5-6 aprel tarixlərində Bakıdakı "Sərhədçi" İdman
Olimpiya Kompleksində məktəblilərin "Ətraf Mühitin
Mühafizəsi" VIII Beynəlxalq Layihə Olimpiadası
("İNEPO-Euroasia") keçirilib.
Aprelin 5-də olimpiadanın açılış mərasimi olub.
Mərasimdə tədbirin təşkilatçıları olan Azərbaycan
Respublikası Təhsil Nazirliyi, Ekologiya və Təbii
Sərvətlər Nazirliyi, Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyevanın rəhbəri olduğu İDEA
kampaniyası, Dövlət Neft Şirkəti, Azərbaycan Beynəlxalq
Təhsil Mərkəzi və "İNEPO-Avrasiya" Ekologiya İctimai
Birliyinin təmsilçiləri, təhsil ictimaiyyətinin
nümayəndələri və qonaqlar iştirak ediblər.
Rəsmi açılışdan sonra təşkilatçı qurumların
nümayəndələri və qonaqlar iştirakçı ölkələrə həsr
olunmuş tanıtma stendləri və guşələrlə tanış olublar.
Tədbir çərçivəsində keçirilən mətbuat konfransında
ARDNŞ-nin ətraf mühitin mühafizəsi üzrə
vitse-prezidenti, "İNEPO-Euroasia" təşkilat komitəsinin
sədri Rəfiqə Hüseynova VIII Beynəlxalq Layihə
Olimpiadası haqqında məlumat verib. Bildirib ki,
Azərbaycanın artıq 8-ci dəfə ev sahibliyi etdiyi
olimpiadada məqsəd şagirdləri dünyada artmaqda olan
ekoloji problemlərin həlli və ətraf mühitin qorunub
saxlanılması istiqamətində aparılan işlərə qoşmaq,
onlarda ekoloji şüuru inkişaf etdirmək, ətraf mühitə
qarşı həssas münasibət formalaşdırmaq, təbii, mənəvi,
tarixi və sosial-estetik dəyərləri qorumaq, problemlərin
həllində şagirdlərin iştirakı ilə müxtəlif layihələr
əldə etməkdən ibarətdir. Qeyd olunub ki, məktəblilərin
"Ətraf Mühitin Mühafizəsi" VIII Beynəlxalq Layihə
Olimpiadasında dünyanın 51 ölkəsindən 500-ə qədər
məktəbli iştirak edir. Xarici ölkələrdən olan
məktəblilərdən 425, Azərbaycandan isə 180 orta məktəbdən
214 layihə təqdim olunub. Xarici ölkə məktəblilərinin
58, Azərbaycan məktəblilərinin isə 62 layihəsi
olimpiadanın final mərhələsinə vəsiqə qazanıb.
Olimpiada iştirakçılarının ildən-ilə artdığını deyən
R.Hüseynova müqayisə üçün bildirib ki, əgər 2007-ci
ildə təşkil olunmuş ilk yarışmaya cəmi 17 ölkə
qatılmışdısa, bu il onların sayı 51-ə çatıb.
Aprelin 6-da münsiflər heyəti tərəfindən layihələrin
dəyərləndirilməsi aparılaraq qaliblər müəyyənləşdirilib.
Elə həmin gün Beynəlxalq Layihə Olimpiadasının bağlanış
və mükafatlandırılma mərasimi olub. Mərasimdə ilk olaraq
Azərbaycanın Dövlət himni səsləndirilib. Sonra
"İNEPO-Euroasia"nın fəaliyyətinə həsr olunmuş videoçarx
nümayiş etdirilib.
Daha sonra olimpiadanın yekunları haqqında məlumat
verilib və qaliblərin adları açıqlanıb. Mərasimdə
iştirak edən Milli Məclisin deputatları, ictimai
xadimlər və dövlət strukturlarının təmsilçiləri
tərəfindən qaliblərə mükafatlar təqdim olunub.
Olimpiadaya qatılmış iki məktəbliyə isə ARDNŞ-in xüsusi
mükafatları verilib. Xarici ölkələrdən gələn şagirdlər
Azərbaycan dilində mahnılar ifa ediblər.
Mərasimdə çıxış edən ARDNŞ-in vitse-prezidenti,
Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin sədri Xalid
Məmmədov belə tədbirlərin təşkilində Azərbaycanın həmişə
fəal rol oynadığını, ölkəmizdə insan kapitalının
formalaşdırılmasına ciddi diqqət yetirildiyini
bildirib.
Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi" |