2-5
aprel 2014-cü il tarixlərində Böyük Britaniyanın
Harrogeyt şəhərində ingilis dili müəllimlərinin
Beynəlxalq Assosiasiyası (İATEFL) tərəfindən 48-ci
Beynəlxalq konfrans keçirilmişdir. Konfransda dünyanın
bütün ölkələrindən seçilmiş 2500-dən çox müəllim və
mütəxəssis iştirak etmişdir.
Konfransda ölkəmizi Təhsil Nazirliyinin əməkdaşı Sevil
Məmmədova, Azərbaycan Dillər Universitetinin əməkdaşı,
təlimçi müəllim Sevil Qulamova və "British Council"in
nümayəndəsi təmsil etmişlər.
Konfransın gedişində ingilis dilinin dünyada rolu,
müasir dövrdə ingilis dilinə olan tələbat, ingilis
dilinin tədrisi prosesində əldə edilən yüksək nəticələr,
müəllimlərin peşəkar inkişafı istiqamətində 500-dən çox
təqdimat ətrafında müzakirələr keçirilmişdir. Müxtəlif
ölkələrdən 80 mindən çox müəllim konfransın gedişinə
online qoşulmuş, təqdimat və müzakirələrdə iştirak
etmişdir.
Eyni zamanda, konfransın gedişində Böyük Britaniyada
dərslik və dərs vəsaitlərinin çapı ilə məşğul olan bir
sıra nəşriyyat evləri və iri kompaniyalar tərəfindən
təşkil olunmuş sərgi iştirakçıların böyük marağına səbəb
olmuşdur. Konfrans zamanı Azərbaycan nümayəndə heyəti
ilə keçirilən işgüzar görüşlərdən birində dərslik və
müxtəlif vəsaitlərin satışı ilə məşğul olan "Kingdom
Enterprises" kompaniyasının rəhbəri Patty Griffiths ilə
gələcəkdə birgə əməkdaşlıq aparılması ətrafında müzakirə
aparılmışdır.
Konfransda əldə edilən təcrübə "British Council" və
Təhsil Nazirliyi tərəfindən həyata keçirilən "İngilis
dilinin intensiv tədrisi" layihəsinin gedişində və
Azərbaycan Dillər Universitetinin müəllim hazırlığında
nəzərə alınacaqdır.
Sevil MƏMMƏDOVA,
Təhsil Nazirliyi İnsan resursları şöbəsinin baş
məsləhətçisi |