Aprelin
4-də "ADA" Universitetinin, Fransanın Azərbaycandakı
səfirliyinin və "Kampüs Frans" agentliyinin birgə
təşkilatçılığı ilə ikinci Azərbaycan-Fransa
universitetlərarası forumu işə başlayıb.
Forumda Azərbaycanın və Fransanın ali təhsil
sistemlərində prioritet istiqamətlər, iki ölkənin təhsil
ocaqları arasında əməkdaşlığın genişləndirilməsi yolları
müzakirə edilib.
Tədbirdə çıxış edən "ADA" Universitetinin rektoru Hafiz
Paşayev bildirib ki, forumun məqsədi Fransanın ali
təhsil ocaqları haqqında daha dolğun məlumat əldə
etməkdir. Forumun əhəmiyyətindən danışan rektor həm
Fransa, həm də Azərbaycan tələbələrinin bu forumdan
yararlanacağına ümidvar olduğunu qeyd edib.
H.Paşayev xalqlarımız və dövlətlərimiz arasında
səmimiyyət üzərində qurulmuş əlaqələrdən, siyasi,
iqtisadi və mədəni sahələrdə səmərəli əməkdaşlıqdan
danışıb. Ölkələrimiz arasında münasibətlərin yüksək
səviyyədə olduğunu bildirən rektor "ADA" Universiteti
ilə bir çox ölkələrin universitetləri arasında
əməkdaşlığın genişləndiyini nəzərə çatdırıb.
Tədbirdə çıxış edən təhsil nazirinin müavini Ceyhun
Bayramov Azərbaycanda təhsil sahəsində həyata keçirilən
layihələrdən, azərbaycanlı gənclərin xarici ölkələrdə
təhsil almasına göstərilən dövlət qayğısından və bu
sahədə görülmüş işlərdən söhbət açıb. Nazir müavini
bildirib ki, təhsil sahəsinin inkişaf etdirilməsi ölkə
rəhbərliyi üçün prioritet məsələlərdən biridir.
Azərbaycanda digər sahələrdə olduğu kimi, təhsil
sektorunda da mühüm layihələr həyata keçirilir və
uzunmüddətli dövlət proqramları hazırlanır.
Təhsil nazirinin müavini qeyd edib ki, ölkə Prezidenti
cənab İlham Əliyevin 2007-ci il 16 aprel tarixli
sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
Dövlət Proqramı" uğurla həyata keçirilir. İstedadlı
gənclərimizin xaricdə təhsilinin təşkili istiqamətində
vahid sistemin yaradılmasını nəzərdə tutan Dövlət
Proqramı çərçivəsində bu günədək 2612 azərbaycanlı gənc
dünyanın müxtəlif ölkələrinin qabaqcıl ali təhsil
müəssisələrində təhsil almaq üçün xaricə göndərilib.
Ümumilikdə, təhsil sahəsində həyata keçirilən tədbirlər
iqtisadiyyatın inkişaf etdirilməsi ilə yanaşı, güclü
kadr potensialının formalaşmasında da mühüm rol oynayır.
Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli
səfiri Paskal Mönye ölkələrimiz arasında təhsil
sahəsində əməkdaşlığı daha da genişləndirməyin
əhəmiyyətinə toxunub, bu münasibətlərin gələcək inkişafı
baxımından belə tədbirlərin mütəmadi təşkil olunmasının
vacibliyini vurğulayıb.
Fransanın Azərbaycan ilə əməkdaşlığı daha da
möhkəmləndirmək əzmində olduğunu diqqətə çatdıran səfir,
birgə əməkdaşlıq üçün böyük imkanların olduğunu
söyləyib.
Tədbirdə "ADA" Universiteti və Fransanın İESEG Menecment
İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb.
Forum aprelin 5-də təhsil sərgisi ilə davam
etdirilmişdir. Sərgidə tələbələr Fransada təhsil
imkanları, mövcud təqaüdlər barədə məlumat əldə
etmişlər. Eyni zamanda, forum çərçivəsində Fransanın ali
məktəblərini bitirmiş azərbaycanlı məzunlarla görüş
keçirilmişdir. |