Aprelin 4-də Bakı Humanitar Kollecində diplomqabağı
təcrübəyə həsr olunmuş konfrans keçirilib. Əvvəlcə
foyedə məktəbəqədər təlim və tərbiyə, dekorativ tətbiqi
sənət və xalq sənəti ixtisasları üzrə diplomqabağı
təcrübəyə gedən tələbələrin əl işlərindən ibarət sərgi
nümayiş olunub. Dövlət himninin ifa olunmasından sonra
konfrans öz işinə başlayıb. Konfransı giriş sözü ilə
kollecin direktor müavini Hümbət Əhmədov açaraq onun
işinə uğurlar arzulayıb.
İstehsalat təcrübəsi rəhbəri Aygün Zülfiyeva, fənn
birləşmə sədrlərindən Mətanət Aslanova, İlahə Hüseynova,
Mətanət Şiriyeva, Səidə Hətəmova, kollecin həmkarlar
ittifaqı təşkilatının sədri Solmaz Şükürova və
müəllimlər Bəhruzə Məmmədova, Gülşən Hacıyeva, Simuzər
Qafarova, şöbə müdirlərindən Rasim Mehdiyev və
başqaları çıxışlarında tələbələrə kolleci bitirdikdən
sonra gələcək həyatlarında uğurlar arzulamaqla yanaşı,
bitirdikləri təhsil ocağının adını harada olmalarından
asılı olmayaraq uca tutmağı arzulayıblar. Bildirilib ki,
kollecin tələbələri Binəqədi rayonunda yerləşən 3, 102,
276 nömrəli tam orta məktəblərdə, 138, 158 nömrəli
körpələr evi-uşaq bağçalarında təcrübə keçirlər.
İlk mərhələdə - müşahidə və sınaq dövründə həmin məktəb
və bağçalarda təcrübə keçmiş tələbələrdən Ramilə
İsrafilli, Nüranə Həqiqətli, Şəmsiyə İdriszadə və
başqaları təcrübədə olduqları təhsil və təlim-tərbiyə
müəssisələrinin rəhbərləri və kollektivlərindən onlara
göstərilən diqqətə görə razı qaldıqlarını bildirib və
təqdimatlarla çıxış ediblər.
R.RAMAZANOĞLU,
"Azərbaycan müəllimi" |