin kollektivinə 

 "Azərbaycan müəllimi" respublikamızın mətbuat aləmində özünəməxsus yaradıcılıq yolu keçmiş, Azərbaycanda təhsilin inkişafında silinməz izlər buraxmış pedaqoji nəşrlərdən biridir. Bu qəzet Azərbaycanda təhsil, elm və mədəniyyətin inkişafı yolunda əvəzsiz xidmətlər göstərmiş, maarifimizin dəyərli salnaməsinə çevrilmişdir.

"Azərbaycan müəllimi" gənc nəslin təlim-tərbiyəsində, pedaqoji kadrların elmi-metodiki biliklərinin zənginləşməsində mühüm rol oynamış, çoxminli pedaqoji ictimaiyyətin sevimli qəzetinə çevrilmişdir.

Bu gün "Azərbaycan müəllimi" öz səhifələrində ölkəmizdə təhsilin vəziyyəti, müstəqil dövlətimizin təhsil siyasətinin əsas istiqamətləri və gələcək inkişaf yolları, dünya təhsil sisteminin təcrübəsi ilə tanışlığa dair analitik yazılar çap etdirməklə yanaşı, müharibənin təhsil işinə vurduğu zərbələrin dünyaya çatdırılması, gənclərdə Vətənə məhəbbət, düşmənə sonsuz nifrət hisslərinin aşılanması yolunda öz imkanlarından bacarıqla istifadə edir.

İlk nömrəsinin çapdan çıxmasının 60 illiyi münasibətilə "Azərbaycan müəllimi" qəzetinin bütün əməkdaşlarını ürəkdən təbrik edir, onlara xalqımızın maarifinin daha da çiçəklənməsi və inkişafı naminə yeni-yeni uğurlar diləyirəm. 

L.X.RƏSULOVA,
Azərbaycan Respublikasının təhsil naziri
"Azərbaycan müəllimi",
17 noyabr 1994-cü il,
26


Keçmişinə cəsarətlə baxan qəzet 

Yubiley günündə istəsən də, istəməsən də arxaya baxmalı olursan, ötən illərə bir-bir nəzər salırsan. Həmin yolda üzağardan işlər görmüsənsə rahatlıq tapırsan, başını dik tutursan. Təsəllin bu olur ki, xalqına, millətinə imkan daxilində xidmət göstərmisən.

Belə fəxrlə dayanmağa 60 yaşlı "Azərbaycan müəllimi" qəzetinin də haqqı var. O, zərurətdən doğuldu. Respublikamızda savadsızlığın ləğvində geniş təbliğat, təşkilat işi apardı. Məktəblərdə qabaqcıl təcrübənin, iş üslubu və metodlarının ən ucqar rayonlara çatdırılmasında böyük rol oynadı. Səhifələrində təcrübə mübadiləsinə geniş yer verdi. Respublikamızda elm və təhsilin bu səviyyəyə çatdırılmasında xidmətləri az olmadı. Ötən müddətdə "Azərbaycan müəllimi"  təkcə elm və təhsil sistemində çalışanların deyil, daha geniş kütlənin sevimli qəzetinə çevrildi.

İndi "Azərbaycan müəllimi"nin qarşısında daha məsul vəzifələr durur. O, Təhsil Qanununun tətbiqində, dünya standartları səviyyəsində kadrlar yetişdirilməsində yaxından iştirak edir.

"Xalq qəzeti"nin kollektivi "Azərbaycan müəllimi"ndə çalışan həmkarlarını ürəkdən təbrik edir, onlara bugünkü çətin və şərəfli işlərində uğurlar arzulayır. 

"Xalq qəzeti"nin yaradıcı kollektivi
"Azərbaycan müəllimi",
17 noyabr 1994-cü il,
26


Baş redaktora 

 Altmış ildə "Azərbaycan müəllimi" şərəfli yol keçmiş və bu günkü böyük, habelə gənc nəslin tərbiyələnib yetişməsində əhəmiyyətli rol oynamışdır. Qəzet respublikada təhsil sisteminin təkmilləşdirilməsinə təkan vermiş, müəllimlərimizin istiqamətləndirilməsi kimi mühüm bir işi özünün əsas vəzifəsi hesab etmişdir.

Qəzetin tarixinin digər önəmli cəhəti bundan ibarətdir ki, onun əməkdaşları sırasında görkəmli jurnalistlər və tədqiqatçılar yetişmiş və onlar pedaqoji elmin inkişafında fəal iştirak etmişlər.

Vətənimizin ağır zamanlar yaşadığı indiki dövrdə "Azərbaycan müəllimi" qəzetinin əməkdaşlarına və oxucuları olan müəllimlərimizə səbr, inam arzulayırıq və ümid edirik ki, qəzet bundan sonra da müəllimin müqəddəs adının yüksək tutulması uğrunda apardığı mübarizəni dönmədən davam etdirəcəkdir.

Azərbaycan Jurnalistlər Birliyi yubiley münasibətilə "Azərbaycan müəllimi" qəzetinin əməkdaşları və oxucularını təbrik edir, onlara ağır, şərəfli işlərində uğurlar arzulayır. 

H.HACIYEV,
Azərbaycan Jurnalistlər Birliyinin sədri
"Azərbaycan müəllimi",
17 noyabr 1994-cü il,
26


Yeni uğurlar diləyirik 

Əziz həmkarlar!

Pedaqoji mətbuatımızın inkişafında səmərəli fəaliyyətinizə, qabaqcıl müəllimlərin və təhsil müəssisələrinin iş təcrübəsinin, təhsilin əsas problem və istiqamətlərinin hərtərəfli işıqlandırılmasında fəal mövqeyinizə və 60 illik şərəfli yol keçdiyinə görə Sizi ürəkdən təbrik edir, yaşadığımız məsuliyyətli və tarixi bir anda kollektivinizə ən səmimi arzularımızı bildirir, təhsil sisteminin daha da inkişafı sahəsində apardığınız yaradıcı işdə yeni-yeni uğurlar diləyirik. 

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Azərbaycan Respublika Komitəsi
"Azərbaycan müəllimi",
25 noyabr 1994-cü il,
27


Müəllim də yazıçıdır

 

Azadlıq, müstəqillik yoluna çıxmış doğma respublikamızın milli maarifinin dirçəlişi və yüksəlişi işində Sizə ən səmimi istəklərimizi çatdırırıq.

Müəllim və yazıçı bir-birinə çox yaxın, əslində eyni qayə və məqsəd daşıyan anlayışlardır. Sizin qəzetiniz 60 illik ömründə həmişə söz-sənət sahibləri, ədiblər, yazıçılarla həmrəy olmuş, bütünlükdə ədəbiyyatımızın araşdırılması, öyrənilməsi və yayılması üçün səylərini əsirgəməmişdir.

"Ədəbiyyat qəzeti" Sizin 60 yaşınızı yaxın yaşıdının əlamətdar günü kimi qiymətləndirir. Bütün əməkdaşlarınıza xeyirxah, nəcib işinizdə cansağlığı, yazıb-yaratmaq arzulayırıq. 

"Ədəbiyyat qəzeti" əməkdaşları adından baş redaktor
Sabir Əhmədli
"Azərbaycan müəllimi",
25 noyabr 1994-cü il,
27


"Azərbaycan müəllimi"nin arxivindən 
Azərbaycan müəllimlərinin IX qurultayı (1978-ci il)

Böyütmək üçün şəkili seçin


Tanınmış imzalar 

Ədəbiyyat dərsliyini yaxşılaşdırmalı 

 ...Ədəbiyyat dərsliklərinin yaradılmasında Azərbaycan ədəbiyyatşünaslığının böyük xidməti vardır. Neçə illərdir ki, görkəmli ədəbiyyatşünaslarımızın yaratdıqları dərsliklər yeni nəslin yetişməsinə yaxından kömək edir. Ancaq xalqımızın getdikcə artan mənəvi tələbləri ölkəmizin qarşısında duran yeni, böyük vəzifələr... bu dərslikləri nəzərdən keçirmək, keyfiyyətini daha da yaxşılaşdırmaq ehtiyacını irəli sürür.

1955-ci ildə orta məktəbin VIII sinfi üçün Həmid Araslı yoldaşın yazmış olduğu ədəbiyyat dərsliyinin yeni, dördüncü çapı nəşr edilmişdir. Məlum olduğu üzrə, VIII sinifdə Azərbaycan ədəbiyyatının geniş və zəngin tarixinin əsasları öyrədilir. Eyni zamanda rus və Qərbi Avropa ədəbiyyatının mühüm hadisələrinə burada yer verilmişdir. Bu dərslik VIII sinif şagirdlərini dünya ədəbiyyatı ilə tanış etmək üçün yeganə ciddi və əsaslı bir mənbədir. XIX əsrə qədər ədəbi inkişaf, klassiklərin ən görkəmli əsərləri, bədii əsərlərin mətnlərinin müfəssəl öyrənilməsini, bədii ədəbiyyatın tərbiyəvi təsirinin təmin edilməsi, ədəbiyyat tarixi və nəzəriyyəsinin əsasları ilə tanışlıq bu dərslikdən tələb olunan ən mühüm məsələlərdir.

Bu nöqteyi-nəzərdən dərsliyə yanaşdığımız zaman, hələ onun sovet məktəbləri üçün yaradılmış olan yeni tipli dərsliklərdən xeyli geridə qaldığını etiraf etməyə məcburuq. Təəssüf ki, dərslikdə rus ədəbiyyatı dərsliklərinin yaradılması işində əldə edilən nailiyyətlərdən çox az istifadə olunmuşdur. Məsələn, keçmiş illərdə rus məktəblərində N.Pospelov və P.Şablonskinin "Russkaya literatura" dərsliyi işlədildiyi halda, üçüncü ildir ki, bunun əvəzində S.M.Florinskinin yazdığı daha mükəmməl və daha əlverişli yeni bir dərslik yaradılmışdır. VIII sinif dərsliyinin müəllifi H.Araslı yoldaş rus ədəbiyyatı haqqındakı fəsilləri orijinal və müstəqil surətdə yazmaq əvəzinə, köhnəlmiş və artıq istifadə edilməyən bir dərsliyə əsaslanmışdır. Nəticədə kitabda bir çox ciddi səhvlərə yol verilmişdir... 

M.RƏFİLİ,
filoloji elmlər doktoru, professor
"Azərbaycan müəllimi",
2 fevral 1956-cı il,
5


SSRİ xalqlarının sevimlisi 

Mirzə Ələkbər Sabirin böyük sənətkar olduğunu sübut etməyə ehtiyac yoxdur. Azərbaycan xalqının böyük satirik şairi Yaxın və Orta Şərqin bir çox ölkələrində, sosialist Vətənimizdə yaşayan çoxmilyonlu xalqlar arasında sönməz  şöhrət qazanmışdır. SSRİ xalqları indi nəinki Sabirin əsərlərinin tərcüməsini öz ana dillərində sevə-sevə oxuyur, eyni zamanda şairin yaradıcılığı haqqında qardaş respublikaların elm ocaqlarında elmi əsərlər yazılır, tədqiqat işləri aparılır.

Belə bir faktı qeyd etmək kifayətdir ki, bu il may ayının 25-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin SSRİ xalqları ədəbiyyatı kafedrasında son kurs tələbələrindən Tamara Aleksandrovna Romaniy "Sabir satirasının xüsusiyyətləri" mövzusunda yazdığı diplom işini müvəffəqiyyətlə müdafiə etmişdir.

Əsər haqqında çıxış edən dosent Xalıq Hüseyn oğlu Koroğlu və başqaları gənc diplomçunun bu əsərinə yüksək qiymət vermişlər. Əsər "əla" qiymətə layiq görülmüşdür.

Kafedra həmin diplom işini Bakıya, Nizami adına Dil və Ədəbiyyat İnstitutuna göndərməyi qərara almışdır. Əsər instituta təqdim edilmişdir.

Bu kiçik faktla göstərmək istəyirəm ki, xalqımızın böyük şairi Sabiri SSRİ xalqları yaxından tanıyır, onun həmişə təravətli olan, duzlu, məzəli, eyni zamanda kəskin satira gülüşü ilə dolu olan şeirlərini sevə-sevə oxuyurlar.

Mirzə Ələkbər Sabir bütün Sovet xalqlarının sevimli şairi olmuşdur. Bu bizim fəxrimizdir. Böyük şairimiz Sabir öz ölməz əsərləri ilə illər, əsrlər boyu qardaş Sovet xalqları arasında hörmətlə yad ediləcək və onun əsərləri sevilə-sevilə oxunacaqdır. 

Əziz ŞƏRİF,
M.V.Lomonosov adına Moskva Dövlət Universiteti
SSRİ xalqları ədəbiyyatı kafedrasının müdiri, filoloji elmlər doktoru, professor

"Azərbaycan müəllimi",
31 may 1962-ci il, № 43


Uşaq təxəyyülünün bəzi xüsusiyyətləri haqqında 

 Kəndə xalasının yanına dincəlməyə gəlmiş yeddi yaşlı Ənvər axşam üstü həyətdə oyuncağını axtararkən qonşu qızın ağladığını eşitdi. O, qaça-qaça evə gəlib: - Ana! Ana! Rasiməni canavar apardı, - dedi.

Ana təəccüb etdi: - Necə yəni apardı?

Uşaq çiyinlərini çəkdi: - Apardı də. Axı, onun da uşaqları gəlincik istəyir.

Hamı gülüşdü. Xalası Ənvəri qucağına alıb onu əzizləyə-əzizləyə dedi:

- Sən nə yaman yalançısan! Bir də yalan danışsan canavar gəlib səni də aparar.

Məktəbəqədər yaşlı uşaqlarda belə hallar tez-tez baş verir. Lakin təəssüflə qeyd etmək lazımdır ki, bəzi valideynlər çox vaxt uşağın özündən müxtəlif əhvalatlar uydurmasının mahiyyətini nəzərə almadan, onu yalan danışma kimi qiymətləndirirlər. Bu, ciddi səhvdir.

Yalan danışan uşaq başqalarını aldatmaq və çaşdırmaq məqsədi ilə həqiqəti təhrif edir. Qəsdən yalan danışma uşağın insanlara və həyata saxta münasibətlərinin ifadəsidir. Çox vaxt isə uşaq, əslində qarşısına yalan danışmaq məqsədi qoymur. O, həqiqəti qəsdsiz surətdə təhrif edir. Yuxarıda verdiyimiz nümunə buna misal ola bilər.

Belə hallarda uşağı yalan danışmaqda ittiham etmək, "yalan danışdığı" üçün cəzalandırmaq olmaz. Heç vaxt yalan danışmaq haqqında düşünməyən və bəlkə də bu sahədə hələ təsəvvürü olmayan məktəbəqədər yaşlı uşağı yalançılıqda ittiham etdikdə, onda insanlara etibar və inam azalır, qeyri-səmimi münasibət yaranır. Uşaqda qapalılıq, az danışmaq, başqa adamlarla ünsiyyətdən qaçmaq meyli təşəkkül tapır.

Əlbəttə, uşaq həqiqəti təhrif edirsə, onun səhvini düzəltmək lazımdır. Bu, həm də uşaqları düzgün tərbiyə etmək üçün çox əhəmiyyətlidir. Çünki uşaq həqiqəti təhrif edə-edə tədricən yalan danışmağa adət edə bilər. Lakin bu, valideyndən xüsusi məharət tələb edir...

...Uşaqların həqiqəti qəsdsiz təhrif etməsi, hər şeydən əvvəl, onların qavrayış və təfəkkürünün xüsusiyyətləri ilə əlaqədardır. Müşahidəçilik qabiliyyəti inkişaf etməmiş uşaq cismin əsas xüsusiyyətlərini görə bilmir, daha çox nəzərə çarpan ikinci dərəcəli xüsusiyyətlərə fikir verir. Qavrayışın dəqiq və tam olması müşahidə şəraitindən də çox asılıdır. Uşaq cismi hərtərəfli qavramaq imkanına malik olmadıqda onu adətən səthi qavrayır və gördüyü hadisəni öz təəssüratı səpgisində təsvir edir... 

Əbdül ƏLİZADƏ,
V.İ.Lenin adına APİ-nin psixologiya kafedrasının baş müəllimi
"Azərbaycan müəllimi",
13 dekabr 1964-cü il, № 100  

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov