| 
						
						
						 Azərbaycanın 
						birinci xanımı Mehriban Əliyeva sərgi ilə tanış olub 
						
						Aprelin 9-da Heydər Əliyev Mərkəzində müasir dünya 
						incəsənətinin görkəmli nümayəndələrindən biri, məşhur 
						britaniyalı heykəltəraş Toni Kreqqin fərdi sərgisi 
						açılmışdır. 
						
						Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun 
						prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti 
						Leyla Əliyeva sərgi ilə tanış olmuşlar. 
						
						Sərginin açılış mərasimində çıxış edən Heydər Əliyev 
						Mərkəzinin direktoru Anar Ələkbərov mərkəzin həyata 
						keçirdiyi layihələrdən geniş söhbət açmışdır. 
						Bildirmişdir ki, mərkəz mədəniyyət və incəsənət 
						nümunələrinin sərgilənməsi baxımından qabaqcıl 
						məkanlardan birinə çevrilmişdir. Burada dünya şöhrətli 
						rəssam və heykəltəraşların əsərləri təqdim edilir və 
						çoxsaylı xarici qonaqlar mərkəzə gələrək həmin əsərlərlə 
						tanış olmaq imkanı qazanırlar. 
						
						Diqqətə çatdırılmışdır ki, Azərbaycanda müasir 
						incəsənətlə bağlı tədbirlərin keçirilməsi böyük önəm 
						daşıyır. Müasir İncəsənət Muzeyinin fəaliyyəti, "Fly to 
						Baku" sərgisi, "YARAT" Müasir İncəsənət Məkanının həyata 
						keçirdiyi layihələr müasir incəsənətin təbliğində mühüm 
						rola malikdir. 
						
						
						 Anar 
						Ələkbərov Heydər Əliyev Mərkəzinin həyata keçirdiyi 
						layihələrə göstərilən dəstəyə görə Azərbaycanın birinci 
						xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban 
						Əliyevaya dərin minnətdarlığını bildirmişdir. 
						
						Diqqətə çatdırılmışdır ki, bu gün Heydər Əliyev Mərkəzi 
						Toni Kreqq studiyası ilə birgə əməkdaşlıq layihəsi 
						çərçivəsində dünya şöhrətli heykəltəraşın əsərlərinin 
						xüsusi təqdimatını reallaşdırır. Sərginin açılış 
						mərasiminin müəllifin 65 illik yubileyinə təsadüf 
						etdiyini qeyd edən Anar Ələkbərov Toni Kreqqi bu 
						münasibətlə təbrik etmişdir. 
						
						Mərasimdə çıxış edən Toni Kreqq sərginin təşkilinə 
						göstərdikləri dəstəyə görə Azərbaycanın birinci xanımı 
						Mehriban Əliyevaya və Fondun vitse-prezidenti Leyla 
						Əliyevaya dərin minnətdarlığını bildirmiş və sərginin 
						hazırlanmasında əməyi olan hər kəsə təşəkkür etmişdir. 
						
						Britaniyalı heykəltəraş Azərbaycanı və sərginin 
						keçirildiyi Heydər Əliyev Mərkəzini çox maraqlı məkan 
						adlandırmışdır. Yaradıcılığından, sənətə gəlişindən 
						danışan Toni Kreqq bu sərgidəki əsərləri böyük arzu və 
						istəklə yaratdığını söyləmişdir. Bildirmişdir ki, 
						heykəltəraşlıq obyektlərin sakitliyini təcəssüm etdirsə 
						də, incəsənət sahəsi kimi dinamik inkişaf edən 
						istiqamətlərdən biridir. 
						
						Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, xalq 
						rəssamı, akademik Ömər Eldarov Toni Kreqqin əsərlərini 
						monumental, ekspressiv, gözəl, eyni zamanda, zərif 
						incəsənət nümunələri adlandırmışdır. O, Toni Kreqqə 
						təmsil etdiyi ali təhsil müəssisəsinin fəxri professoru 
						diplomunu təqdim etmişdir. 
						
						Sonra sərgiyə baxış olmuşdur. 
						
						Tonni Kreqq yaradıcılığına həsr olunan sərginin 
						kataloqunu Mehriban Əliyevaya və Leyla Əliyevaya təqdim 
						etmişdir. 
						
						Bakıda ilk dəfə təşkil olunan ekspozisiyada müəllifin 28 
						əsəri sərgilənir. Artıq aprelin 6-dan Bakıda olan Toni 
						Kreqq sərginin tərtibatında özü bilavasitə iştirak 
						etmişdir. 
						
						Sərgi Heydər Əliyev Mərkəzində xüsusi kompozisiyada 
						təqdim olunur. Mərkəzin parkında, eləcə də foyedə 
						müəllifin bir neçə əsəri izləyiciləri sərgiyə doğru 
						istiqamətləndirərək burada sənətsevərlər üçün xüsusi 
						ab-hava yaratmışdır. 
						
						Ekspozisiyanın açılışı ərəfəsində Toni Kreqqin 
						yaradıcılığına həsr olunan sərginin kataloqu da 
						hazırlanmışdır. Heydər Əliyev Fondunun vitse-prezidenti 
						Leyla Əliyevanın bu kataloqda yer aldığı fikirləri 
						diqqəti xüsusilə cəlb edir. Leyla Əliyevanın kataloqda 
						yer alan qeydlərində deyilir ki, geniş auditoriyaya 
						dünya incəsənət incilərinin təqdim edildiyi, müntəzəm 
						olaraq sərgilərin keçirildiyi nadir və gözəl binada - 
						Heydər Əliyev Mərkəzində bu dəfə müasir incəsənətin ən 
						xarizmatik və nüfuzlu simalarından olan tanınmış 
						heykəltəraş Toni Kreqqin əsərləri sərgilənəcəkdir. Siz 
						valehedici və cazibədar sənət nümunələrinin � polad, 
						şüşə, keramika, ağacdan hazırlanmış və qarışıq 
						kompozisiyalarda müxtəlif formalı heykəltəraşlıq 
						əsərlərinin əhatəsində olacaqsınız. Əminəm ki, müasir 
						incəsənətin heyranedici mühiti hər birinizin yaddaşına 
						unudulmaz təəssüratlarla həkk olunacaqdır. 
						
						Azərbaycan paytaxtında müasir incəsənət sahəsinə səmimi 
						bir marağın olduğunu qeyd edən Leyla Əliyeva bu 
						istiqamətdə sərgilərin artıq ənənəyə çevrildiyini, 
						təşkil olunan hər yeni tədbirin cazibədarlığı və şövq 
						gətirən ab-havası ilə seçildiyini bildirmişdir. 
						
						Nəşrdə, həmçinin Toni Kreqq yaradıcılığı haqqında 
						məlumat verilir. 
						
						Toni Kreqq 1949-cu il aprelin 9-da Böyük Britaniyanın 
						Liverpul şəhərində anadan olmuşdur. O, 1966-1968-ci 
						illərdə Milli Kauçuk İstehsalı Tədqiqat Assosiasiyasında 
						texnik işləmişdir. Sənətin sirlərini Çeltnem şəhərindəki 
						Qlosterşir İncəsənət Kollecində öyrənməyə başlayan Toni 
						Kreqq daha sonra Uimbldon İncəsənət Məktəbində, Kral 
						İncəsənət Kollecində təhsil almışdır. O, 1977-ci ildə 
						Böyük Britaniyanı tərk edərək Almaniyanın Vuppertal 
						şəhərinə köçmüş və sərgilərlə çıxış etməyə başlamışdır. 
						Görkəmli sənətkar hazırda Düsseldorf İncəsənət 
						Akademiyasının rektorudur. 
						
						Toni Kreqq yaradıcılığının ilk dövründə tullantılardan 
						və istifadə olunmuş materiallardan, köhnə metal 
						konstruksiyalardan hazırladığı əsərləri ilə tanınmışdır. 
						Hazırda onun əsərlərinə dünyanın bir çox yerlərində rast 
						gəlmək mümkündür. Toni Kreqq böyük, monumental 
						kompozisiyaların müəllifidir. Onun bürünc, mərmər, ağac, 
						polad, plastik, keramika, çini və şüşədən hazırlanmış 
						heykəlləri yalnız muzeyləri deyil, həmçinin London, 
						Liverpul, Bazel, Vyana, Düsseldorf, Vaşinqton, Nyu-York, 
						Atlanta, Stokholm və digər şəhərlərin küçə və 
						meydanlarını, korporasiya və bankların binalarını 
						bəzəyir. 
						
						Müxtəlif ölkələrdə 350-dən artıq fərdi sərgisi təşkil 
						olunan Toni Kreqq 1988-ci ildə müasir incəsənət 
						sahəsində məşhur Törner mükafatına, 2007-ci ildə isə 
						Yaponiyanın İmperator mükafatına layiq görülmüşdür. 
						
						Tamaşaçılar üçün aprelin 10-dan açıq olacaq sərgi 
						avqustun 31-dək davam edəcəkdir.  
						
						
						AzərTAc |