Dünən 276 nömrəli məktəbdə Bakı şəhəri üzrə
2013-2014-cü tədris ilində keçirilən
məktəblilərin fənn olimpiadasının şəhər
mərhələsinin qaliblərinin mükafatlandırılma
mərasimi baş tutub. Tədbirdə Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin müdir müavinləri, sektor
müdirləri, Azərbaycan Təhsil İşçiləri Azad
Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr
müavini Şaiq Əsgərov, məktəb direktorları,
müəllimlər və şagirdlər iştirak edib.
Tədbiri giriş sözü ilə açıq elan edən BŞTİ-nin
müdir müavini Hüseyn Əsgərov çıxışı zamanı Bakı
şəhəri üzrə məktəblilərin fənn olimpiadası
haqqında geniş məlumat verib. Bildirib ki, 15
dekabr 2013-cü il tarixində keçirilən Bakı
şəhəri üzrə məktəblilərin fənn olimpiadasının I
turunda 6472 nəfər iştirak edib. Fənn
olimpiadalarının şəhər mərhələsinin I turu VII -
XI sinif şagirdlərini əhatə etməklə Azərbaycan
tarixi, Azərbaycan dili və ədəbiyyat,
riyaziyyat, biologiya, coğrafiya, xarici dil,
fizika, kimya və informatika fənləri üzrə
keçirilib. Nəticələrə əsasən, 37-40 bal
toplayanlar I, 34-36 bal toplayanlar II, 31-33
bal toplayanlar isə III yerin qalibi olublar.
Yanvarın 12-si 258 nömrəli orta məktəbdə baş
tutan fənn olimpiadalarının şəhər mərhələsinin
II turuna 311 nəfər vəsiqə qazanıb. Bu mərhələ
nəticəsində isə 311 nəfər şagirddən 76 nəfəri I,
II, III yerlərə layiq görülüb. I, II, III
yerlərin qaliblərindən isə hər sinif və fənn
üzrə 3 ən yüksək nəticə göstərən 54 nəfər şagird
seçilərək olimpiadanın Respublika turuna vəsiqə
qazanıb. Müdir müavini çıxışının sonunda
olimpiada qaliblərini təbrik edərək onlara
uğurlar arzulayıb.
Tədbirdə çıxış edən Azərbaycan Təhsil İşçiləri
Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin
sədr müavini Şaiq Əsgərov da tədbir
iştirakçılarını salamladıqdan sonra Azərbaycan
təhsilinin inkişafı ilə əlaqədar olaraq hər il
olimpiada qaliblərinin sayının artdığını və
ölkəmizdə istedadlı gənclərin yetişdiyini
bildirib.
Çıxışlardan sonra olimpiada qalibləri
mükafatlandırılıb. Qeyd edək ki, I yerin
qalibləri Azərbaycan Təhsil İşçiləri Azad
Həmkarlar İttifaqı Respublika Komitəsi
tərəfindən birillik təqaüdlə təltif edilib.
|
|