Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 Aprel 2014 - №13

 

Təhsil Nazirliyində növbəti mətbuat konfransı

 

Böyütmək üçün şəkili seçinAprelin 8-də Təhsil Nazirliyində növbəti mətbuat konfransı keçirilib.

30-a yaxın media nümayəndəsinin qatıldığı mətbuat konfransında Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov, Tədris resursları şöbəsinin müdir müavini Əsgər Quliyev iştirak ediblər.

Təhsil Nazirliyinin nümayəndələri ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq, ali təhsil sahəsi üzrə elan olunmuş prioritet islahatlarda abituriyentlərin peşəyönümlü ixtisas seçimi mexanizminin formalaşdırılmasının, təhsilin müxtəlif səviyyələri arasında varislik və fasiləsizlik prinsiplərinin təmin edilməsinin mühüm amil kimi diqqət mərkəzində saxlanıldığını bildiriblər. Təhsil Nazirliyi bu prinsipi əsas tutaraq, abituriyentlərin ixtisas seçiminə dəstək məqsədilə ali təhsil müəssisələri tərəfindən "İxtisas seçimi" adlı maarifləndirici kampaniyasına başlanılmasını məqsədəuyğun hesab edir. Abituriyentlərin ixtisas seçimi həlledici əhəmiyyət daşımaqla bərabər, onların gələcək əmək fəaliyyətini və karyera uğurunu müəyyənləşdirir.

Qeyd olunub ki, ölkə üzrə yaşı 100-dən artıq olan məktəblərin tanıdılması layihəsinin həyata keçirilməsi nəzərdə tutulur. Layihə çərçivəsində KİV nümayəndələrinin qocaman məktəblərlə tanışlığı, həmin məktəblərin fotoşəkli və tarixi olan təqvimlərin hazırlanması planlaşdırılır.

Tədris ilinin müddətinin uzadılması məsələsindən söhbət açılıb, bu baxımdan dünyanın bir sıra inkişaf etmiş ölkələrinin təcrübəsi nəzərə çatdırılıb. Bildirilib ki, Azərbaycanda istirahət və bayram, eləcə də tətil günlərini çıxdıqda, 5 günlük tədris həftəsi ilə işləyən ümumtəhsil məktəblərində il ərzində 164 (birinci siniflərdə 159 gün), 6 günlük tədris həftəsi ilə işləyən ümumtəhsil məktəblərində isə 197 gün dərs keçilir. Deməli, uyğun olaraq, şagirdlər ildə 201 (birinci siniflərdə 206 gün) və ya 168 gün istirahət edirlər. Bu isə, tədris proqramlarının həcmi müqabilində şagirdlərin gündəlik dərs yükünün artmasına səbəb olur. İqtisadi Əməkdaşlıq və  İnkişaf  Təşkilatına üzv olan ölkələrdə illik tədris həftəsinin orta göstəricisi, təxminən 38, Azərbaycanda isə 32 həftədir.

Sonra orta məktəb dərsliklərinin hazırlanması istiqamətində həyata keçirilən islahatlardan söhbət açılıb. Bildirilib ki, dərsliklərin tərtibatı həmin dərslikləri hazırlayan nəşriyyat-poliqrafiya müəssisələri və onların bu işə cəlb etdikləri müəllif heyəti tərəfindən həyata keçirilir. Növbəti tədris ilinə VII və VIII sinif dərsliklərinin hazırlanması üçün tender elan olunub. VIII siniflər üçün hazırlanacaq dərsliklər sınaq üçün pilot məktəblərə veriləcək, istifadəsinə isə 2015-2016-cı tədris ilindən başlanılacaqdır. II və III sinif dərslikləri TQDK-nın monitorinqi və digər rəylər nəzərə alınmaqla, yenidən işlənilərək çap olunacaqdır. I, V, IX, X və XI sinif dərsliklərinin də yeni redaktədə və müəyyən faizlə çap olunaraq məktəblərə çatdırılacağı gözlənilir.

Həmçinin, "Məktəbli kitabçası"ndakı yanlışlığa, müxtəlif şəhər və rayon təhsil şöbələrindəki neqativ hallar və qanun pozuntuları ilə bağlı KİV-in məlumatlarına münasibət bildirilib.

Mətbuat konfransında Təhsil Nazirliyinin əməkdaşları jurnalistlərin çoxsaylı suallarını cavablandırıblar.

 
 
 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov