| 
						
						
						 Azərbaycan 
						Respublikasının Prezidenti İlham Əliyev aprelin 7-də 
						Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində 
						Gənclər Mərkəzinin açılışında iştirak etmişdir. 
						
						Ölkəmizdə gənclər siyasətinin formalaşdırılması 
						istiqamətində həyata keçirilən tədbirlər sistemli 
						xarakter almışdır. Ümummilli lider Heydər Əliyevin adı 
						ilə bağlı olan dövlət gənclər siyasəti 2003-cü ildən 
						başlayaraq Azərbaycanda uğurlu nəticələrlə yadda 
						qalmışdır. 2005-2009-cu illəri əhatə edən "Azərbaycan 
						gəncliyi Dövlət Proqramı" bu istiqamətdə mühüm rol 
						oynamışdır. Hazırda həyata keçirilən "Azərbaycan 
						gəncliyi: 2011-2015-ci illərdə" Dövlət Proqramı bu 
						tədbirlərin məntiqi davamıdır. Bu gün ölkəmizdə 
						gənclərin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik 
						prinsipləri, həmçinin tarixi-mədəni keçmişimizə, milli 
						mənəvi dəyərlərə rəğbət ruhunda tərbiyə olunması 
						prioritet istiqamətlərdəndir. Əsas məqsəd onların 
						cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni 
						həyatında yaxından iştirakına stimul verməkdir. 
						Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun 
						olaraq, gənclərin intellektual və yaradıcı potensialının 
						üzə çıxarılması, xüsusilə regionlarda yaşayan gənclərin 
						fəallığının artırılması istiqamətində məqsədyönlü 
						layihələr və proqramlar həyata keçirilir. Bölgələrdə 
						müasir tələblərə cavab verən sosial infrastruktur 
						obyektlərinin və Gənclər mərkəzlərinin, o cümlədən 
						Naxçıvanda Gənclər Mərkəzinin yaradılması da bu məqsədə 
						xidmət edir. 
						
						Dövlətimizin başçısı Gənclər Mərkəzinin rəmzi açılışını 
						bildirən lenti kəsdi. 
						
						
						 Naxçıvan 
						Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 
						Gənclər Mərkəzində yaradılan şərait barədə Prezident 
						İlham Əliyevə məlumat verdi. 
						
						Gənclər Mərkəzində kompüter otağı, elektron kitabxana, 
						intellektual və stolüstü oyun zalları, interaktiv tir və 
						kafe vardır. Mərkəzdə informasiya texnologiyalarının ən 
						son nailiyyətləri tətbiq edilmiş, kompüterlərin hər 
						birinin İnternetə çıxışı təmin olunmuşdur. Mərkəzdə 
						xarici dillərin tədrisi üçün linqafon sinifləri 
						yaradılmışdır. Gənclər burada istənilən xarici dil üzrə 
						həm nəzəri biliklərə, həm də praktik olaraq düzgün 
						tələffüz vərdişlərinə yiyələnə biləcəklər. Mərkəzin 
						elektron kitabxanasının bazasında minə yaxın ədəbiyyat 
						vardır. Binada gənclərin asudə vaxtlarının səmərəli 
						təşkili və onların intellektual səviyyələrinin 
						artırılması da nəzərə alınmış, mədəni-kütləvi 
						tədbirlərin keçirilməsi üçün intellektual zal istifadəyə 
						verilmişdir. 
						
						Dövlətimizin başçısı "Xəmsə" intellektual oyununa baxdı. 
						
						Tir otağında pnevmatik tüfəng və tapançadan atəş açmaq 
						məşqləri təşkil olunacaqdır. Altızolaqlı tirdə gənclər 
						idmanın atıcılıq növünə daha yaxşı yiyələnmək imkanı 
						əldə edəcəklər. Oyun zallarında yaradılan şərait isə 
						gənclərin stolüstü idman növləri ilə məşğul olmalarına 
						imkan verəcəkdir. 
						
						Binada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 
						yanında Gənclər Fondu üçün iş otaqları ayrılmış və fonda 
						xidməti avtomobil verilmişdir. 
						
						Diqqətə çatdırıldı ki, dövlət gənclər siyasəti Naxçıvan 
						Muxtar Respublikasında da uğurla həyata keçirilir. Son 
						illər gənclərin muxtar respublikanın ictimai-siyasi, 
						iqtisadi-mədəni həyatında fəal iştirakı, sosial 
						problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin 
						edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə 
						müvafiq dövlət proqramlarının səmərəli həyata 
						keçirilməsi, gənc istedadlara dövlət qayğısının 
						artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, 
						dövlət idarəçiliyi və digər sahələrdə gənclərin irəli 
						çəkilməsi və xidmətlərinin qiymətləndirilməsi, 
						bütövlükdə, dövlət gənclər siyasətinin həyata 
						keçirilməsi istiqamətində atılan mühüm addımlardır. 
						Muxtar respublikada gənclik mərkəzləri, kitabxanalar, 
						mədəniyyət evləri, ali təhsil müəssisələrində yeni 
						tədris korpusları və digər obyektlər gənclərin 
						istifadəsinə verilmişdir. Naxçıvan Muxtar 
						Respublikasında gənclər artıq cəmiyyət həyatında mühüm 
						rol oynayırlar. Bu gün muxtar respublikada gənclərin 
						sosial müdafiəsinin və məşğulluğunun təmin edilməsi, 
						yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli 
						ruhda böyüməsi, hərbi-vətənpərvərlik tərbiyəsinin 
						gücləndirilməsi, sağlam həyat tərzinin təbliği də diqqət 
						mərkəzindədir. "Naxçıvan Muxtar Respublikasında gənc 
						istedadlara dövlət qayğısının artırılması haqqında" 
						2012-ci il tarixli fərman muxtar respublikada gənclərə 
						göstərilən yüksək diqqət və qayğının daha bir 
						ifadəsidir. Həmçinin Naxçıvan Muxtar Respublikası Gənc 
						İstedadlarının "Qızıl kitabı"nın təsis edilməsi, 
						Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 
						yanında Gənclər Fondunun yaradılması regionda gənclərin 
						cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsi istiqamətində 
						atılan mühüm addımlardır. Son illər muxtar respublikanın 
						şəhər və rayonlarında olimpiya idman komplekslərinin, 
						idman mərkəzlərinin, uşaq-gənclər idman və şahmat 
						məktəblərinin, orta məktəblərdə idman zallarının və sadə 
						tipli idman qurğularının istifadəyə verilməsi gənc 
						nəslin fiziki sağlamlığının qorunması və kütləvi bədən 
						tərbiyəsinin inkişafı baxımından mühüm əhəmiyyət kəsb 
						edir. Yeni inşa olunan Naxçıvan Gənclər Mərkəzi də bu 
						sahədə atılan növbəti uğurlu addımdır. Bu sosial obyekt 
						gənclərin xüsusi layihələr vasitəsilə vahid bir məkanda 
						toplanması və asudə vaxtlarının səmərəli təşkili 
						baxımından xüsusi əhəmiyyətə malikdir. 
						
						  
						
						
						AzərTAc |